Страницы

06.05.2013

Fərhad Məmmədov - Məzar pıçıltısı

Mədə ağrılarından bir neçə gün idi ki, qurtula bilmirdi. Birdən birə gecə növbəsinə çıx, həzm sistemini alt-üst olmasın.  Nə qədər özünə təəccüblənsə də, bədəni tədricən bu dəyişikliyə uyğunlaşırdı. Birinci, ikinci, üçüncü dəfə növbəyə çıxanda gecəni böyük səylə oyaq qala bilirdi. Acı qəhvə, şirin isti şokalad,  hər yarım saatdan bir təmiz havaya çıxmaq....hətta stimullaşdırıcı vasitədir deyə səhvən jenşen cöhvəri qəbul etməsi. Cöhvərin həqiqi təyinatından isə danışmağa dəyməz. Gözlərini yumulmasına qarşı bir vasitə tapa bilmirdi. Ancaq elə ki, sayca dördüncü növbəsinə çıxdı, orqanizmində bu yöndə müsbətə doğru irəliləyiş hiss etdi. Sanki  qan axan yaranın üzü tədricən bağlanmışdı.
İşlədiyi – tikinti sahəsi üzrə ixtisaslaşmış podratçı “Delfi” şirkəti Badamdarda  hökümətin sifarişi əsasında 15 mərtəbəli iri biznes kompleksinin inşası ilə məşğul idi. Bina nə bina! mərtəbələrinin az olmasına rəğmən elə hündür idi ki, az qala dibi yerdən nəm çəkirdi, başı buluddan.  İşlərin son müddətə kimi yekunlaşmaması ucbatından şirkət paralel aparılan layihələri müvəqqəti dayandıraraq, bütün qüvvələri məhz  aqibəti bəlli olmayan həmən zırıltı binanın tikintisinə səfərbər etmişdi.
24 saatlıq iş rejimi yaratmaqdab ötrü əlavə gecə növbəsi təyin edilmiş, demək olarsa digər layihələrdə çalışan, mühəndislər, prorablar, ustalar və fəhlələr,  Badamdara ezam olunmuşdu.
Elektrik işləyən Ziya əslində ta əvvəldən elə həmin binanın tikintisində çalışanlardan idi. Ancaq gecə-gündüz növbəsi söhbəti ortaya çıxanda, ailə vəziyyəti və yaş faktorunu nəzərə alaraq, yaşı 25-ə qədər olan bütün işçiləri avtomatik olaraq gecə növbəsinə atdılar.
İşi vaxtı gecə saat 5-də bitirdi. Şirkət gecə nöbəsi işçiləri üçün ayrıca avtobus ayırsa da, avtobus yalnız metro stansiyalarına yaxın ərazidə düşürürdü. Üstəlik bütün işçilər toplaşsın, təhvil-təslim tamamlansın deyə 1 saat gec yəni altıda çıxırdı.  Ziya 1 saatı boş-boşuna keçirməmək üçün hər gün İçəri Şəhər metrosuna ayaqla, təkbaşına düşür, və oradan da Qara Qarayev stansiyasına gedərək,  Buzovna qəsəbəsinə aparan müvafiq avtobusa minirdi.
Cinsinin arxa cibində saxladığı mədə- bağırsaq ağrılarına qarşı dərmanı çıxardı və  yerişi dayandırmadan, kağızını cıraraq içindən tutqun ay işığında qaramtıl görsənən ancaq əslində şabalıdı rəngdə olan həb çıxardı və uddu. Yenidən cib telefonunun displeyinə göz gəzdirib, saatına nəzər saldı.  05.15-i göstərirdi. Nəhayət qulaqcıqları keçirdi. Smartfonunun yaddaşında olan musiqilər onu bezdirdiyindən, nədənsə könlündən radioya qulaq asmaq istəyi keçdi. Hmm...Görən nədən, bu vaxta kimi ağlına gəlmədiyini düşündü.
