Страницы

23.06.2013

Qonşu arvadıyla qorxulu yuxu

Rüfət Əhmədzadə

Gözlərinə inana bilmirdi. Necə olurdu ki, qonşu olduqları bir il ərzində həmişə uzaqdan yanıb-yaxıla baxdığı, rastlaşanda isə adi salam verməyə utandığı bu qadın indi yanında idi?
Yanında deyəndə ki, üstündə. Üstündə deyəndə ki, qucağında... Qucağında deyəndə ki... Əşşi, necə izah eləsən, yenə də Kazımın düşdüyü bu vəziyyəti təsvir eləmək çətin olar.
Qonşu arvadı ilə kipə-kip birləşmişdi, böyrəkləri qadının dizləri arasında sıxıla-sıxıla qalmışdı, boynu, sinəsi və beli cırmaq-cırmaq olmuşdu... amma ağrıları həzzə qarışaraq, böyrək nədir, can nədir, dünyanı belə yadından çıxarmışdı Kazımın! İndi Kazım tamam başqa dünyanın sakini idi. Bəlkə də Kosmosda uçurdu, özünün xəbəri yox idi. Amma yox, o Yerdə, Azərbaycanda, Bakının M* kəndinin “Bələdiyyə” küçəsində idi və qonşu arvadı ilə vacib bir məsələni həll edirdi.

Amma niyə? Nəyə əsasən? Və necə olmuşdu ki, Kazım hər gecə öz xarabasında, öz arvadının yanında yatdığı halda, birdən-birə gəlib bu canıyanmışın qucağına düşmüşdü? Ya da ki, altına girmişdi... Ya da ki... Əsl zibilə düşmək deyildimi bu?
Kazımın gərgin ehtiraslı anlar içində qısa qapanma kimi ağlına ani gələn bu fikirlərlə, daha doğrusu cavabsız suallarla əlləşməsi çox çəkmədi və öz-özünə ürəyində “sonra” deyib, “indi”nin ləzzətini çıxarmağı üstün tutdu.
Qonşu arvadı üstündə daha da acımasız şəkildə atılıb-düşməyə, onu da cırnatmağa başlayırdı. Kazım bir istədi yanına düşüb qalan qollarını hərəkətə gətirsin, qucağındakı çılpaq qadının ağappaq bədənini, hamar və yumşaq sinəsini sığallasın, lap xarici filmlərin qəhrəmanları kimi ikiəlli bu mələyin döşlərindən sıxıb arxası üstə yıxsın, mövqeyi dəyişsin, sonra da onu qucağına alıb ayağa qaldırsın...
Bax, məsələn, son illər ürəyində bir arzu yaranmışdı Kazımın: nə vaxtsa gözəl bir gündə, 100 kiloluq arvadını qucağına alıb divara dirəyəcək, tər su yerinə axacaqdı divardan... Lap təzə evləndikləri günlərdə olduğu kimi. “Günlərdə” deyəndə ki, toydan 1 ay sonra olardı, hələ özündən 10 kiloqram ağır olan 70 kiloluq Məhbubəni qucağına alıb divara söykəmişdi, onda da belə sərpmiş və bu cür tryuklar üçün yararsız hala düşmüşdü.
Bir pələng çevikliyi ilə, Sadiqəni qucağına alıb divara söykədi. İtələ ki, itələyəsən.
- Off, Sadiqə, sən nə yaman şeysənmiş... Rasimin ağlı yoxdu, sənin kimi mələyi qoyub gedib Rusyetə...
Sadiqə isə dinmir, sadəcə iniltilər çıxarmaqla yetinir və uzun dırnaqları ilə onun kürəyini cırmaqlayırdı.
- Hə, Sadiqə... Belə... İndi qurtaracam...
- Kazım, ay Kazım!
- Can Kazım, de görüm canım mənim, Sadiqəm mənim...
