Страницы

16.06.2013

Amerika-Rusiya casus savaşı

Əvvəlcə, həbs edilənlər casusluq fəaliyyəti ilə məşğul olmadıqlarını söyləyərək, özlərinə qarşı irəli sürülən iddiaları rədd etdilər. Ancaq təxminən 10 gün aramsız olaraq aparılan istintaqdan sonra casusluqda günahlandırılanların müqaviməti qırıldı. Onlar Rusiyanın xeyrinə casusluq etdiklərini etiraf etdilər. Bunun ardınca məhkəmə həbs edilənlərin əmlakı müsadirə olunmaqla onları uzunmüddətli həbs cəzasına məhkum etdi.
Ötən ilin iyun ayının 27-də Rusiya ilə ABŞ arasında yeni bir böhrana səbəb olan hadisə baş verdi.
ABŞ Federal Təhqiqatlar Bürosu əməkdaşları eyni zamanda Bostonda, Monkleredə, Yonkersdə və Şimali Virciniya ştatında xüsusi əməliyyat həyata keçirərək, 10-dan artıq rus casusunu həbs etdi. Ertəsi gün, 2010-cu il iyun ayının 28-də isə həbs edilənlərə qarşı Rusiya Xarici Kəşfiyyat Xidməti ilə əlaqədə olmaları, müxtəlif yollarla ABŞ Silahlı Qüvvələrinin nüvə potensialı, İrana münasibəti, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) rəhbərləri və konqresmenlər haqqında məlumat toplamaları ilə əlaqədar cinayət işi başladıldı. Bu, “Soyuq savaş” dövründən və SSRİ-nin dağılmasından sonra Rusiya casuslarının xaricdə məruz qaldığı ən böyük uğursuzluq idi. İyunun 29-da Rusiya Xarici İşlər Nazirliyi bəyanat verərək, ABŞ-da həbs edilənlərin hamısının öz vətəndaşları olduğunu bəyan etdi. Ancaq bəyanatda onların casus olmadıqları və bütün qurama oyunu olduqları iddia edilirdi. Rusiya xarici işlər naziri Sergey Lavrov isə casus qalmaqalının iki ölkə arasında yaxınlaşmanın baş verdiyi bir vaxtda öncədən düşünülmüş şəkildə ortaya atıldığını söylədi. Amma həbs edilənlərin Rusiyanın xeyrinə casusluq etmələri barədə faktlar o qədər təkzibedilməz idi ki, Moskva məsələ ilə bağlı susmağa və vəziyyətdən çıxış yolu axtarmağa məcbur oldu.
Həbs edilən rus casuslarına qarşı irəli sürülən ittiham materialları onların Rusiyanın xeyrinə casusluq etdiklərini təkzibedilməz şəkildə ortaya qoymuşdu. İttiham materiallarına görə, 2009-cu ildə həbs edilən casuslar - Anna Çapman və Mixail Semyenko Rusiya Xarici Kəşfiyyat Xidmətindən aşağıdakı məzmunda şifrəli teleqram almışlar: Siz ABŞ-a uzunmüddətli bir tapşırığı yerinə yetirmək üçün göndərilmisiniz. Sizin xaricdə aldığınız ali təhsil, istifadə etdiyiniz bank hesabları, avtomobillər, evlər və s. yalnız bir məqsədə xidmət etməlidir: ABŞ-ın ali dairələri ilə sıx əlaqə qurmalı, onların xarici siyasətini müəyyən edənlərlə dostlaşmalı və yeri gəldikcə onlardan Rusiyanın xeyri üçün istifadə etməli və əldə edə bildiyiniz sirləri müvafiq qurumlara ötürməli, həmçinin fəaliyyətiniz barədə mərkəzə hesabat göndərməlisiniz.
