Страницы

06.04.2013

Narıngül - Qırmızı

Qəfildən peyda olmağı sevir. Özündən burulan tozlu kənd yolunda birdən - birə elə görünür ki, hənirini belə duymursan, bir də görürsən ki, qarşındadır. Əynində həmişəki kimi, beli toqqa ilə bağlanmış enli paltar, ayağında dabanları əzilmiş ayaqqabılar, üzündə də heç vaxt silinməyən gülüşü... Heç göz qırpmağa da  imkan vermir.
Məsim görən kimi ilişir ona:
- Dünən  Dilbər  sizin tərəfə gəlmişdi, çəpərinizdən boylanırdı.
O, üzünə yayılmış  gülüşü boğur, əlindəki ağacla inəyin yanından ilişdirir, hirsini səhər-səhər örüşə apardığı malqaradan çıxmağa çalışır.
- Bilirəm, gələr, xəbər tutub evdə yoxam. Bizim kişiylə arası yaxşıdır.

- Kişini çox qısqanırsan? - Məsim soruşur.
 - Kişini qısqanmaq gərəkdir yoxsa əldən gedər...
O, əyilmiş ayaqqabılarının ucu ilə  yeri eşə-eşə Məsimə baxır. Öyrənmək istəyir görək  onun fikri nədir,  ələ salmır ki?
Məsim özünü yığışdırıb, ciddiləşməyə, bir qədər də sadəlövh görünməyə çalışır.  Onu xeyli  danışdırdıqdan sonra əlni-əlinə vurub gülür.Elə bu məqamda istəyir Məsimə hirslənsin. Amma alınmır.  O, başqalarından fərqli olaraq, əməlli-başlı  hirslənməyi də  bacarmır. Bilir ki,  hirslənəndə sevinmək olmur, adamın qanı qaralır. O isə elə  hey sevinmək istəyir. Həm də, başqa qadınlar kimi  ərinə sahib olmağı, əzizlənməyi arzulayır. Nə olsun ki, əri  yaşlı və deyingəndir.  Hər halda ərdir, onun qadın olduğunu  təsdiq edəndir.  
Ərini kəndin  ən gözəl gəlini, gənc vaxtdan dul qalmış  gözəl Dilbərə qısqanır.
Məsim deyir ki, nəyə istəyirsiniz and içim, buna kişidən və kənddəki toylardan  qiymətli heç nə yoxdur.
- Mənə qırmızı lak, kəpənəkli sancaq, boyunbağı al - deyə israr edir  hər dəfə.  Mən də gülə-gülə söz verirəm ki,  alacam, sevinir. Deyir gətirib verəndə xəlvət ver, heç kim görməsin. Başımla razılığımı bildirəm. Xəbərdarlığı bir daha möhkəmləndirir: “Suğra arvad bilməsin”. Başımı yelləyirəm.
- Dəli köpəyin  qızı, balaca deyilsən, -  deyir  Suğra arvad, - uşaqları özünə güldürmə! Onların yanında az fırlan. Gəl  arvadlara qoşul.  Dünyagörmüş, ağsaqqal  bir  kişinin arvadısan, o kişinin yaşından utan, barı.
O da çiynini qısıb özünü yığışdırır,  öz bildiyi şəkildə “utanır”. Uşaqlar hərəsi bir tərəfə çəkilib pıqqıldaşırlar. Dərhal üzündəki gülüşü  yığışdıraraq ciddiləşmək istəyir, ancaq alınmır. Bir kənara çəkilib  gülməkdən uğunan  Məsimi tapiır, barmağıyla  hədələyir, sonra özünü yığışdırır  “gedirəm” deyərək  cəld aradan çıxır.
Suğra arvad  deyingəndir. O gedəndən sonra qarşısına çıxanın kim olmasının fərqinə varmadan  ürəyini boşaldır,  onun qarasınca  deyinir: “General kimi arvadın yerinə gətirmişik  bunu. Gətirdik ki, həm kişiyə baxsın, həm dəarvad olub  bir tikə çörəyini yesin. Kişi,  xəstə, yaşlı adamdır, qadın lazımdır qulluğunda dursun. Bu da ki, uşaqları görən kimi  sevinir, qoşulur onlara, uşaq ağlındadır. Kişinin böyük qızı da bu gün sabah şəhərdən gələcək. Ögeydir nə qədər olmasa, bununla arası yoxdur.Yenə danlayacaqlar