Страницы

28.06.2013

Hə dostum, gəl otur...

Faiq Balabəyli

Hə dostum, gəl otur
elə burda, yanımda,
ay sağ ol, bax belə...
çoxdandır görünmürsən
mən də elə sənin kimi,
xəyalların yol-yoldaşı,
bir udum havanın əsiriyəm.
İndi ürəyin istəyirsə
dünən yuxuda gördüklərini danış,
danış görüm necədir, dost-tanış,
necədir orda gün-güzaran?
Danış görüm sən də yuxunda
balalarının əlindən tutub gəzdinmi,
ananın bişirdiyi çörəyin tamına tamsındınmı,
tamsındığın çörəyin bişdiyi təndirin içinə

uşaq kimi ayaqlarını sallayıb
qapı-bacanın uşaqları ilə
dövrələmə oturmaq keçdimi könlündən?
Kəndinizin qırağı ilə qıvrılan çayın
susuzluğundan dodaqların çat verdimi?
Çayır otlarının üstündə uzanıb
 göy üzünə baxdınmı?
Darıxdınmı, dostum, yuxuda...

Hə, dostum, belədir bütün bu işlər
məndə də ancaq yuxuda baş verir görüşlər...
Bax, siqaretim də qurtarıb
çəkimişəm hamısını,
bilirsən, çəkmək mənim üçün çox asandır
öyrənmişəm siqarete də, dərdə də
gözləri ilə yol çəkməyə də..ş
çəkmək müxtəlif olur,
Bax bayaq
səndən siqaret alıb çəkən oğlanın
bura düşməsinə səbəb də elə çəkməyi olub,
o, cibdən pul çəkərmiş,
çəkdiyi pulun hesabına da anaşa...
indi isə cəza çəkir...
çəkmək heç də yaxşı hal deyil.

Durma dostum, otur burda,
 elə burda bu daşın üstündə,
mən yerimi sənə verən deyiləm,
 rahatdır mənim yerim,
özünə nə qədər yer tapmamısan çətin olacaq sənə,
burda gərək hər adam yerini bilə, özünü tanıya...
Sən arada yuxularını gəl danış mənə,
hamısını yox, məsləhət bildiyini,
Onsuzda burda hamımız eyni yuxu görürük-
uşaqlığımızı və uşaqlarımızı
kəndimizi,
kəndimizin kənarıyla axan çayı,
otu-ələfi...
 bizi sevənləri və sevməyənləri...

Комментариев нет:

Отправить комментарий