Nurəddin ƏDİLOĞLU
Cəmiyyət çoxdan üzücü, süni böhranlara alışmışdı, azad doğulan insanlar indi kölə ömrü sürürdülər. Ölülərini ağlamaq üçün ürəklərinə tab da qalmamışdı...
Zamanın təbiətdə də keşməkeşli vədəsi yetişmişdi. Zirvəsinə qara buludlar çökmüş dağın ətəyindəki meşədə əcaib bir sükut hökm sürürdü. Bu meşədə yaxşılar az, pislər cox idi; ləyaqətlilər ac, hiyləgərlər tox idi, haqq var, divan yox idi... Gecəli-gündüzlü qaranlığa qərq olan guşələri ölüm yuvasına bənzəyirdi. Bu meşədə tamah yaraqlı, həyat sönük, yollar-cığırlar kələ-kötür idi. Susuzluqdan torpağın sinəsi cadar-cadar olmuşdu. Günəşin hərarətindən erkən xəzan görən yarpaqlar qovrulurdu. Gözəllikdən günbəgün məhrum olan ağaclar çılpaqlaşan qamətlərini gizlətmək üçün meşənin dərinliklərinə çəkilmişdilər.
İçinə düyün düşmüş ağacların duruşundan nigarançılıq yağırdı, quruyan qol-budaqları yaşıllıq həsrətindəydi, vaxtsız yerə tökülən yarpaqlara boylanmaqdan gövdələrinin beli bükülmüşdü. Nəğməsi könül oxşayan quşların səsi kəsilmişdi. Ac-susuz gəzib-dolaşan heyvanların iztirabları gözlərindən sezilirdi. Ceyranlar-cüyürlər başqa meşələrə üz tutmuşdular. Uca və düz ağacları seyrəlsə də, meşənin sərvəti bol idi. Tükənməz, qədim-qayım sərvət haqqında söz-söhbət aləmə yayılmışdı. Başqa meşələrdən güclü, hiyləgər heyvanlar sərvət eşqi ilə bura gəlib məskən salırdılar. Onların güclü pəncələri, caynaqları meşənin sərvətini, sanki, gözəgörünməz bir dünyaya daşıyırdı.
Təbiətin də qara keşişləri, keçəl həmzələri, şöklü məlikləri vardı. Təbiətin də zalımları məzlumlarına zülm edirdi. Və ana təbiətin ağuşuna sığınmış bu meşənin sevinci-nəşəsi, qəmi-qüssəsi Ulu göydə əks olunurdu. Göy güzgü kimi asılmışdı meşənin başı üstündə. Gündüzlər günəşi, gecələr xal-xal ulduzları, bəyaz ayı ağuşuna alıb, dərin-dərin fikrə getmişdi Göy Tanrı!
...Meşənin sakinləri içlərini qurudan, beyinlərinin iliklərini vəhşi bir ehtirasla didişdirən qəm-qüssəni, dərd-səri, qorxu-hürkünü mürgüləyəndə də unuda bilmirdilər. Bu dərd öz içlərində kök salmışdı, rişələnmışdi, zaman-zaman qarış-qarış boy atmışdı... Naşı heyvanların mənəm-mənəmliyi idi bu dərd! Acgöz çaqqalların mərama yetdiyi bu meşədə hiyləgər tülkülər koxalıq edirdi.
Gündüzlər yaman bürkü peyda olurdu meşədə. Nəfəs təntişirdi, quşlar, heyvanlar dillərini çıxardıb ləhləyirdilər.
