Страницы

05.04.2013

Elşən Mustafaoğlunun son müsahibəsinə cavab


Mirqasım Əliyev
ilahiyyatçı-şərqşünas


Yazı bu günün zalımının gözünün içinə dik baxaraq çoxlarının deyə bilmədiyi həqiqəti deyən, hal-hazırda məhbəs həyatı yaşayan mübariz, mücahid ruhanilərimizə ithaf olunur!

Bu yazıya gəlincə, tam olaraq həmin sahəni əhatə etməsə də, Elşən Mustafaoğlunun son müsahibəsi (nədən belə həssas bir dönəmdə bu cür mövqe sərgiləməsinin səbəbi tam aydın olmasa da) indi oxuduğunuz yazının yazılmasına zəmin yaratdı. Yazı, müəllifin (yenisharq.org) saytına verdiyi müsahibəsindən çıxarışlar kontekstində yazılsa da, heç də təkcə müəllifin şəxsinə deyil, son zamanlar, xüsusilə son 4-5 ildə nədənsə(!), dinimizə, İslam ruhaniyyətinə qarşı repressiyaların şiddət tapdığı bir dövrdə özlərini “mötədil İslamın nümayəndələri kimi təqdim edən, mübariz ruhiyyəli inanclıları birmənalı olaraq İslamı dar çərçivədə anlamaqda, birqütblü olmaqda, radikallıqda yumşaq desək qınayanların ortaya qoyduğu mövqeyə ünvanlanıb.

