Страницы

19.06.2013

Peşman olan sevgi

Tural Sahab

Ayağının altında xışıldayan qar gözlərini qamaşdırır, qar dənəciklərinə enən ulduzların gözəlliyi ürəyindəki sönmüş duyğulara yenidən can veririrdi. Gecə bütün səssizliyi, qorxuducu atmosferi ilə gerçəkləşməyən xəyalların ağırlığından titrəyən kirpiklərinə enmiş, çox da uzaqda olmayan canavarların səsi artıq qorxudan deyil də, sevgidən qorxan qəlbinə acı bir sevinc verirdi. Yavaş-yavaş addımlayırdı sərt qış gecəsinin gizlətdiyi ensiz dağ cığırı ilə. Arada bir ayağı sürüşüb yıxılır və üst- başı qara qərq olurdu. Lakin tez ayağa qalxıb yoluna davam edirdi... Və etməliydi.
Bu yollarla geri qayıtmaq üçün gecikmişdi belə, daha artıq ləngimək olmazdı. Uzun zamandı gəlmədiyi kəndlərinə bir an öncə çatmaq istəyirdi. Öldükləri zaman yanlarında belə olmadığı ata-anasının məzarlarının qoxusu, sanki atdığı hər addımda ona yaxınlaşırdı. Öldürücü şaxta ana qoxusunun qarşısında aciz qalmışdı, bu ana torpağın altında olduğu halda.
                                                        ***
Otuz bir il əvvəl bir sevgi məsələsinə görə tərk etdiyi sevdiklərini aradan bu qədər vaxt keçdikdən sonra, sevgisiz bir ürəklə, nifrətin, acının taxt qurduğu bir ürəklə görməyə gəlirdi. Atasının dinləmədiyi məsləhətləri, anasının ağlaya-ağlaya ona yalvarması sanki otuz bir illik məsafəni aşıb, yaddaşının tellərini titrədirdi. İlk əvvəllər bu acıya dayana bilməyib öləcəyinə, ya da böyük bir aşiq olub səhralara düşəcəyinə inanırdı. Eyni ilə Nizaminin qəhrəmanı Qeys kimi...Lakin həyat poemaya, o da Qeysə bənzəmirdi.
Ancaq ötən illər saçlarının qarası ilə birlikdə qəlbindəki sevgini də ondan almış, səhra bildiyi şəhərlər onu Məcnun yerinə səfil bir dəli eləmişdi. Sevgi deyil də nifrət və peşmançılıq dəlisi idi o...
Qulaqlarının dibində həzin bir matəm müsiqisi səsləndirən rüzgar, sanki ona keçmişdən səslənirdi. Bir heç uğruna silib atdığı keçmişdən, ən gözəl illərini siqaret dumanında, içki şüşələrində keçirdiyi illərdən, bir də anasına belə qarşı gəldiyi o yalan-yalnış sevgidən...
İndi aclıqdan və yorğunluqdan ulayan qurdların səsi ona gələcəkdən səslənirdi. Artıq onun üçün “Bermud üçbucağı” qədər qaranlıq, illər öncə onu tərk edən təbəssümü qədər uzaq olan bir gələcəkdən. Bir canavar gəlib onun boğazından tutsa, o zəhərli qanını içsə nə qədər şad olardı kim bilir. Bu cür yaşamaq onu yormuş, aldığı hər nəfəs ona əzab-əziyyətdən savayı bir şey olmamışdı. Bir an Cek Londonun “Həyat eşqi” əsərini və oradakı insanı xatırladı...