hamısı. Gərək mən qahmar çıxam.Yetimdir də, günü qara gəlmiş...” Suğra xala gözlərindən cin çıxan Məsimin ətrafda fırlandığına  yalnız indi fikir verir, ona təpinir: “cəhənnəm ol,danışılanları yığma, köpək oğlu. Gedib ələ salırsan. Görürüsən yüngüldür” . Məsim Suğra arvadı heç vecinə də almır,  şəbədə axtarır qoşub kənddə danışmağa. Adamları güldürmək  elə bil boyuna biçilib. Bir adam ki, çənəsini altına düşdü allah saxlasın, şitini çıxardana kimi əl çəkən deyil. İndi də bunu  hədəfə götürüb.
Ögey qızın uşaqları ekizdirlər. Bir-  birindən seçmək olmur. Kürən, gombul uşaqlardır, üzlərindən harınlıq yağır. Kəndə gələn kimi yola çıxırlar. Onu bizim yanımızda görüb irəli gəlirlər. Biri ona yaxınlaşır ki, gəl ayaqqbılarımı bağla. O, uşaq kimi əyilərək ayaqqabıları bağlayır. Ekizlərin o biri tayı da irəli gəlir, onun qarşısında dayanır:  mənim ayaqqabılarımı da təzədən aç bağla.
Kənarda dayanmış ögey  qız qonşu arvada danışır ki, atama yaxşı qulluq etmir, bu. Səliqəsi də  bir şey deyil. Atam öləndən sonra kimdi onu burda saxlayan.
O, bunları eşidir. Üzünün gülüşü yoxa çıxır.. Sevinməyindən fərqli olaraq o, qəmlənməyinin səbəbini yaxşı dərk edir.  Cəld vedrələrini götürüb gözdən itir.
Məni görərkən kənara çəkib pıçıldayır:
- Kənddə toy var. Hamıdan tez gedərik, bütün günü oturarıq. Elə sevinir ki, mən də ona qoşuluram. Elə bil əziz adamımızın toyudur.
- Çoxdandır görünmürsən, Məsim deyir. Adam darıxır səninçün. Üzündəki gülüş yenidən peyda olur. Arıq arğaz sifəti əyilir, özü bildiyi şəkildə gülür.
- Qız getdi, şükür allaha, -  deyir.
Ona qoşulub biz də sevinirik. Sanki üstümüzdən ağır bir yük götürülür.
 - Kişinin uşaqları burda olanda mənim günüm olmur-deyə şikayətlənir. Bilmirəm  niyə elə hey məni buyururlar. Kişini də razı sala bilmirəm. Hamı məni danlayır...
Bizim uşaq olmağımızın onunçün  fərqi yoxdur, kimə istəsə  şikayət edə bilər. Əsas odur ki, onu dinləyən olsun.
Suğra arvad  həm də idarəedəndir, “dünyanın altınıda bilir, üstünü də”. Qonşu qadınları ətrafına  yığıb hər şeydən danışır. Kəndə təzə köçüb gəlmiş gənc ailədən, məktəbdəki hərc- mərclikdən, direktoru yerində oturtmağından. Qadınlar bir nəfər kimi susur, sonra xorla onun sözünü təsdiqləyir,  heyrətlənir, müdaxilələr edirlər. O  da həvəslə qadınlara qoşulur, amma  hiss olunur ki,  qadınlar danışanı başa düşmür, onun üçün  maraqlı deyil bu söhbətlər.  Qadınlar ağla gəlməyən şeylərdən bəhs edirlər. Adam  əməlli- başlı sevinə bilmir belə şeylərdən. O, belə dərinliklərə baş vurmaq üçün yaranmayıb. Onun dünyası dayaz və aydındır.  Ancaq ağlını işə salaraq   dərk edir ki, qadınların yanıda dayanmaq lazımdır.
Əlini şənəsinə söykəyərək qadınlara qulaq asır.Üzündəki çiddilik, gözlərində qaynaşan gülüşü güclə ört-basdır edə bilir. Hamımız gözümüzü onun üzünə dikmişik, seyr edirik. Özünü saxlaya bilməyən  Məsim pıqqıldayır. O da bizə qoşulub hündürdən gülür. Suğra arvad  onu danlamaqdan özünü  güclə saxlayır.
