(“Samsundan başlanan yol” romanından bir parça)
Axşam idi. Atatürk qərargahda əyləşib dərin fikirlərə qərq olmuşdu. Çöldə səs-küy eşidib diqqət kəsildi. Kimsə içəri girmək istəyirdi. Mühafizəçilər onun qarşısını kəsib qoymurdular. Baş komandan qapıya yaxınlaşdı. Büründüyü çarşabından yalnız gözləri görünən bir qadın dayanıb əsgərlərlə mübahisə edirdi:
– Sizə dedim ki, Baş komandanın, Mustafa Kamal paşanın özünü görmək istəyirəm.
Atatürk dilləndi:
– İşiniz olmasın, qoyun gəlsin.
Əsgər əmrə müntəzir halda mil dayandı və qadına işarə etdi ki, yol açıqdır. Qadın qərargaha daxil olub göstərilən yeri tutdu və çarşabını sərbəst buraxıb üzündən götürdü. Baş komandan lampanın solğun işığında diqqət yetirib gördü ki, bu, 15-16 yaşlarında gözəl və məsum bir qız uşağıdır. Onun yaraşıqlı üzü saralmış, gözləri çuxura düşmüşdü. Atatürkün ürəyi ağrıdı: «Xalq əziyyət çəkir, millətin dincliyi, günü-güzaranı yoxdur». Sonra qıza müraciətlə dedi:
– Eşidirəm səni, qızım. Gecənin bu vədəsi, müharibənin belə qızğın çağı buraya gəlməyə səni nə vadar edib? Qorxmadın düşmən əlinə keçərsən?
Qız qorxmadığını bildirmək üçün cəsarətlə danışmağa başladı:
– Paşam, harada yazılıb ki, müharibədə yalnız kişilər iştirak etməlidirlər?! Məgər vətən təkcə onlarındır?
Bunun cavabında Atatürk dedi:
– Qızım, vətən bizim hamımızındır! Onun uğrunda hər kəs vuruşmalı, Vətənin qeyrətini, şərəf və namusunu hər bir oğul və qız çəkməlidir. Hələlik bu işi kişilər gördükləri üçün qadınlarımızı, qız və gəlinlərimizi narahat etmirik. Ailədə onların iş-gücü onsuz da çoxdur.
– Paşa həzrətləri, ona görə də bizi çarşaba büküb lazımsız əşya kimi evin küncünə atmısınız?
Atatürk qızın məntiqinə heyran qaldı. Doğrudan da, çarşab Şərq qadınının əl-qolunu bağlayıb onu itaətsiz, kölə və hüquqsuz vəziyyətə salmışdı.
– Sən haqlısınız, yavrum. Türk qadını çarşabdan azad olmalı, həyatın fərəhli yollarına çıxmalı, kişilərlə çiyin-çiyinə çalışmalıdır.
Mustafa Kamal sonralar ölkə prezidenti olarkən dəfələrlə türk qadını və qadın hüquqları məsələlərinə diqqət yetirirdi. Çıxışlarının birində deyirdi: «Görürəm ki, bəzi yerlərdə qadınlar başına bir bez, yaxud önlük və ya buna oxşar başqa şeylər ataraq üzünü-gözünü gizlədir, yanından keçən kişilərə qarşı ya arxasını çevirir və ya yerə oturaraq yumulur. Mədəni bir millətin anası, millət qızı bu qəribə şəklə, bu vəhşi vəziyyətə düşərmi?»
Sonralar Atatürk türk qadınlarına millət vəkili seçmə və seçilmə hüququ verən Konstitusiya dəyişikliyi aparılmasına nail oldu.
Baş komandan üzünü qıza tuturaq:
– Qızım, gecə vaxtı buraya bunları söyləməyə gəldin?
