Страницы

23.06.2013

ETİMAD BAŞKEÇİD - QOCA YANŞAQ

- hey zalım, acımasız qədər,
tfu sənə! –
deyə yanını yerə verdi qoca yanşaq,
bir daha yataqdan qalxmamaq üzərə
və bir daha oxumamaq üzərə.
pambıq yorğanını çəkdi üstünə…

ölüm haqdı,
gələn gedəcək,
dünya fanidi, -
yanşaq bunların hamısını bilirdi
ölüm ölümdür, fərqi nə?
amma, axı qoca yanşaq, bir Allah şahiddir,
heç yanşaq kimi ölmək istəmirdi.

- hey zalım, acımasız qədər,
tfu sənə, –
buymuş demək ki, mənə biçilmiş ömür –
qoca yanşaq deyindikcə deyindi

    -  demək, imkansız bir ölüm üçün 
                 əlləşirmişəm,-
bir az da bəsirətindən gileyləndi.

ölüm ayağında qoca yanşağın,
acılamadığı adam qalmadı.
axırda:
     - sən mənə züy tutmusan ömrü boyu,
 oğraş gədə,-
deyə sadiq balabançısını da yamanladı.

qoca yanşaq ölüm ayağında
mələklərin xorunu dinləyirdi artıq,
qoca yanşaq  yanşaq kimi ölmək istəmirdi
ancaq neyləməli ki, ölüm haqdı.

- hey zalım, acımasız qədər,
tfu sənə! –
deyə yanını yerə verdi qoca yanşaq,
bir daha yataqdan qalxmamaq üzərə
və bir daha oxumamaq üzərə.
pambıq yorğanını çəkdi üstünə…

Комментариев нет:

Отправить комментарий