Страницы

31.07.2013

Məryəmin intiqamı

Aybəniz Əliyar

Ya Rəbbim! Səni, eləcə də kimi sevirsənsə onu sevməyim üçün mənə məhəbbət bağışla; elə et ki, mən sənin məhəbbətinlə işlər görə bilim: elə et ki, sənin məhəbbətin mənə özümdən, ailəmdən və var-dövlətimdən daha qiymətli olsun. (Məhəmməd Peyğəmbər s.ə.s.)
*  *  *
Arzu günəşi doğdu bu səhər, göyərtdi hər tərəfi. İncə duyğulara bələnmiş sarı qızılgüllər suçlu-suçlu boylandı rəngindəki günəşə. Ləçəklərində puçur şehlər qurudu nur sahibinin alovlu baxışlarıyla. Yeni həyat başladı bu səhər. Təzə-tər, duyğusal-romantik, çəkingən-utancaq sevgilərlə. Bu zalım dünyaya səpələnmiş, hələ də ağızlarından çiy süd qoxusu getməyən, hələ də kiçik beyinləri ilə normal düşünməyi bacarmayan üzüdönük insanların içərisində doğulan yaxşı cəhətdən seçilənlərin acı taleyindən bixəbər yeni dan yeri söküldü yepyeni bir ümid işığında. 

Hər insanın bir həyat hekayəsi var. Doğru-dürüst yaşadıqları və bunlarla bərabər həmin insanın yaşamaq istədikləri. Bəzi insanlar başına gələnləri yaşadığını sanır,  bəziləri Allahın onun  başına gətirdiklərini, bir qismi də məhz elə düşünür ki, həyatlarını özləri qurur, özləri də yaşayırlar. Mən başına gələnləri yaşayan insanlardanam, həmyerlim və dostum Həmid də Allahdan başına gələnləri yaşayanlardandır. Onunla tanışlığımız ikimizin də artıq evli, çoluq-cocuq sahibi olduğumuz vaxta düşdü. Bizi bir-birimizdən fərqləndirən də, lap elə bir-birimizə bağlayan da onun din əhli, mənim isə bir az açıq desək, dinin qəbul etmədiyi azad düşüncə sahibi olmağım idi. Əslində biz bir rayonun ayrı-ayrı kəndlərində böyüyən, sonradan bu həyat adlandırdığımız oyunun başqa-başqa səmtlərə atdığı və insafən yenidən qovuşdurduğu insanlar idik. Həmid məndən beş yaş böyük olmasına baxmayaraq yetərincə həyat təcrübəsi qazanmışdı. Mən isə bu keşməkeşli aləmdə özümü elə də təcrübəli bir insan kimi görmürdüm. Həyatım məni onun qədər çətinliklərə salmamışdı bəlkə də. Əlbəttə, mənim də dinə azdan-çoxdan marağım vardı. Axı mən də bir dindar ailədə dünyaya göz açmış, hələ körpəlikdən babamın Quran oxuyub, namaz qıldığının şahidi olmuş, evimizdə yığılan qonaqların bir çox hallarda dini mübahisələrini dinləmişdim. Söz yox ki, babam bizə dinlə bağlı bütün bildiklərini rəvayət formasında nəql edir və bizi öz təbirincə məlumatlandırmağa çalışırdı. Artıq orta məktəbdə oxuyanda ərəb hərfləri ilə oxuyub-yazmağı öyrənib, namaz qılmağa başlamışdım. Amma babam qəfildən rəhmətə getdi və bununla da mənim dinlə bağlılığım kəsildi. İndi neçə illərdən sonra bir din nümayəndəsi ilə tanışlığım mənə o uşaqlıqda qalan yarıyolda qırılmış bəzi istəklərimin baş qaldırmasına səbəb oldu. Mən artıq ali təhsilli, yetişkən, hələ üstəlik kifayət qədər sərbəst düşünməyi bacaran bir iş sahibi olmuşdum. Həmidlə demək olar ki, çox az-az rastlaşa bilirdik. Necə deyərlər, xeyirdən xeyirə, şərdən şərə. Bütün bunlara baxmayaraq aramızdakı səmimi söhbətlərlə ətrafımıza yığışanları da heyrətdə qoymağı bacarırdıq. Əsasən də söhbətlərimiz dini mülahizələrdən ibarət idi. Və bir gün belə gözəl söhbətlər əsnasında o mənim namaz qılıb buraxdığımı eşidəndə əsl dinə bağlı bir insan təbirincə heyrətini gizlətmədən namazı kəsənlərin "müşrik" olduğunu dedi. Bu söz mənə bir sillə kimi dəydi. O zamanlar onun dini söhbətlərinin təsirinə o qədər düşmüşdüm deyə yadıma gəlir ki, bu fars mənşəli sözü eşidəndə mənasını bilməsəm də (hər