Həbs olunanlar saxta sənədlərdən istifadə edərək, müxtəlif ölkələrdə vətəndaşlıq və yaşamaq hüququ ala bilmişdilər. Onlar bundan yararlanaraq ya Amerika universitetlərinə qəbul olunmuş, ya da hökumətə yaxın dairələrdə işə düzəlmişdilər. Casuslar əldə etdikləri məlumatları Rusiya Xarici Kəşfiyyat Xidmətinə (RXKX və XKX) tez itən yazı, naqilsiz kompyuter seti, kiçikdalğalı ötürücülərlə, vağzallarda çamadanların və rəngli fotoların dəyişdirilməsi yolu ilə ötürmüşdülər. Casusluq materiallarının ötürülməsi əsasən Nyu-Yorkdakı Mərkəzi vağzalda və Böyük (Mərkəzi) parkda baş vermişdi. Rusiyaya ötürülən materiallar ABŞ-ın Mərkəzi Amerikada həyata keçirdiyi siyasətlə, orada Rusiyanın siyasi fəallığının qarşısının alınmasına yönələn tədbirlərlə, ordudakı problemlərlə və internetdən terrorçuların istifadəsinə qarşı aparılan mübarizəsi ilə bağlı idi. Həbs edilənlərin çoxu çirkli pulların yuyulmasında şəxsən iştirak etmiş, həmçinin keçmiş MKİ kəşfiyyatçıları, tədqiqatçı alim-fiziklərlə, beton deşən bombaların hazırlanmasında çalışan alimlərlə sıx əlaqələr qura bilmişdilər.
Əvvəlcə, həbs edilənlər casusluq fəaliyyəti ilə məşğul olmadıqlarını söyləyərək, özlərinə qarşı irəli sürülən iddiaları rədd etdilər. Ancaq təxminən 10 gün aramsız olaraq aparılan istintaqdan sonra casusluqda günahlandırılanların müqaviməti qırıldı. Onlar Rusiyanın xeyrinə casusluq etdiklərini etiraf etdilər. Bunun ardınca məhkəmə həbs edilənlərin əmlakı müsadirə olunmaqla onları uzunmüddətli həbs cəzasına məhkum etdi.
ABŞ-da 10-dan artıq casusun həbsindən sonra Rusiya Xarici Kəşfiyyat Xidməti dərhal onları kimlərin sata bilməsi məsələsini araşdırmağa başladı. Çünki aydın şəkildə hiss edilirdi ki, bu qədər casusun həbs edilməsi yalnız kimlərinsə onları satması nəticəsində mümkün ola bilərdi. Uzun axtarışlardan sonra, nəhayət ki, xaricdə fəaliyyət göstərən kəşfiyyatçıların ələ verilməsində RXKX-nin keçmiş əməkdaşı, vaxtilə adıçəkilən qurumun “S” İdarəsi Amerika şöbəsinin rəhbəri polkovnik Şerbakovdan şübhələnməyə başladılar. Çünki Amerikada işləyən casusların bütün dosyeləri məhz Şerbakovun əlindən gəlib-keçir və o, onların çoxunun hansı tapşırığı yerinə yetirdiyini bilirdi. Amma sonra məlum oldu ki, ələ keçən casusları MKİ-yə polkovnik Şerbakov deyil, polkovnik Aleksandr Poteyev satıb. Poteyev “S” İdarəsi rəisinin müavini idi və o qurumun 4-cü (Amerika) şöbəsinə rəhbərlik edirdi. Poteyev iyun ayının əvvəllərində Prezident Dmitri Medvedevin səfərinə bir neçə gün qalmış ifşa olunacağından ehtiyat edərək, Amerikaya qaçmışdı. Onun qaçmasına səbəb isə RXKX rəhbərinin polkovnikə həyat yoldaşının uzun illərdir Amerikada yaşamasını irad tutması olmuşdu.
Kəşfiyyatçıların həbsindən təxminən 1 il əvvəl onu daha yüksək vəzifəyə irəli çəkmək istəmişdilər. Lakin Poteyev yeni vəzifəsindən imtina etmiş və bunu şəxsi problemlərinin çoxluğu ilə izah etmişdi. Amerikaya qaçmazdan əvvəl Poteyevin Rusiya Dövlət Xalq Nəzarəti Komitəsində işləyən oğlu tələm-tələsik Amerikaya köçmüşdü. Poteyev özü ilə Amerikaya kəşfiyyatçıların gizli dosyesini, o cümlədən Rusiyanın Amerikada illərlə gizli fəaliyyət göstərən ələkeçməz sayılan məşhur casusu general Mixail Vasenkovun şəxsi kartını apara bilmiş və onları MKİ-yə təqdim etmişdi. Polkovnik Şerbakova gəlincə, o da MKİ ilə əməkdaşlıq etmişdi, lakin həbs edilənləri o satmamışdı.