FM dalğasında avtoaxtarış düyməsini basınca, bir əməlli siqnal tuta bilmədi, xırıltılı-xışıltılı səsləri yaxınlaşır-uzaqlaşır, habelə fərri başlı bir radyo kanalı telefonun yaddaşına düşməkdən qaçınırdı. Çox qəribə... Şəhərin az qala mərkəzində heç bir radio stansiyaya köklənmək olmurdu. Əcaba, havanın dumanlı olması buna təsir edə bilərdimi. Ardıcıl bir neçə dəfə  “=>” düyməsini basdıqdan sonra, anidən gələn qalın qadın səsi, qulaqlarını dəldi
- Məzarına soldan yaxınlaş, diqqətli ol!- deyə qadının müəmmalı səsi anidən qeyb oldu.
Elə bircə məzar sözünü eşitməyi kifayət etdi ki, qeyri-şüuri şəkildə bütün cümlənin diqqətinə qapıldı. Önündə olan və tədricən yaxınlaşdığı şam ağacında qəribə işıq effektləri sezilirdi. Qonşu binanın mənzilindən düşən işıq idimi, küləyin yuxarıda yellədiyi fənərin kölgəsiydimi? İndicə eşitdiklərindən hələ ayılmamış, arxasında uğultu səsi eşitdi və reflektiv olaraq özünü sola atdı. Bayaqdan bəri dumanlı havada tikinti yerindən çıxan iri yük maşını Kamaz siqnallayırmış, qulaqcıqlı Ziyanın yolun ortasında  yeriməsindən bixəbər. Kim bilir bəlkə də, müəmmalı səsli işarə və ya təsadüfi radiodalğa pozuntusu baş verməsəydi, yerində donub qalacaqdı. Ölüb-ölümdən qayıtmış, bu “gecə növbətçisini” bərzəxdən bir neçə santım məsafə ayırırdı. Ən ağılçaşdıranı isə odur, ki, gələcək həyatı üçün olduqca çətin fəsadlardan  yan keçdiyinin fərqinə belə varmayan, Kamaz sürücüsü,  subay gənci nəhəng qoşa təkərlər arasında az qala xəşil edəcəyini sonradan belə bilmədən yoluna orta-yavaş sürətlə davam edir. Hər halda bu “orta-yavaş” sürəti Ziyanı əməli başlı tanınmaz hala salmağa qadir idi.  Özünü çox sakit hiss edirdi Ziya, sonuncu dəfə faza ilə sıfırın yerini səf salan zaman bədənindən anidən cərəyan keçməsindən sonra çox diksinmişdi, habelə mövhumatçı valideynləri tərəfindən çıldağ-mıldağa aparılmasın deyə, bu barədə susmuşdu. Elektriklə bağlı insidentdən sonra daimi əlləri titrəyən və hər hansı xarici dəyişiklikdən hürküyən Ziyanın bədəni indi tam sükunətdə idi. Telefonunun displeyinə nəzər saldı. Axtarış 103.7 fm dalğasına köklənmişdi. Lakin anidən gəlmiş çevik qadın səsindən sonra, ötürücü stansiya elə bil, bermud uçbucağından keçmişdi. Siqnalın zəif olması və ya dalğanın itməsinə dair heç bir əlamət yox idi. Sadəcə dicey və ya köhnə dillə desək radio aparıcısının gecənin yarısı qarnağrısı tutmuşdu ki, “mədəniyyət sarayına” getməyi milyonlarla olmasa da minlərlə dinləyicinin intizarında vacib bilmişdi.-deyə Ziya özlüyündə fikirləşdi. “İt oğlu it, şofer...Sənə prava verənin! Görən bizim tikintidən çıxan Kamazdı. Dənizin ortasında qəfil başlanan fırtına kimi, bayaqdan boş qalmış radio yayımı işə düşdü. İndi danışan 25-30 yaşlarında kişi səsi idi. Ziya yoluna davam etdi.