halda xeyirli söz olmadığı açıq-aşkar bəlli idi) çox qorxdum desəm bir az pis çıxar, özümü günaha batmış kimi hiss elədim, ya da nə bilim, bir işi sona qədər başa çatdıra bilməyən insan olduğumu boynuma almaqda çətinlik çəkdim. Tez də: "Gələn aydan mütləq namaz qılacağam"- dedim. O bu dəfə gülümsündü, çox sakitcə və aramla "Niyə bunu elə bu axşamdan etmirsən?" sualını verdi. Nitqim tutuldu. Yerində verilmiş sual idi. Bir gün möhlət istədim. Həmid insana təsir etməyi yaxşı bacarırdı. Sonradan evlənib işi ilə əlaqədar buralardan getməli oldu. Vaxt keçdikcə onun yeri görünür, yavaş-yavaş onsuz necə darıxdığımı hiss edirdim. Şirin söhbətləri, özünə məxsus danışıq təzri olduğundan belə insanlar həmişə ətraflarını ələ almağı bacarır və təbliğatçılıq gücləri ilə diğər insanlardan seçilirlər. Demək olar ki, həyatımızdakı bir çox nüansları bir-birimizlə paylaşmışdıq. Mənim sirdaşıma və bu yaşıma qədər qazana bildiyim yeganə dostuma çevrilmişdi. Əslində çılğın bir dəliqanlı idi Həmid, həm çox inadkar, həm də çox təmkinli görünüşü vardı. Cavan olsa da həyatını dinə bağlamağı və bu fani dünyanın bir çox ləzzətlərindən imtina etməyi çox insanın təəccübünə, yaxşı marağına səbəb olurdu. Hərdən bəzi dəli-dolu gənc yoldaşların ona etdiyi ərkyana zarafatlara verdiyi sanballı cavabları ilə hamını susdurmağı, hətta heyrətləndirməyi bacarırdı. Bax, Həmiddə mənə xoş gələn elə bu idi: hazırcavablığı, dürüstlüyü, səbrli davranışı. Yəqin bir çoxlarına elə gələ bilər ki, ürəyində Allah sevgisi olan, axirətin olduğuna inanan və bu dünyayaa o dünyanı qazanmaqdan ötrü gəldiyini düşünən   insanlar cahil olurlar (hər halda indi bir çoxları məhz belə fikirləşir), xeyr, mən belə deməzdim, İslamı tam dərk edən insan kamil insan sayılır əslində. Həmid də gözəl ürək sahibi idi, hələ özlüyündə bir dünya sevgisi ilə hamıdan fərqli düşünərək, hamıdan fərqli hərəkət edərək doğru qərarlar verirdi. Yadımdadır, həmişə sevgidən söz düşəndə qonşuluqda yaşayan Məryəm adlı bir gözələ necə məftun olduğunu çox böyük maraqla  xatırlayardı. Bu zaman sanki gözlərinin dərinliyində bir ümid kimi yanıb-sönən həyat eşqini görməmək mümkün olmazdı. Gəncliyin unudulmaz və çılğın sevgisi iştə mən buna deyərəm. Sevdiyin gözəlin yatdığı gecələrə şahid, oyandığı sabahlara vurğun olan bir kəndin uşaqları olmaqdan heyrətamiz heç nə ola bilməzdi. Eyni məktəbdə oxuyur, dərsdən sonra da eyni məşğələyə gedib -  gəlirdilər. O həmin qızı mənə o qədər də yerli-yetaqlı təsəvvür etməyib, heç mən də dostumun qəlbini fəth edən həmin mələyi həyat gözüylə görməmişəm, amma yenə də mənə elə gəlir ki, həmin yerin ən gözəl qızına aşıq imiş. Həmidin təmiz qəlbi ilə yanaşı, yoldaşına etibarı, fərqli zövqü olduğunu dəqiq bilirdim. Bəlkə də o qızın gözləri onsuz yaşadığı qaranlıq gecələrdən daha qara, onsuz qarşıladığı işıqlı gündüzlərdən daha nurlu idi, kim bilir... Hündür boyu, hələ də unutmadığı incə gülüşü olduğu yəqinimdi. Çünki bu gözəl o incə gülüşləri ilə bəzənərək gözlərini bir an belə qırpmadan Həmidə "yox"deməyi bacarmışdı. Dostumun cəsarəti və aydın təxəyyülü vardı. Teist olmasına baxmayaraq realist olmağı da öyrənmişdi. Bu eşitdiyi acı etirafdan bir daha dönməyəcəyinə tam arxayın formada çıxıb getmiş, o qıza olan hisslərini elə beşiyindəcə boğmağı bacarmışdı. Bununla da bir kəndin iki gəncinin - Məryəm adlı qızın və Həmid adlı oğlanın ayrı-ayrılıqda öz həyat hekayələri başlamışdı. 
