Страницы

26.06.2013

BIR MISRA QƏDƏRDI BİZİM EŞQİMİZ

Qalib Şəfahət

Tək bircə misralıqdı bizim eşqimiz,
Sonu şeir olmayan misra qədər…
Amma tez əzbərləmək olar,
Tez itirmək qədər…
Bir misra içində çabalayırıq,
Hələlik yol tapmırıq
Nəğmə kimi oxunmağa,
Yada ki, şeir olmağa.
Bircə misra boydadı boyumuz,
Bircə misrada boğuluruq biz.
Bircə misra 
Qazamatdan betərdi bizə.
Darlıq edir ikimizə…
Sahib ola bilmirik,
Bir misralıq eşqimizə. 

Nə əlimizi aça bilirik,
Nə də ayağımızı ata bilirik.
Dönmüşük sükuta…
Bir misra qədər dillərdə qalmaq olarmı?..
Sonsuz olan şeir qədər…
Onu da kimsə ağızından salıb itirər,
Ya qəh-qəh çəkib güləndə,
Ya da bir qurtum su içəndə.
Su kimi aydın olsun ömrümüz…
Əlvida.. 
Tələsək…
Bu misranın axırı gələnə qədər.
Hələ bu misraya qoymayaq nöqtə,
Bəlkə axırı gələr…
Dərdimiz oxunur,
Bir misra qədər.

BU DƏRD ƏlİMDƏ SOYUYUB

Hənirti yox nəfəsimdə
Bu dərd əlimdə soyuyub.
Əynimdə kirli görünür,
Görən bu dərdi kim yuyub?
Çovğun-qarda ürək donur,
Hər əsəndə külək dolur.
Bu dərd məni fağır sanır
Oyub ürəyimi oyub.
Ta yada salmayır məni,
Vecinə almayır məni,
Yanımda qalmayır mənim 
Daha bu dərd məndən doyub.
Axıb göz yaşımnan gedib,
Çəkilib qaşımdan gedib,
Əkilib başımdan gedib
Məni yenə düzdə qoyub.

Комментариев нет:

Отправить комментарий