- Canıva azzar, dur ə yuxudan!
Danq! Başına nəsə bərk şey dəydi.
Yerindən dik atıldı. Tükəz əlindəki qapaqovuranla ərinin başından necə ilişdirmişdisə, yazıq Kazım bimirdi ufultuyla yerində qıvrılsın, yoxsa nə baş verdiyini ayırd edib tələsik bəhanə uydursun.
- Nə sadiqəbazlıqdı, ay oğrac? Bu nədi, səsin uşaqları da durğuzub yuxudan. Utanmırsən ə?!
Kazım yerində durub oturdu. Bir əlində qapaqovuran tutan arvadına, bir də qapının ağzında sual dolu nəzərlərlə duran yarıyuxulu oğlu və qızına baxdı. Bir anlıq utandı özündən. Amma indiyə qədər ona əl qaldırmayan, sadəcə deyinməklə kifayətlənən Tükəzin indi başına tava çırpması ona yer eləmişdi.
- Özüvü yığşdır, azz. Sən xeyr ola...
- Kəs səsivi, düdük, - Tükəz yaman qızışmışdı, - Sadiqə, Rasim, Rusyet... Bu nədi, ay oğrac.. Olmaya nəsə var?
Kazım gördü ki, əks-hücum alınmadı, ona görə də dərhal müdafiəyə keçdi.
- Vallah arvad, heç nə yoxdu, balarımın canıyçün heç nə yoxdu. Yuxudu də... Adi yuxu!
Tükəzin iri sinəsi qalxıb-enir, genişlənmiş burun həlqələrindən çıxan fısıltı bütün otağı bürümüşdü. Tükəz dinmirdi, amma üzünə baxanda bilinirdi ki, bu dəqiqə ərini parçalamağa, tikə-tikə doğramağa belə hazırdır.
Rasim cəld yerindən durdu, uşaqlara “gedin otağıvıza” deyə çımxırdı, onlar dərhal qapıdan uzaqlaşandan sonra isə tələsik çarpayının yanındakı stuldan şalvarını götürüb geyindi. Və arvadının qəzəbli baxışları altında dəhlizə çıxdı.
- Tez elə, şirinçay-zad hazırla, işə gecikmişəm.
Tükəz daha heç nə demədi. Amma ürəyində dedi ki, “Kazım, bir də duxun var, qonşunun arvadını yuxunda gör”. Hətta Sadiqəni belə tutub cırıqlamaq barədə ani plan qurdu. Sonra isə dərhal fikrini dəyişdi. Ayıbdır, millət buna nə deyər? O yazıq nə etsin ki...
İldırım sürəti ilə bu sözlər də beynindən keçdi:
- Harası yazıqdı ki? Dükançı Eminlə gəzən qancıq mənim ərimlə də gəzər, hələ o yana da keçər! Aaa, görəsən, bu pozğun, hayasız ibnə başqa kişilərin də yuxusuna girirmi?
***
Sadiqə on bir yaşlı oğlu Cümşüdü qonşu küçədəki dükana göndərmişdi. Uşağa da belə deməyi tapşırmışdı: “Anam deyir ki, bir kilo yağ, bir kilo qənd, iki çörək, bir qutu da çay versin, bir saata özü gəlib pulunu verəcək”. Əslində pul-zad verməyəcəkdi. Belədir ki, uşaqla göndərməyə pulu da var idi... Amma məsələ başqa idi və uşağın həmişə dükançı Eminə dediyi “anam özü filan vaxta gələcək” sözləri əslində ismarıc idi. Yəni ki: “Hazır ol, anam gələcək səni bihuş eləməyə!”... Emin də bu “bihuş olmağın” əvəzində Sadiqənin nəinki ərzaq borcunu silir, hətta şəhərdən aldığı ətir, pomada, pudra və ya başqa bahalı hədiyyələr verirdi. Əsas məsələ heç hədiyyə də deyildi. Emin zorla başqasına ərə verilən qonşu qızı Fəridənin acısını həmin dəqiqələrdə unudur, Sadiqə Rusyetdə arvad saxlayan ərindən bu yolla qisas alırdı. Beləcə, hər ikisi başqaların olan acıqlarını bir-birindən çıxırdılar.
