Страницы

26.06.2013

Akif ABBASOV - ÜRƏYƏ GİRMƏYİ BACARMAQ AZDIR

“Aldanma sözlərə” romanından bir parça

Ürəyə girməyi bacarmaq azdır, 
Ürəkdə qalmağı bacarmalısan
Məmməd Araz

Əzizə get-gedə haldan çıxır, tez-tez saatına baxaraq öz-özünə danışırdı: «Belə də məsuliyyətsizlik olar?» O, pəncərənin qarşısında dayanmışdı, yanında da 3-4 yaşlı qız uşağı. Hər ikisinin baxışları pəncərədən yollara dikilmişdi. Badam xanım gəlib onun yanından keçəndə:
-«Əzizə, getmirsən»?- deyə soruşdu.
Əzizə çevrilib müdirəni gördü, gülümsədi:

-Deyəsən, bir az ləngiməli olacağam. Saat səkkizə işləyir. Valideyni gəlib çıxmayıb. Uşaqla qalmışam.
-Kimin uşağıdır?
-Xuraman xanımın. Sarışın qadındır, tanıyırsınız. Qaradinməz, qaşqabaqlı qadın…
-Hə yadıma düşdü. Bəlkə, bir hadisə baş verib.
-Bilmirəm.
-Çarə nədir, gərək, gözləyəsən. Bəlkə zəng eləyəsən?
-Telefonu yoxdur. Amma ünvanı var.
-Yaxşı, sağ ol, mən getdim.
Badam xanım kaşmir paltosunun başlığını qaldırıb həyətə çıxdı. Narın yağış yağır, xəfif külək əsirdi.
Uşağın anası gec gəldiyi üçün, bayaq Əzizə özündən çıxırdı. Badam xanımın sözlərindən sonra öz-özünü qınadı: «Biz insanlar çox qəribəyik. Hərə öz hayındadır. Fikirləşirik ki, təki, mənim işim düz gətirsin, günüm xoş keçsin. Kaş rahatlığım olsun. Başqasının dərdini çəkmək mənə qalmayıb ki… Hərə öz başına çarə qılsın. Nə var beş-on dəqiqə işdə yubanacağam, bu məni haldan çıxarır».
Əzizə uşağın başını sığallayaraq:
-Darıxma, anan harda olsa, bu saat gəlib çıxar.
Uşaq doluxsunmuşdu. Odur ki, tez soruşdu:
-Anam gələcək?
-Niyə gəlmir, a bala? Əlbəttə, gələcək.
Əzizə yenidən düşüncələrə daldı: «Görəsən, insanlar bir-birinə niyə bu qədər etinasızdırlar? Niyə bir-birlərinə qənim kəsilirlər? Bəzən başqasına əzab verməkdən həzz alırlar. Badam xanım demişkən, bəlkə bir hadisə baş verib… Amma Badam xanım da öz münasibətini bildirməklə kifayətləndi. Bir demədi ki, zəng edib nəticəsini mənə çatdırarsan. Hamımızda nəsə gizli, açıq bir etinasızlıq var. Bu da, görünür, ondandır ki, məsuliyyət hissimizi duymuruq, başa duşmək istəmirik.
Saat artıq səkkizin yarısı idi. Əzizə geyinib çıxmaq istəyəndə telefon zəng çaldı. Arzunun anası idi. Salam verib:
-Əzizə xanım lazımdır, - dedi.
Danışanın Əzizə olduğunu bildikdə üzürxahlıq elədi:
-Bağışla, siz Allah, qızdırmanın içində yanıram. Neçə dəfə həkim gəlib. Qonşu qıza tapşırmışdım ki, uşağı bağçadan götürsün. İndi zəng edib ki, institutda tədbir keçirilir. Heç cür çıxa bilməyib. İcazə verməyiblər. Bu saat geyinib çıxıram, taksiyə minsəm, uzağı 5 dəqiqəyə ordayam.