- Bəli, baş verən texniki problemlərə görə hörmətli dinləyicilərimizdən üzr istəyirəm.  “Məzar söhbətləri” proqramı yenidən davam etməkdədir.
“Məzar söhbətləri” – yəni bayaq onu ölümdən qaytarmış qadının müraciətində “məzarına soldan dön” deməsi, bunlar hamısı bir verlişdə eşitdiyi təsadüfi sözlər idi? Ziya bu işə lap məəttəl qaldı. Məgər bu onun daxili sayıqlaması və ya naməlum məkan və zamandan gələn ismarış deyildimi, Ziyanı vahimə basdı. Yəni gecə saatlarında belə verlişlər də olur? Bunların yəqin lap başı xarab olub.  Azərbaycan Televiziyasının binası qarşısından keçirdi artıq.Təhlükəsizlik girişindən ötərkən, içəri göz yetirsə də, polislərin nədənsə yerlərində olmadığını gördü. İndi şəhidlər xiyabanı tərəfi getməli və Funklyorun arxasından  keçən çoxlarının gözündən uzaqda qalmış (Ziya həmin pilləkanlara özlüyündə məxfi yol deyərdi) yolla aşağı düşəcək, təpənin yamacında çıxmış şam və küknar ağaclarının arası ilə sağa burulacaq, yenidən sol götürüb, uzun pilləkanlarla bir üzü Bayıla aparan yolda düşəcəkdi.
Qulaqcıqları çıxarıb, qulaqlarını yaxşıca ovuşdurdu ki, deyilənləri düzgün eşitdiyinə əmin olsun. Qulaqcıqları geri taxıb radionun səsini bir qədər çoxaltdı.
“Xanımlar və Cənablar, Məzar söhbətlərində bu gün qoyuniti-si dirilmiş Maştağa sakininin başına gələn əhvalatı dinləyəcəyik, üstəlik yəhudi cadügərlərin və bəzi qaraçıların Binə qəbirstanlığında hansı oyunlardan çıxdığından xəbər tutacaqsız, inanın bunları eşidəndə insanın tükləri biz-biz olur...”
 Kifayət qədər qorxulu mövzunu sadə və xəfifcə yumoristik səslə şərh edən aparıcı, arabir “dəhşət” atmosferini təmin etmək üçün,  kompyuterdə qorxunc fon səslər, məs. bayquş və canavar ulaması, zombi qəh-qəhəsi kimi şablonları səsləndirirdi.
“....adam lap baş götürüb bu vilayətdən ilim-ilim itmək istəyir. Indi isə zəngimizi qəbul edək. Buyurun Sizi eşidirik. Alo...Alo..
Bu qədər sarsıntıdan sonra nədənsə ziyanın yumor hissi özünə qayıtmışdı. Əsasən də, yerli-yersiz gələn bayquş səsləri onu özündən asılı olmayaraq güldürürdü. “Çömçəbaş bu vaxt...gecə saat 5-də efirə kimdi zəng vuran?!”
- Necə dediz? Alo zəhmət olmasa təkrarlayın, çömçə nə oldu? Özünüzü təqdim edim, lütfən!
Ziyanın dizləri həyəcandan boşaldı, şokdan yerə yıxılmamaq üçün şam ağacının gövdəsindən yapışdı. Sanki onun üçün bir anlıq yer-göy lərzəyə gəlmişdi. Necə? Axı...? Axı radioya zəng vurmamışdı. Üstəlik, birdəki....axı üstəlik qulaqcığının mikrofonu işləmirdi. Təpənin ətəyi ilə aşağı düşən cığır qaranlıq olmaqdan savayı, sıx ağaclarla əhatələndiyindən vahimə dolu meşələri xatırladırdı. Öz əli ilə başına bəla açmışdı. Axmaqlığına verib avtobusu gözləmədi. Ancaq indi bunun vaxtı deyildi. Mərkəzi yola mümkün qədər tez düşmək lazım idi. Dəhşət dolu anlar keçirsə də, ağlına belə gəlmədi ki, radionu keçirsə, hər halda, həyəcanın müəyyən faizini boğmuş ola. Piləkanlarla tələsik düşürdü ki, sağdan çəhrayı zolaqlı pişik sıçradı. Ürəyi ağzına gəlmişdi.
