Страницы

06.04.2013

Yatmaq- yaşamaq kimi

Aliq Nağıoğlu

         Dəhlizə açılan qapıdan sol tərəfdə öz otağı ilə üzbəüz qoyulmuş kiçik stolun arxasında oturub mürgü vururdu. Səhərdən ayağının sızıltısı kələyini kəsmişdi. Köhnə dəmir çarpayıda
uzanan kimi ara vermədən zoqquldayır, ağrı əzalarına yayılaraq beynini sarırdı. Naəlac qalıb stulda çimir edirdi. Yöndəmsiz olsa da, özgə çarəsi yox idi. Təki onu zinhara gətirən, əsəblərini korşaldan sızıltı qarışıq gizilti olmayaydı. Axır vaxtlar ağrı şiddətləndikcə onun əziyyətinə dözmək, tab gətirmək çətinləşirdi; dəhşətdən ağzı açıla qalırdı. Onda yazıqcasına, gücsüzcəsinə ölümünü gözləyirdi.
Hər şeydən əlini üzəndən sonra qıvrılaraq bədənini, başını divara çırpır, qəliz sözlər işlədərək kiminsə qarasına söyürdü. Heyi- hərəkəti çəkilib qan- tərə batanda huşunu itirirdi, özünə gələndə isə ufuldaya- ufuldaya qalxıb divardan asılmış dəyirmi güzgüdə heyrətlə
üz- gözünə baxır, şişmiş, göyərmiş yerləri sığallayırdı. Bir dəfə başının ortası dəmir çarpayının kəlləsinə elə dəymişdi ki, fındıq boyda ət parçası bu günə kimi çəkilmirdi. Seyrək, lakin qətiyyən ağarmamış tüklərinin arasından qançırlamış şiş apaydın görsənirdi.
          Hərdənbir də intihar etmək fikrinə düşürdü...
          Axırıncı dəfə bir ay qabaq xəstəxanadan çıxmışdı. Tək adam üçün evdə ayaqlarını uzadaraq müxtəlif dərmanları sürtüb- ovxalamaqdansa, hövsələsini basıb həkim müalicəsini
tam keçmək sərfəli idi. Bu həm də onu qəfil ölməkdən xilas edərdi. Yataqxanada ölsəydi, xəbər tutanadək iylənəcəkdi.
          Ancaq xəstəxana həyatına dözə bilmədi, cürbəcür dərmanların iyi, tam sərbəstliyin olmaması onu usandırdı. Üstəlik deyingənliyi, yersiz dava- dalaşı hamını boğaza yığmışdı. Üst- üstə on altı il məhkumluq həyatı yaşamış qoca qarı ömrünün axır günlərini yataqxanada keçirirdi: buna da mün şükür! Altı ay əvvəl müddətini başa vurandan sonra yataqxananın birinci mərtəbəsində kiçik bir otağa sığınmışdı.
           Axır vaxlar kəşf eləmişdi ki, qışqırdıqca, lazımlı- lazımsız ətrafdakıları sancdıqca öz ağrılarını unudur, əhvalı da yaxşılaşırdı. Belə hallarda nə etdiyinin, hansı səbəbdən etdiyinin fərqinə varmırdı. Ancaq gün ərzində yata bilirdisə, ayılandan sonra baş verənlər onda özünə qarşı ikrah hissi, pərtlik doğururdu. İndiki kimi tənha olduğu hallarda isə əngi ağrıyana kimi donquldanırdı. Keçmişini hərdən bir xatırlayanda nədənsə ancaq tutduğu pis əməllərini, xəbis hərəkətlərini daha çox çək-çevir edirdi. Hər dəfə də məhz bu və ya digər əməllərinə görə Allahın qəzəbinə tuş gəldiyi qənaətinə gəlirdi.
           İndi o, stolun üstünə uzatdığı damarları çıxmış, əprimiş əllərini tənbəl- tənbəl havada yellədir, bədəninin açıq yerlərini sancan milçəkləri qovurdu. Arabir də çiyninə atdığı yaş dəsmalla boyun- boğazının tərini silir, dişsiz ağzını əcayib şəkildə marçıldadırdı.