Qadınlardan kimsə deyir ki, bizim kişi  deyirdi  Dilbər dünən  yenə aptekçinin öğlunun maşını ilə meşənin kənarındaymış. Özü də Dilbərin əynində bir paltar varmış ki, deyiləsi deyil...
O, üzündəki gülüşü donduraraq, söhbətə diqqət kəsilir.  Birdən gözləri parlayır, ağzı köpüklənir, Suğra arvadın burda olduğunu unudur: “Bizim kişi də gəzir” - deyir. Qadınlar əvvəl duruxurlar, sonra  gülüşürlər. Biz də gülüşürük., daha çəkinmirik. Hamı gülürsə, demək   bizə  də gülmək olar.
 O, gülüşənlərə fikir vermir, öz dediyini sübuta yetirməyə çalışır: “  Gəzir, hiss etmişəm.gecələr, həyətdə görüşür Dilbərlə... İtlərin hürməsindən duyuq düşmüşəm”.
 Suğra arvad qeyzlə ona baxır, imkanı olsa yerdən bir ağac götürüb çırpar bunu başına, amma sonda  o da gülməkdən özünü saxlayanmır.
- Az, o cavan gəlindir, özü də gözəl- göyçək. Cavan, imkanlı oğlanla fırlanır.   Sənin ərin onun atasından da böyükdür.
- Nə olsun q....  üçün  nə fərqi var, kimdir. Hər gecə gəlir kişinin yanına....
-Nə ləzzət alır sənin qoca, xəstə kişindən.
O, duruxub gözlərini döyür, amma  təslim olmur. Ağlına gələnləri israrla  sübut etməyə çalışır.
- Puluna görə gəlir.  Təqaüdünü alıb ötürür buna. Kişilərin hamısı belədir.
Arvadlar bir müddət dinmirlər. Bəlkə də,  bu an hamısı eyni cür düşünürlər. Gözlərinin qarşısına gətirdikləri mənzərə də eynidir.  Bahalı maşına söykənərək  dayanmış aptekçinin idmançı oğlu, yanında da   geyimli –gecimli gözəl Dilbər. Sonra birdən gülüşürlər. Suğra arvadın qımışa-qımışa:  “Az, dəlisən də, dəlinin başında buynuzu olmur ki, ”sözünü təsdiqləməkdən başqa əlacları qalmır, qonşu qadınların.
Səhər yola düşməzdən əvvəl özünü mənə yetirir.
- Gedirsən?
Başımla təsdiqləyirəm.
- Görəsən, Bakı  çox böyükdür?  Cavab gözləmədən əlavə edir: böyük olar hər halda... Amma bura da yaman böyükdür. Gözlərini bic-bic qıyır - orada yəqin ərə gedəcəksən, ona görə şəhərə  getməyə həvəslisən.
Sonra birdən - birə sevinir, gözləri parlayır:
- Kənddə üç dənə toy var.
Hiss edirəm ki,  toydan danışan kimi əhvalı yüksəlir. İndidən bir necə gündən sonra gedəcəyi toya doğru uçur.
Əyilib iri vedrələrin qulpundan yapışır.
- Mən gedim,  kişi xəstədir, məni görməyib hirslənər. Dediklərimi yadından çıxartma., yaxşı yol!
Şəhərdən qayıdarkan əlimdəki şeyləri ona verməyə tələsirəm. Tam o istədiklərini almışam. Qoy sevinsin. Kəndə çatan kimi onu axtarıram. Bir az dincələndən sonra  Suğra arvaddan  xəbər alıram. Suğra arvad qaşlarını çatır:
-  Eşitmədin,  kişi ölüb?!
- Eşitmişəm. Bəs, o nə oldu?.
Suğra arvad köksünü ötürür.
- Onu başqa kəndə, yaşlı bir kişiyə ərə veriblər. Neyləsinlər, qızı yola vermədi. Uşaqlar burda qalmağını istəmədilər. Qardaşı arvadı da yiyə durmadı. Bir təhər düzüb qoşduq. Gedib bir tikə çörəyini yesin. Hiss edirəm ki, Suğra arvad qəhərlənib.
Kəndin içi ilə burulan tozlu yol birdən birə kimsəsiz görünür mənə.Hər tərəfdə bir boşluq uzanır sanki. Kədərlənirəm.
Amma kim nə deyir-desin  mənə elə gəlir ki, o bu  dünyanı qırmızı rəngdə görürürdü. Qırmızı...

Комментариев нет:

Отправить комментарий