Qızı qəhər boğdu, ağlamsınaraq dedi:
– Xeyr, paşam. Mən Poladlıdanam. Bir qardaşım vardı. Müharibə başlamamış yunanların gülləsinə tuş gəldi. Dünən dəfn etmişik. Atam da Kütahya-Əskişəhr döyüşlərində canını tapşırıb. İki bacı xəstə anamızın ümidində qalmışıq. Bacım hələ balacadır. Yeddi yaşı var, yoxsa onu da özümlə gətirəcəkdim. Qardaşımı ana torpağa tapşıranda and içdim ki, bu gündən milli orduya yazılacaq, atamın, qardaşımın, millətimin döyüşlərdə ölən oğullarının qanını alacağam. Gəlmişəm ki, mənə silah verəsiniz.
Atatürk qızın fədakarlığından, vətənpərvərliyindən, düşmənə sonsuz nifrət bəsləməsindən riqqətə gəlmişdi. Lakin bu bənizi solğun, gözəl türk qızının, gələcək türk anasının dö¬yüş meydanında həlak olmasına yol verə bilməzdi. Qızın xətrinə də dəymək istəmirdi, onu yola gətirib bir bəhanə ilə evə qaytarmaq lazım idi.
– Qızım, adın nə oldu?
– Aydandır adım.
– Aydan, heç əlinə silah almısan?
Qız bu sualı gözləmədiyindən duruxdu, sonra özünü ələ ala¬raq çarşabını göstərdi:
– Bu imkan verib ki?.. Fəqət bunun heç bir əhəmiyyəti yoxdur. Ayıya rəqs etməyi, cürbəcür oyunlar göstərməyi öyrədirlər. Biz insanıq. İnsan isə şüurlu məxluqdur. Paşa həzrətləri, yəni deyirsiniz bir-iki saata nişan alıb güllə atmağı da öyrənə bilmərəm?!
Atatürkü gülmək tutdu. Bunu görən qız yalvarmağa başladı:
– Paşam, siz Allah məni naümid etməyin, qoyun vuruşum. Onsuz da buradan getmək fikrim yoxdur. Siz qovsanız da, əlimə bir tüfəng keçirib, lap düşmən tüfəngi olsa belə, vuruşacağam. Təpənin, ağacın, daşın arxasında gizlənib düşməni nişan alıb atacağam. Təkbaşına partizan müharibəsi aparacağam.
Baş komandan qızın iradəsinə, inad və cəsarətinə get-gedə heyran qalırdı. Onun öz inadından dönməyəcəyini görüb dilə tutmağa çalışdı:
– Aydan, mənim balam, deyirsən atan həlak olub. Mən sənin atan. Övlad ata sözünə qulaq asar. Anan oğlunu, sənin qardaşını təzəcə itirib. O, qəm-qüssə, dərd-ələm içərisindədir. Qəlbinə vurulan yaranın sağalması üçün gör nə qədər vaxt lazımdır. Bir yandan da sən evdən qaçmısan. Özünü onun yerində qoy. Gör indi o nələr çəkir, nələr yaşayır?! Bu gecə elə bilirsən gözlərinə yuxu gedib? Özün dedin ki, bacın balacadır. Sən arxayın ol. Biz sənin qardaşının da, atanın da qanını alacağıq. Sənə söz verirəm. Biz qalib gələcəyik. Haqq işi uğrunda mübarizə aparanlar həmişə zəfər çalır. Mənim sözlərimə qulaq as. Evə get. Əsgərlər səni ötürərlər.
Qız Baş komandanın razılıq vermədiyini görüb ağladı. Mustafa Kamal paşa irəli yeriyib onu sakitləşdirməyə çalışdı:
– Aydan, qızım, burada sənsiz ötüşə bilərik. Başa düş, anan isə sənsiz keçinə bilməyəcək. Allah eləməsin, cəbhədə başına bir iş gəlsə, onun dərdinin üstünə dərd gələcək. Buna o, tablaşa bilməyəcək. Evdə balaca bacın var. Səndən, anandan sonra o nə edəcək?!