- Alo buyurun...Söz sizindi? O nə səsləridi gəlir? Siz hardasız alo...Vauuu....Hörmətli dinləyicilər Məzar söhbətləri verlişində növbəti paranormal hadisə, canlı efirdə, yalnız yüz üç nöqtə yeddi efemin sadiq dinləyiciləri üçün... bəli bildiyimiz odur ki, bizə zəng edən şəxs hazırda qaçır, təngnəfəsdir...Təqib olunur bəli təqib...anidən pişik çığırtısı eşidildi...Super...Mənə maraqlıdır, bizim bu naməlum şəxs, gəlin hələlik  “İKs” adam kimi təqdim edək.....həmən bu “İks “ adam, hansı məkandadır. Çox güman məzarlıq deyil...Çünki uzaqdan kaçalka səsini eşitmək olur...Yeri gəlmişkən Kaçalkanın bizim dildə qarşılığı görən var?! Nəisə. Bəs onu təqib edən nədi, UFO, zombi, naməlum bədheybət yaratıq, əcinə...Vauuu...üstəlik canlı efirdə.... İnanın ki, adrenalin kəlləyə vurub.
Ziya bunları eşitdikcə, bir qədər də sürəti artırdı. Radiodan növbəti bayquş səsi çıxdı ki, cari məkanla radionu qatışdıran, Ziya diksinərək, balaca çüxura ilişdi və sərildi kəllə mayallaq beton səkiyə.
- Alo.... Nəyə istəyirsiz and içim...İks adam yıxıldı, sakit,...tam sükunət yaradaq...bəlkə də artıq naməlum yaratıq şikarını tuta bilib. Aman Allahım...Bəlkə də indi iks adamın həyatda olduğu son anlara, son saniyələrə  şahidlik etmiş oluruq.
- A..L...O- Ziya ağrını belə unudaraq titrək səslə dilləndi-  Alo... bu nə,.... nə olan şeydi, siz kimsiz.
- Vauu...Sizi..Siz.T...s. – verliş aparıcısı özü də həyəcandan hətərəm-pətərəm danışırdı. – Dərindən nəfəs alaq. Siz deyəndəki, bura radio 103.7 fm-dir, “Məzar söhbətləri” verlişi. Sizdən bizə zəng olub. Biz qəbul etmişik....İndi siz özünüzü təqdim edin....-aparıcının dilinə sanki  yenidən iynə batırdıla- sizi təqib edirlər?
- Mən Sizə zəng vurmamışam.... Bu nə oyundur gətirirsiz başıma... O qız səsi də sizdən idimi? Məzarına soldan yaxınlaş deyən?
Ziya aparıcının tam fərqli cavab verməsinə təəcübləndi:
- Deməli ölmüş qardaşınız dalınızca düşüb. Vauuu....Hörmətli dinləyicilər  Şok! Şok ! Şok... İnanın mənə, hazırda tüklərim biz-biz durub.
Ziya ayaq üstə qalxıb  qulaqcıqların  mikrofonu olmayan naqilinə nə isə demək istəyirdi ki, ürəyini təlatümə salan bir səs eşitdi...Öz səsini
- Bəli mən hazırda İçəri şəhər metrosuna düşürəm, Şəhidlərdən, burada meşəlik olan yerdəyəm, ...qardaşım....qardaşım dirilib, düşüb dalımca, məni boğmaq istəyir. Bir adam da yoxdur ki, köməyimə gəlsin.