“S” İdarəsinin rəisi general Yuri Drozdovun sözlərinə görə, Poteyevin xəyanəti məhz Amerikadakı Rusiya gizli kəşfiyyat setinin aşkar edilməsində mühüm rol oynamışdı. Amma MKİ bir müddət bu casusların həbsi üçün sübut əldə etməklə məşğul olmuş, onların bütün addımlarını nəzarət altında saxlamışdı. Sonra isə Rusiyanın öz casuslarını müxtəlif yollarla aradan çıxaracağından ehtiyat edərək, onları tələm-tələsik həbs etməyə məcbur olmuşdu. Bu məsələdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin gözləmə mövqeyi tutması da casusların həbs edilməsində az rol oynamamışdı. Əslində Poteyev iyunun əvvəllərində Amerikaya qaçanda RXKX dərhal tədbir görməli, öz casuslarının təhlükəsizliyini təmin edən addımlar atmalı idi. Ola bilsin ki, Moskvada Poteyevin amerikalılara çox da ciddi əhəmiyyət kəsb etməyən sirləri verəcəyinə və ya ümumiyyətlə, öz həmkarlarını satmayacağına ümid etmişdilər. Bütün hallarda Rusiya xüsusi xidmət orqanları iş-işdən ötəndən sonra, yalnız casuslar ifşa olunduqdan sonra satqının kim olmasını axtarmağa başladı və sonda Poteyevin üzərində dayandı. Yenə də bununla bağlı bəzi müəmmalar qalmaqdadır. Nə üçün əvvəlcə casusların ələ verilməsində Amerikaya qaçan Poteyevdən şübhələnmədilər? Ola bilsin ki, buna səbəb Poteyevin xüsusi tapşırıqla Amerikaya göndərilməsi və ona ikili casus rolu oynamasının tapşırılması olub. Lakin bundan əvvəl MKİ tərəfindən ələ alınan Poteyevin bunun çox təhlükəli olacağını anlayaraq, ikili oyunlara getməyərək öz həmkarlarını satdığı ehtimal edilir.
Yuxarıda qeyd etdiyimiz kimi, Poteyevin satdığı casusların içində ən məşhuru general Mixail Vasenkov və onun həyat yoldaşı, əslən Perudan olan ABŞ vətəndaşı Viki Pelaez idi. Vasenkov Amerikada Xuan Lazaro idi. O, Amerikaya Uruqvay vətəndaşı kimi jurnalist və antropoloq adı altında pərdələnərək gəlmişdi. 1960-cı ilin əvvəllərində SSRİ xüsusi xidmət orqanları onu saxta pasportla İspaniyaya göndərmişdilər. Sonra isə onu izi itirmək məqsədi ilə İspaniyadan xüsusi tapşırıqla Çiliyə göndərmişdilər.
Vasenkov fotoqraf adı altında casusluqla məşğul idi. O, fotoqraf kimi bütün Latın Amerikasını dolaşmış və gəzdiyi ölkələrdə yüksək səviyyəli dövlət rəsmiləri, iri sənaye maqnatları və siyasətçilər arasında çoxlu sayda adamla tanış olmuşdu. Bu da ona SSRİ üçün olduqca xüsusi əhəmiyyət daşıyan məxfi məlumatlar ötürməyə imkan vermişdi.
1970-ci ildə o, KQB-nin razılığı ilə Perudan olan jurnalist qadın Viki Pelaezlə ailə həyatı qurdu. Bundan sonra onlar ikilikdə KQB-nin xüsusi tapşırığını yerinə yetirmək üçün ABŞ-a köçdülər. Vasenkov heç bir şübhə doğurmadan Amerikada güclü kəşfiyyat şəbəkəsi qurmağa nail oldu. Özü də o, bunu o qədər məharətlə etmişdi ki, onun kim olmasını hətta Amerikada SSRİ kəşfiyyatının rezidentləri belə bilmir, üzdən tanımırdılar. Bu da Vasenkovu dəfələrlə həbs olunmaq təhlükəsindən xilas etmişdi. Vasenkov Demokratlar Partiyasının yüksək vəzifəli rəsmiləri ilə tanış olmuş və onların ən yaxın adamlarından birinə çevrilmişdi. Bir dəfə o, yüksək vəzifəli tanışları vasitəsi ilə Amerika Prezidentinin 3 il ərzində hansı ölkələrə səfərləri və orada nələri müzakirə edəcəyi barədə gizli planı əldə edərək Moskvaya göndərmişdi. Onun Moskvaya göndərdiyi məlumatlar o qədər böyük əhəmiyyət daşıyırdı ki, ötən əsrin 80-ci illərində Vasenkova Sovet İttifaqı Qəhrəmanı adı vermişdilər. Xaricdə olarkən Vasenkov öz üzərində işləyərək üç ali təhsil almışdı. O elmi iş müdafiə edərək, siyasət elmləri (politologiya) doktoru olmuşdu. Vasenkov iş yoldaşı ilə birlikdə “Women and Revolution: Global Expression” kitabını yazmışdı. O, 2008-2009-cu illərdə “Baruch College”də “Latın Amerikası və Karib hövzəsi ölkələrinin siyasəti” fənnindən dərs demişdi.