Həm də ehtirasla... Eminin özü demişkən: “-casına” və “-cəsinə”.
Uzun qamətli, qara buruq saçlı, ağ sinəli, bədəni çox da kök olmayan, amma iri döşləri, ağ əndamı, ətli dodaqları və badamı qara gözləri ilə hər yanından keçdiyi kişini özünə tamarzı edən Sadiqənin də dərdi var idi. Bu dərdin adı Rasim idi - ilk illər dolanışıq üçün Rusiyaya gedən, sonrakı illərdə isə sadəcə ikinci dəfə ailə qurub birinci ailəsini unudan əri. Onu qaytara bilmirdisə də, öz aləmində belə cəzalandırırdı.
Hətta Eminin üstündə vəhşi kimi atılıb-düşdüyü anlarda da bu sözləri deyirdi: “Ala, Rasim! Bax, Rasim. Ay, Rasim... Səni sevirdim axı!”... Emin əvvəlcə bu sayıqlamalardan qorxmuşdu, amma sonra məsələnin nə yerdə olduğunu anlayıb öyrəşdi. Hətta Sadiqə onunla sevişəndə “Can Emin” dediyi zaman üzünü turşudur, “ərini nə tez unutdun, az?” deyərək qonşu arvadına tərbiyə verirdi.
Rasim ailəsinə nə qədər biganə olsa belə, tez-tez maraqlanırdı, mobil telefon işlətməyə icazə vermir, ev telefonuna gələn zənglərin siyahısını da Bakıya gələndə ATS-dən çıxarırdı. Hətta Sadiqənin tez-tez Eminin yanına getməsi, ondan sonra dükanın bağlanması da qulağına çatmış, ötən həftə evə zəng edib arvadını hədələmişdi.
Uşaq mağazada olarkən, Sadiqə duş almağa girmiş, özünü bu həftəlik görüşə hazır edirdi. Əslində Sadiqə elə də gəzəyən qadın deyildi. Sadəcə həftədə bir dəfə Eminlə görüşürdü, başqa heç nə. Hə.. Bir də ki, aradabir Rasimin dostu Zülfüqar qonaq gəlirdi. Onda da təsadüfən, heç özü də istəmədən, bir il əvvəl bu evə təzə köçdükləri günlərdə ilişmişdi. Rasim özü tələsik Moskvaya uçan günün səhərisi, dostu Zülfüqar məhz onun tapşırığı ilə bu evə təzə çilçırağı quraşdırmağa gəlmiş, bu an Sadiqənin xalatının kəməri açılmış, sonra Zülfüqar da gördüyü mənzərədən dəli olub gəlinbacısının üstünə atılmışdı. Və o gündən bu günə, Sadiqə heç özü də bilmədən... Hə, harda qalmışdıq, elə bu arada Cümşüd hövlnak içəri girdi, qaça-qaça düz hamamın qapısının ağzında dayandı.
- Ay mama, ay mama!
Sadiqə tez duşun səsini kəsdi, tələsik qətifəyə bürünüb başını qapıdan çıxardı.
- Nolub, dədə?
Rasim oğluna atasının adını qoymuşdu, ona görə də, Cümşüdə hamı “dədə” deyirdi. Hətta qonşular da.
- Nolacaq, Səməd ağzına gələni danışır məhlədə!
Sadiqə heyrətləndi.
- Səməd kimdi, a bala?
Qaraşın, qırmızı yanaq və toppuş bir uşaq olan Cümşüdün qara gözləri bərəlmişdi. At kimi tövşüyürdü.