Ziya, bu sözləri deməsə də, onun səsi ilə danışan birisi Ziyanın həqiqi yerini, ətrafda olanların təsvirini kifayət qədər dəqiq vermişdi. Ziya üzünə bir iki şillə yedizdirdi, ardıyca, əlləri ilə gözlərini ovuşdurdu ki, görsün bu yuxuda ya gerçək. Ancaq qaçmaq,... işıqlığa , insan, maşın ən azından bir canlı olan yerə çıxmaq lazım idi.  Qulaqcıqları kənarlaşdırmaq istəsə də, əlləri ona tabe olmadı, habelə ayaqları sözə baxaraq,  artıq yıxıldığı yeri xeyli geridə qoymuşdu. Elə bu an
- Aman Tanrım, budur yamacdan sürüşə-sürüşə gəlir- deyə naməlum “Ziyanın” radio aparıcısına vahimə dolu müraciətini eşitdi. İndi lap qabağına min bir dəlil qoysaydılar belə, həmin şəxsin müəmmalı şəkildə elə özü olduğuna  əmin idi. Çünki həyəcanlan  zaman, Ziya öz səsinin neçə çıxdığını yaxşı bilirdi.
- Xanımlar və cənablar! Bizə zəng edən şəxs görünür yenidən qaçmağa başlayıb. Budur onun ağır-ağır nəfəs aldığını eşidirik...Alo siz hələ xətdəsiz...Vauu....Nə deyirsiz deyin bu səhər mən yata bilməyəcəm.
Ziya qaçdıqca, gözə görünməyən ikinci Ziyanın da sinxron şəkildə radioda ləhlədiyini eşitdi. Nəhayət 4 mərtəbəli binanın qarşısına çıxdı. Ancaq əslinə qalanda bu tikilinin arxa hissəsi idi. Hələ qarajların sağından keçən balaca cığırla maşın yoluna çıxmaq lazım gələcəkdi. Hazır qaynaqlanmış “tut-apar” tipli qarajın yanında burulmuşdu ki, tarappıltıyla birinə çırpıldı. Kontuziyanın yaratdığı baş ağrısı bir anlıq dəhşət həyəcanını xəfiflətdi. Ufulduya-ufulduya, yıxıldığı yerdə yırğalandı və qarşısında eylinə yıxılmış –bir neçə saniyə əvvəl çırpıldığı varlığı – özü kimi Bəni Adəm olduğuna sevindi. Habelə həmin adamın üst-başına, əlində tutduğu telefona,  və ən əsası qaranlıq olsa belə üz cizgilərinə baxanda həmin şəxsin – radioya zəng edən  müəmmalı eynisi olduğunu anladı.Toqquşmaya qədər sinxronluq qorunurdusa, toqquşmaqla, aralarındakı məkan-zaman bağı yoxa çıxdı. Ziya bir an tərəddüd etmədən – geriyə belə baxmadan hələ yerdə vurnuxan eynisindən uzaqlaşdı. Artıq radio əlaqə kəsilmişdi.Qaçmaqdan qarın boşluğu ağrısa da, ayaqları gözlərin gördüyüklərinin təşvişindən hələ də özünə gəlməmişdi.Əla işıqlandırılmış  maşın yoluna çıxan kimi,  gözləri uzaqdan gələn maşın işığına sataşdı. Bəxti onda gətirdi ki, yaxınlaşan maşın elə müştəri ovuna çıxmış taksi oldu.
- Qaqaş, kimsə dalınca düşüb. Kimdən qaçırsan belə? Rəngin ağappaq olub.
Ziya  gözləri bərəlmiş şəkildə pəncərdən oyan buyana boylanır, qapının dəstəyini möhkəmcə özünə tərəf sıxmışdı, ki, işti-şayət yenidən eynisi ilə rastlaşa. Taksi sürücüsü vəziyyəti nəzərə alıb, maşını yerindən götürdü.

Комментариев нет:

Отправить комментарий