2010-cu il iyun ayının 29-da “Nyu-York” Tayms qəzeti Vasenkovun kollecdə dərs dediyi zaman Amerikanın xarici siyasətini kəskin şəkildə pislədiyini yazmışdı. “Nyu-York” Tayms qəzeti bununla əlaqədar yazırdı: “Vasenkov belə hesab edirdi ki, Amerikanın İraqda və Əfqanıstanda apardığı müharibələr iri korporasiyaların maraqlarının təmin edilməsinə yönəlib”. Qəzetin yazdığına görə, Vasenkov tələbələr qarşısında aşkar şəkildə Venesuela dövlət başçısı Uqo Çavesə heyran olduğunu söyləyir, Kolumbiya Prezidenti Alvaro Uribeni isə narkomafiyanın əsgəri adlandırırdı. Buna dözməyən tələbələrin biri ondan kollec rəhbərliyinə şikayət etmişdi. Nəticədə onu aşağı səviyyəli kadr adı altında kollecdən xaric etmişdilər. Necə deyərlər, ələkeçməz Vasenkov özünün ifşa edilməyəcəyinə o qədər əmin idi ki, hətta özündə şübhə doğura biləcək və MKİ-nin diqqətini cəlb edəcək Amerika əleyhinə çıxışlar etməkdən belə çəkinməmişdi. Bu da təsadüfi deyildi. Həbs edilənə kimi Vasenkov 50 il ərzində uğurla, əvvəlcə, SSRİ-nin, sonra isə Rusiyanın xeyrinə casusluq etmişdi. Dünya kəşfiyyatı tarixində onun qədər uzunömürlü kəşfiyyat fəaliyyəti ilə məşğul olan ikinci bir kəşfiyyatçıya rast gəlmək mümkün deyil. Bütün bunlar da Vasenkovu arxayınlaşdırmışdı. Bununla belə, əgər Poteyev tərəfindən ələ verilməsəydi, Vasenkov hələ uzun müddət casusluq fəaliyyətini davam etdirəcəkdi. Onun casusluq fəaliyyəti Moskvada xüsusi qiymətləndirilmiş və həbsindən bir az əvvəl ona general rütbəsi vermişdilər.
Vasenkovun həyat yoldaşı jurnalist Viki Pelaez də məharətlə casusluq fəaliyyəti ilə məşğul idi. O, Perudakı telekanalların birində telereportyor işləyirdi. Əri ilə birlikdə Nyu-Yorka köçəndən sonra isə ispandilli “El Diario La Prensa” qəzetində işə düzəldi. O, qəzetə yazdığı məqalələrində Amerikanın Latın Amerikasına münasbətdə yeritdiyi siyasəti kəskin şəkildə tənqid edir və regiondakı milli azadlıq mübarizələrini dəstəkləyirdi. 1984-cü ildə Pelaezi Tupak Amaru adına inqilabi qrup operatorla birlikdə girov götürmüşdülər. İnqilabi qrup Pelaezi girovluqdan azad etmənin əvəzində onlara televiziya ilə xalqa müraciət etmək imkanı verilməsini tələb etmişdilər. Onlar azad edildikdən sonra operator demişdi ki, girov götürülmə planını Pelaez inqilabi qrupla birlikdə hazırlayıb.
Həmin dövrdə, daha dəqiq desək, 1990-cı ildə Vasenkov qəzetlərin birində Latın Amerikasında fəaliyyət göstərən “İşıqlı yol” partizan hərəkatını dəstəkləyən məqalə yazmışdı. Yeri gəlmişkən, onu da deyək ki, həbs edilən casuslar arasında ən təcrübəlisi olan Vasenkov ilk istintaqdaca Rusiyanın xeyrinə casusluq etdiyini boynuna almışdı. O, Xuan Lazaronun özünün əsl adı olmadığını etiraf etsə də, həqiqi ad və soyadını söyləməkdən imtina etmişdi. O, həyat yoldaşı Pelaezi də casusluğa cəlb etdiyini və ondan kuryer kimi istifadə etdiyini boynuna almışdı. Bəzi məlumatlara görə, təcrübəli bir kəşfiyyatçı olan Vasenkovun belə asanlıqla günahlarını boynuna alması ona verilən xüsusi cəza ilə bağlı olub. Lakin həbsdən azad edilən zaman onun bədənində hər hansı işgəncə yeri aşkar edilməmişdi.