Çox zaman yazıçılar insan həyatları haqqında məlumatların acına çevrilirlər. Onlar beləcə real hadisələrlə qaynaqlanmış heyrətamiz əsərlər yarada bilirlər. Mən Həmidi tanıyandan sonra onun həyatına biganə qala bilmirdim. Sanki bu insanda nə isə Allahın sevdiyi bir xüsusiyyət vardı. Özünün səmimiliyi ilə bir çox insanların etmədiyini edə bilirdi. Öz bəlağətli danışığı ilə qarşısındakının ruhuna hakim kəsilə bilir, sanki ətrafındakıları onu dinləməyə məcbur edirdi.
*  *  *
" Hər kəsin üç şəxsiyyəti var: ortaya çıxardığı, sahib olduğu, sahib olduğunu anladığı." (Alphonse Karr)
*  *  *
 Hər zaman qəlbinə yaxın olduğunu hiss etdiklərimiz, candan sevdiklərimiz öz uğursuz həyat hekayələri ilə bizləri kədərləndirməyi bacarır. Hətta bu zaman yaşadığımız bəzi uğursuzluqları xatırlayaraq doluxsunuruq. Bəli, Həmid olmuşları belə danışırdı: Uşaqlığımı yaxşı xatırlayıram, yay uzunu dincəlməzdim. Gah bağa, gah bostana, taxıla, biçinə, hara gəldi nənəm məni arxasınca dartardı. Qızmar günəş altında biçindən sonra yerdə qalan püfələri yığar, bostanlardan tərəvəzlər götürüləndən sonra uruya düşərdik. Qış zamanı da babamın mal-qoyun naxırına gedər, tövləyə, ota baxardım. Bütün bunlara yanaşı orta məktəbdə də yaxşı oxuyur, əlavə olaraq dini kurslara da gedirdim. Elə o zamanlarda da eyni məktəbdə oxuduğum Məryəm adlı qızı sevdiyimi başa düşmüşdüm. Onun məhəbbətini qazanmaqdan ötrü əslində nə edəcəyimi bilmədən hisslərimi nə vaxtsa bir gün ona da aça biləcəyimə ümid edirdim. Ona uzaqdan baxır, özü də hiss etdirməyəcək dərəcədə sevməkdə davam edirdim. Hisslərim qəlbimin bir bucağında özünə isti yuva qurmağı bacarmışdı. Dini təhsilimi başa vurub, tam ayrı bir ixtisas sahibi olmaqdan ötrü ikinci dəfə sənədlərimi toplayaraq yenə ali məktəb qapılarını döyəsi oldum, müsabiqədən müvəffəqiyyətlə keçdim, beləliklə də BDU-nin energetika bölməsində qiyabi təhsil almağa başladım. Bütün bunlara baxmayaraq gizli də olsa Məryəmi sevməkdə israrlı idim. Və günlərin bir günü tam ciddi-ciddi gəlib onunla üzbəüz durub soruşdum: "Məni sevirsənmi?" O isə gülə-gülə və həm də özündən razı halda  "yox" dedi. Çox qırıldım. Əslində başqa cavab da gözləmirdim, ancaq yenə də bu qədər sərt olacağını bilməzdim. Elə o  "yox" kəlməsi ilə də ondan üz döndərdim. Sonralar bildiyim mənə doğurdan da tam anlaşılmaz gəlsə də artıq qərar verilmişdi. Onun da məni sevdiyini gec öyrəndim. Bəlkə də bunu etiraf etməyə qüruru əl verməyibmiş, bəlkə də naz edirmiş, bəlkə də heç biri, o vaxtlar elə sevmirmiş deyə  "yox" deməyi lazım bilibmiş. Nə fərqi? Yəqin fikirləşib ki, bir  "yox" kəlməsi ilə mən arxamı ona dönüb getməyəcəyəm. Çox qırıldığımı boynuma alıram. Onun hələ də gözlərimin içinə baxa-baxa asanca "yox"deməsi qürurumu qırmışdı. Bəlkə də mənim üçün belə daha yaxşı olmuşdu.