Müəllif müsahibəsinin əvvəlində deyir: “...Problem varsa, həll olunmalıdır! Amma bu, mütləq həbslər bahasına olmamalıdır. Hər halda, məsələyə müxtəlif yanaşmalar var, amma məncə, hicab qadağası bir problemdirsə, bunun arxasınca inanclıların həbsi də yeni bir problem olur. Axı ötən təcrübədən də şahidi olduq ki, nə qədər kəskin etirazlar oldu, həbslər oldu, amma problem çözülmədi. Bu baxımdan, konkret olaraq həbslə nəticələnən proses zamanı seçilmiş üsul nəinki ən uğurlu deyil, hətta zərərlidir.”
Əvvəla hörmətli müəllifdən soruşmaq istəyirəm, siz hardan bilisiniz ki, kim və ya kimlərsə həbs olunmağı qarşısına məqsəd qoyub?! Sonrası da ki, əgər hər hansı bir ölkənin, indiki məqamda Azərbaycan vətəndaşları öz hüquqlarının pozulmasına haqlı olaraq etiraz edirsə və hakimiyyət etirazı kobud və anti-demokratik şəkildə boğursa, ittiham niyə mürtəce hakimiyyətə deyil, məhz hüquqları tapdanan inanclılara tuşlanmalıdır?!
Ümumiyyətlə, bu zehniyyətin kökündə nə dayanır? Məscid söküntüsü, ələl-xüsus hicab qadağasından sonra uzun illərdən bəri cəmiyyətdə populyarlıq qazanmış, dini cameədə dini lider kimi tanınan şəxslərdə son illər cərəyan edən proseslər fonunda yaranmaqda olan İslam müqaviməti hərəkatına qarşı spesifik mövqe formalaşıb. Əllərindəki hər bir vasitə ilə, ələ düşən hər fürsətdə nəinki 2008-ci ildən yeni mərhələyə qədəm qoyan repressiyalar zəminində, hətta çoxdan yaranmalı olan İslam müqavimətini “vururlar”.
Ya cahillikdən, ya da həddən çox ağıllı(!) olduqları üçün nəinki İslamın, ümumiyyətlə Haqqın, haqq carçıları olan peyğəmbərlərin düşmənlərinin “əlinə oynayaraq” İslamı mötədil və radikal deyə iki yerə bölür, özlərini mötədil İslamın öncülləri, qarşı tərəfi isə radikallar, hətta az qala “xəvaric” adlandırmaqdan belə çəkinmirlər. Əcəba, doğrudanmı belə bir bölgünün haradan qaynaqlandığını bilmirlər? Olmaya İslamı yəhudi şərq və islamşünaslığından öyrənməyə başlayıblar?!
Müsahibənin ardında oxuyuruq: “...Axı ötən təcrübədən də şahidi olduq ki, nə qədər kəskin etirazlar oldu, həbslər oldu, amma problem çözülmədi. Bu baxımdan, konkret olaraq həbslə nəticələnən proses zamanı seçilmiş üsul nəinki ən uğurlu deyil, hətta zərərlidir.”
Yaxşı, nə vaxta qədər dildə din qardaşlığından, ümmətçilikdən dəm vuran ağalar, sadəcə din qardaşlarının hərəkətlərini (doğru və ya yalnış olması ayrı məsələdir) nümayişkaranə şəkildə tənqid etməklə (söhbət heç də kiminsə toxunulmazlığından getmir!), bu yolun effektiv olmadığını dilə gətirməklə və dolayısıyla, dini cameədəki mübarizə əhval-ruhiyyəsinin zəifləməsinə, ixtilafların yaranmasına və dərinləşməsinə xidmət edəcəklər?!
Məzhəbimizin müəssisi imam Cəfəri Sadiqin (ə) “Həqiqi dost səhvimi üzümə deyəndir” hədisinə əsaslanaraq bunun adını nə qoymalıyıq? Əgər tutduğunuz yolun ən doğru və ya çıxış yolu olduğuna yəqininiz varsa, onda çox nadir hallarda bir araya gəldiyimiz vaxtlarda niyə bu mövqeyinizi yetərincə və digərlərini qane edə biləcək formada əsaslandıra bilmirsiniz?! Konkret olaraq, vaxtilə hicab qadağasıyla bağlı ruhanilərin toplantısında birilərinin susqunluğu, bəzilərinin öz “ənaniyyəti” (daxili kibri, eqoizmi) ucbatından problemin həlli istiqamətində təşəbbüsün əldən çıxması, fərqli düşünənlərin əlinə keçməməsi üçün irəli sürülən təklifə: birgə addımlamaq və beləcə ən azından dini cameədə vəhdəti saxlamaq və bütün qüvvələri səfərbər edərək rejim tərəfindən qeyri-qanuni və heç bir hüquqa sığmayan şəkildə yaradılmış problemlərin həllinə nail olmaq əvəzinə, özünü ən ağıllı sayaraq kənara çəkilmək, beləcə, daxili birliyə zərbə vurmaq və fərqli mövqedə olanları radikal adlandırmaq nə deməkdir?! Mən biləni bunun adı xəyanətdir, siz nə deyirsiniz deyin.
O ki, qaldı “dünyanın heç bir yerində dövlətlə, hökumətlə təhdid, ultimatum dilində danışmaq müsbət nəticə vermir. Bu, əvvəlcədən iflasa məhkum bir üsuldur. Etirazın müxtəlif təzahür formaları, üsulları var. Zənnimcə, ən emosional olanını deyil, ən effektiv olanını seçmək lazımdır.” sözünə, əvvəla heç kim durduğu yerdə tələb və ya ultimatum dilini seçməyib, bu bir. Vəziyyəti bu həddə çatdıran inanclılar deyil, onların təbii insani və konstitusyon hüquqlarını tapdayan hakimiyyətdir. İkincisi, dilə gətirdiyiniz nəticə məsələsinə gəlincə, bunun cavabını dolayısıyla çıxış yolu olaraq irəli sürdüyünüz təklifdə, imamlarımızın (ə) hərəkət və fəaliyyətlərini bir daha dərindən mütaliə və təhlil etmək məsələsində vermisiniz. Sözsüz, hər bir kəs istəyər(di) ki, gördüyü iş, atdığı addım gözəl nəticə versin. Bu çox anlaşılan və arzu olunan bir şeydir. Ancaq iman gətirdiyimiz dinimizdə elə bir qanun və ya müddəa yoxdur ki, ey möminlər, yalnız dərhal və zahiri nəticə verəcəyi təqdirdə bir işə girişin. Bunun bariz nümunəsi isə, elə misal çəkdiyiniz İmam Hüseyn (ə) ağanın, İslamın olduğu kimi bu günə kimi gəlib-çıxmasını təmin edən Aşura qiyamıdır. İnanmıram ki, kimdəsə imamlarımız bizim naqis və cılız ağlımıza gələnlərin onların ağlına gəlmədiyini və ya dini bizim qədər anlamadıqlarını (əl-iyazu billah) dilə gətirmək cürəti olsun!
