Страницы

22.03.2013

Yetim Həsənbala - Yenə ol meyxanəyə düşdü güzarım bu gecə...

Həsənov Həsənbala Həsən oğlu 1930-cu ildə Masallı rayonunda anadan olub. Əlli səkkiz il fasiləsiz müəllim işləmişdir. “Şərəf nişanı” ordenli Yetim Həsənbala beş kitab müəllifidir.

BU GECƏ

Yenə ol meyxanəyə düşdü güzarım bu gecə,
Tükəndi sübhə kimi səbri-qərarım bu gecə.

Mey içib nəşələnib, çoxu o aləmdə idi,
Hayıf ki, yoxdu mənim öz ixtiyarım bu gecə.

Saqinin gözəlliyi məsti-xumar etdi məni,
Aldı əqlimi başdan, qalmadı karım bu gecə.


Arzu etdim bu gözəl saqi ilə həmdəm olam,
Düşündüm qəmxar olar öz vəfadarım bu gecə.

Kaş ki, yanımda olub mənimlə həmsöhbət ola,
Öz gülüm, öz gözəlim, sevgili yarım bu gecə.

Aldı qoynuna məni qəm il hicran yarası,
Ucaldı asimana naleyi-zarım bu gecə.

Görmədim meyxanədən kimsə səadət apara,
Qorxuram ayrı düşə nazlı nigarım bu gecə.

Yetima, öz bildərin bilsə ki, meyxanədəsən,
Vay o gününə sənin, dövranın bu bitər gecə.

MEŞƏDƏ

Nəyi gördümsə, gülüm, gördüm o dilbər meşədə,
Elədi məclisi rövnəqli, o Dilbər meşədə.

Baharın çiçəkli vaxtında o bir tufan idi,
Gəncliyin mənalı vaxtında o bir tüğyan idi,
O gözəl, o nazlı Dilbər mənə ərməğan idi,
Elə bil tapmış idim inci-simuzər meşədə,
Nəyi gördümsə, gülüm, gördüm o dilbər meşədə.

Əldə pyaləsi var, şərbəti şirin sözü tək,
Danışır valeh olursan, sözü şirin gözü tək,
Baxanda can alır o, hanı can alan özü tək,
Mənimlə həmdəm idi, ləl ilə gövhər meşədə,
Nəyi gördümsə, gülüm, gördüm o dilbər meşədə.

Xudmani məclis ola, hökm deyil mey içəsən,
O gözəl Dilbər üçün canından keçəsən,
Qəlbin ağ lövhə ola, onun rəsmini çəkəsən,
Ruhun da cavanlaşar, olar tazə-tər meşədə,
Nəyi gördümsə, gülüm, gördüm o dilbər meşədə.

Yetim, məqamı gələ, sinəsinə baş qoyasan,
Əməsən şəhdi-ləbin, ətri-gülündən doyasan,
Gözəl xanımlar ilə bütün dünyanı boyasan,
Görünməz gözlərimə necə var Dilbər meşədə,
Nəyi gördümsə, gülüm, gördüm o dilbər meşədə,
Elədi məclisi rövnəqli, o Dilbər meşədə.

Комментариев нет:

Отправить комментарий