Mən tez özümə gəldim. Həyat davam edirdi. Ali təhsil aldığım  müddətdə şəhərdə evlərində qaldığım anamın bir uzaq qohumu vardı. Onun Şəhla adlı qızını artıq mənim üçün gözaltı etmişdilər. Hər məqsədin öz səbəbi var. Evə gəlin lazım idi. Böyük oğul olduğum üçün bu tora da mən düşdüm. Şəhla ilə çox görüşmədik. Yəni aramızda elə böyük eşq macəraları olmadı. Ailədaxili ortamda tam səmimi bər tərzdə mənə gülümsünərək salam verər, başını aşağı salıb hadisələrin gedişatını gözləyərdi. Ona görə də ertə gözlü evləndik. Onun uzun qara kipriklərinin yaraşıq verdiyi ala gözləri bu dünyanın ən bakirə gözləri idi mənim üçün. Heç vaxt üzülməyən təbəssümü ilə şəhərlilərə xas xoş danışığı, incə yerişi, aydın dünyagörüşü vardı. Amma o, bir çox şəhər qızları kimi  "nərmənazik" və dözümsüz çıxmadı, mənimlə birgə çox şətinliklərə sinə gərməyi, ailəmizə həyan olmağı və onu qorumağı bacardı. 1994-95-ci illər. Müharibədən sonrakı durğunluq və səfalət. Bir çoxlarımızın yaşadığı sıxıntılı tələbəlik həyatı və üstəgəl hələ erkən saydığım evlilik. Baba ocağında evin böyük uşağı kimi nə qədər əzizlənirdimsə, bir o qədər də hər işə məni göndərməli olurdular. Birdən böyüdüm. Bəlkə də evlənməyimlə böyüməyimin arasında çox az sürə keçdi. 5-6 ay olar evlənmişdim, oxuduğum məktəbdən istirahət günü evimizə gəldim. Bizdən çox uzaq bir rayonda yaşayan dayım var idi. Atam dedi ki, o zəng eləyibmiş, deyirmiş ki, həmin rayonda təzə məscid tikilir, demək olar hazırdı, oranın axundu yoxdu, dayı məsləhəti, gəlsin baxsın məscid tikdirənlərlə tanış olsun, bu yerlər xoşuna gəlsə elə buradaca yaşayaraq işləsin. Dayım o vaxtlar həmin rayonda bölgə müxbiri işlədiyindən bütün olacaqlardan xəbərdar idi, məscidi tikdirənin əmisi ilə də az-çox tanışlığı vardı. Mən razılaşdım, atamla yola düzəldik. İndi də yadımdadır, anamla atam bu xəbərə o qədər sevinmişdilər ki, hamı məndən fikrimi soruşmadan əlbəəl razı olmuşdular. Bəli, yol kifayət qədər uzaq imış. Məscid iki günbəzli, bir minarəli hamımızın and və iman yeri bildiyimiz, Allah evi saydığımız məscidlərdən əlbəttə ki, fərqli deyildi. Yadımdadır ki, ətrafındakı ağaclar yox idi, indi ətrafı dəyişib, öz əllərimlə bir-bir əkdiyim ağaclar böyüyüb və məscidə xüsusi bir görkəm, gözəllik verir. Deməli mən burda dini təbliğ edəcək və insanları din sarıdan maarifləndirəcəkdim. Əlbəttə ki, hər  kəsin dinə qarşı sərbəst bir fikri və onu izah edib açacaq qədər məlumatı ola bilər. Amma yenə də bu rayonda  həmin məscid ilk məscidlərdən biri sayılırdı. Sonradan məscidlərin sayı çoxalsa da bizim məscid öz qədimliyini və gözəlliyini qoruyub saxlaya bilmişdi. Rayon camaatının dinə diqqəti bir o qədər olmasa da hörməti az deyildi. Beləcə qismət məni ata yurdundan çox uzaqlara çəkib apardı. Yoldaşımla birlikdə sahibi Rusiyada