İmarət Cəlilqızı
İnsan oğlu yaranandan gah xeyirdə, gah şərdə,
Ömür boyu neçə düyün çözəcəksən, əzizim,
Tab gətirdin indiyəcən min sınağa, min dərdə,
Sən güclüsən, minbirə də dözəcəksən, əzizim,
Səni yenmək istəyəni əzəcəksən, əzizim!
Bax yenə də bahar gəlib, sellər-sular daşacaq,
Yenə bülbül yaxa yırtıb təzə nəğmə qoşacaq,
Bağçalarda qəzılgüllər, yasəmənlər açacaq,
O güllərdən dəstə-dəstə üzəcəksən, əzizim,
Sevdiyinin tellərinə düzəcəksən, əzizim!
Ümid, inam insan üçün qoşa qanad kimidir,
Duyğular var ürəklərdə, abi-həyat kimidir,
Zülüm adlı əjdahayla əlbəyaxa dəmidir,
Yüz başı da olsa onun, kəsəcəksən, əzizim!
Bütöv, azad Vətənində gəzəcəksən, əzizim!..
Комментариев нет:
Отправить комментарий