Əzizə əvvəl istədi desin ki, gözləyirəm, gəlin. Lakin insanlıq hissləri ona başqa bir şeyi diqtə edirdi. Allah-taala öz bəndələrini bir-birinə həyan durmaq, bir-birini sevmək, bir-biri üçün yaşamaq, xeyirxahlıq göstərmək üçün yaradıb. Çətin anlarda bir-birinə kömək etməyi buyurub. İnsanlar yaxşlıq etdiyi anlarda, yardım əli uzatdığı, bir-birinə sevinc bəxş etdiyi, biri digərinə öz kədərini, köməksizliyini unutdurduğu anlarda gözəldir. Əzizə öz insanlıq borcunu yerinə yetirməli idi. Xuraman yataqdan qalxa bilməzdi. Ayaq üstə olan yıxılana, sağlam xəstəyə, varlı kasıba, xoşbəxt bədbəxtə, bəxtiyar qüssəliyə əl uzatmalıdır. Bu həmişə həyatın qanunu, insanlığın borcu, daxili tələbatı, vicdanın səsi olmalıdır! Odur ki, Əzizə tez:
-Xuraman xanım, sən yataqdan qalxma. Biz Arzu qızımla gəzə-gəzə, söhbət edə-edə, ana-bala kimi yavaş-yavaş özümüz gələrik. Ünvanı bilirəm. Yəqin zəng etmək üçün qonşuya getmisən. Əziyyət çəkmə. Onsuz da mən uşağı gətirəcəkdim. Narahat olmayın…
Əzizə hiss etdi ki Xuraman qəhərlənib, danışa bilmir. O, qrup otağına keçib Arzunu geyindirdi, sonra özü də dəri gödəkçəsini geydi. Qapını bağlayıb yola düzəldilər.
Bakı əvvəllər başqa aləmi vardı. Təmizliyə, səliqə-sahmana, abadlığa fikir verirdilər. Doğrudur, kommersiya ilə məşğul olanlar zirzəmiləri - mağaza, ofis, valyutadəyişmə məntəqəsi, nə bilim nə edib gözəlləşdiriblər. Qabaq bu zirzəmilər üfunət mənbəyi idi. Pullu adamlar mənzillərin birinci mərtəbələrini alır, yaxşı xərc qoyub pul götürürlər. Mağazalara, ofislərə, restoranlara, kafelərə baxırsan, göz oxşayır. Amma şəhərin özündə toz-torpaq, tullantı, kağız parçaları. Bir balaca külək qalxanda tozu qaldırıb adamın başından tökür. «Yaxşı ki, yağış yağır, heç olmasa toz-torpağı bir az yatırar. Pal-paltarı yuyub, ütüləyirsən, hamamlanıb çıxırsan, axşam qayıdanda özün-özünü tanımırsan. Paltarını çırpırsan – toz qalxır, əlini sifətinə, boyun-boğazına çəkirsən – əlin qapqara olur» - deyə Əzizə öz-özünə düşünüb, təəssüf hissi keçirirdi. «Amma yağışın, qarın da bizim şəhər üçün öz dərdi-səri var. Təmir, tikinti işləri gedir. Küçələr, yollar, dalanlar yaman gündədir. By gün asfalt çəkirlər, üç gün, beş gün sonra küçəni dağıdıb qoyurlar. Baxan yoxdur. Pullu adamlar öz dükan-bazarlarının, restoran və barların qarşısına mərmər döşəyir, bax, ürəyin açılsın. Amma elə ki, yağış yağdı, dağılmış yola, küçəyə dalana su yığılır. Palçıqla su əlindən tərpənmək olmur. Maşınlar suyu üstünə sıçradır.
Nə olsun ki, səhər tezdən ayaqqabılarını silib çıxırsan, özünü metroya, avtobusa çatdırana kimi toz-torpağa, yağışlı havalarda palçığa batır. Baxıb, xəcalət çəkirsən.
Küçə süpürənlər də alatoran durub işlərini görməkdənsə, saat 8-dən, 9-dan sonra küçələrə çıxır, toz qaldırırlar. Bəziləri gələn olduğunu görəndə əl saxlayır. Amma gəlib-gedənin sayı birdirmi-ikidirmi? Ona görə də bəzi süpürgəçilər heç adamlara məhəl də qoymur. Məcbur olub yolunu dəyişirsən.