          Kimsə ona demişdi ki, yaxın qonşu rayonda məşhur türkəçarə həkim var, özünü göstərsin, mütləq xeyir tapar; amma di gəl qoca qarının bu gen dünyada kimi vardı ki, qabağa düşsün, halına yansın. Bu dünyada yaxınlarından bircə keçmiş ərini xatırlayırdı, ondan da uzun müddətdi ki xəbər yox idi.
         Bu gün yataqxanada sakitlik idi. Bazar günü olduğundan uzaq rayondan gəlib tikintidə
işləyənlər getmişdilər, birinci mərtəbədə yuxulu Kərimdən başqa kimsə gözə dəymirdi. İkinci mərtəbədə isə əsasən ailəlilər olurdu, onların çığır- bağırını eşitməkdən usanmışdı. Bütün günü təxminən müxtəlif ağızlar oxşar sözləri bezikmədən çeynəyirdi:
          - Ramilə, Samirə! Ay Ramilə, ay Samirə, ay qırılmışlar hardasınız....
          - Sevil, ay Sevil huyyy, köpəyin qızı öldürəjəm səni, görərsən...
          - Məntiq, ay Məntiq, it balası evə gəl...
          O, evdə oturub, ancaq ev işləri ilə məşğul olan qadınlara həsəd aparmazdı.    
Bekarçılıqdan, işsizlikdən tənbəlləşən, vecsiz qışqırıqları ilə baş aparan qonşu qadınlar bir- birinə bənd imişlər kimi eyni vaxtlarda səslənirdilər. Bu vaxtı qulaqlarına pambıq tıxayır, rahatlıqla söylənirdi:
          - Allah, özün kəs bu qudurmuşların səsini!.. Mən bilirəm, arvadların harınnamışı yava olur, onları gərək at kimi işlədəsən ki, götürüm düşsünlər, onda anlayarlar uşaq nədi, indidən söyüşə öyrətmək nədi... - əslində onun uşağı olmamışdı, bu səbəbdən məsləhət verirmiş kimi söylənməsi özünə də təəccüblü gəlirdi. Hər halda onun nə uşaqları, nə də analarını görməyə gözü vardı. Kişilərinin qarasına həmişə eyni sözləri söylərdi:
          - Onlara kişi deyənin ağzı əyilər!
          Biri bütün günü kefli olardı, daha doğrusu yay- qış göy kostyumu əynindən çıxarmayan bu adamı tanıdığından kefli görmüşdü. Axşamlar, qaş qaralandan sonra tükürpədici qadın səsi ətrafa yayılırdı. Tək bircə kərə nə baş verdiyini görmək üçün yuxarı qalxmışdı. Gördükləri onda ikrah yaratmışdı: arvad kişinin, kişi arvadın başının tükünü çəngələyib yolurdu. Görünür kişi güclü çıxmışdı, çünki arvadın səsi aləmi başına götürmüşdü, araya girib ayırmışdı. Ayaq üstə güclə dayanan kişi səndələyib qab- qacağı sındırır, hər dəfə də onun həyatı boyu eşitdiyi biədəb sözləri işlədirdi; bu zaman küncə qısılan iki uşağın, nədənsə, halına acımamışdı.
         Qalanlarını düz- əməlli başlı tanımırdı, həm də ünsiyyəti yoxdu, bu səbəbdən onları vecsiz sayırdı.
         Onun özü də deyingən idi, ətrafda olan qonşular buna görə ondan aralı gəzirdi, hal- əhval tutmurdular, əyərini- əskiyini soruşmurdular.
         Görürdün, yataqxananın komendantı tüklü əllərini ensiz, azca irəli çıxan qarnının üstündə çarpazlayıb əsdirərək, salamsız- kalamsız giriş qapısında peyda olurdu, birbaşa öz otağına keçirdi, arxasınca qapını zərblə çırpırdı. Çox zaman üzü tüklü olardı, əzgin görkəmi vardı, deyilənə görə bir il öncə zavoda yeni təyin edilmiş direktorun arvad qohumu idi; iki qaşının arasındakı iri xalı olan komendant ona yekə quru qurbağasını xatırladırdı. Elə bil həyatda hər şeydən bezmişdi, uzaqlara dikilən küt nəzərləri heç nə ifadə eləmirdi. Onun nə vaxtsa güldüyünü, hətta gülümsədiyini görməmişdi.
          Məhbəsdən çıxandan bir ay sonra, yataqxanaya xadiməliyə düzəlmişdi, işi də əsasən birinci mərtəbəyə baxmaq idi, o bu mərtəbənin yır- yığışını edirdi.
         Vızıltıyla burnuna soxulan milçək onu diksindirdi; burnunun içi qıcıqlandı, gözləri yaşardı. Yan- yörəsində uçuşan milçəklərə baxaraq əsəbiliklə ucadan donquldandı. Sonra hər iki əllərini stolun üstünə uzadıb bu həyasız həşəratların qonmasını gözlədi. Qəribə hərisliklə göstərmək istəyirdi ki, qocalsa da, öz hayıfını almağa qadirdir. Amma nə qədər əlləşdisə, axır vaxtlar içəridə çoxalan milçəklərdən ovcuna sala bilmədi. Xatırladı ki, komendant bu işi məharətlə görürdü: sağ əlinin kəskin hərəkətiylə milçəyi ovcuna salırdı, sonra bir müddət ovcunu yekə qulağına yaxınlaşdırıb nəyisə dinləyirdi. Bu zaman onun alt dodağı sallanır, uzun burnu
ağzına tərəf əyilirdi. Sonra milçəyi ovcundan iki barmağının arasına salıb sıxırdı. Canı çıxmış həşərat şəhadət barmağına yapışıb qalırdı və o, ölü milçək yerə düşənədək tələsmədən həmin əlini endirib- qaldırırdı.
          Komendantın dərisində yapışıb qalan ağ zılıq gözləri önünə gələndə çimçəşdi...
*                             *                                 *
        Ayağa durdu, axsaya- axsaya birinci mərtəbənin ümumi mətbəxinə keçdi, əllərini sabunladı, sərinləmək üçün üz- gözünü, boyun- boğazını yudu. Dəhlizin axırına qədər gedib, yuxulu Kərimin otağının qarşısında  dayandı. Yataqxanada olanda ancaq yatmaqla gününü keçirən Kərim musiqi məktəbində dərs deyirdi, tez- tez el şənliklərinə də gedirdi. Azca aralı qapını açıb içəri girdi. Kərim paltarlı yatmışdı, dünən toydan gec gədiyindən yəqin yorulmuşdu. Şabalıdı rəngli saçları dar alnına tökülmüşdü; çirkli köynəyindən, eyni rəngdə çirklənmiş qalstukundan, corablarından kəsif pis qoxu adamı vururdu. Əyilib pırtlaşıq saçlarının dibinə baxmaqdan özünü saxlaya bilmədi: şabalıdı uzun saçların dibi ağappaq idi; yuxulu Kərimin yuxulu sifətinə qusmaqdan özünü güclə saxladı: o, ağarmış saçlarını gizlətmək üçün vaxtaşırı saçına rəng qoyurdu.
           Yuxulu Kərim az danışan adam idi, ancaq təsirlənəndə yadda qalan bir hadisə danışıb otağına çəkilirdi.
           Bir yerdə çox qərar tuta bilmirdi, öz otağına qayıtdı, son vaxtalar otağı kimsəsiz qoymurdu. Pərdəni çəkdi, pəncərənin bir tayını açdı, havadan qəribə qoxu burnuna vurdu, ona elə gəldi ki, bu, iy, yuxulu Kərimdən gələn iydən tamam fərqli iydir, odur ki, tez də pəncərəni bağladı, pərdəni yerinə qaytardı.          