...Maraqlı idi, həqiqətən, o insan yaşamağa doğru gedirdi və bir ac canavar onu addım-addım izləyir, onun həyat eşqini söndürməyə çalışırdı. O isə ölümə doğru gedirdi, ölmək istəyirdi. Canavalar ona yaxın gəlmir, sanki üstəlik ondan qorxurdular. Bu necə bir həyatdı, bu necə bir təzad? Ölüm biz yaşamaq istədiyimiz an bizi gəlib haqlayırdı. Ancaq gedtdiyi yol, gecənin vahiməsi, ayın və ulduzların qar üzərinə düşən əksi elə həmin əsərdəki ilə eyni idi. İndi bu haradan gəlmişdi ki, ağlına? Nə qədər çalışsa da təzaddan savayı bir əlaqə tapa bilmədi o əsərin qəhramanı ilə öz arasında. O, indi nə yemək, nə də su xəyalı qururdu, heç isti bir sobanın yanında olduğunu da düşünmürdü. Düşündüyü yazıq olmuş, onun axmaqlığı ucbatından yazıq olmuş, hədər getmiş ömrü idi. Özünü hər kəsdən ağıllı, dərrakəli hesab etdiyi, həyatın mənasını bir qadını sevməkdə gördüyü illəri nifrətlə yad edirdi. Gecənin son nəfəsi idi gündüzün dodaqlarında o kəndə çatanda. Ulduzlar daha görünmürdi, ay isə alnı qırışmış bir qoca kimi boynunu büküb günəşə tərəf boylanırdı. Gecənin ölümü ilə işiğın doğumu az öncə xatırladığı hekayə qəhramanı ilə özü kimi təzadlı görsənirdi. Lakin sabahdı və o artıq kəndlərinə çatmışdı.
Məzarlıq kəndin qırağında olduğundan, həm də evdə onu qarşılayacaq kimsənin olmadığını bildiyindən elə yolunu məzarlıqdan saldı. Qəbirlərin arasından yeridikcə onu vahimə basır, saçları biz-biz olurdu. Deyəsən, bayaqdan istədiyi-arzuladığı ölümdən qorxmağa başlamışdı. Nə qədər yaşamaqdan bezsə də özünü torpağın altında xəyal edə bilmirdi. İndi qalırdı məzarlıqda sevdiklərinin məzarını tapmaq. Bu da çox çətin gəlirdi ona. Axı dəfn zamanı yanlarında olmamışdı ki, biləydi məzarlarının yerini. İlk öncə anası, daha sonra isə atası bu iyrənc dünyadan köçüb getmişdi. Kənd camaatı yığışıb onları dəfn eləmişdilər. Ancaq kimsələri olmadığından qəbirlərinə baş daşı qoyulmamışdı, bax, buna görə tapmaq çətindi boynu bükük qalmış iki məzarı. Kəndə enib kimdənsə soruşa bilərdi, lakin çox utanırdı. Hansı üzlə,kimdən soruşacaqdı? Kimə deyəcəkdi ki,ay filankəs, mənə ata-anamın məzarının yerini göstər. Üzünə tüpürərdilər adamın. Hansı üzlə bu qədər vaxtdan sonra gəlib məzar yeri gəzirdi ki?! Haqlıydılar, daha doğrusu haqlı olardılar. Üzərində baş daşı olmayan, sadəcə daşlar yığılmış onlarca məzar vardı kimsəsiz və yetim qalan bu məzarlıqda. Üzərində bir dəstə gülü olmayan, arxasınca bir dua oxuyanı olmayan onlarca məzar. Görəsən, bunlardan hansı idi? Ağlaya-ağlaya gəzirdi qar basmış məzar daşlarının arasında. Axı,niyə belə olmuşdu? Niyə bu qədər səhvlər edə bilmişdi? Ata-anası ona heç vaxt pis olmamışdı. Onu böyüdüb, boya-başa çatdırana qədər nə əzablar çəkmişdilər, onu bir gün nə ac,nə də paltarsız qoymuşdular. Bu ata-ananın