Əzizə elə bu xəyallara qapılmışdı ki, ayağı çökəyə düşdü və su ətrafa sıçradı. Həm özünün, həm də Arzunun üst-başı batdı. Tez Arzunu qucaqladı:
-Üstünü islatdım, deyəsən …
Arzu uşaq sadəlövlüyü ilə:
-Eybi yoxdur, müəllimə,- dedi.
Əzizə öz-özünə düşündü: «Bəxtəvər xaricdə yaşayanların halına. Onlarçın hər cür şərait yaradır, küçələrini də şampunla yuyurlar…» Yolda ayaq saxlayıb Arzu üçün konfet və peçenye aldı. Qız götürmək istəmədi, Əzizə təkid etdi, inciyəcəyini bildirdi. Arzu aldı. O, tərbiyəçini sevirdi. İstəməzdi ki, ondan incisin.
Evə çata-çatda Əzizə Arzuya müraciətlə soruşdu:
-Yəqin atan da işdədir, ona görə dalınca gələ bilməyib…
Arzunun sifətinə kədər çökdü.
-Atam yoxdur…
Əzizə səhvə yol verdiyini anladı. Artıq gec idi və onlar çatmışdılar. Qapını qonşu qadın açdı:
-Allah Xuramana kömək etsin… Bayaq nə billah elədim, məni uşağın dalınca getməyə qoymadı. Dedi, özüm gedəcəyəm. Çox sağ olun, müəllimə, Allah sizi xoşbəxt eləsin. Mən gedim…
Qonşu qadın çıxdı. Xuraman yataqda uzanmışdı. Göz qapaqlarını güclə açıb:
Gəldiniz? – deyə soruşdu.
Arzu anasının üstünə qaçıb onu qucaqladı:
-Ana, müəllimə bizə gəlib…- dedi və sonra özünü saxlaya bilməyib göz yaşlarını axıtdı. – Nolub sənə, anacan?
Arzu həm sevinirdi, həm də qüssəli idi. Sevinirdi ki, müəlliməsi evlərinə gəlmişdi. Kədərlənirdi ki, anası xəstə idi, özü də belə bir gündə, müəllimə qonaq gəldiyi bir vaxtda. Tez:
-Müəllimə, oturun, sizə çay verim.
Əzizə onun başını tumarladı:
-Əziyyət çəkmə, qızım.
Arzu cəld mətbəxə keçdi. Qonşu qadın, dərman alıb gətirmiş, Xuraman üçün zoğallı çay süzmüşdü.
Əzizə irəli yeriyib əlini onun alnına qoydu. Xuraman qızdırmadan yanırdı.
-Can bacı, nə lazımdır?
Xuraman:
-Heç nə, əzizim. Çox sağ ol. Əziyyət verdim sənə. İndi bacım gələcək.
Arzu çay, konfet gətirdi. Əzizə:
-Mən gedim, evdə nigaran olarlar, - dedi.
Arzu cəld:
-Müəllimə, çay için, sonra. Siz birinci dəfədir bizə gəlirsiniz.
-Ay sağ ol, qızım.
Uşaq qonaqpərvərlik göstərmək, tərbiyəçisinin qulluğunda durmaq istəyirdi. Əzizə Xuramanla söhbət edə-edə çayını içməyə başladı. Birdən gözü yan divardakı qara haşiyəyə alınmış şəklə sataşdı. Elə bil onu ildırım vurdu: öz-özünə pıçıldadı: «Ola bilməz, ola bilməz».
Onun rəngi avazımış, nitqi kəsilmişdi. Xuramandan soruşmaq istəyirdi, soruşa bilmirdi. Qara haşiyəli şəkil «O»nun idi, dünyalar qədər sevdiyi, yolunda canını belə fəda etməyə hazır olduğu bir insanın idi. «O» jurnalist idi, üç aylıq ezamiyyətə getmişdi. Tez-tez zəngləşirdilər. Gah «O», gah Əzizə zəng edirdi. Bir həftə olardı ki, əlaqə saxlamamışdılar.
Qəhər onu boğdu. Xuramanın, Arzunun yanında öz halını büruzə verməməyə çalışırdı. Əzizə «O»nun qohum-əqrəbasını tanıyırdı. Bu qadın «O»nun nəyidir görəsən? Bu maraqla, səsində qüssə, kədər və titrəyiş soruşdu:
-Bağışla, şəkildəki oğlan sənin nəyindir?