Meşənin lap dərinliyində çeşmələr parıldayır, insafsız təqiblərdən yayınıb ilğım kimi tövşüyə-tövşüyə qeyb olurdular. Aradabir göz bəbəklərini andıran su şırnağı dibsiz və qaranlıq aləmin qoynunda gizlənirdi... Amma kötüklər vardı ki, zamanın gərdişini zərrə qədər veclərinə almırdılar. Heyvanlar vardı ki, bürkünü duymurdular, aclığa-susuzluğa yuxularında da rast düşmürdülər. Və dərd-səri başından aşan bu meşənin ölü sükutunu qayğısız, tox gəzib-dolaşan vəhşi heyvanların əcaib ulartısı, harın nərəsi pozurdu. Bir də onların qabağından artıq qalan leşləri yeyib, gündə min dəfə özlərini Tanrı bilənlərə şükür edən qarğa-quzğunların qarıldaşmağı... Yırtıcı quşların caynaqlarından meşənin haqq-ədalət soraqlayan sakinlərinin qanı axdıqca qanad çalıb yüksəkliyə uçur, zirvələrə qalxırdılar.
Bu meşənin şahənşahı qosqoca bir şir idi ki, ətrafına yığdığı bütün heyvanlara bəyan eləmişdi: ona fildən də böyük bir ad qoysunlar, qarşısında təzim eləsinlər. Və şəninə uyğun olmayan elə şöhrət qazanmışdı ki, hər cığırından ölüm qoxusu gələn, intiqam duyğusu cücərən meşənin əzəli sakinlərindən xəbərssiz idi. Meşə onun sayəsində cəngəllik qanunları ilə idarə olunurdu.
Qoca şir təbiət hadisələrini belə öz iradəsinə tabe etmək istəyirdi. Şirin ətrafında fır-fır fırlanan çoxbilmiş tülkülərin, hiyləgər çaqqalların, acgöz canavarların gün-güzaranı xoş keçirdi. Onlar bilib dərk etməkdən bacarığı üstün tuturdular. Bacarana can qurban edirdilər.
Zorakılıqdan həzz alırdılar. Şir də onların pis əməllərinə ustalıqla göz yumurdu. Meşənin sərvətindən, nemətlərindən bol-bol bəhrələnən bu hiyləgər və hoqqabaz heyvanlar şirin qılığına girib, qulağına saxta təriflər deyir, hətta onu Tanrı adlandırırdılar. Şit, bayağı təriflər şirin gözlərinə alabəzək rənglər çəkmişdi. O rənglərin içindən boylananda şir meşəni al-əlvan qiyafədə görürdü.
Şirxan öz yırtıcılıq xislətinə zahirdə müdriklik, dahilik və uzaqgörənlik donu geyindirmişdi. Onun ən böyük silahı fəndgir olması idi. Bəzən meşədə özünün qəsdən yandırdığı alovu özü söndürür, yanğını isə üzünə ağ olan heyvanların törətdiyindən dəm vurur, divan qururdu. Ağıllı başlar onun üçün təhlükə mənbəyi idi. Odur ki, meşədə ağıl sahiblərini yemək üçün qurduğu tələlərin sayı-hesabı bilinmirdi. Özünə sadiq heyvanlara güvənci olmasa da, onların köməkliyi ilə meşənin əzəli sakinləri arasında düşmən axtarırdı. Belə işlərə sərf etdiyi vaxtdan və zəhmətdən böyük həzz alırdı. Düşmən axtarışında rənglər o qədər tündləşdirilirdi, yalan elə ayaq açıb yeriyirdi ki, meşədə hansı fəslin olduğu bilinmirdi. Çinarlar, palıdlar, dəmirağaclar yaşıl libasa həsrət qalanda qaratikanlar boy atıb, elə bil göyün fikirdən düyünlənmiş alnını çırmaqlamaq istəyirdilər...
***
...Bülbüllər, sarıköynəklər hərdən elə yanıqlı oxuyurdular ki... Sanki bu yanıqlı səslər sərvəti talan olunan, sakinləri mənəm-mənəmlik edənlərin əsarətində qalmış meşəni yuxudan oyatmaq istəyirdi. Könülləri riqqətə gətirən belə yanıqlı səslərin sədası başqa meşələrə də gedib çatırdı...