mükafatı bu olmamalıydı axı. Anlayırdı ki, məsələ sevdiklərinin məzarını tapmamaq deyil, sevdikləri onu bağışlamır, görmək istəmirdilər. Onun üçün də tapa bilmirdi iki boynu bükük məzarı. Onu bağışlasaydılar indi çoxdan tapmışdı. Baş daşlarındakı donmuş buz parçaları, onun yanaqlarında donmağa hazırlaşan göz yaşları ilə eyni idi az qala. Bu məzarlıqda elə bu ölülərdən heç nəyi ilə fərqlənmirdi artıq. Bəlkə ölülər ondan hələ bir az şanslı idilər heç olmasa bir evləri, bir yurdları vardı, ən əsası isə, onun çəkdiyi acıları çəkmirdilər. Bir daşın üstünə oturub qışqıra-qışqıra ağlamağa başladı, fəryadı dağ-daşı lərzəyə salırdı. Kişilər səsli, ağı deyərək ağlamazdı, ancaq o ağlayırdı. Məzarlarını tapa bilmədiyi ata-anasını, bir də məhv olan, bitən, yanıb külə dönmüş keçmişini. Göz yaşları çarə olsaydı, anasının gözlərindən axan yaşlar onu yolundan döndərə, həyatını məhv olmağa qoymazdı. Ancaq göz yaşları indi onun qədər gücsüz və aciz idi. Acısını, yanğısını atrırmaqdan savayı bir işə yaramırdı. Yazıq ana indi onun göz yaşlarını duyursa, məzarında qəhrindən bitib tükənirdi.
                                                        ***
Bir hüzn bəstəsinə bənzəyirdi indi onun addımları. Dünyanın ən gözəl şairinin yazıb, ən bacarıqlı bəstəkarının bəstələdiyi bir bəstə. Məzarlıqdan evlərinə gedən yol bu qədər uzunmu idi, görəsən? Yox, yox ola bilməzdi, axı uşaqlığında bu yolları azmı qaça-qaça gəlib getmişdi? Azmı məzar daşlarından qorxduğunu bəlli etməmək üçün uca səs ilə mahnılar oxumuşdu? Bəs indi niyə,yollar ona bu qədər uzun görsənirdi? Gücü-qüvvəti də yerində idi hələlik.Yox olan ruhuna, qəlbinə inad ayaqları və qolları gəncliyində olduğu kimi güclü idi. Ancaq gəl gör ki,bu yollarda ayaqları onu aparmaqdan aciz qalır, gözlərinin yaddaşından itmiş doğma el-obası qəlbinə xəncər kimi saplanırdı. Bax , budur kəndin girəcəyindəki ilk ev göründi. Bu ev sinif yoldaşı Gülnarın atasının evi idi. Vəli dayı kəndin say-seçmə kişilərindəndi bir vaxtlar, indi yəqin ki, çoxdan ölüb. Bəs ,görəsən Gülnara nə oldu,kimlə evləndi? Yenə də bu kənddəmi yaşayır? Gülnar ilk qəlb ağrısı idi onun, birinci sinfə birlikdə getmişdilər. Ancaq nə qədər ağlasa da müəllimləri onu Gülnarla eyni partada oturmağa qoymamışdı. 11 il boyunca sevdi, ancaq balaca-çəlimsiz bu oğlanı bəyənməmişdi Gülnar xanım. Bu acı ilə məktəbi bitirib instituta oxumağa getdi, bir ilin içində elə böyüyüb boy-pos atdı ki, gəl görəsən. İlk aylarda onu bəyənməyən qızlar ikinci semestrdən sonra onun dərdindən öləsi oldular. O da sakit durmadı, dünyanın heyfini bu qızlardan çıxartdı. Hər həftə qolunda bir qızla gəzir, institutun işıqdan kasıb otaqlarında qızlarla xoş anlar yaşayırdı. Bax, belə bir ili başa vurub kəndlərinə qayıtdı. Gülnar onun bu halını çox