Страницы

01.05.2013

İbrahim Quliyev - Mələk


Bəlkə sən Allahla mənim aramda
Min il gözlədiyim həmin mələksən.
Bəlkə bu dünyanın sonunacan da
Mələk olduğunu bilməyəcəksən.

Bəlkə yer üzünə göydən gəlmisən,
Tanrıdan gəlmisən...
imansan, haqsan.
Fəqət bu bakirə təbiətinlə
Sən yer adamına aldanacaqsan.

Səni sındıracaq vədlər dünyada,-
Qızıl qədəhlərdə çağlayacaqsan.
Bir gecə ayılıb yad çarpayıda
Ölən mələk üçün ağlayacaqsan.


Sonra nə olacaq...
bilmirəm, Allah,
Bir acı etiraf söz qıtlığında.
Mələyi şeytana çevirən Allah,
Özünə bənzəyir yaratdığın da.

Hər kəs bu dünyada mələk qatili,
Hər ələ nə qədər qan hopub görən.
Ən böyük günahkar kimdi, İlahi?
Bəlkə öz eşqini boğub öldürən.

Mən də öz eşqimi boğdum bir zaman,
Qalıb ürəyimdə ağrılar indi.
Gözəl, sən nazlandın yad baxışından
Elə zənn elədin dünya sənindi.

Bu uzaq ömründə özünü gözlə,
Pıçılda qəmini sən göy üzünə,
Ya da qoy öldürüm səni əlimlə,-
Mələksən, təmizsən, dön göy üzünə.

Комментариев нет:

Отправить комментарий