- Ay mama, Tükəz xalanın oğlu da. Uşaqlara deyib ki, atam yuxuda Sadiqə xalanı görüb. Onlar da mənə lağ edib gülürlər.
Sadiqəni sanki ildırım vurdu.
- Vaxsey, tez get Səmədi çağır bura, ona tapşırım ki, belə gic-gic şeyləri danışmasın.
Uşaq ağlamsınmışdı.
- Ay mama, hamı danışır ey...
Sadiqənin səsi daha da sərtləşdi.
- Get uşaqların hamısını yığ gətir.
Uşaq donquldana-donquldana çölə çıxdı, Sadiqə isə cəld geyinib üzünü-gözünü səliqəyə saldı. Beş dəqiqə sonra qonaq otağında beş-altı oğlan uşağı var idi. Amma Səməd qorxusundan gəlməmiş, qaçıb evə getmişdi.
Sadiqə pulqabından bir dəstə manatlıq çıxarıb Cümşüdə verdi.
- Ala, hərəsinə iki manat ver, - sonra ciddi sifət alıb uşaqlara xəbərdarlıq etdi, - Yekə oğlanlarsız, hansısa başıxarab nə deyirsə, siz buna qulaq asmayın, danışmayın. Cümşüd də bir kişinin oğludu. Heç bilirsiz, Rasim əmi xəbər tutsa nə edər? Bütün məhləni qırar! Eşitdiz? Bir də belə şeylər eşitməyim!
Uşaqlar “Baş üstə, Sadiqə xala” deyib, acgözlüklə Cümşüdün payladığı pulları alıb ciblərinə dürtüşdürdülər.
- Bax, belə! Evdə də heç nə deməyin, sabah da sizə dondurma alacam. Səmədə də qulaqburması verin, bir də elə qələt eləməsin.
Cümşüd də əlində qalan üç manatı özünə saxladı, uşaqlar hamısı bayıra çıxdılar. Sadiqə Cümşüdün də bayıra çıxdığını görəndə arxadan səsləndi:
- Dədə, sən gəl bura görüm! Emin əmiyə dedinmi?
- Emin əmi dükanda yoxdu, ay mama, dükanı da bağlayıb gedib rayona. Suğra xalayla Məmməd Əmini aparıb qayıdacaqmış.
- Yaxşı, onda özüm gedib “İ-Market”dən bazarlıq edərəm. Sən get oyna bala, mənim evdə az-maz işim var.
Sadiqənin “İ-Market” dediyi yer Eminin qatı düşməni, onun nakam məhəbbəti Fəridənin atası İsfəndiyarın obyekti idi. “Mini-market” tipli bu mağaza küçədən bir az aralıda, maşın yolunun kənarında idi. Vaxt var idi, bütün yaxın küçələrin sakinləri İsfəndiyarın mağazasından bazarlıq edirdi. Baha olsa da, nisyə mal verirdi. Amma ondan nisyə mal alan adam borcunu bir aydan çox gecikdirsə, borcunun üstünə faiz gəlirdi. Ona görə də, İsfəndiyarı bu ərazidə kimsə sevmir, “sələmçi” kimi tanıyırdılar. Əvvəl ondan çəkinirdilər, amma kasıb uşaq kimi tanıdığı, “bir dəri, bir sümükdür” deyə qızını vermədiyi Emin düz qapısında mağaza açandan sonra İsfəndiyarın bazarı ölmüşdü. Emin ondan-bundan borc alaraq dükan açmış, qiymətləri də ucuz eləmişdi ki, “İ-Market”in bazarı zəifləsin. Düz üç ay olardı ki, Eminin ticarətə girişməsi İsfəndiyarı dəli eləmişdi. Və qərara almışdı ki, bu cüvəllağının qulağını bursun. Amma necə? Necə olacaqdı, Eminin Sadiqə ilə yatıb-qalxması şayiə kimi də olsa, küçədə hamıya məlum idi. Sadəcə əlverişli fürsət olmalı idi ki, Emini ilişdirib Rasimlə üz-üzə qoysun. Rasim də ki, neçə aydır – qışdan bəri öz xarabasına gəlmək bilmirdi.