bəyənib, qonşunun balaca oğlu ilə ona bir sevgi məktubu göndərdi. Məktəb illərində olan sevgisi kinlə, intiqamla əvəzləndiyindən üç ay boyunca Gülnarın başına açmadığı oyun qalmadı. O kolluq, bu dərə, filankəs dayının mal tövləsi, filanca xalanın öldükdən sonra boş qalan evi deyərkən sentyabr gəldi və şəhərə qayıtmalı oldu. Gülnar ha gözlədi ki, ondan nəsə bir xəbər gələcək, ya elçilər bu gün-sabah qapılarını döyəcək, ancaq olmadı. Nə ondan bir xəbər gəldi Gülnara, nə də ki, elçilər qapılarını döydü. Daha bilmədi Gülnara nə oldu, kiminlə evləndi. Elə o ildən sonra yayda belə olsun kəndlərinə qayıtmadı. İl boyu institutda oxuyur, yayda isə işləyirdi. Elə onu bu hala salan qadınla da dördüncü kursun yayında tanış oldu və ona vuruldu. Qız da onu sevirdi. Nə isə... Əsgərliyə gedib-gələndən sonra evləndi və ata –anasının sözlərini dinləmədən arvadı ilə başqa bir ölkəyə köçdü. Bu yaşına qədər o şəhər sənin,bu şəhər mənim deyə-deyə gəzdi. Bəlkə sevdiklərinin üzünə ağ olduğundan Allah ona övlad vermədi. Getmədikləri həkim,baş vurmadıqları çarə qalmadı,ancaq olmadı.
Və nəhayət arvadı olacaq qadın yeddi il əvvəl özündən cavan bir kişi ilə qaçdı,qaçarkən də onu izləməsin deyə sənədlərini də özü ilə aparmışdı. Artıq heç nəyi yox idi. Nə ailəsi, nə də ki, sığınacağı bir evi. Bu yeddi il səfil bir həyat tərzi ilə keçirdi... Axırda çox əziyyətdən sonra doğma ölkəsinə qayıda bildi. İndi Vəli dayının evinin yanında keçəndə Gülnara etdiklərini düşünüb vicdan əzabı çəkirdi. Kaş o vaxt elə Gülnar ilə evlənib kəndlərində qalaydı, bəlkə indi onun da uşaqları, doğma bir ocağı olardı, ancaq artıq gec idi, həm də çox gec...İndi evlərinə gedən küçənin başında idi. Atdığı hər addımda atasının, uşaqlığnın qoxusu gəlirdi.
                                                              ***
Bax, bu ev də qonşuları Samirgilin evi idi. Uşaq vaxtı hər gün sabah mehriban dost olub oynadığı Samirlə günorta dalaşıb düşmən olardı.Axşama doğru isə yenidən dostlaşardılar.Böyüklər onların bu halını bildiklərindən heç vaxt qarışmırdılar uşaqların işinə.
Yavaş-yavaş addımladıqca uzaqda it səsləri gəlirdi, ancaq nə hikmətsə itlər ona hürmür, onu görən kimi zingildəyib qaçırdılar. Uşaqlığında onların da bir iti var idi. Bir qəşəng ağ iti idi. Bağdan açılan kimi çaqqaldan, tülküdən nəsə bir şey öldürüb gətirməliydi. Hələ bir dəfə bir çöl donuzu da öldürmüşdü ki, bunu hər it edə bilməz. Uzun və kəskin caynaqları olan çöl donuzundan itlərin çoxu qorxur.Canavarla isə qarşılaşmamışdı deyəsən, ya da ki, onun yadına gəlmirdi.O, itləri öləndə nə qədər ağlamışdı, babası bir balaca küçük tapıb gətirənə qədər göz yaşları qurumamışdı. Bu kənddə insanlar heyvanlarına belə dəyər verirdi,lakin uğruna illərini verdiyi arvadı onu başqasına dəyişmişdi.