Qız göz yaşlarını saxlayıb məsum baxışlarla Mustafa Kamala baxdı. Baş komandan sözlərində səmimi idi, bu çətin anlarda Aydanın, onun ailəsinin taleyini fikirləşir, buna görə narahat olur, qızın qayğısına qalırdı. Aydan fikrə getdi. Doğrudan da, xəstə və dərdli anasını, qardaşsız və atadan yetim qalmış köməksiz bacısını düşünməmişdi.
Aydan sakitcə ayağa qalxdı və qapıya sarı addımladı. Mustafa Kamal əsgərlərdən iki nəfərini çağırıb tapşırıq verdi ki, qızı aparıb evlərinə ötürsünlər.
Sakara Meydan Müharibəsi Mustafa Kamal cəbhəyə gələndən on bir gün sonra başlandı və qələbə ilə başa çatdı.
O O O
…Döyüş meydanını gəzən Atatürk itkiləri hesablayır, cəsədlərin dəfn edilməsi, yaralılara yardım göstərilməsi və xəstəxanalarda yerləşdirilməsi barədə əmr və sərəncamlar verirdi. Qələbə onda xoş duyğular, böyük sevinc yaratsa da, həlak olmuş əsgərlərin halına acıyır, onların ailələləri, övladları, valideynləri barədə ürək ağrısı ilə düşünürdü. Acı təəssüf hissilə addımlayan Baş komandan birdən ayaq saxladı. Yanı üstə düşmüş cəsədin sifəti ona tanış gəlirdi. Elə cavan və məsum görünüşü vardı ki… Onun əlində tələsik xəttlə yazılmış bir kağız vardı. Mustafa Kamal paşanın işarəsi ilə qana bulaşmış kağızı açıb oxudular: «Əgər döyüş meydanında ölsəm, bu məktub əlinizə keçəcək. Baş komandana söz verib evə qayıtmışdım. Anam, bacım və mən döyüşləri izləyir, ordumuzun qalib gələcəyi günü gözləyirdik. Atamı, qardaşımı yada salıb ağlayır, əsgərlərimiz üçün dua oxuyur, onlara zəfər, cansağlığı arzulayırdıq. Rəfiqəmgilə getmişdim. Qayıdanda evimizin top mərmisindən dağıldığını gördüm. Anamı, bacımı axtardım. Gördüm deyən olmadı. Sonra onların cəsədlərini dağıntılar altından çıxardılar. Evsiz-eşiksiz idim. Xalam mənə təklif etdi ki, onlarda qalım. Xalamgildə gecələyib, səhər ertə yuxudan qalxdım. Saçlarımı qayçı ilə oğlan saçı kimi kəsdim ki, məni tanımayıb oğlan bilsinlər. Xalam oğlunun paltarlarından birini geyib cəbhəyə yollandım. Partizanlara qoşuldum. Düşməni öldürdükcə onların sayını göstərirəm: 1+1+1+1+2…Yeni qeyd tapmasanız, demək, artıq ölmüşəm, Hələlik döyüşürəm, qələbə gününü gözləyirəm. Baş komandana, ordumuza böyük ümidim var…»
Mustafa Kamal paşa cəsədə bir daha diqqətlə baxdı. Onun sifəti toz-torpağa bulaşsa da, saçları oğlansayağı kəsilsə də, qızı tanıdı. Bu, Aydan idi. Köynəyinin üst düyməsi açıq olduğundan sinəsi bir balaca açıq qalmışdı. Atatürkün işarəsilə şəfqət bacısı tez aşağı əyilib onun köynəyinin yaxasını düzəltdi…
Aydanın ölümü Baş komandanın qanını qaraltmış, ona ağır təsir bağışlamışdı. Qıza, onun taleyinə acıdı: «Yazıq qızcığaz. Onun həyatı hələ öndə idi. Fəqət bu dünyadan erkən və nakam getdi. Yaşasaydı, bir gəlin, ana olacaqdı. Təəssüf, çox təəssüf… Gələcəyin bir qadını, türk anası az sonra torpağa gömüləcək...» Atatürkün gözləri yaşarmışdı. O, qızı dəfn etməyi tapşırıb qərargaha qayıtdı …
O O O
... Atatürk Karacahisara yola düşdü. O, Sakarya Meydan müharibəsindən fərqli olaraq sərkərdə libasında idi. Yaxalığında müşür fərqlənmə nişanı parıldayırdı. O, Baş qərargahın qarşısında avtomobildən düşən kimi zabitlər və əsgərlər Baş komandanın cəbhəyə gəlişini bir bayram kimi qarşıladılar. Marşal hərbi rütbəsi və qazi titulu alması münasibətilə ona təbriklərini çatdırdılar. Atatürk onlara təşəkkürünü bildirdi. Baş qərargahın yerləşdiyi otağa yenicə keçmişdi ki, qapının ağzından gələn bir səs eşitdi:
– Paşam, əfv edin, olarmı?