Xuraman qəhərli:
-Ərimdir, avtomobil qəzasında həlak olub…
Əzizə ilan vurmuş adam kimi yerindən dik atıldı. Əllərilə başını qucaqlayıb hönkürdü:
-Ola bilməz, ola bilməz !!! – deyib cəld çıxdı.
Xuraman başını dikəltdi: «Nə ola bilməz? Sonra: «Əzizə xanım, Əzizə xanım!» – deyə harayladı. Mətbəxdən qaçaraq gələn və çaş-baş qalan Arzu:
-Anacan, müəllimə getdi? Heç mənimlə sağollaşmadı. Onunçun yemək hazırlayırdım.
Xuraman sonsuz heyrət içərisində:
- Getdi, balacan, getdi.
Sonra yaranmış vəziyyətdən qızını hali etməmək üçün ona heç nə demədi, öz-özünə fikirləşdi: «Birdən-birə ona nə oldu? Necə yəni «ola bilməz». Lap təəccüb qalınası işdir. Ancaq burda nəsə bir sirr var. Yoxsa, birdən-birə o hala düşməzdi.
* * *
Getdin, indi qaranlığa yoldaşam,
Gecə olub, gündüzümü apardın.
Yollar ilə yol gedəndə azmışam
Sən əyrimi, sən düzümü apardın
Həsən Cabbar. 

Xuraman yataqdan bir həftə sonra qalxdı. Artıq özünə gəlmişdi. Bu müddət ərzində Arzu bağçaya getmədi. Xuraman sağalmasını gözləyir, qonşulara əziyyət vermək istəmirdi. Əzizənin sözləri, düşdüyü vəziyyət heç cür onun yadından çıxmırdı. Əri ilə Əzizni hansı əlaqə bir-birinə bağlayırdı? Murad Xuramandan ötrü dəli-divanə idi. Kölgə kimi dalınca sürünərdi. «Mənə qismət olmasan, həyat məndən ötrü bir heç olacaq və mən bu dərdə tablaşa bilməyəcəyəm. Heç bir qız sənin yerini verə bilməz» deyərdi.
O, jurnalist idi və çox incə qəlbi vardı, hədsiz həssas və səmimi idi. Xuraman da Muradı çox sevirdi. Bir gün onu görməyəndə dünya ona dar gəlirdi. Rəfiqələri onu qınayır: «Ay qız, indi zəmanə dəyişib. Leyli – Məcnunluq dövrü çoxdan keçib», - deyirdilər, - «qızlar var ki, gündə bir oğlan dəyişirlər. Hələ oğlanları demirik. Nə qədər cavansan, şuxsan, təravətlisən kefindən qalma. Gəz, əylən, sevgi boş şeydir, şairlərin uydurmasıdır. Sevgidən dəm vuranlar, avam, fərasətsiz adamlardır. Oğlana nə qədər çox bağlansan, dərdindən ölsən də, başqasına rast gələndə görürsən, elə həmin – həmindir. Məşədi İbad demişkən: «O olmasın, bu olsun». Sənə nə lazımdır, tumarlanmaq, öpülmək, qoxulanmaq, oğlanın qucağında uymaq?! Bunu hər oğlan edə bilər. Axırı da yatağa girənəcəndir. Kamını aldın, görəcəksən bu, bir elə çətin iş deyilmiş. Yataqda da nə etməli olduğunu bütün oğlanlar bacarır. Elə ki, bu iş də adiləşdi, bezəcəksən. İnsan yeksənəklikdən, gündə eyni adamı görməkdən axır ki bezir. Onda gözlərin başqasını gəzəcək. Gizli də olsa, gedib qucağına girəcəksən. Sonra o da adiləşəcək görəcəksən o da elə kişin kimidir.
Xuraman həyat, sevgi barədə belə yüngül, məsuliyyətsiz danışanlardan ikrah edər və onlara cavab verərdi: «Deyirsiniz ki, axırda görəcəyəm elə hamısı eyni cürdür. Eyni cürdürsə, bəs niyə bunu ona, onu buna dəyişirəm? Elə birinə bağlanıb qalaram, həyatımı ona həsr edərəm. O da görəndə ki, ona sadiqəm, sədaqətliyəm mənə məhəbbəti daha da artar.
