Страницы

16.06.2013

Sözlər

Cavid Şükürov (İLAH(o)man)

Yaxşı bilirəm sözlərin sevgiyə zərər olduğunu. Məsələn, şəkillərinə baxanda Səni səssiz sevirəm. Top gurultusu, güllə gilizləri, qaçqınlarla dolu yük maşınları, azca qayğısızlıqla sarılmış uşaqlığıma nəzər salanda da sözlərin olduğu yerdə hüzursuzluq görürəm. Atamla anam sözləşərdilər hərdən: atamın maaşı gecikəndə, çörəyin qiyməti yenə qalxanda, qohumlardan, yaxınlardan birinə müharibədə olan oğlunun qara xəbəri gələndə... Belə vaxtlarda atamın gözləri qan çanağına dönüb qaşları düyünlənərdi, səsi sümük kimi sərt olardı, sonra durub həyətə çıxardı, gövdəsini qurd yemiş sısqa söyüd ağacının altında dayanıb uzun-uzadı siqaret sümürərdi.
Qaşları bir az da düyünlənərdi. Anam gözlərini silib sınmış stəkanın qırıqlarını yığışdırar, evi sahmana salmağa, ya həyəti süpürməyə, lap axırda da yarılanmış un kisəsinə baxmağa gedər, mənim:
- Ana, nə olub? –sualıma acıqla:
- Heç nə, - deyərdi.
Sonra bir axşam gözləri şişib qızarmış anam, qaşları Qordo düyününə dönmüş atam və mən oğlunun “itgin düşüb” xəbəri gələn qohumumuzgilə gedərdik. Yol boyu atamgil pıçıltıyla nəsə danışardılar. Uşaq gözlərim atamın əlindəki közərtinin sönmədiyini görərdi bütün bu vaxtı. Arabir də kibrit alovunda gözlərini görərdim onun - soyuq parıltıyla yanan (Həmişə qorxardım bu parıltıdan). Getdiyimiz evdə kimsə susmazdı. Hamı nəsə danışardı. Qadınlar dil-boğaza qoymazdılar heç. Kişilər bütün vaxtı siqaret çəkər, arada kal səslə öskürər, bir-birinə acıqla baxar, dəxlisiz şeylərdən danışardılar. Bir az keçmiş qadınlar oturan tərəfdə sözlər küyə dönərdi. Ardınca da hamısı ağı deyib ağlaşardılar. Mən də oturduğum (daha çox gizləndiyim) küncdən çıxıb anamın yanına gedər, əlimlə başını qaldırıb gözlərinə baxar, soruşardım:
- Ana, nə olub? O da isti, göz yaşıyla islanmış əliylə başımı sığallayar, kövrək-kövrək deyərdi:
- Heç nə, ay bala,heç nə...
Sonra yenə ağlardı...
Hələ uşaqkən bilirdim sözlərin hüzuru pozduğunu...
Evə qayıdanda yatmış olardım. Atam qucağında gətirərdi məni. Hərdən oyananda mənə xoş gələn, öz qoxusuna qarışmış, burnumu dolduran siqaret iyindən, bir də azca yanağımı dalayan cod bığlarından bilərdim. Sabah gözlərimi ova-ova masa arxasına keçəndə anamın süfrəni hazırlaya-hazırlaya dediklərini eşidərdim:
- Kişi güllənin, mərminin arasına niyə getdi, axı? O boyda cəbhədə hardan tapacaq oğlunu? Atam dillənməzdi, əsəbi barmaqları cibindəki siqaret qutusunu yoxlayardı...
... Hələ uşaqkən bilirdim sözlərin sevgiyə zərər olduğunu. Məsələn, şəkillərinə baxanda Səni səssiz sevirəm...

Комментариев нет:

Отправить комментарий