Lopa bığlı, daz başlı, 50 yaşlarında olan İsfəndiyar kişi uzaqdan burcuda-burcuda gələn Sadiqəni görəndə təəccübləndi. “Nə əcəb, bu matah biz tərəfə də gəlir”, - deyə öz-özünə donquldandı.
Uzun ətəkli, amma sinəsi döşlərinin arası görünəcək qədər açıq olan mavi don geyinmiş Sadiqə mağazanın qapısından girəndə, İSfəndiyar piştaxtanın arxasından çıxıb qabağına qaçdı.
- Salam ay gəlin, necəsən? Eşitdim çoxdandı naxoş idin?
Sadiqə çaşıb qaldı.
- Nə naxoşluq, ay İsfəndiyar əmi?
- Nəbilim, uşaqlardan soruşdum ki, bizim gəlin görünmür, köçüblərmi? Dedilər naxoşlayıb, evdən bayıra çıxmır, - İsfəndiyarın irişə-irişə dediyi sözlər Sadiqəni sancdı. Kişi qarşsındakı gəlinin tutulduğunu hiss edəndə daha da ürəkləndi. – Əslində elə gəlin evdə oturmalıdır də.... Amma insafın olsun, uşağı arada biz tərəfə də yolla, pay-puşunu göndərək!
Sadiqə çəsələni anlamışdı. Nəsə deməyə çalışdı, amma bilmədi nə desin. Odur ki, guya utana-utana dilləndi:
- Eh, İSfəndiyar əmi, Rasim gedəndən evdə hər iş bounuma düşüb. Durub turba-zad düzəldirəm evdə... Bir az naxoşlamışdım. Cümşüd də uzaqlığı bəhanə edir, gedir Emindən alır şey-şüyü. Həmin o oğlan da.. Sən tanıyırsan.
“Sən tanıyırsan” cümləsi İsfəndiyarı silkələdi. Qızı Fəridənin toy günündə Eminin restorana içib gəlməsi, dava-dalaş salmasını xatırladı. Onda qardaşı uşaqları Emini yaxşıca çırpmışdılar, amma İSfəndiyarın hirsi soyumamışdı. Tüfəng götürüb bir dəfə Eminin üstünə də getmişdi. Amma Eminin atası Məmməd də köhnə hərbiçiydi – İsfəndiyarı əlində qumbarayla qarşılamışdı. Və bununla da, İsfəndiyar suyu süzülə-süzülə evə qayıtmışdı.
İsfəndiyar daha heç nə demədi, Sadiqənin nə istədiyini soruşub tələsik yola saldı. Amma Sadiqə mağazadan çıxmağa hazırlaşanda Tükəzin içəri girməsi ab-havanı daha da ağırlaşdırdı.Tükəz Sadiqəni görən kimi onun qolundan yapışdı.
- Bura bax, ay lotu, bizim uşağı niyə döydürmüsən?
Sadiqə yenə çaş-baş qald. Nə döydürmək? Və birdən anladı ki, ondan pul alan qonşu uşaqları qaza gəliblər, Səmədi bir qırağa çəkib əzişdiriblər. Amma özünü o yerə qoymadı.
- Ay qonşu, bu nə danışıqdı, hansı lotuluğumu görmüsən? Kimi döydürmüşəm, axı?
Balacaboy olsa da, yekə qarnı, yoğun ətli qolları olan və daim belinə şal bağlayıb gəzən Tükəz daha kükrədi:
- Ağəz, lotuluqlarını saysam qurtarmaz ey! Sən kimsən, uşaqlara pul verib demisən ki, Səmədin qulağını burun, hə?