İfşa edilən casuslar arasında general Vasenkovdan sonra adı daha çox hallandırılan və az qala rus kəşfiyyatının parlayan ulduzu kimi qeyd edilən Anna Çapman (Kuşenko) idi. Anna 1982-ci il fevral ayının 23-də Volqoqradda müxtəlif vaxtlarda Keniya, Zimbabve və Yeni Qvineyada işləyən diplomat ailəsində anadan olmuşdu. Orta məktəbi bitirdikdən sonra Rusiya Xalqlar Dostluğu Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunmuşdu.
2001-ci ildə yayda o, Böyük Britaniyaya turist səfərinə gedərkən orada səsyazma studiyasında işləyən Aleks Çepmen adlı gənclə tanış olmuşdu. Aleks bu sevginin ardınca 2002-ci ildə Moskvaya gəlmiş və orada Anna ilə ailə həyatı qurmuşdu. Nikahı qeyd edərkən ərinin familiyasını Çepmen əvəzinə, Çapman yazmışdılar və beləliklə, o, Anna Kuşenkodan Anna Çapmana çevrilmişdi. 2003-cü ildə ali təhsilini başa vuran Anna əri ilə birlikdə Böyük Britaniyaya köçdü. O, Böyük Britaniyada əri ilə birlikdə “Southern Union” kompaniyasını təsis etdilər. Bu kompaniya ölkədə yaşayan Zimbabve vətəndaşlarının pullarını ana vətənlərinə köçürməsinə yardım edirdi. 2004-cü ildə Anna “NetJets Europe” aviasiya kompaniyasında işə düzəldi. Ancaq orada cəmisi üç ay işlədi. Sonra “Barclays bank”da işləməyə başladı. 2006-cı ildə isə ərindən ayrıldı. Aleks ayrılmalarının səbəbi kimi Annanın var-dövlətə həvəsini göstərdi. Anna ərindən ayrılandan sonra ABŞ-dan olan sənaye maqnatı ilə və İsveçrədən olan bankirlə qeyri-rəsmi şəkildə yaşamağa başladı. 2006-cı ilin sonlarında o, Moskvaya qayıdaraq, “Daşınmaz əmlak axtarışı” adlı kompaniya təsis etdi. Ona bu işdə bəzi tanış iş adamları da yardım etdilər. Kompaniyanın “Domdot.ru” adlı saytı vardı. Buna paralel olaraq, Anna” Kit Fortis İnvestments” kompaniyasında vitse-prezident vəzifəsində də işlədi. 2010-cu ilin fevral ayında Anna ABŞ-a gedərək burada “NYCrentals.com” saytını yaradaraq, icarəyə mənzil verilməsi ilə məşğul olmağa başladı. Amma bütün bunlar onun casus fəaliyyətinin gizlədilməsi üçün bir pərdə idi. Sonralar istintaq müəyyən etdi ki, Anna Çapman qısa müddətdə ABŞ-dan 10 dəfə müxtəlif qurumlara məxfi məlumatlar ötürüb. 2010-cu ilin iyun ayında özünü Roman adlandıran FTB əməkdaşı Annaya zəng edərək, onunla görüşmək istədiyini bildirdi. Anna onunla görüş zamanı qarşısındakından şübhələndi. O, Annaya saxta pasport verərək onu gizli fəaliyyət göstərən digər casusa çatdırmasını xahiş etdi. Şübhələnən Anna atasına zəng edərək vəziyyəti ona anlatdı, atası isə pasportu təcili şəkildə polisə verməsini məsləhət gördü. Annanın telefon danışığını dinləyən FTB pasportu Nyu-York polisinə verən zaman onu həbs etdi.
Həbs edilən digər iki casus Andrey Bezrukov və Yelena Vavilova ABŞ-da müvafiq olaraq, Donald Hovard Hetfild və Ann Foley adı altında yaşayırdılar. Hetfild guya Kanadadan olan diplomatın oğlu idi və Çexiyada məktəb bitirmişdi. O, Amerikada məşhur Harvard Universitetini bitirmişdi. Bezrukov “World Future Society”nin toplantılarında fəal iştirak edirdi. Bir dəfə “Boston Herald” qəzeti onu yeni texnologiyalar fabriki adlandırmışdı. Çünki o, bu sahəni çox yaxşı bilirdi. Bezrukov burada ABŞ-ın bir sıra yüksək səviyyəli dövlət rəsmiləri ilə tanış olmaq imkanı əldə etmişdi.