Atatürk geri dönüb baxdı. Döyüşçü geyimində bir qız idi. Qızın sifəti Baş komandana tanış gəlirdi, lakin xatırlaya bilmirdi. Qız gülümsəyərək:
– Cənab Baş komandan, deyəsən, tanımadınız?
Qızın səsi də tanış idi. Qız Atatürkü çox da intizarda saxlamadı. Adını dedi:
– Aydanam. Poladlıdan.
Mustafa Kamal heyrətdən yerində dondu. O, Aydanı ölmüş bilir və buna görə çox təəssüflənirdi. Aydan tez:
– Paşam, ölmədim, kəfəni yırtıb çıxdım. Ölmədim ki, düşmənə axıra qədər vuruşum. Onları ölkəmizdən qovana kimi…
Atatürk irəli yeriyib qızı bağrına basdı. O, sevindiyindən az qalırdı qanad açıb uçsun:
– Bu gün nə gözəl gündür, qızım. Nə yaxşı sənə xətər toxunmayıb.
Bu zaman Lətifə içəri girdi. O, Mustafa Kamalı Aydanı qucaqlamış vəziyyətdə görüb bir anlığa yerində dondu.
Mustafa Kamal son dərəcə böyük sevinclə deyirdi:
– Bir Allah şahiddir ki, səni necə böyük məhəbbətlə sevirəm.
Aydan da şad-xürrəm dedi:
– Heç məni demirsiniz, böyük insan!
Aydan bir az da böyümüş, ətə-cana dolmuş, gözəlləşmişdi. Əsgər paltarı ona çox yaraşırdı. Həm də Aydanın qəddi-qaməti elə idi ki, indki görkəmində nə geysəydi, ona yaraşacaqdı. Mustafa Kamal bu gözəl yaranışa heyran qalaraq, həm də ona bir ata məhəbbəti bəsləyərək dedi:
– Bir danış görüm…
Nə Atatürk, nə də Aydan Lətifəni görürdü. Qarşılaşdığı səhnə Lətifəni çıxılmaz vəziyyətdə qoydu. Əvvəlcə istədi özünün içəridə olduğunu onlara bildirsin, lakin bu fikrindən vaz keçdi, təhqir olunmuş və pərt halda otaqdan çıxdı. Bir Allah bilir bu gün buraya necə sevinc və fərəhlə, böyük ümidlə gəlmişdi.