İsfəndiyar da, Sadiqə də özlərini itirmişdilər. İsfəndiyar narahat idi ki, mağazası darmadağın olacaq. Sadiqə isə saçları yolunmaqdan qorxurdu.
- Ay Tükəz bacı, ona-buna deyirdi ki, atam Sadiqəni yuxuda görüb. Mən də həm onu, həm də başqa uşaqları evə çağırdım ki, başa salım. Başa salım ki, ayıbdı belə şeyləri danışmaq. Mən nə bileydim ki...
Tükəz düz Sadiqənin çənəsinin altına qədər gələr, yerindən tullanırmış kimi onun sözünü kəsdi:
- Uşaq neynəsin, ağəz? Uşaqdı da... Sən də yaxşı gəlinsən, onun-bunun yuxusuna girmə.
Sadiqə qəhqəhə çəkdi, qarşısındakı qadını itələyə bilmədiyini anlayaraq bir addım geri çəkildi. Əslində Tükəz mənasız söz işlətdiyinin fərqində idi, amma ortada şərəf məsələsi var idi və əvvəlcə ərinin yuxusuna girən, sonra da doqquz yaşlı oğlunu döydürən bu həyasızı “nokaut” eləməliydi.
Sadiqə qapıya doğru gedərək, Tükəzə baxmadan dedi:
- Sənin ərin xalxın arvadını niyə yuxuda görür, get ondan soruş!
Tükəz qollarını yanlarına qoyub, Sadiqənin arxasınca çığırdı.
- Ay ləçər, ay lotu... Zato, mənim ərim arvadını atıb nataşaların yanına getməyib!
Sadiqə özünü eşitməzliyə qoyub mağazadan çıxdı. Arxada isə gərgin müzakirə gedirdi. Tükəz olanları məsələdən bixəbər İsfəndiyara danışır, o isə hiss etdiyi ləzzəti gizlədərək, qaşqabaqla başını bulayırdı. Həmin gün axşama qədər bu söhbət bütün küçəyə, sonra da başqa küçələrə yayıldı. Biabırçılıq idi. Amma kimin günahkar olduğu hələ dəqiq deyildi. Tükəz ərinə hirsli olsa da, onu özgənin ayağına vermirdi:
- Ərim neynəsin? Kişidi də... Yəqin, bu lotu ona göz-qaş atıb, yazıq Kazımın da ağlı qarışıb. Bəlkə də cadu-zad eləyib, bilmək olmaz... Mən görürəm, çoxdan bizim kişini qıyqacı süzürdü...
Yazıq Sadiqə isə Kazımın üzünü əməlli-başlı xatırlamırdı. Amma bilirdi ki, mebel sexində usta işləyən Kazım çox eybəcər kişidir və qonşu arvadlar tez-tez öz aralarında “Tükəzin meymun əri” deyirdilər. Amma bu yuxu söhbətindən sonra, Sadiqənin özündə də ona qarşı maraq yaranmışdı. Hərdən Tükəzin həyasızlığını xatırlayıb gülümsünür, öz-özünə deyirdi:
- Görəsən, yuxuda nə görüb? Nə eləmişik? Amma pis olmazdı ha... Tükəzə od qoyardım.
Amma sonra özünü yığışdırır, “Bircə bu çatışmırdı” deyərək, fantaziyalarını idmançı bədənli, yaraşıqlı Eminə yönəldirdi.
***
Axşama bütün qonşular Kazımın yuxusundan danışırdı. Qadınlar narahat idi ki, birdən onların kişiləri də yuxuda bu gəlini görər, biabırçılıq olar. Elə o kişilər də narahat idi ki, niyə Sadiqə onların yox, Kazımın yuxusuna girir. Elə həmin gecə möcüzə baş verdi. Amma möcüzənin xəbəri səhər çıxdı.