sürgün həyatı yaşayan bir evdə müvəqqəti yaşamağa başladıq. Qarşımızda şaxtalı, buzlu qız mövsümü gəlirdi, yoldaşım da ilk hamiləliyi dövrünü yaşayırdı. Yanacaq yox, elektrik də fasilələrlə verilirdi. Qısası həyat bizi əsldən-əslə çıxılmaz sınaq qarşısına qoymuşdu. Həm işləyir, oxuyur, həm də yaxın gələcəkdə gənc ata olmağa hazırlaşan bir ev sahibi kimi ailədaxili çətinlikləri aradan qaldırmağa çalışırdım. Kiçik çilənin zəlov-zəlovunda evimizin ilk nuru, yeganə qızım Nuray dünyaya göz açdı. Amma yad və şəraitsiz evdə uşağı soyuqdan qoruyub saxlaya bilmədik. Bir anın içində nə baş verdiyini anlamadan körpənin az qala əlimizdən bir quş kimi çirpınaraq uçub gedəcəyinin şahidi olacaqdıq. Allahdan ümid üzülməz, deyiblər. Uşağı təcili olaraq birbaşa şəhər xəstəxanasına çatdırmağımız və həkimlərin tam vaxtında müdaxiləsi qızımın həyatda qalmasına səbəb oldu. Belə çətinliklərlə mən öz işimi davam etdirməyə çalışırdım. Alnım ağ, üzüm açıq idi, sahib olduğum peşə də öz şərəfi və xeyiri ilə mənə kömək olurdu.
*  *  *
"Gələcək" adlandırdığımız gün gecikmiş "keçmiş"dən başqa bir şey deyil." (Serdar Özkan)
*  *  *
Zaman su kimi axıb getdikcə həyatın çəkdiyi sillələrdən dərs almayan insan yoxdur. Varsa da o insan cahil insan sayılır. İkinci övladım, oğlum dünyaya göz açdı. Mən artıq torpaq yeri alıb ev tikməyə başlamışdım. Yoldaşımla bir yerdə çox əziyyətlərə qatlaşaraq bu evin araya-ərsəyə gəlməsini arzulayırdıq. Əllərim qabar-qabar, alnımdan üzüaşağı axan tər puçur-puçur idi. Heç gözümün qabağından getməz, evin divarları kərpic-kərpic ucaldıqca necə sevinirdim. Hətta uzaq kənddə qoyub gəldiyim o gözəl Məryəmin hisslərimə çəkdiyi dağ belə unudulmuşdu. Ancaq sonralar öyrənə bildim ki, onun məni sevdiyini artıq hamı bilirmiş. Mən evlənib kəndi tərk edəndən sonra ağır sıxıntılar yaşayıb. Depressiyadır-nədir ona düşüb. (Yüz faiz öz xudbinliyinin qurbanına çevrilib). Yəqin bu xəbərlər dildən-dilə, ağızdan-ağıza şişirdilmiş bir halda gəlib mənə çatırdı. O qızı belə dərdə salacaq zərrəcə günahım olmamışdı, əksinə qırılan özüm olmuşdum. Gec ailə qurubmuş. Guya ailə qurmaq istəmirmiş. Sonra Rusiyada yaşayan bir həmyerlimizə gedibmiş (çox maraqlıdır).O vaxtlar Rusiyadan gələnlərə bir az dəyişik gözlə baxırdılar axı. İmkanlı, dəbli kimi görünürdü onlar. Ancaq bu dəbdəbədən sonra təzə ailə quran cütlüklərin bir müddətdən sonra səfil vəziyyətə düşdüklərini və hətta bu səbəbdən Məryəmin də işlədiyini dedilər (buna sevindiyimi düşünmürsünüz yəqin?). Artıq bunlar mənim üçün bir maraq kəsb etmirdi. Amma quş qanadlı xəbərlər keşmişimi soraqlayıb çatdıraraq olmuşları xatırlamağa məni məcbur edirdilər. Ata-anam, qardaşlarım (bacım yox idi), ümumiyyətlə öz doğma kəndimdə qoyub gəldiklərimlə tez-tez xəbərləşə, oralara gedib-gələ bilmirdim, yolun çox uzaq olması bunu mümkünsüz etmişdi. Telefon da olmasaydı yəqin heç bir-birimizin səsini eşidib salamlaşa da bilməyəcəkdik. Elə bu məqsədlə texnikanın inkişafı köməyimizə gəldi, özümə bir noutbuk aldım. Daha bir evin içində oturub doğmalarınla istədiyin qədər söhbətləşə bilirdik. Bəli, beləliklə mən də internet aləminə girdim, tez bir zamanda virtual aləmin aludəçisinə çevrildim və çox çəkmədi ki, orda artıq bu aləmin vətəni sayılan yerdə yaşayan Məryəm mənim bura gələcəyimi  gözləyirmiş kimi məni tapdı və yazışmağa başladıq. Bir çox həqiqətləri də burda öyrənə bildim. Məni unutmadığına təəccüblənsəm də Məryəmin şirin dili, incə qılığı xəyallarımı bir anlıq da olsa keçmişimə qaytara bilirdi. Əvvəl yaşamaq istədiyim, amma yaşamadığım, təzə doğan bir günəşi buludların boğduğu formada içimdə qəddarcasına boğduğum sevgi duyğularını canlandırmağa çalışdım. Məryəm çox dəyişmişdi. Bir az dolğun görünürdü, artıq o nərmənazik, ədalı qızın yerini dolu bir qadın tutmuşdu. Həyatın sərt üzü onu yumşalda bilmişdi. Neçə illərdən sonra bir övladı olsa da yetərincə  imkanlanmışdılar. Özünün dediyinə görə, hər şeyi olsa da bir mənim yoxluğum həmişə onu ağrıdırmış.( nə qədər inanırıcı gəlir sizə bilmirəm) Hərdən acıqlananda qarşımda ərinin varlı olması ilə qürrələnən Məryəmin bu sözləri mənə qeyri-ciddi gəlirdi. Bəli, bir vaxtlar amansızcasına üzümə gülə-gülə  "yox" deyən qız indi qadın halı ilə "səni sevirəm" deməkdən usanmırdı. Ən tragik filmlərdə belə canlı həyatın olması buna deyərlərmiş. "Arxadan atılan daş topuğa dəyər." Mən neyləyə bilərdim ki? Bizi birləşdirən virtual həyatdan başqa ona heç nə verə bilməzdim. O artıq xarici bir dövlətdə oranın adət-ənənələrinə uyğun yaşayır, açıq-saçıq geyinir və hətta lazım gəldikdə ailə məclislərində içki də içirdi. Yavaş-yavaş söhbətlərimiz şirinləşir, hər kəlməbaşı "can" deyən bu şeytan cildinə girmiş qadınla münasibətlərdə həddimizi aşmağa başlayırdıq, o ağlasığmaz hərəkətləri ilə diqqət çəkməyə çalışır, dayanmadan qısqanclıq səhnələri yaradır, söz deyəndə də dəli kimi ağlayıb adamı çox pis vəziyyətdə qoyurdu. Monitordan dolu bədəni, açıq qalmış sinəsi məni çəkməyə bilməzdi. Gözəl gözləri hələ də şirin-şirin, amma bir sevən qadın ehtirasıyla üzümə gülürdü. Mən də ona baxaraq gözlərimlə günah işləyirdim. Əlimi monitora deyil ona tərəf uzatmaq, barmaqlarımı ona söyləmək üçün yazacağım sevgi dolu sözləri hazırlayan hərflərə deyil, sarı rəngli boya ilə boyanmış olsa da (axı əvvəllər belə deyildi) ətirli saçlarına toxundurmaq istərdim. Hətta ondan mənə dediyi  "yox" kəlməsinin də əvəzini əməllicə çıxardım. Nazlanmağı çox xoşuma gəlirdi. Təbii idi. Dodaqları, saçları boyalı olsa da, hisslərinin təbiiliyi hələ də itməmişdi. Bəlkə də qarşında, səni illərlə