Bizlərdən fərqli olaraq, İmam Hüseyn (ə) ağa da yalnız zahiri və dünyəvi nəticə ardınca qaçsa idi, 72 nəfərlə 30 minlik qoşunun qarşısına çıxardımı?! Bu məntiqlə ki, özüm də sağ qalım, özü də istədiyim nəticəni əldə edim!
Yaxud elə İmam Həsən (ə) ağanın özü, məgər bilmirdimi ki, Müaviyə (l.ə) öz sözünə əməl etməyəcək, vədinə xilaf çıxacaq?! Və ya Həsən ibni Əli (ə) o məlunla tələb və ultimatum dilində danışmırdımı? Sülh müqaviləsində İmamın irəli sürdüyü şərtlər tələb deyilsə, bəs nədir?! Bir də ki, “Nəticəni düşünmədən işə başlamaq – bu İslam deyil!” həyatlarından örnək almağı təklif etdiyiniz və almalı olduğumuz İmamlara (ə) da şamil edə bilərsinizmi?!
Deyilə bilər ki, onlar istədikləri nəticəni əldə etdilər. Bəli, özü də, əsrlər, min illər sonrakı hədəfə vurdular. Ancaq sizin qəsd etdiyiniz nəticədə söhbət bu günün nəticəsindən, başqa sözlə yaxın mənzilli hədəflərdən gedir. Hansı ki, istədiyimə tez bir zamanda nail olum, özü də canıma heç bir xətər toxunmasın! Həm də heç kim arzulamaz ki, hədəfinə çatmadan aradan getsin. Ancaq dinimizin məntiqi, din böyüklərimizin sirəsi də bizə öyrədir ki, əsas məqsəd nəticə deyil, mühüm olan üzərimizə düşən vəzifəni olduğu kimi müəyyən etmək və ixlasla onu yerinə yetirməkdir.
“Təəssüf ki, bəzi qardaşlarımız Həzrət İmam Museyi-Kazımın (ə) zindana düşməsini əsas gətirərək, dini bilikləri elə də çox olmayan insanlara, gənclərə bir qayda olaraq, həbs olunmağın sonsuz fəzilətlərə malik olduğu ideyasını təbliğ edirlər.” fikrinə gəlincə isə, sizə kim deyir ki, mübariz ruhanilər imamlar (ə) arasında nədəsə fərq qoyur və ya onların həyat və fəaliyyətlərini hansısa bir sahə ilə məhdudlaşdırırlar?!
Bir də ki, o həzrət zindan həyatını özü seçməmişdi. Mübarək varlığı qəsbkar bir hakimiyyət üçün təhlükə törətdiyi üçün zindana salınmışdı. Və əgər o biri imamlarımız zindana salınmamışdısa, bu o demək deyil ki, onlar əməvi və yaxud abbasi xəlifələri üçün təhlükə törətmirdilər. Nəinki zindana salınmamışdılar, demək olar onların bütün həyatı elə zindan həyatı idi.
Ayrı-ayrı şəxslərin və ya rəhbərlik etdikləri təşkilatların fəaliyyətinə gəlincə, əvvəla onu deyim ki, elmi, ictimai, siyasi fəaliyyətdə üsul müxtəlifliyi öz-özlüyündə təbii qarşılanır və bəyəniləndir. Bir növ rəqabət yaratmaqla hərəkətə stimul verir. Ancaq, fəaliyyət üsullarından birini nümayişkaranə şəkildə qabartmaq, ondan nümunə götürməyə çağırmaq və ən effektiv hesab etmək, şəxsən çoxlarında olduğu kimi, bizdə də sual doğurur. Bundan əlavə, ümumi kütləyə hesablanmış, eyni zamanda sivil olsa da, ən effektiv olmadığı göz önündədir. Din, vicdan, etiqad sahəsində pozuntuların monitorinqini aparmaq, heç də problemin həlli deyil! Xahiş tonunda, zalımdan acizanə şəkildə öz hüquqlarının bərpasını xahiş etmək, özü də dini cameədə oyanışın baş qaldırdığı zamanda, müqavimət cəbhəsinin cücərmək istədiyi çox həssas bir dönəmdə səni əzən tağutdan, özü də iman qardaşı bildiyin bəzi ruhani və möminlərin həbsə atıldığı, repressiyalara məruz qaldığı bir dönəmdə zalımın “məşruiyyətini” tanıyar şəkildə beyət ruhunda xaredici şəkildə hicab qadağasının ləğvini rica etmək və bunu dövlət başçısından xəbərsiz hansısa hökumət məmurlarının özbaşınalığı kimi qələmə verməkdirmi rasional və ən effektiv yol? Budurmu Əhlibeyt (ə) sirəsi?!
P.S Bütün bu deyilənlərdən heç də elə anlaşılmasın ki, “Sizin öz dininiz var, bizim öz dinimiz.” (Kafirun 6). Əsla! Bu yazı ondan ötəridir ki, “Hamılıqla Allahın ipindən (Quran, İslam və vəhdəti bərqərar edəcək hər bir vasitə) yapışın və bir-birinizdən ayrılmayın...” ayəsindən (Ali-İmran 103) ilham alaraq əl-ələ verək, aramızda vəhdət, birlik və ülfət yaradaq ki, bu yolla zalımın zülmündən qurtulaq və həqiqi qurtuluşa nail olanlardan olaq, inşaallah! Allah bu yolda özü bizə yar olsun və bir an olsun belə bizləri özbaşına buraxmasın!


Mirqasım Əliyev
ilahiyyatçı-şərqşünas

Комментариев нет:

Отправить комментарий