Bezrukov, həmçinin “Future Map” konsaltinq kompaniyasının baş direktoru vəzifəsində işləyirdi. Onun çoxlu sayda yüksək səviyyəli tanışları vardı və bu tanışlar Bezrukova ən məxfi sirləri əldə edərək, Moskvaya ötürmək imkanı verirdi. Yelena Vavilova isə “Redfin rieltor” agentliyində işləyir və ərinə kəşfiyyat materiallarının hazırlanmasında və göndərilməsində yardım edirdi.
FTB tərəfindən həbs edilən Vladimir və Lidiya Quryevlər ABŞ-ın Nyu-Cersi ştatında müvafiq olaraq, Riçard Merfi və Sintiya Merfi adı altında yaşayırdılar. Lidiya Quryeva ABŞ-da orta məktəbi bitirmiş, sonra isə Nyu-York və Kolumbiya universitetlərində ali təhsil almışdı. Quryeva 2009-cu ildə dünya qızıl bazarı haqqında məlumat almaq üçün Nyu-Yorkun maliyyə dairələri ilə əlaqə yaratmışdı. O, xüsusilə qızıl külçələr istehsalı ilə ixtisaslaşan sərmayəçi Alan Patrikofla isti münasibətlər qurmuşdu. Bundan əlavə, Lidiya Quryeva tanışları vasitəsilə Nyu-Yorkdakı “Morea Financial Services” kompaniyasının vitse-prezidenti vəzifəsinə irəli çəkilməyə nail olmuşdu. Quryev də bu işdə həyat yoldaşına yardım edirdi. O, casus Kutsiki pul və texnikli avadanlıqlarla təchiz edirdi. Kutsikin kompyuteri sıradan çıxanda Quryev ona Moskvadan xüsusi sifariş əsasında gətirilən noutbuk bağışlamışdı. Onların hər ikisi - ər və arvad FTB əməkdaşları tərəfindən Montklerdəki (Nyu-Cersi ştatı) şəxsi evlərində həbs edildilər. İstintaq zamanı məlum oldu ki, Quryevlər ABŞ-da saxta sənədlərlə yaşayıblar. Guya Vladimir Quryev Filadelfiyada, Lidiya isə Nyu-Yorkda anadan olub. Quryevlər ötən əsrin 90-cı illərinin ortalarında gizli yollarla ABŞ-a gəlmiş və sonra saxta sənədlərlə ABŞ vətəndaşı kimi fəaliyyətə başlamışdılar. Onların əsas fəaliyyət dairəsinə ABŞ-ın Əfqanıstanda həyata keçirdiyi əməliyyat planları barədə məlumat toplamaq, İranın nüvə proqramı barədə Ağ Evin atacağı addımlarla bağlı sirləri, həmçinin strateji hücum silahları ilə əlaqədar məlumatları əldə edərək, Moskvaya çatdırmaq daxil idi.