Lətifə göz yaşlarını saxlaya bilmədi. O, açıqfikirli, gözü açıq, müstəqil, çətinliklərdən qorxmayan, qürurlu bir qız idi. Hər adamla oturubdurmazdı. Çoxları ona həsəd aparardı. Ona öz ürəyini açan da çox olmuşdu. Fəqət heç kimə könül verməmişdi. Məhəbbətini illərlə qəlbində yaşatdığı və böyütdüyü birisi – Mustafa Kamal üçün qoruyub saxlamışdı. Ötən dəfə onunla görüşmüş, ürəyini açmışdı. Həmin görüş onda ümidlər yaratmış, eşqinə cavab aldığını düşünmüşdü. Böyük sərkərdə niyə belə hərəkət edirdi?! Gərək o zaman fikrini açıq bildirərdi. Sevgilisi olduğunu səmimi şəkildə etiraf edərdi. Nə qədər acı olsa da, Lətifə taleyin hökmü ilə barışardı. Lətifə xanım onların söhbətini yadına saldı:
– Bir Allah şahiddir ki, səni necə böyük məhəbbətlə sevirəm.
– Heç məni demirsiniz, böyük insan!
Mustafa Kamal qızı sinəsinə sıxmışdı. Böyük sevgi və məhəbbətlə qızın gözlərinə baxırdı. Lətifə hönkürdü və ötüb keçənlərin diqqətini cəlb etdi. Bir zabit yaxın gəlib soruşdu:
– Xanım, bəlkə köməyə ehtiyacınız var.
Lətifə tez özünü ələ alıb:
– Narahat olmayın, əfəndi, hər şey qaydasındadır. Bir balaca sıxıldım… – dedi və qaçaraq uzaqlaşdı.
O O O
Aydan başına gələnləri danışmağa başladı. Hadisə belə olmuşdu. Aydanı ölmüş bi¬lən Atatürk göstəriş verdi ki, onu aparıb fədakar və qəhrəman döyüşçülərə xas olan bir təntənə ilə dəfn etsinlər. Baş komandan gedəndən sonra əsgərlər cəsədi xərəyə qoymaq istəyəndə sanitar qız nəsə hiss edib ona sarı əyildi və qəflətən geri çəkildi. Çantasından bir güzgü çıxarıb Aydanın ağzına tutdu. Güzgünün tərlədiyini görüb qəddini düzəltdi:
– Təəccüblüdür, qızın nəfəsi gəlir.
Bunu eşidən döyüşçülər tez qızı hərbi xəstəxanaya çatdırdılar. Aydanın vəziyyəti ağır idi, ölümlə həyat apasında xeyli müddət çarpışdı. Nəhayət, ölümə qalib gəlib ayaq üstə durdu. Bu əhvalatı eşidən Mustafa Kamalın sifəti işıqlandı. O, qayğı ilə və bir ata məhəbbətilə dolu baxışlarını ona zilləyərək:
– Aydan, görürsən, bizi yenə müharibəyə sürükləyirlər. Ehtiyatlı ol, özünü qoru, – dedi.
-Oldu, paşa həzrətləri!..
O O O
Qurtuluş savaşı 1922-ci il iyulun 22-də İzmirin azad olunması və oktyabrın 11-də Mudanya müqaviləsinin imzalanması ilə başa çatdı. İstanbul hələ oktyabrın 6-da Türkiyə milli ordusu tərəfindən Antanta dövlətlərinin caynağından qoparılmışdı. Bu əməliyyatı Rafət paşanın (Bele) komandası altında olan qoşun hissələri uğurla həyata keçirmişdi.
Atatürk qərargahda idi. Lətifə xanım daxil oldu. Mustafa Kamal onu görüb ayağa qalxdı. Lətifəni son dərəcə mehriban qarşıladı. İrəli yeriyib əl uzatdı:
– Bir görün kim gəlib?! Sizdən nə əcəb, Lətifə xanım. Ürəyimizi yerindən oynadıb, yoxa çıxırsınız!
Lətifə təqsirini boynuna aldı:
– Gərək məni bağışlayasınız, paşam. Qısqandım və sinirləndim.
Atatürk maraq içərisində:
– Kimi kimə qısqandınız, Lətifə xanım? – deyə xəbər aldı.