-Ay qız, sən necə də sadəlövh və avamsan. Elə bil zəmanə uşağı deyilsən, kinoya, teatra, baxmırsan. Gətirərik, videoya tamaşa edərsən, onda görərsən ki, oğlanlarla, qızlar nə oyun çıxarırlar. Həm onlar, həm bunlar zövqü-səfa görür, yaşayırlar özləri üçün. Həyat gözəl olanda ömür uzanır, ay binəva.
-Sən dediklərin pozğun, fahişə qadınlar, ismətsiz qızlardır. Binamus kişilərdir ki, bir yubka görən kimi öz namuslarını da unudurlar.
-Elə bilirsən, ərə gedəndən sonra, özünə məşuqə axtarmayacaqsan. Bu sədaqətli qızları 5-6 il sonra gör. Mənimlə razılaşmırsan, ancaq yadında saxla, sən özünə zülm etsən də, nə qədər ərinə sədaqətli qalsan da, o səni dəyişəcək, bir yox, bir neçə qadınla görüşəcək, evə gec gələcək. Soruşanda da deyəcək ki, iş adamıyam, nə edim. Məzuniyyətə gedəcək, orada kimlərləsə görüşəcək. Ezamiyyətdə olacaq, yenə kimisə tapacaq, toyda, şənlikdə, iclasda kimi isə gözləri axtaracaq. Kefində olarkən, qucağında dünyanın mələkini sinəsinə sıxarkən fikirləşəcək: «Mənim arvadım necə də sadəlövhdür». O gün bir day-dayı ilə görüşdüm. Kalandır. Bilirsən indiyə kimi neçə qadınla olub?!
İndi əli qoynunda qalan, ərinin qara çərçivəli şəklinə yarı inam, yarı şübhəli baxan Xuraman: «Ola bilməz! Ola bilməz!» - deyə öz-özünə düşünür və eyni zamanda Əzizənin «Ola bilməz! Ola bilməz!» kəlmələrini, onun çaşqın, pəcmürdə, qəm-qüssə, dərd-ələmlə yüklənmiş sifətini xatırlayırdı.
* * *
Keçən günlərimi qaytaraydılar, 
Gələn günlərimi qurban verərdim.
(mahnıdan) 

Əzizə cavan idi. İki-üç il olardı ali məktəbi bitirmişdi. Xuraman biləni, əxlaqlı, vicdanlı, oturuşuna-duruşuna fikir verən, böyük-kiçiyin yerini bilən, uşaqları böyük bacı, ana kimi sevən, öz işinin vurğunu olan qız idi. Subay qızla ərinin arasında nə ola bilərdi?
Bu suallar indi Xuramanın müqəddəslik pərdəsinə bürünmüş bütün inamlarını alt-üst edirdi. O, Muradı həqiqi kişi, ər kimi həmişə sevmiş, ona hörmət bəsləmiş, öz idealı sanmışdı. Ərinin ona xəyanət edəcəyi barədə heç vaxt düşünməmişdi. Murad da heç vaxt buna əsas verməmişdi. Sənəti ilə bağlı müxtəlif adamlarla, lap elə qadınlarla görüşüb söhbətləşərdi, müsahibə götürər, reportaj, oçerk yazardı. Hara getdiyi, kiminlə görüşdüyü barədə həmişə ona danışardı. Uşaq bağçasından yazı verməmişdi. Hətta bir dəfə Xuraman ona: «Bu qədər məqalən çıxır, bir uşağın, Arzu balamızın bağçasından da yaz». Onda Murad: «Qızımız orada tərbiyə alır, birdən fikirləşərlər, onun xatirinə, qızımıza görə bağçadan yazmışam. Belə şeylərlə aram yoxdur. Vaxt gələr müxbirlərdən birini göndərərəm, yazar», - deyə cavab vermişdi. Bu bir-iki ildə Murad bağçada da olmamışdı. Arzunu həmişə Xuraman aparar, axşamüstülər isə gedib bağçadan götürərdi. «Bəs