Gecə içkili halda toydan qayıdıb qonaq otağında yatan Kazım qonşu arvadlarının həyətdən gələn səsinə oyandı. Fatma, Xeyransa və Səmayə adlı qonşu arvadları “Tükəz, ay Tükəz” deyə çağırır, hamısının da səsindən və üzündən hövsələsizlik, əsəb yağırdı. Kazım gözünü ovuşdura-ovuşdura pəncərənin yanında durdu, amma səsini çıxarmadı. Bilirdi ki, arvad söhbətini kənardan izləmək və dinləmək daha faydalı olar.
Donquldana-donquldana yataq otağından qapıya doğru qaçan Tükəz əynindəki xalatın kəmərini bərkidib üzünü qonşu arvadlarına çevirdi.
- Nə var, az? Nolub, səhər-səhər nə xəbərdi?
Birinci Fatma danışdı.
- Nə olasıdı, ay bajı, bu qanjıx bizim Ələsgərin yuxusuna girifdi.
Sonra Xeyransa danışdı.
- Tükəz, bu nə bəladı, bizim qoca Kərim də yuxuda “Sadiqə, Sadiqə” deyirdi.
Onun sözünü iki oğlu da nişanlı olan dul qadın Səmayə kəsdi.
- Mənim öz yuxuma girib o lotu. Hədələyirdi məni. Deyirdi, oğlanlarını az təriflə, bir göz eləsəm, ikisinin də nişanı pozular!
Tükəzin dəhşətdən dili-dodağı qurumuşdu. Elə, içəridən söhbəti dinləyən Kazım da...
Elə bu vaxt Sadiqə uşağın yatmasından istifadə edərək tələsik Eminin dükanına getmiş, rayondan təzəcə gələn Emindən məsləhət istəmişdi. Qərara gəlmişdilər ki, bir neçə gün görüşməsinlər, amma Emin dükana gəlib-gedən qonşuları sakitləşdirməli, yuxulara inanmamağa çağırmalıydı. Amma faydasız... Yuxu söhbəti acı bağırsaq kimi uzanıb gedirdi. Emin demişkən, axırı “-casına” və “-cəsinə” qurtara bilərdi.
***
Kazımın Sadiqəni yuxuda görməsindən üç gün keçirdi. Artıq küçədə bığ yeri təzə tərləyən yeniyetmələr belə, hər səhər dostlarına yuxuda Sadiqəni gördüklərini deyir, hərəsi də bir cür süjetli əhvalat uydurub danışırdı. Sadiqəni yuxuda görmək qürur əlaməti olmuşdu. Hətta yuxusunda hansısa qadını görən başqa küçələrin cayılları da "Bələdiyyə" küçəsinə axışırdı ki, yuxudakı o qadının Sadiqə olub-olmadığına əmin olsunlar. Bu isə küçənin qadınlarını dəli edirdi. Bəs necə? Qeyrət-namus əldən gedirdi! Bir yol tapılmalıydı! Axırda Fatma xala ilə Xeyransa xala hardansa Rasimin Rusiya nömrəsini tapdılar, zəng edib dedilər ki, dur gəl: "Tez elə, dur gəl, arvadıvı xalxın yuxularından yığışdır!"
Rasim onların nə demək istədiyini anlamadı. Fatma bir ağız danışıb telefonu Xeyransaya verdi, Xeyransa da cır səsi ilə şaxsey-vaxsey qaldırıb telefonu Fatmanın üstünə atdı. Axırda kontur bitdi, amma Rasim anladı ki, arvadı nəsə düz iş görmür.
Onda İsfəndiyarın telefon nömrəsi var idi, cəld ona yığıdı.
- Ay İsfəndiyar əmi, nə məsələdir? Qonşu arvadları mənə zəng eləmişdilər. Vay-şüvəndən heç nə anlamadım.
İsfəndiyarın əlinə fürsət düşmüşdü, amma özünü baiskar çıxarmaq istəmədən nəm-nüm elədi.