Casus Mixail Kutsik Amerikada Maykl Sottoli, Natalya Pereverzeva isə Patrisiya Millzanql adı altında yaşayırdılar. Onlar, əvvəlcə, Virciniya ştatının Sietl şəhərində yaşadılar, sonra isə Arlinqton şəhərinə köçdülər. FTB-nin məlumatına görə, Kutsik ABŞ-a 2001-ci, Pereverzeva isə 2003-cü ildə gəlmişdi. Kutsik özünü tanışlarına amerikalı kimi qələmə versə də, onun danışığında rus ləhcəsi dərhal hiss edilirdi. Natalya Pereverzeva isə özünü qonşularına kanadalı kimi təqdim etmişdi. Ancaq qonşuları Natalyanın ləhcəsindən hiss etmişdilər ki, o, kanadalı deyil, slavyan (yuqoslav) əsillidir. Hər iki casus ər-arvad kimi iki il Sietldə yaşamış və Vaşlinqtondakı universitetlərdən birini bitirmişdilər. Kutsik həmin dövrdə müxtəlif yerlərdə, o cümlədən telekommunikasiya kompaniyasında mühasib və avtomobil satıcısı işləmişdi. Pereverzeva isə oğlunun tərbiyəsi ilə məşğul olurdu. 2009-cu ildə onların ikinci övladları dünyaya gəldi və bundan az sonra Kutsik işdən çıxarıldı. Bundan sonra ailə Sietldən Arlinqton şəhərinə köçdü. Ancaq 2010-cu ildə ər-arvad Kutsiklər Amerikada Rusiyanın xeyrinə casusluq fəaliyyəti ilə məşğul olduqları üçün FTB tərəfindən həbs edildilər. İstintaq zamanı məlum oldu ki, onlar ABŞ-da yaşadıqları müddətdə bir çox mühüm dövlət sirlərini əldə edərək, Moskvaya ötürə biliblər. Kutsiklər Sietlin ən hündür dairəsində yerləşən evlərində Moskvadan göndərilən kodlaşdırılmış radio məlumatları qəbul edərək, xüsusi kəşfiyyat tapşırıqları alırdılar. FTB Kutsiklərin evində axtarış apararkən kodlaşdırılmış radioməlumatların açarı hesab edilən şifrəni ələ keçirmişdilər. Bundan əlavə, Kutsik ABŞ-da fəaliyyət göstərmək üçün 2004-cü ildə Nyu-Yorkdakı “Kolambus-serkl”də Quryevdən pul almışdı. 2006-cı ildə isə o və Quryev Nyu-Yorkdakı Vurstboro adlı yerdə torpağa basdırılmış pul kisəsini götürmüşdülər. Bunu oraya hazırda axtarışda olan yunan əsilli digər casus - Metsos qoymuşdu. Quryev və Kutsik pul kisəsini basdırılmış yerdən çıxararkən FTB əməkdaşları onların şəklini çəkmişdilər. Yeri gəlmişkən, onu da deyək ki, oktyabrın sonunda bu foto ABŞ telekanallarında nümayiş etdirildi. Rusiya isə dərhal buna reaksiya verərək, bu cür kadrların televiziya vasitəsilə nümayiş etdirilməsini pislədi.
2009-cu ildə Kutsik Nyu-Yorkda Merfi ilə görüşərək ondan böyük həcmdə pul və xüsusi məlumatlar olan fləş-kart almışdı. Yuxarıda qeyd etdiyimiz kimi Kutsik və Pereverzeva 2010-cu il iyun ayının 27-də Arlinqtondakı evlərində həbs edildilər.
Mixail Semenko digər rus casusları ilə müqayisədə ABŞ-da əsl adı və soyadı ilə kəşfiyyat xarakterli məlumatlar toplayırdı. O, Xarbindəki (Çin) Texnologiya İnstitunu bitirmişdi. Sonra isə Amerikaya gedərək Seton Holl Universitetində oxumuşdu. Semenko sərbəst şəkildə ispan, Çin, ingilis dillərində danışırdı. O, müxtəlif işlərdə, o cümlədən Nyu-Yorkdakı “The Conference Board” şirkətində, daha sonra isə Arlinqton şəhərindəki “Travel All Russia” turist agentliyində işləmişdi. Semenko ilk dəfə FTB-nin diqqətini 2010-cu il iyun ayının 5-də restoranda şəxsi kompyuterindən kodlaşdırılmış məlumat ötürərkən cəlb etmişdi. Bu zaman restoranın yaxınlığında rusiyalı məmurun idarə etdiyi və diplomatik nömrəsi olan maşın dayanmışdı. Həmin il iyunun 26-da isə Semenko özünü rus casusu kimi qələmə verən FTB əməkdaşından içində 5000 dollar olan konvert almışdı. FTB əməkdaşının tapşırığı ilə Semenko içində pul olan konverti Virginiya parkındakı körpüdən müəyyən edilmiş yerə tullamalıydı. O, bu tapşırığı yerinə yetirdikdən az sonra FTB-çilər tərəfindən həbs edildi.
Yunan əsilli rus casusu Kristofer Metsos ABŞ-da casusluq edən həmkarlarını pulla təmin edərək, onlar arasında vasitəçi rolunu oynayırdı. Onun əsl adı məlum deyil. Metsosun uşaqlıqda dünyasını dəyişən birinin adı ilə fəaliyyət göstərdiyi bildirilir. 2010-cu il iyun ayının 29-da Metsos “Larnaka” beynəlxalq hava limanından Budapeştə gedən təyyarəyə minmək istəyərkən İnterpolun xahişi ilə yerli polis tərəfindən həbs edildi. Lakin o, 27 min avro (33700 ABŞ dolları) girov qoyaraq həbsdən yaxa qurtara bildi. Bundan sonra Metsos gizləndi. Onun axtarışı isə nəticə vermədi. Belə güman edilir ki, o, Cənubi Kiprdən hansısa naməlum ölkəyə qaça bilib.
