Страницы

19.06.2013

Bir qadının albomuna yazılan şeir


Ölümdü, itimdi dünya əzəldən,
Hər dərdə, ağrıya öyrəşir ürək.
Bir gün mənim üçün qəribsiyərsən,
Gedək şəklimizi qoşa çəkdirək.

Bir gövrək, bir həzin xatirə kimi,
Bu anlar yadına düşər bir axşam.
Tutar əllərindən günün bir günü,
Sən cansız saydığın o şəkil adam.

Saçını sığallar ruh əlləriynən,
Gecələr gizlicə döyər qapını.
Adını eşitsən, heyrətlənmə sən 
Şəklim pıçıldayar sənin adını. 


Sonra ayaq açar yuxularına,
Qıymaz ki, bir ömür qalsın yarıda.
Şəklə çevrilər ay işığında
Bu otun, çiçəyin yarpaqları da.

Sənə həyan durar bu yer üzündə-
Yaz günü gövrəltsə yağışlar səni.
Axşamlar tək-tənha evə dönəndə
Şəklim gülə-gülə qarşılar səni. 

Əlin ver əlimə, gözlərimə bax,
Bu ömrün yükünü biz birgə çəkdik. 
Yaxın gəl, yaxın gəl qoşa dayanaq,
Ölümdən sonra da ölümdü təklik.

Комментариев нет:

Отправить комментарий