Evlərinin yanına çatdı, hasarı uçub –dağılmış, salamat qalan daşları mamır bağlamış bu hasarın üstündən nə qədər o tərəf- bu tərəfə tullanmışdı, neçə dəfə yıxılıb qolunu-qıçını sındırmışdı. Bunlar yadına düşdükcə hıçqıra-hıçqıra ağlayır, anasının isti qucağında olub başını onun sinəsində gizlətmək istəyirdi. Uşaqlığında olduğu kimi qorxurdu, lakin indi qaçıb sığına biləcəyi bir ailəsi yoxdu yanında. Evlərinin damının bir tərəfi çöküb, içəri düşmüşdü.Yağan qar evlərinin içinə də yağır, təkcə evlərinin içinəmi? Yox,yox! Bu qar onun həm də keçmişinə, təbəssümünə yağırdı.
Aradan keçən bu otuz bir ildə tanıdıqları insanların çoxu ölmüş, digərləri isə tamamı ilə dəyişmişdi, qısacası, onun bu kənddə tanıdığı heç kim yox idi. Bu soyuq qış səhərində onu bir isti çaya dəvət edən olsaydı, sobanın qırağında buz tutmuş əllərini isitsəydi nə gözəl olardı. Sobalardan göyə ucalan duman yuxarılara çatmadan məhv olsa da, həyatdan, isti bir yuvadan xəbər verirdi.İndi uçub dağılmış bu evlərindən də bir zamanlar tüstü ucalardı göylərə, atası hər səhər o yuxudan oyanmamış yerindən qalxar və sobanı yandırardı. Yuxudan oyananda otaq qəşəngcə isti olar, anasını dəmlədiyi çayın qoxusu, sobanın üstündə istdiyi çörəyin ətiri onu valeh edərdi. Yatağı, bax, bu uçuq divarın yanında idi, anası divardan nənəsində yadigar qalmış bir xalça asmışdı, hər gecə bu xalçanın naxışlarına baxıb xəyallar qurardı. Uzaqlara,ç ox uzaqlara getməyin xəyalı ilə yuxuya gedərdi. İndi o xəyalların hamsı arxada qalmışdı, bir zamanlar xəyal olanlar, indi yaşanmış xatirələrdi. Əslində, insan ömrünün uşaqlıq çağı və qocalığı bir-birinə çox bənzəyirdi. Bax,indi də uşaqlıqdakı kimi heç nəyi yox idi. O qıraqda gördüyü stul qırığnının üstündə həmişə atası əyləşərdi,o da atasının dizlərinin üstündə oturub,onun nəfəsini duya-duya ləzzətlə dincələrdi. Anasını atasından çox sevsə də atasının qucağında özünü çox əmin hiss edər,heç nədən qorxmazdı. Kaş ki,indi atası yanında olaydı. Görəsən, qoca yaşlarında, ayağı tutmayan yaşlarında ona kimsə yardım etmişdimi? Yoxsa yıxılanda saatlarca yerdəmi qalmışdı? Aman Allah, o nə qədər alçaq bir övlad olmuşdu.Yazıq atası, görəsən, öldüyü zaman bir əlini tutub,bir içim su verən oldumu,yoxsa atəşlərdə qıvrana-qıvranamı öldü?
