Страницы

19.04.2013

Qalib Şəfahət - BƏHANƏ


Anası Kərəmlə  hər  telefonla danışanda  ondan yaman gileylənirdi:
- A bala, mən sənə dəyə bilmirəm, mən axtara bilmirəm, artıq o imkanlarım tükənib, taqətim qalmayıb, yerimdən zorla dururam, sənə nə olub? Belə də etibarsızlıq olar?.. Heç demirsən ki,  anam öldümü, qaldımı, acdımı, susuzdumu, bəlkə başına bir iş gəlib?!.. Bu qədər də oğul  anaya biganə ola bilərmi?!..
O, hər dəfə bir işi bəhanə gətirib  vəziyyətdən çıxmağa çalışırdı:
-Özüm də darıxmışam,vaxt edib bu gündə, sabahda sənə dəyəcəm. Elə başa düşürsən soyuğam, biganəyəm! İnan ki, belə deyil...
Gecə yatağına uzanmışdı, gözünə yuxu getmirdi. Kərəm öz-özünü danlamağa başladı:
  - Anam düz deyir, doğrudan da biganəyəm, istəsəm vaxtdan, vədədən, elə işdən-gücdən də qırıb, gedib baş çəkə bilərəm.
Vallah, hər şeyı özüm bəhanə gətirirəm düzü. Səhər də bazar günüdür, iş də yoxdur, gərək  mütləq  gedib dəyəm!...
... Səhər yuxudan durub gözünü ovuşdura-ovuşdura həyətə çıxdı. Kulək qapı-pəncərəni elə döyürdü ki, elə bil kimsə  düşmən malına qəsd edirdi. Qapını açıb çölə çıxdıqda, soyuq  iliyinə işlədi. Küləyin uğultusundan qulaqları tutuldu. Elə bil ki, külək bu an onu yerindən götürüb, kağız parçası kimi daşa-divara çirpacaq...
Kərəm titrəyə-titrəyə, pencəyinə bükülüb, küləyin əlindən özünü zorla qapıdan içəri  atdı. Soyuqdan göyərmiş dodaqları səyriyə-səyriyə deyinməyə başladı: 
-Ağıllı adam da  belə havada  heç çölə çıxar ki?..Otur, oturduğun yerdə!..

Комментариев нет:

Отправить комментарий