           Onun otağı günortaya qədər sərin olurdu, günortadan sonra gün qüruba əyiləndə payızın əvvəli olmasına baxmayaraq içəri bürkü olurdu. Dəmir çarpayıya uzandı; lənət şeytana, deyəsən ağrı da azalmışdı. Əzablı- əziyyətli mənasız ömrünün illərini, Allah bilir neçənci kərə, xatırlamağa çalışdı ki, heç olmasa bir- iki saat yuxulaya bilsin. Son günlər xatirinə keçmiş əri düşürdü, bunun da səbəbi o idi ki, əgər dedikləri düz çıxsa idi, əri artıq bu dünyada olmamalıydi. Keçmiş əri düz bir həftə əvvəl tamam gözləmədiyi bir gündə yataqxanada peyda olmuşdu. Heç soruşmağa da həvəs göstərməmişdi ki, nə əcəb ondan və necə oldu ki, hayı getmiş qoca onun yerini- yurdunu tapa bilib. Gəlibdisə, deməli, ortada nəsə var, yoxsa məhbusluq həyatı yaşayan zaman son beş ili bir kimsə ona dəyməmişdi, o cümlədən keçmiş əri də. Əslində onun hesabıynan əri sağ olmamalı idi, amma Əzrayıl onun hesabıynan otur- dur etmirdi axı... Əslində ərini ona xatırladacaq bir şey qalmamışdı. Ərə gedəndə ömür artıq yarıdan keçmişdi; birinci arvadı dünyasını dəyişən əri ondan iyirmi yaş böyük idi. Ərinin birinci nigahından iki qız qalmışdı. Böyük qız ərə gedəndən sonra, tezliklə ikinci də nişanladı. Amma o nişandan sonra onun bəlası gəldi, toyuna bir ay qalmış qızlığı müəmmalı şəkildə dünyaya bir uşaq gətirdi. Onda əri qonşu rayona mövsümi işə getmişdi. O zaman bərk qorxmuşdu, səhərəcən yeni
doğulmuş körpə ilə nə edəcəyini fikirləşmişdi; qızlığı qeybə çəkilmişdi, nəhayətdə sübh çağı körpəni boğaraq ayaqyoluna atmışdı.
          Ondan sonra da uzun məhbusluq həyatı başlamışdı, əvvəl- əvvəl yeganə qardaşı baş çəkirdi, sonra onun da ayağı kəsildi; deyirdilər bu dərdə tablaşmayaraq dünyasını dəyişmişdi. Əri isə məhkəməyə qədər gəlib- getdi, axırıncı dəfə isə beş il bundan əvvəl görünmüşdü. Həyatının ən xırda detallarına qədər dəfələrlə kino lenti kimi göz önündən keçirdiyinə görə yanlışlıq ola bilməzdi.  
Məhbəsdən çıxandan sonra, dədə- baba yurduna qayıtmaq istəməmişdi, əyalət şəhərinə üz tutmuşdu. Şəhər cavan idi, heç kəs də onu tanımırdı. Deməli, sorğu- sual da az olacaqdı.
          Məhbusluq həyatını boş keçirməmişdi, dinlə məşğul olmuşdu, Qurani- Kərimi öyrənmişdi. Allahla öz arasında rabitə qurmuşdu; namaz qılırdı, dini ayinləri yerinə yetirirdi. Dərk elədiyi bir şey vardı ki, ən böyük cəza Allah dərgahında olacaqdır, o zaman lap tənha anlarında göz yaşları axıdıb böyük yaradandan bağışlanmasını istəyirdi. Çox əzablardan keçmişdi, amma son körpü çətin, köməksiz idi.
         O tutulandan sonra əri üçüncü dəfə evlənmişdi, hər halda özü belə deyirdi. Amma arvadı bir neçə il əvvəl evdən çıxıb getmişdi, vəlvələdən- zəlzələdən... Heç səbəbinin də fərqində olmamışdı: əri öz taleyini özü bildiyi kimi qurmağa cəhd eləmişdi, indi alınmamışdı, bu da alın yazısı idi...