                                                      ***
Sabahın ayazına meydan oxuyan bir tütək səsi onu içində itib-batdığı bu düşüncələrdən ayıltdı. Səs evlərinin alt tərəfindən gəlirdi.O vaxtlar bu ev yox idi, son vaxtlarda tikilmiş olmalıydı. Ona görə də kimin olduğunu bilmirdi,ancaq həzin tütək səsi onu səs gələn tərəfə doğru aparır, asta addımlarla gedən ayaqlarına əngəl ola bilmirdi. Artıq evə yaxınlaşmışdı, istəmədən də olsa qapını yavaşca döydü,bir neçə dəqiqədən sonra balaca bir oğlan uşağı qapını açdı.Qapılarında dayanan,üzü-başı soyuqdan donan bu yabancı uşağı xeyli qorxutmuşdu.Uşaq tez evə qaçdı,bu dəfə uşağın atası qapıya yaxınlaşdı və qapının ağzında soyuqdan pərişan olmuş bu adamı evə dəvət etdi. Lakin onu soyuqdanmı, yoxsa utandığındanmı tərpənəcək halı qalmamışdı.Bunu görən dəliqanlı özü qocaya yardım etdi, üst-başının qarını təmizlədikdən sonra,qoluna girib onu evə apardı. Tez sobanın yanına bir stul qoyub orada əyləşdirdi, xanımına bir ləyən su gətirməsini söylədi. Qadın bir neçə dəqiqədən sonra soyuq su ilə geri qayıtmışdı,dəliqanlı tez qocanın əllərini, üzünü və ayaqlarını soyuq su ilə ovdu.Ona zoğal mürəbbəsi ilə isti bir çay içirtdilər.Qoca yavaş –yavaş özünə gəlirdi,onu bayaqları qapını açan oğlan uşağı və ondan bir-iki yaş balaca bacısı maraqlı gözlərlə izləyirdilər. Uşaqlar günahdan uzaq olan gözləri ilə bu yabancıya elə sevgi dolu nəzərlərlə baxırdılar ki,onun ruhudakı buzlar da əriyirdi. Uşaqların gözündə yaşamağı və sevgini görürdü. Ancaq ,artıq gec idi yaşamaq üçün. Nifrətin tikanları onun qəlbini elə sarmışdı ki, bir daha çətin ki,özünə gələ biləydi.Birdən gözü divardan asılmış bir şəklə dəydi, bir toy şəkli idi bu.Kişini tanımırdı,ancaq qadın nədənsə yaman tanış gəlirdi. Hələ ki, xatırlaya bilmirdi. Ev sakinlərinin verdiyi bütün suallara o susaraq cavab verirdi,bir qədər sonra onu dilsiz hesab edib,sual verməkdən vaz keçdilər.Hər halda qonşu kəndlərdən birindən idi bu dilsiz,yaşlı qoca.Dumanlı ,qarlı qış gecəsində necə olubsa yolunu azıb onların qapısına gəlib – deyə düşünməyə başladılar.Əgər belə idisə yaxında onun qohumları axtarmağa başalayacaqdılar,onlar gələnə qədər bu qocanı evdən çölə buraxmaq olmazdı.Qocanın gözləri isə divardakı şəkildən asılı qalmışdı.Bu qadın çox yaxşı tanıdığı biri olmalıydı,amma kim? Bu sual onun beyninə elə əzab verirdi ki, az qalırdı başını divarlara vursun.Birdən başı hərləndi,oturduğu stuldan yerə yıxıldı. Bu ola bilməzdi! Divardakı şəkil bir zamanlar sevdiyi,lakin başına oyunlar açıb tərk etdiyi Gülnarın şəkli idi. Demək, onların evləri idi bu ev və Gülnar da ölmüşdü. Bax,bu gördüyü oğlan da onun oğlu, bu da onun ailəsi olmalıydı. Utancından gözlərini aça bilmirdi. Niyə Allah ona bu əzabı yaşadırdı? Ölsəydi də bu utancı yaşamasaydı. Bir təhər gözlərini açdı, indi onu bir yatağa uzatmışdılar,bayaqkı dəliqanlı tibb bacısını gətirmək üçün evdən ayrılmışdı .Evin uşaqları isə yaşlı qonaqlarını maraqlı gözlərlə izləyirdilər. Uşaqların anası da qonaqları cana gəlsin deyə bayaq ərinin kəsdiyi beçəni təmizləyirdi.Onun gözləri isə yenə də divardan asılı qalmış şəkildə idi.
Bir qədər sonra tibb bacısı gəlib onu müayinə elədi və heç bir şeyi olmadığını dedi.