Əzizə Muradı haradan tanıyırdı. Bəlkə qız institutda oxuyanda görüşüblər. Ya da küçədə, metroda, toyda. Biçimli, xoş sima, cavan qızdır. Rəfiqəmin o vaxtlar dediyi sözlərə inanmasam da, görünür, hansı fikir isə həqiqətə yaxındır. Axı Murad sirrini məndən niyə gizlədirmiş?!. Mən bir dost kimi, ona yaxşı dost olmuşam, bir ana kimi qızımdan heç nəyi əsirgəməmişəm. Bir qadın kimi Allah məndən heç nəyi əsirgəməyib. Boy-buxun, gözəllik, lətafət… Evin bütün işlərini görmüşəm, palını-paltarını vaxtında yuyub, ütüləyib, hazırlamışam. Evin bazarlığını özüm etmişəm. İşləmişəm ki, Murada ağırlıq düşməsin. Bir arvad kimi yatağını isitmişəm, ürəyi istəyincə kamını alıb… Bəlkə, rəfiqəm deyən kimi, insanın doyduğu gün gəlir. Yox, ola bilməz, axı heç kim bilməsə də mən bilirdim ki, hər dəfə o, başını sinəmə qoyanda dünyanın bütün dərd-sərini unudub mənəvi rahatlıq tapırdı. «Dünyanın bütün gözəlliyi, var-dövləti buradadır – evimdədir. Böyük-böyük imarətlər, zəngin saraylar mənim evimi əvəz edə bilməz. Heç kim, heç nə arvadımın, uşağımın yerini verəmməz» deyirdi.
Murad, əzizim, inanmağım gəlmir. Yəni sən də boğazdan yuxarı danışırsanmış?! Axı sən mənim həyatım idin. Sənin yoxluğun onsuz da məni yetim qoydu. Öləndən sonra da xoş xatirələrin işığında yaşayır, səni yanımızda hiss edirdik. Elə zəngin xatirələr ki, ömrümüz boyu nikbin yaşamaq, qəmin-qüssənin, bədbəxtliyin nə olduğunu bilmədən ömür sürmək kifayət idi. Bəs bu nədir? Axı sən belə iş tutmazdın, axı niyə, nə üçün? Sağlığında özünə büt yaratdığın halda, yoxluğunda müqəddəs ruhuna ləkə gətirdin.
Axı nədir vəfasızlığına səbəb? Mənəvi ehtiyacmı – məgər bu ehtiyacı ödəyə bilmirdimmi? Fiziki tələbatmı? Məgər mən yataqda aciz idimmi?
Bəs elə isə nədir səbəb? Kimdir bais? Bəlkə rəfiqəm haqlıdır? Demək, xəyanəti insan nəsli doğulanda özü ilə gətirib? Sevimli arvadı ilə yatağa girəndə xəyalında başqasını canlandırıb, ya da onunla görüş barədə fikirləşib. Belə olmasaydı, şairlər, yazıçılar xəyanətdən cild-cild əsərlər yazmazdı, bəstəkarlar bu qədər mahnı bəstələməzdilər. Bəs Leyli sevgisi, Kərəm yanğısı, Şeyx Sənan istəyi nəymiş görəsən?!
Düşüncələr Xuramana əzab-iztirab verir, varından yox edirdi. Onun üçün dünyada müqəddəs bir varlıq, ülvi bir yaranış, qibtə ediləsi, öyünüləsi şəxs vardı, olacaqdı. Bəs indi? Bu aldanışa görə özünə qəsd etsinmi, ərinin şəklini divardan götürsünmü? Bəs xoş, bəxtiyar günlər, onların doğurduğu yaşamaq, işləmək yanğısı? Bəs qızı, onun gələcəyi, sabahı?!
Bəlkə Əzizə ilə danışım? Nə danışım onunla? Deyim ki, ərim səni necə əzizləyirdi, sevdiyini sənə necə söyləyirdi? Evli olduğunu, qızı olduğunu, onlara «Sizi dünyalar qədər sevirəm» dediyini sənə danışırdımı?