Lətifə bir qədər sıxılaraq:
– Sizi Aydana, – dedi və Atatürkün gözlərinin içərisinə baxdı. Eyni zamanda öz-özünə düşündü: «Marşal forması Mustafa Kamala gör necə də yaraşır. Sifətinin rəngini açır. Mavi gözlü, qızılı telli bu kişi başqasının deyil, yalnız mənim olmalıdır! Həyatımdır!»
Atatürk sanki onun fikrini oxuyaraq hiyləgərliklə:
– Aydanı harada görmüsünüz? – deyə soruşdu.
Lətifə həddən artıq bəzəyərək:
– Burada, sizin qucağınızda, – dedi və güldü.
Atatürk də qəh-qəhə çəkdi:
– Bir görürsünüz?! Aydan mənim qızım. Heç olurmu?!
O zamankı hadisənin təsirindən hələ də ayrılmayan Lətifə aydınlıq gətirməyə çalışdı:
– Qərargaha girəndə sizi qucaqlaşan gördüm, dərhal halım dəyişdi.
Atatürk aydınlaşdırmağa başladı:
– Başqa cür olardımı? Aydan ikinci dəfə dünyaya gəlmişdi. Onu sevincimdən qucaqlamışdım.
Lətifə xanım səsində üzrxahlıq əlaməti olaraq:
– Hər şeydən xəbərim var, əfəndim, -dedi. -Məni əfv edin. Xalidə Edib hər şeyi anlatdı. Başımı götürüb buralardan uzaqlaşdığıma peşman oldum.
Atatürk Xalidə Edib Adıvara minnətdarlıq olaraq:
– Ah, Xalidə! Mənim dostum, silahdaşım, xeyirxahım! Yenə öz köməyini göstərdi. Lətifə xanım, bir görün nə deyirəm. Düşmənləri ölkəmizdən qovduq. Dinc günlərimiz başlayacaq. Dünənə qədər bu barədə fikirləşmirdim. İndi qərara gəlmişəm. İstəyirəm ailə qurum.
Lətifə diksindi: «Görəsən fikri nədir?» deyə öz-özünə sual verdi. Cavab tapmadığından üzünü Mustafa Kamala tutdu:
– Əlbəttə, yaxşı fikirdir. Ömrünüz boyu subay qalmayacaqsınız ki… – Ehtiyatla: – Heç olmasa namizədiniz var?
– Təbii… Namizədim də var.
Bunu eşidən Lətifənin rəngi ağardı, bədəninə soyuq tər gəldi. Birtəhər özünü ələ alaraq soruşdu:
– O bəxtəvər kimdir?
Atatürk:
– Bu sizsiniz, Lətifə xanım! – dedi. – Həyatımı sizinlə bağlamağa qərar verdim. İstəyirəm sizinlə evlənim. Nə deyirsiniz?
Atatürk Lətifənin əllərindən yapışaraq, onun gözlərinin dərinliklərinə nüfuz etdi.
Lətifə gizli bir sevinc içərisində:
– Belə mühüm işlərdə biz türklər böyüklərin xeyir-duasını alarlar, əfəndim, – dedi. – Gərək evdəkilərlə məsləhətləşim. Amma onları yaxşı tanıyıram, mənim iradəmin ziddinə getməzlər. Mən sizin təklifinizi qəbul edir və «hə» deyirəm.
Atatürk onu qucaqladı. Lətifə sözünə davam etdi:
– Bir arzum var. Bu həm mənim, həm də atamın arzusudur. Əhd etmişik, İzmir alınanda Mustafa Kamala başının dəstəsi ilə qonaqlıq verək. İndi evimizdə səni və dostlarını gözləyirlər.
Atatürk:
– Mən də sənin təklifini qəbul edir və «hə» deyirəm.
Lətifə getməyə hazırlaşaraq:
– Elə isə gedib atamı sevindirim, həm də süfrəni hazırlatdırım.
Atatürk onu yola saldı.
Комментариев нет:
Отправить комментарий