Bundan sonra ev əhli rahat bir nəfəs aldı. Artıq gəlnin bişirdiyi beçə onun qabağında idi,bir təhər onu doğrultdular. Qarşısında olan təzə təndir çörəyindən kiçik bir parça qırıb beçənin suyunda isladaraq ağzına apardı.Çox ləzzətli idi. Bayırda, deyəsən, külək əsirdi, vıyıltıdan insan vahiməyə düşəcək qədər bərk əsirdi külək. Evdə isə yanan soba,i sti çay və beçənin əti çöldəki çovğuna meydan oxuyurdu sanki. Nəhayət, yeməyini bitirib,bir də isti çay içdi.İndi evin balaca sakinləri ilə söhbət edə bilirdi.Dəliqanlı qocanın divardakı şəklə tez- tez baxdığını görüb sözə başladı:
- Anam Gülnarla atamın şəklidi .Daha doğrusu, mənə atalıq edən insanın.Bax o yan tərəfdəki evi görürsünüzmü? O uçub dağılan evi? Bax, o evdə yaşayan bir nəfərlə anam cavanlığında sevişib. Anam onu çox sevirmiş, o da anamı sevdiyini dilə gətirirmiş hər fürsətdə. Elə ki, anam onu o qədər sevib, ona o qədər inanıb ki, hər şeyini, sahib olduğu gəncliyini, bakirəliyini –hər şeyini ona bağışlayıb. Lakin o əclaf anamı tərk edib. Anam o zamanlar mənə hamilə imiş. Çox ağır günlər keçirib anam. Dəfələrlə özünü öldürmək istəsə də hər dəfə onu xilas edə biliblər. Və bir gün mənə atalıq edən o kişi çıxıb anamın qarşısına,evləniblər. Ölənə kimi o kişi mənə öz atam kimi davrandı,bir dediyimi iki eləmədi. Ancaq atam olacaq əclaf bizi atıb getmişdi çoxdan. Deyilənə görə, otuz ilə yaxındır kənddən çıxıb, kimsə harada olduğunu bilmir.
Bu sözləri dinlədi! Bəli! Onun öz oğlu idi. İllərcə övlad üçün hər şeyi etmişdi, lakin öz ovladını anası ilə birlikdə tərk edib getmişdi.Sakitcə ayağa qalxdı,nə qədər elədilər onu dayandıra bilmədilər.Qapını açıb çölə çıxdı və küləyin vahiməli səsini dinləyə -dinləyə üzü dağlara tərəf getməyə başladı. Daha onun yaşamağa haqqı yox idi. Bu qədər vaxtdan sonra oğluna:
-Mən sənin atanam!-deyə bilməzdi.
Adddımları buz tutmuşdu indi, yeriyə bilmirdi. Əllərini də tərpətməyi bacarmır, sadəcə gözlərini sağa-sola hərəkət etdirə bilirdi. Bəli,indi o ayaq üstdə bir dağ başında yavaş-yavaş donurdu. Yəqin ki, bir azdan ac qurdlar onun cəsədini parçalayacaq, bir məzarı belə olmayacaqdı. Ancaq bütün bunlar onun vecinə də deyildi. Sadəcə ölmək istəyirdi, bu utancdan xilas olmaq üçün.A rtıq küləyin səsini eşitmirdi,ətrafa da qaranlıq çökmüşdü. Aldığı hər nəfəsin sinəsini paraçaladığnı anlayırdı və daha nəfəs də almaq istəmirdi.Bütün gücünü toplayıb ciyərlərində qalan son havanı da təbiətə qaytardı.Bəli,indi o nəfəs də ala bilmirdi.Bir qar damlasının üzərində qalan baxışları onu harasa bilmədiyi bir yerə aparırdı.Sadəcə baxışları qalmışdı ondan geriyə.Yaşadığı həyatdan heç nə xatırlamır,bir qar dənəsi kimi xoşbəxtcəsinə səmada rəqs edirdi.

Комментариев нет:

Отправить комментарий