Страницы

08.05.2013

Qarabağın işğalı faşizmin yeni biçimdə yaşamasıdır

İşıqlı Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü

Müharibələr – bəşərin insansızlığından yaranır. İnsanın içindəki ağalıq duyğusu onu daim başqası üzərində hökmranlığa sürükləyir. Xalqların, dövlətlərin örnəyində savaşların yaratdığı acı fəsadlar isə daha faciəvi gerçəklərdir.
II Cahan Savaşı "insanlığın daha çox inkişaf etdiyi" 20-ci yüzildə baş verdi. Bununla da əslində insanlığın hələ ömürlərə hakim kəsilmədiyi bir daha aydın oldu. Bu, bəşər tarixinin ən acı-ağrılı, qanlı-qadalı günlərinin bir mərhələsi idi. Ancaq bəşərin fəlakətləri azalmadı, əksinə, daha da artdı.

İkinci Cahan Savaşında o çağın iki azman imperiyaçı dövləti – Almaniya və SSRİ bir-birilə vuruşurdular. Azərbaycan SSRİ-nin tərkibində Almaniyaya qarşı döyüşürdü. Almaniya bu savaşda məğlub oldu: bu gün tarixçilər deyirlər ki, Hitler Moskvanı "İldırım sürətli müharibə planı" ilə tutsaydı belə, SSRİ-ni çökdürə bilməyəcəkdi. Çünki SSRİ-nin ərazisi olduqca böyük, insan potensialı Almaniyanın əsarətinə düşən ölkələrin əhalisindən də çox idi. Əgər ölkənin ərazisi, üstəgəl də əhalisi çoxdursa, deməli, bu, güclü ordu, iqtisadi imkan, son nəticədə isə qələbə deməkdir.
Bu gün SSRİ adlı imperiya yoxdur, tarixə gömülüb. İmperiyaların heç birinin əbədiliyi olmayıb. İmperiya quran xalqlar isə bu faciəvi sonluqdan dərs almaq istəmirlər. Əslində imperiyaçılıq daha çox onu quran xalqlara əzab gətirir.
Əgər Leninin ölümündən sonra SSRİ-nin başında Stalin kimi bir kommunist diktatoru durmasaydı, SSRİ-nin elə o vaxt çökəcəyi yəqin idi. Təsadüfi deyil ki, SSRİ-də "dəmir pərdə"nin yırtılması yalnız Stalin öləndən az sonra başlandı.
Gerçəkdir ki, Stalin çoxlu xalqları zorla da olsa, bir istəyə – qələbəyə yönəldə bildi: 1930-cu illərdə amansız repressiyalara, qətl-qarətlərə məruz qalan, ondan öncəki dönəmdə isə zorla SSRİ-ni əmələ gətirməyə məhkum edilən xalqların tarixdə bənzəri olmayan bir cəza sistemində yaşaya-yaşaya Hitlerizmə qarşı mütəşəkkil döyüşməsi yalnız Stalinin sərkərdəlik bacarığından irəli gəlirdi. Əslində o dövrdə də SSRİ kimi bir imperiyanı Stalinin əqidəçiliyi qurtardı. SSRİ-nin dağılması ərəfəsində 9 Mayın Azərbaycanda qeyd edilməsi səngiməyə başladı: bu, təbii idi. İmperiya dağıldıqca onunla bağlı olan bütün ənənəvi məqamlara ikrah hissi yaranır. Əgər SSRİ çökmüşdüsə, deməli, mahiyyətcə 9 May hadisəsi da çökmüşdü. İnam Ata Ocaq tarixilə 17-ci ilin yazında (may, 1995) yazırdı: “Qələbəni məğlub edənlər indi onu bayram edirlər”.
Bu gün isə postsovet məkanında 9 Mayın Qələbə günü kimi qeyd olunması mahiyyətcə bu xalqların alman faşizmindən əbədi xilası kimi dəyərləndirilir. Ancaq əgər indi dünyada neofaşizm dalğası yaranır və artırsa, o zaman faşizm təhlükəsinin bütünlüklə aradan qalxdığını söyləmək mümkündürmü? Başqa yandan da Rusiyada kommunizmə meylin vaxtaşırı yüksəlişi hiss olunur. Üzdə Rusiyanın yerişi dünyanın çağdaş düzəninə uyğundur, ancaq yalnız imperiya kimi (1721-ci ildən) düşünülən Rusiya dünyaya 1917-ci ildən bəri olduğu kimi haçansa yenə sosializmin özünə xas prinsipləri ilə hegemonluq etməyi düşünür.
Deməli, yeni dünya düzəni insanlığın tələbi üstə dəyişmir, yaranmır, iri ölkələrin kiçik xalqları, dövlətləri daha təkmil şəkildə əsarətə salması üstə inkişaf edir. Dəyişən zahiri biçimlərdir, hegemon ölkələrin "əbədi" istəkləri isə dəyişilmir.
İnam Atanın 20-ci yüzildəki savaşlara və onların başında duranlara qiyməti beləydi: “Birinci Dünya Müharibəsi: Dünyanı bölə bilməmək; İkinci Dünya Müharibəsi: Dünyanı qoruya bilməmək; Ruzvelt – Avropanı Stalinə bağışlayan; Çörçill – Ayılanda – ayıldan; Stalin –Dahi Kommunist Diktatoru; Nüvə Silahı–İnsandakı Yırtıcının təntənəsi; Təzə Müharibə qorxusu: İki Ağalıq Münaqişəsi; De Qoll: Fransanı Müttəfiqlərin əlindən alan; Mussolini: Hitlerin sonralaşdırdığı... Hitlerizmi Demokratiya yaratdı; Demokratiya Hitlerizmi SSRİ-ni yıxmağa sövq etdi – bacarmadı; Hitlerizmin edə bilmədiyini Qorbaçovşina – Yelsinşina etdi”.
Bir xalq olaraq tarixi taleyimizdə rastlaşdığımız acı, fəlakətli gerçəklər göz önündədir.
Başımız fəlakətlərimizdən ayılmır. Çox zaman fəlakətlərimizin yaratdığı psixoloji gərginliklər içərisində boğuluruq. Bu barədə danışılır, danışılır, sonra isə hər şey yenə də öncəki kimi qalır. Dünya Qarabağ savaşında haqsız olaraq Ermənistanın işğalçı siyasətini bu və ya başqa biçimdə dəstəkləməkdədir.
Qarabağın işğalı bu gün dünyada faşizmin yeni biçimdə yaşadığını göstərir. Olsa-olsa, indiyə qədərki hünərli savaşlarımızı yalnız başlanğıc saymalıyıq. Zaman-zaman Bütöv Azərbaycan olmadığı dərəcədə bir millət kimi döyüşkənlik ruhumuzun ifadəsi olan işlərimiz ayrı-ayrı millətlərin adına, ayağına az yazılmayıb. Necə ki, II Dünya Savaşında canından keçən minlərlə soydaşımızın qəhrəmanlığı sovet ordusunun adına yazıldı.
Bir millət olaraq ruhdan düşməməli, sarsılmamalı, bütövlüyümüzün təntənəsi, rəmzi, tarixi taleyimizin ifadəsi olacaq böyük qələbə günümüzü yaratmalıyıq.
Atamız var olsun!

Комментариев нет:

Отправить комментарий