          “ Gəldim, qarı, son nəfəsdə sənə dəyim, mənim qeyrətli...” Dediklərini güclə ayırd etmək olurdu. Ərinin əlləri- ayaqları əsirdi, danışmağa heyi qalmamışdı. Büsbütün arıqlamışdı, gözləri çuxura düşmüşdü, üzünü tük basmışdı; tanınası halı qalmamışdı. Bilmirdi nə desin, nə danışsın, hardan başlasın, ona görə susurdu. Ərinin son dayanacağının ölüm olduğu şəksiz idi.
         “İndi mən də sənin kimi tənhayam... Allaha şükür, görüşdük, daha rahat ölə bilərəm...” – o, hıqqına- hıqqına davam eləmişdi. Onun nəzərində əri kiçik qızı o pis işi tutanda ölmüşdü. Əgər o şərəfsizliyi qəbul edə bilməyib, bir neçə saatlıq körpənin günahına batmışdısa, ərinin məsuliyyət yükü daha ağır olmalı idi. Çətin olsa da, elə belə də dedi, o zaman deməyə vaxtı olmamışdı.
         “ Sən, o iş baş tutanda ölməli idin, yaşamaqla əzaba batdın, hansı yaxşıdır:
günah, yoxsa ömrün boyu əzab çəkmək, ayırd edə bilmədin, kaftar...”
         “ Düzdür, qarı, o biabırçılıqdan sonra qızım arvad oldu, əri də kişi, indi də bir yerdə yaşayırlar, uşaqları...” İlahi, o nə əttökən şeylər eşidirdi. Sağlam düşüncə deyir ki, bu bəşərin binayi- qədimdən  ləyaqəti olmayıb. Onun günahı nəydi ki, bəxti- taleyi qarğanmışdı, üst- üstə on altı il məhbusluq həyatı yaşamışdı, tamam sağlamlığını itirmişdi, pis- yaxşı bir nişanəsi də qalmamışdı. Bəlkə də Allah özü onu belə kişinin axıradək arvadı olmaqdan xilas etmişdi. Demək çətindi.
         “ Nahaq gəlibsən, qoca qarğa, indi mənim elə bir sağlamlığım da qalmayıb ki, səninlə dərd bölüşüm... Yaradan mənə qarşı çox amansız oldu, amma ölmədim, quru nəfəsdir, gedir- gəlir, məni arxaya baxmağa vadar etmə...”
         “ Səni çox narahat etmərəm, mən bu dünyada bir- iki günün qonağıyam. Gəlməyimin səbəbi əmanətindir, götür bunları, əl vurmamışam, qədərini özün yaxşı bilirsən...” İşə bax ha, tamam unutmuşdu, subay vaxtı sovxozda işlədiyi illər uzunu yığdığı halal pullar qalırdı. Ondan nə əcəb, bu illəri xərcləməyib, düşünmək ki, “ ehtiyacı olmayıb”, heç inanılası deyildi.
          Məhbəsdə dərk etmişdi ki, kim nə deyir desin, pul ilahi bir şeydir. Bu pullar
vaxtında onun həyatında çox şeyi dəyişə bilərdi, indi isə qoca vaxtında bilindisə, düşmən artıracaqdı...
          “ Açığı vaxtında bu pullara çox ehtiyacım olub, onda bəlkə də nəsə eləmək olardı, amma indi taleyimi dəyişmək gücündə ola bilməz ki... Mən artıq böyük yaradanın yazdığı amansız bəxtimlə barışıb, canımın rahat çıxmasını gözləyirəm.”Nəsə demək lazım idi, amma yaşamağa olduğu kimi, danışmağa da həvəsi qalmamışdı. İndi arzuladığı ən böyük şey ağrısız, acısız ölmək idi. O da, qismət olacaqdısa...