ABŞ-dakı Rusiya casuslarının izinə düşən FTB 2010-cu il iyul ayının 13-də “Maykrosoft” kompaniyasında işləyən 23 yaşlı Aleksey Karetnikovun da casusluqda əli olması barədə bəzi məlumatlar əldə etdi. Lakin onun digər casuslarla hansı yollarla əlaqə saxlamasını müəyyən etmək mümkün olmadı. Həbs edilən Karetnikov yalnız ABŞ-ın immiqrasiya qanunlarını pozmaqda günahlandırıldı.
ABŞ-da fəaliyyət göstərən rus casusları fləş-kartlardan, xüsusi tekst məlumatlarından, kodlaşdırılmış rəsmlərdən istifadə edirdilər. Kodlaşdırılmış məlumatlara açar kimi isə kriptoqrafik proqramlardan istifadə edirdilər. Bundan əlavə, kodlaşdırılmış məlumtaları göndərmək üçün xüsusi ötürücülərdən, görünməz şəffaf boyaqlardan, ictimai yerlərdə xüsusi məlumatlar olan çamadanları dəyişdirmək metodlarından istifadə edirdilər. Məsələn, Çapman 2010-cu il yanvar ayında səyyar kompyuter vasitəsilə küçələrin birindəki kafedən həmin vaxt oradan keçən Rusiya səfirliyinin əməkdaşına gizli məlumat ötürmüşdü. İki ay sonra isə o həmin əməkdaşa kompyuterdəki radiosetdən isitifadə edərək, digər bir sirr ötürmüşdü.
Rus casuslarının Dmitri Medvedevin ABŞ-a nəzərdə tutulan səfərinə bir neçə gün qalmış həbs edilməsi iki ölkənin dövlət başçıları arasında görüşün baş tutması təhlükəsini əmələ gətirmişdi. Ancaq iyunun 30-da ABŞ rəsmi şəkildə bəyan etdi ki, səfirlik əməkdaşlarının casusluqla məşğul olmalarına görə rusiyalı diplomatları ölkədən çıxarmayacaq. Üstəlik, onlar həbs edilən casuslarla bağlı Rusiyaya qarşı hər hansı iddia qaldırmadılar.
“The Economist” qəzeti isə iyulun 1-də rus casuslarının həbsi ilə bağlı yazdığı yazıda Baş verən hadisələrin rus kəşfiyyatına və baş nazir Vladimir Putinin imicinə vurulan böyük zərbə və bunun KQB-nin iflası olduğunu bildirdi.
2010-cu il iyul ayının 6-da “The New York Times” qəzeti məhkəmə prosesində bir çox sirlərin açılmasından ehtiyat edən ABŞ xüsusi xidmət orqanlarının həbs edilən casusların dəyişdirilməsi barədə kompromis variant qəbul etdiyini yazdı. Bunun ardınca iyulun 7-də “Röyters” agentliyi Moskvadakı etibarlı mənbələrdən aldığı məlumata əsasən, 2004-cü ildə ABŞ-ın xeyrinə casusluqda ittiham edilən İqor Sutyaginin azad edildiyi barədə informasiya yaydı.
Nəticədə iki ölkə arasında əldə edilən razılığa əsasən, ABŞ-da həbs edilən 10 nəfər rus casusu, Mərkəzi Kəşfiyyata işləmək üstündə uzunmüddətli həbs cəzasına məhkum edilən Aleksandr Zaporojski, Gennadi Vasilenko, İqor Sutyagin və Baş Əks-Kəşfiyyat İdarəsinin polkovniki Sergey Skripalla dəyişdirildi. Rusiya kəşfiyyatı isə casuslar dəyişdirildikdən sonra öz uğursuzluğunu ört-basdır etmək üçün Anna Çapmanın simasında ən məşhur casus qadın obrazı yaradaraq, müxtəlif səviyyələrdə şoular keçirməkdə davam edir. Eyni zamanda Putin rus kəşfiyyatının uğursuzluğunu gizlətmək üçün dəyişdirilən casusların hamısını orden və medallarla təltif edib.

zaman.az

Комментариев нет:

Отправить комментарий