Şir fəryad səslərindən qəzəblənirdi. Dərhal ətrafında fır-fır fırlanan yaltaq və çoxbilmiş heyvanları hüzuruna çağıtdırıb məsləhət-məşvərət məclisləri qururdu. Şahənşaha asi olan quşlar guya doğma meşənin qanunlarına xain çıxdığına görə qəfəsə salınmalı, ya da ölümə məhkum olunmalıydı. Şirin xoşuna gəlsin deyə azadlıq çarçısı olan quşlara hücum edən heyvanlar qəribə yarışa girərdilər. Belə hücumlardan qorxub-çəkinən digər quşlar səslərini içlərinə salırdılar, qarğa-quzğunların haray-həşirinə dözə-dözə çarəsizcəsinə budaqdan-budağa qonub, özlərinə yad ömür-gün keçirirdilər.
***
...Qarğalar qarıldaşmağında, qurbağalar quruldaşçağındaydı. Bülbüllər susmağında, tülkülər isə onları pusmağındaydı. Yol qırağındakı kollar, o kollardakı mürgüləməkdən əsnəyən quşlar-heyvanlar köləlik xəstəliyinə tutulmuşdular. Bu minvalla meşədəki həyat hər gün beləcə zamanın ağlı-qaralı yumağına dolanırdı... Meşənin cah-cəlalından ilhamla dəm vuran qarğaların harayı-ünü aləmə yayılmışdı. Bu yalançı, boğazdan yuxarı səslərin sorağı Göy Tanrının qulağına çatmışdı. Dərin-dərin dərələrin tuta bilmədiyi, dağdan ağır düşüncələrin içindən baxıb iztehza ilə gülümsünürdü Göy Tanrı. Bu iztehzalı gülüşdə ciddilik duyulurdu, ağrı sezilirdi, bir də gülümsədikcə Göy yırğalanırdı, yırğalandıqca sinəsi qubarla dolurdu müdrik göyün...
Hə, bu meşənin həyatı lap nağıla bənzəyirdi, kiminə şirin, gözəl, əyləncəli, kiminə qorxulu görümürdü. Amma, o qorxunu, narahatçılığı dərk eləyənlərin sayı meşədəki həyatın şirinliyini dadıb, gözəlliyindən feyziyab olanlardan qat-qat çox idi! Bu meşədə fil yox idi, amma fil qulağında yatanlar çox idi, bu meşədə zürafə də yox idi, di gəl zürafənin boğazından yuxarı danışanların qarnı tox idi. Nağıla bənzəyən günlər, aylar, illər elə nağıl dili kimi yüyrək olar! Vaxt-vədə dartılıb-daraldı; günlərin bir günü meşənin bir tərəfində çılğın ziyafətlər işıq salmış, o biri tərəfində isə qüssə-kədər, ümidsizlik kölgəsi ağır-ağır, sağır-sağır sürünürdü. İşıq düşən tərəfdə bəbirlər, tülkülər, çaqqallar, canavarlar yağlı tikələri qanlı dişlərinə çəkib əridirdilər. Qarğalar da başlarının üstünü kəsdirib onların şəninə iyrənc nəğmələr oxuyurdular. O nəğmələrdə meşənin tayı-bərabəri yox idi. Meşə bütün sakinləri üçün təbiətin bəxş elədiyi rahat beşik idi. O beşikdə dincələnlər bir-birləri ilə ünsiyyətdə, ülfətdə, kefdə - damaqda bərabər hüquqda idilər... Qulaqları deşən bu nəğmələr göydə ikrah doğururdu. Kölgə düşmüş tərəfdəsə bu nəğmələrin saxtalığından cana yığılmış casarət zamanın fil qulağında mürgüləyən lal sükutunu oyadırdı. Sükunətin vərdişkar olduğu yuxuya cəsarətin qəzəbindən birdən qığılcım düşdü. Bu məqamda Ulu göy cəsarətin hərəkətinə sevinib ürəkdən güldü. Və gülə-gülə meşədəki mənzərələri bir-bir seyr etdi. Bu zaman göyün