         “ İstəsək də, istəməsək də biz o dünyada görüşəcəyik, sağkən görüşməyimiz mənə rahatlıq gətirdi, səni bilmirəm... Çox işlər oldu, çox günaha batdıq, mən həmişə Allahdan sənin bağışlanmağını istəmişəm, inanırsan?.. Niyə işlər belə oldu, niyə həyatımıza dərd üstündən dərd gəldi?.. Sənə deyim ki, mənim yaşamağa həvəsim lap çoxdan ölüb, mənasız bir ömür yaşadıq, bax belə... Mən gedim, hiss edirəm Tanrıdan mənə ayrılan vaxt bitmək üzrədir, özümü evə çatdırım...”  Hər ikisi həyatlarını dəyişə bilmədilər: bunun üçün ya güc, ya da ağıl lazım idi, onlarda isə hər ikisi yox idi, bəlkə heç binayi- qədimdən olmamışdı; əks halda bu həyatda görüşməzdilər. İndi xərifləmiş qoca o dünyanın sorağını verirdi, bu dünyası tamam mənasını itirmişdi...
         Qəfil tapıldığı kimi tələm- tələsik də çıxıb getdi. Qalsa idi, xatası da gözlənilirdi, ərinin o dünyalıq olduğunu görmək üçün dərin uzaqgörənlik lazım deyildi. Deyəsən yanına gəlib- getdiyi müddətdə kimsənin nəzərini də cəlb eləməmişdi.      
*                                    *                                   *
          - Ay Kərim kişi, xəbərin var ha , Marusya xala iki gündür ölübmüş, bilən olmayıb, iyi aləmi başına götürəndən sonra xəbər tutublar, bu gün basdırıblar?.. Yazıq arvad torpağa düşsə də, iyi hələ havadan çəkilməyib, - kimliyini bilmədiyi adam dəhlizdə son günlər narahatçılığını keçirdiyi şeylərdən danışırdı.
          - Ağzıvı yaxala, nə kişi, indi kişi var? Denən canı qurtardı, hər nə cür ölübsə- ölümdür, - yuxulu Kərimin xırıltılı səsi gəldi.- Bir az əvvəl ayılmışam, amma yenə yatmağım gəlir, bunun harası yaşamaq oldu. Bir azdan da toya yığışırıq, yaxşı ki, bizimkilər toybazdır, yoxsa biz də elə ölü kimi bir şeyik. Amma canım haqqı o “ kişi ” sözünü elə şirin dedin, yadıma bir misalı saldın: deyir bir gün hökmdar məmləkətə car çəkdirir: sabah hər evin kişisi palçıq ayaqlamağa çıxmalıdır. Elə olur ki, bir evdən kişi xəstə olur, amma icraçılar məcbur edir ki, belə olanda  əvəzinə evin xanımı çıxmalıdır, hökm hökmdür! Xanım da qoşulur kişilərə, başlayır palçıq ayaqlamağa. Görür ki, tumanın balağı ayaqlarına maneçilik edir, ətəyini qaldırır. Bir az keçir uzaqdan hökmdar görünür, onu görən xanım dərhal tumanının balağını aşağı salır, amma bu hərəkəti hökmdarın diqqətindən yayınmır. Yaxınlaşıb ondan bu hərəkətinin səbəbini soruşur. Xanım da cavabında: “ Gördüm irəlidən kişi gəlir, belə etdim, ”- deyir. Hökmdarsa: “Məgər sən elə bayaqdan kişilərlə palçıq ayaqlamırsan? ”- soruşur.  “ Hökmdarım onlar kişi olsaydılar, palçıq ayaqlamazdılar ki! Kişi- Sənsən!! ”- cavabını verir.
           - İndi düz deyirsən, sən də kişi, mən də kişi, amma üzbəüz binada kimsəsiz Marusya xala iki gündür ölübmüş, xəbərimiz yoxdur, day biz hardan kişi olduq. Gedim bir az da uzanım, axşam yenə toydayam. Heç bilmirəm, mən də bu pulları kim üçün qazanıram...

1985- ci il

Комментариев нет:

Отправить комментарий