- Qardaşoğlu, necə deyim... Biz M* kəndini tanımırsan? Burdana asqırırsan, o başda eşidirlər...
- Yaxşı, nə məsələdir? Omaya bizim arvada kimsə sataşıb?
- Necə deyim ey... Bu dükançı Emin var ha...
Rasimin səbri daraldı.
- Hə, tanıyıram, nə qələt edib?
- Əşşi.. Bir az özünü yaxşı aparmır. Necə deyim ey, subay oğlandır...
- Bəsdi, başa düşdüm, ilk reyslə Bakıya uçuram! – Rasim əsəbi halda dəstəyi asdı, İsfəndiyar isə kefikök halda soyuducudan bir pivə götürməyə getdi.
***
Kazımı kim içirtmişdi belə? Niyə bu qədər içmişdi? Və niyə evə səhərəyaxın gəlirdi? Yaxşı, taksini burda niyə saxlatdırıb? Öz qapısına hələ var idi... Amma Rasimin qapısını döyürdü.
- Sadiqə, ay qız, çıx görək, sənə sözüm var...
Kazım sözləri ağzında çeynəyərək, hıçqıra-hıçqıra danışırdı.
Sadiqə əynində xalat çıxdı qapıya. Qorxa-qorxa qapını açıb sərxoş Kazımı gördü. Bunun nə iti azıb burda? Həm də elə mərəkə qaldırıb ki, bütün qonşular indi yığışacaq.
- Qonşu nə lazımdır?
- Sən lazımsan, mələyim!
Kazım darvaza qapısını zorla itələyib özünü içəri, daha doğrusu Sadiqənin üstünə atdı. Sadiqə müqavimət göstərib onu üstündən atmağa çalışdı, amma Kazım artıq xalatın yaxasını açmış, başını onun döşləri aasına soxmuşdu. Əlləri ilə Sadiqənin qollarını yerə sıxmış, ayaqlarını da qatlayıb qıçlarının üstündə oturmuşdu. Sadiqə hərəkət edə bilmirdi. Amma qışqırmağa da cəsarəti çatmırdı. Lakin üfunətli araq qoxusu onu necə iyrəndirdisə, var gücünü toplayıb onu itələdi və çığıraraq evə qaçdı.
Kazım da onun arxasınca durub qaçmağa çalışarkən... Danq! Tükəz qapaqovuranla özünü çatdırmışdı. Kazım tirtap yerə sərilmişdi. Ev qapısının ağzında xalatını səliqəyə salan Sadiqə isə qəzəbli Tükəzə uzaqdan-uzağa yalvarırdı.
- Vallah, Tükəz bacı, mən heç nə eləmədim...
- Kəs səsini, ləçər, bütün məhlənin yuxusunu qarışdırmısan... Sürüyəcəm səni!
Xeyransa, Fatma və Səmayə də özlərini çatdırmışdılar. Hamısı da qollarını çırmalayıb hücuma hazırlaşırdılar ki...
- Ay mama, Rasim əmi gəlib, Emini dükanın qabağında it kimi çırpır!
Bu xəbər hamını bir anda ayıltdı. Hətta yerdə sərilmiş Kazım da başını qaldırıb oğluna baxdı, nəsə zaryıb yenə üzüqoylu yıxıldı.
Rasimin aeroportdan birbaşa qonşu küçəyə gəlmiş, Emini yuxudan durğuzub elə həyətdəcə, elə Eminin özü demişkən, “-casına” və “-cəsinə” döyürmüş.
Hay-küyə yığışan küçənin sakinləri, elə Sadiqənin özü də əynini geyinib ora qaçdılar. Və tələsik sözü bir yerə qoyub qərara gəldilər ki, Rasimi birtəhər sakit etsinlər, qan axmasına imkan verməsinlər.
Kazım isə yazıq idi, iki uşaq atasını zibilə salmaq nəyə lazım idi?

Комментариев нет:

Отправить комментарий