içinə qəfil ağrılar doldu. Çoxdan qat atmış fikirləri yumaq kimi çözələnməyə başladı. Düyünləri açılmış düşüncələr sinəsinə səpələndi. Qoynunda ağappaq zəka ocağı şölələndi. Bir neçə dəfə yanıb-söndü. Bu ocağın çınqısından göyün ağrı-acılarına od düşdü. Ağrılar od tutub alışdıqca göyün əzaları titrədəi. Bu titrəyişdən göy məşum-məşum uğuldamağa başladı. Naməlum bir qüvvənin təsirindən özü də bilmədi nə vaxt hönkürdü göy. Gözlərində şimşək çaxdı, göz yaşları şırıltıyla yerə axdı! Çoxdan, lap çoxdan dolmuş ürəyini boşaldırdı göy. Çəngə-çəngə bulud saçlarının suyunu var qüvvəsi ilə sıxırdı göy! Meşə də cəsarətə meydan verdi; torpağın daşa dönmüş köksü yumşaldı, ağacların toz –torpağı yuyulduqca təmizləndi, gövdələri dikəldi. Meşənin sakinləri həzin yağış pıçıltısıyla qəmli yuxudan oyandılar. Baxıb gördülər ki, həsrətində olduqları gün gəlib çatıb! Meşədə at oynadan bürkü köç-külfətiylə baş götürüb yoxa çıxmışdı...
Birdən məcrasına sığmayan sel bir qoşun sularıyla düşdü meşəyə!.. Canavarlar, çaqqallar, tülkülər selin iri, güclü pəncəsi altında boğulurdular. Sel meşənin adı icad olunmamış şahənşahını axtarırdı. Nəhayət, onu da iri bir siçovul yuvasından tapıb üzə çıxartdı. Heç o boyda cəmdəyin siçovul yuvasına necə yerləşdiyinə təəccüblənmədi də. Adı icad olunmamış şir aman istədi ki, bir də gücsiz heyvanları incitməyəcək, onların bütün istəklərinə əməl edəcək, heç birindən yardımını əsirgəməyəcək. Amma sel onu köç-külfətiylə götürüb xeyli uzaqlara apardı.
...Meşədə şadlıq-şadyanalıq eləyən gözəl–gözəl quşlar nəhəng kötüklərin üstünə qonub seli haraylayırdılar. Sel də öz qoşun sularıyla yıxırdı kötükləri, o kötükləri ki altında xəzinə yatırdı. Bu xəzinələrin gücüylə yeni-yeni meşələr salmaq olardı. Sevgili ağacları qovuşmağa qoymayan qaratikan kötüyünü də sel yıxıb selova tökürdü. Cavan palıdla yemişan vüsala tamarzı qalmış lüt-üryan gövdələrini bir-birlərinə sıxdılar. Suya təşnə ağaclar qol-boyun olub minnətdarlıq içərisində göyə baxırdılar... Təbiət qara keşişlərin tilsiminə qalib gəlmişdi. Keçəl həmzələrə, şöklü məliklərə divan qurmuşdu. Yeni cücərən bitkilərin qəribə qoxusu ətrafı bürümüşdü. Meşə sevinc içində yaşıl donunu geyinməyə hazırlaşırdı...
Meşədəki selin səs-sədası uca dağın ətəklərindəki başqa meşələrə də düşdü... Qara buludlardan təmizlənmiş dağın zirvəsi aydın görünürdü. Meşədə səhərdən axşama, axşamdan səhərə kimi davam edən mübarizəni cəsarət selin köməkliyi ilə uğurla başa çatdırdı.
Lap sübh tezdən zümrüd otları, dümdüz ağacları, şən və mehriban nəğməkar quşları, gözəl ceyranları-cüyürləri ilə sevinib-öyünən meşəni birinci olaraq dan ulduzu və uca dağ zirvəsində parıldayan nur ziyalı günəş təbrik elədi...
Cəmiyyətdə isə üzücü böhranlar hələ də davam etməkdəydi.

Комментариев нет:
Отправить комментарий