O qız - Əzizə də çəkdiyini çəkib. O, bəlkə məndən də çox iztirab, peşmançılıq çəkir. Mən onun kəbinli arvadı idim. Qızım, ailəm, evim var. O isə subay, məsum, bakirə qız. Ailə qurmaq xəyalilə Murada sarı addım atıb. Bəlkə Əzizəyə deyibmiş ki, məni boşayıb, onu alacaq! Yaxud belə fikri varmış.
Ey dili-qafil, bəlkə qızla yaxınlıq edib? Bəlkə də bir qız onun yadigarını bətnində gəzdirir?
Xuraman üzünü Muradın qara çərçivəli şəklinə tutub: «Hə, Murad, bütün bu suallara nə cavab verərdin?»
Murad susurdu. O bir daha danışmayacaqdı. Bütün sirrlərini özü ilə aparmışdı. Amma Xuraman onu sevirdi, ona nifrət edə bilmirdi, bilməyəcəkdi. Rəfiqəsi yalan deyirdi. O daha heç kimlə görüşə bilməyəcək. Gecələr onsuz da Muradın xəyalı ilə yatağa girir. Onun xəyalı ilə qucaqlaşır, mənəvi və fiziki rahatlıq tapır. Murad yuxularına gəlir. Amma əvvəlki kimi, şən, bəxtiyar yox, bir qədər qüssəli, səksəkəli gəlir. Elə bil nədənsə ehtiyat edir, sirrinin faş olacağından qorxur. Xuramanı qucaqlayır, başını onun sinəsinə qoyur, əlləri ilə bədəninə sığal çəkir. Amma Xuraman hiss edir ki, Murad əvvəlki kimi hərarətli deyil, əllərinin, sinəsinin hərarəti elə bil azalıb. Görünür insan məhəbbətini iki yerə böləndə, sinəsində iki sevgi gəzdirəndə, hərarəti, istiliyi azalırmış.
Sən məhəbbətini yarıya bölsən də, Murad, mən bölən deyiləm. Sən mənimçin yenə varsan, olacaqsan, sənə olan eşqim məni yaşadacaq! Qızımızı böyüdəcəyəm. Eşidirsən, Murad, rahat yat. Mən möhkəm adamam, xəyanətə xəyanətlə cavab verənlərdən deyiləm. Sənin ruhunu incitmərəm, narahat olma. Mənə verdiyin sevgi ömrüm boyu bəsimdir. Amma bir az səndən gileyim var.
Xuraman şəkli çıxardı, yaylığı ilə qara çərçivəni silib, Muradın üzündən öpdü və şəkli yenidən asdı. Sonra o biri otağa keçdi.
Arzu yatırdı. Yorğan bir qədər çiynindən aşağı düşmüşdü. Yorğanı onun üstünə çəkmək istəyəndə qız gözlərini açdı:
- Anacan, hələ yatmamısan? Qurban olum, ana, daha ağlama. Yoxsa mən də ağlaram.
-Yox qızım ağlamamışam. İndi yatacağam. O, qızının üzündən öpdü. İndi sənin atan da, anan da mənəm, qızım. Dörd yaşından taleyinə atasızlıq düşdü. Səni anasız da qoya bilmərəm. Biz yaşamalıyıq, sən sıxıntı çəkməməlisən.
Xuraman paltarını çıxarıb çarpayıya sarı getdi. Murad belə anlarda, çarpayıda sakitcə uzanar, özünü yatmış göstərərdi. Elə ki, Xuraman yerinə girirdi, Murad tez qollarını açıb onu bağrına basır, öpüşlərə qərq edirdi. Ona görə də Xuraman bir növ adətkərdə olmuşdu. Çarpayıya yaxınlaşanda qeyri–ixtiyari baxışları Muradın yerinə dikilirdi. Yeri isə boş idi. Onun yastığına dəyməmişdi. Yataqda Muraddan qalan bircə o idi. Yorğan da, döşək də ikisinin idi. Təkcə hərənin ayrıca yastığı vardı. Bəzən yastığın biri bir müddət sahibini gözləyirdi. İki bədən bir-birinə qovuşan anlarda. Sonra hərə başını öz yastığına qoyar, şirin yuxuya gedərdi.

Комментариев нет:

Отправить комментарий