Страницы

14.06.2013

Aqşin Yenisey ilə maraqlı müsahibə

Bu şairin özünəməxsus xarakteri var. Güclü yumor hissi də ki, öz yerində. Qalmaqala meylli olmasa da çox vaxt qalmaqalların mərkəzində olur. Dediyinə görə, heç özü də istəmədən belə alınır. İstedadının və xarakterinin göstəricisi olan yaradıcılıq nümunələri və bəzi açıqlamaları onu həmişə “iki daşın arasında” saxlayır - onu istəyənlərin və istəməyənlərin.
O isə öz işindədir. Həm şeir yazır, həm nəsr, həm də köşə... Köşə yazıları onun güzəranına hesablanıb. Axı o da dolanmalıdır. Söhbət gənc və istedadlı şair Aqşin Yeniseydən gedir...


- Aqşin, səncə, ədəbi mühitdə yaxşı şair olmaq həm də ipə-sapa yatmamaqdır?
- Yaxşı-pis şair yoxdur məncə. Bir şairlər var, bir də şair obrazına girənlər. İpə-sapa, nə bilim, cəhrəyə, yun çubuğuna yatmayanlar daha çox ikincilərdir. Yəni şair obrazına girənlər. Onlar ədəbiyyatda özlərini təsdiq edə bilmədikləri, istedad deyilən şeyə tamarzı qaldıqları üçün kafelərdə, məclislərdə çığır-bağırla təsdiq olunmaq istəyirlər. Mənim ağlım belə kəsir.

- Şerlərinin mövzularını hardan alırsan? Onlar müşahidələrinin məhsuludur, yoxsa həm də yaşadığın ömür-gününü qələmə alırsan?
- Mən özüm-özümü şair eləməmişəm. Atamın nənəsi, yəni babamın anası öləndə 7-8 yaşım vardı. Onda arvadların arasında dayanıb insanın necə ölməyinə ilk dəfə baxırdım. O vaxt ölümdən elə qorxdum ki, bu qorxu məni şair elədi. İlk şerimi də elə cavan ölən dayıma ithafən yazmışdım. Düzdür, mütaliə, müşahidə istedad yaratmasa da onlar yaxşı yazmaq üçün vacib məsələdir, çünki oxuduğun kitabları da nə vaxtsa istedadlı bir adam yazıb.

- Yaşıdlarından çox fərqlənirsən. Həm yaradıcılığın, həm də düşüncə tərzinlə. Belələri azdır. Sən azlıqda olanlardansan. Çoxluğun içində narahat olmursan ki?
- Çoxuşaqlı ailədə böyümüşəm - 8 qardaş, 2 bacı. Evin böyük uşağı da mən olmuşam. Uşaqlıqdan məsuliyyət hissi ilə yaşamışam, çünki evdə baş verən hər hansı hadisəyə görə məni cəzalandırırdılar. Ona görə də indi belə bir azlıq-çoxluq problemim yoxdur. Mən yalnız yazı ilə üz-üzə qalanda hamını unuduram. Bircə Tanrıdan başqa.

- Salam Sarvanın təbirincə desək, sən axına qarşı gedirsən. Bundan yorulmursan?
- Yox, bu, tale və xarakter məsələsidir. İstəsəm də başqa adam ola bilmərəm. Hərdən oturub fikirləşirəm ki, niyə mənim həyatım, məsələn, qonşumuz Allahverdinin həyatı qədər adi deyil. Amma dərindən düşünəndə şükür edirəm ki, nə yaxşı Allah mənə Allahverdinin həyatını verməyib.

- Yazarların sayı artır. Bir vaxtlar Rəşad Məcidin "Gənc ədiblər məktəbi"ndə "təhsil alıb", şerin əlifbasını öyrənib, AYB-nin qapısından içəri girmək üçün bir-birlərini dürtmələyib içəri cumanların bəziləri bu günlərdə o qapıdan ildırım sürəti ilə "çölə" çıxdılar. Səncə, onlar hansı məqamda səmimi idilər?
- Vallah, mən o adamları heç vaxt şair-yazıçı hesab etməmişəm. Yazdıqlarını da heç vaxt oxumamışam ki, gözlərim kirlənməsin. Vaqif Bayatılının sözü olmasın, onlar ədəbiyyat mağarının səsinə yeddi ev uzaqda oynayan uşaq-muşaqlardır. Rəşad Məcidin özü kimi...

- Bu yaxınlarda Milli Kitab Mükafatı və “Azadlıq” radiosunun keçirdiyi ədəbi müsabiqəyə yekun vuruldu. Necə düşünürsən, orada obyektivliyə nə qədər riayət olunmuşdu?
- Ümumiyyətlə, mən Azərbaycanda keçirilən istənilən müsabiqənin obyektivliyinə inanmıram. Adi bir misal deyim. Köhnə bir dostum var, qohumları iki-üç il əvvəl münsiflərə bir ətək pul, toyuq-cücə verib güləşçi oğullarını çempion eləmişdilər. Gədə toyuqların hesabına birinci yerə çıxmışdı. Ədəbiyyatda da, musiqidə də belədir: əl və üz məsələsi.

Tural Balabəyli       virtualaz.org

Комментариев нет:

Отправить комментарий