Страницы

03.04.2013

Sənə qız deyim, gəlinmi…

Ruslan Dost Əli

Bulud kimi doldumsa da,
Qəlbinə dola bilmədim.
Bircə dəfə mən olmadın,
Mən də sən ola bilmədim.

Yol eylədim,getdim səni,
Nə qaldım,nə ötdüm səni.
Ovcum boyda etdim səni,
Sinəmdən sala bilmədim…

Bu sevgilə qaldımsa da,
İçimdə yer saldımsa da,
Qucağıma aldımsa da,
Dərdini ala bilmədim.


Getdi ömrümün yazı da,
Bitdi bu eşqin nazı da.
Sındı könlümün sazı da,
Bir dəfə çala bilmədim.

Meylim də düşdü meylərə,
Yoldaş da oldum keylərə.
Ahım ucaldı göylərə,
Mənsə ucala bilmədim.

Bu nə dözüm,bu nə taqət,
Güc yox,edim yolu ta qət.
Qocaldım,qocaldım,fəqət
Sənlə qocala bilmədim.

Taleyimdən qaçammadım,
Qapım bağlı,açammadım.
Mən nə ətir saçammadım,
Nə də ki,sola bilmədim.

Sənə qız deyim,gəlinmi?
Bel bağlamağa gəlimmi?
Dönüb gəldin,de gəldinmi
Dediyim yola,bilmədim!

Bu nə qorxu,bu nə hədə,
Qabaqdan gəlmişlik… hə də…
Çıxıb getdin,dedinsə də
‘’Sağlıqla qal’’a bilmədim...

Bulud kimi doldumsa da,
Qəlbinə dola bilmədim.
Bircə dəfə mən olmadın,
Mən də sən ola bilmədim.

Комментариев нет:

Отправить комментарий