Страницы

12.04.2013

Rüfət Əhmədzadə - Yazıçının xanımı

Hər gecə bir faciənin şahidi olur o,
Hər gün bir körpənin doğulmasını görür,
Hər saat bir həyacan, iztirab məngənəsi....
Əsərlərin arasında boğulur,
Ya da özünü tapır...
Yazıçının xanımı.
O yatağından masanı seyr edir...
O yaxınında uzağı hiss edir....
O sıcağında sazağı hiss edir...
Bir yazı masasında baş verir xəyanətlər,
Dəhşət, qətliam, qırğın....
Ağrısını yaşayır
Hər axşam vaxtında evinə gələn kişiylə ayrılığın.
Hər yeni hekayədə axtarır köhnə izi...

Hansısa bir şeirdə gizlənibdir bəlkə də
Ərinin keçmişindən boylanan sevgilisi...
Bəlkə də hər kitab bir qadınındır...
Bəlkə də bu yazıçıya ağac kimi bar verən,
Adi bir görüş olub...
Çox adi bir insanın xatirəsi.
Amma bütün faciələrdən daha dəhşətlidir,
Mehriban ərdə yad yazıçı nəbzi.
Bəlkə də, özü ilham pərisidir,
Bəlkə ona həsr olunur əsərlər...
O, bunu hiss eləmir,
Bəlkə də dərk eləmir...
Ya da, sadəcə,
Bir nömrəli oxucu kimi qalmaq istəyir
Yazıçının xanımı.
Yoxsa, eləcə almaq istəyir,
Ərindən sevgisiylə birgə istedadını?

Комментариев нет:

Отправить комментарий