sevən, umursayan, arzulayan və səndən min-min kilometr uzaqlıqlarda olsa da ətrinlə yaşayan, səni hər an tapacağına ümid edərək səni axtaran və nəhayət ki, internet aləmində də olsa tapıb, eşqinlə nazlanan qadının olması hamıya xoş gələn bir şeydir. Hərdən onunla bir gün görüşəcəyimizi təsəvvür edirdim. Sevgi dolu yalvarışlarına dözə bilmirdim (buna dözmək qeyri-mümkün idi). Necə də olmasa o əski sevgi qığılcımlarını alovlandırmağı bacarmışdı. Bir gün sırf mənimlə görüşməkdən ötrü buraya gələciyini, həyatında bir kərə də olsa (hətta deyirdi ki, ölümümə bir gün qalmış olsa da) başını mənim dizlərimin üstünə qoyacağını və beynində düyünlənərəq pas atmış,  mənsiz keçirdiyi illərin acısını bir anda silib atacağını deyirdi. Dəfələrlə yoldaşını heç sevmədiyini, neçə kərə ayrılmaq istədiyini vurğulayırdı. Əslində mən ondan ayrılmalıydım. İkimizin də gələcəyi naminə bunu etməliydim. Elə bil ayılırsan, ailən-uşaqların səni silkələyib ayıldır,  qavrayırsan ki, sadəcə boş xəyallardır insanı öz ağuşuna alan, ağıllı kafayla düşünəndə şahidi olursan ki, bu xəyallar elə yuxu kimi  əriyib gedəsi olur. Yerində sağalmayan izlər buraxaraq əriyib gedir. Bəlkə də mənim bakirə sevgi səhifəm hər kəsə qapanmışdı. Ya bəlkə də Allahın buyurduğu sərhədlər daxilində yaşamaq mənim yeganə arzum idi. Ya da tamam başqa bir şey vardı. Bəli, bəlkə də o acı "yox" kəlməsi ilə basdırılan ürək vardı ki, Məryəmi məndən kənarda saxlaya bilirdi. Mən xəbərsiz-ətərsiz öz səhifəmi onun üzünə qapatdım. Daha sonra başına nələr gəldi-neylədi, xəbərləşə bilmədim. Hər halda bu, gec-tez belə də olmalıydı.
*  *  *
İnsan - keçmişin həsrətini çəkən, gələcəyi üçün darıxan, yaşadığı andan şikayət edən varlıqdır... (Charles Bukowski)
 *  *  *
"Kiçik ayrılıqlar əsl sevgiləri gücləndirir, saxta olanları daha da zəiflədir "-deyirlər. Onların ayrılması da buna bənzədi. Həmidin ayrılmağa yetərincə səbəbi varmış, bunu sonradan öyrənə bildim. Mən də bu ərəfələrdə yaşadığım ərazidən şəhərə daşınmış, özümə yeni həyat qurmuşdum. Və bir gün elə işdən evə gedərkən Həmidi dayanacaqda gördüm. Onu tanımaq çətin olmadı. Aradan çox zaman keçsə də o çox dəyişməmişdi. Əlbəttə dəyişən nələrsə vardı. Sonradan öyrəndim ki, o da artıq həmin rayondakı məsciddə axund işləmir. Ailəsi böyüdüyündən çıxarları artmış, elə bu səbəblə də şəhərə gəlmiş , təsadüfə bax ki mənimlə eyni binada yerləşən başqa bir şirkətdə ikinci peşəsinə uyğun  fəaliyyətlə məşğul olurdu. Tələsirdi deyə ayaqüstü hal-əhval tutub keçmiş dost, həmyerli kimi bir-birimizlə əlaqəni itirməməkdən ötrü telefon nömrələrimizi götürdük. Beləcə saatlar günlərə, günlər aylara, aylar da illərə çevrilirdi. Çox mehribanlaşmış, ailəcə gediş-gəlişi olan dostlara çevrilmişdik. Hərdən onu o qədər yaxşı tanıdığımı hiss edirdim ki, mənə elə gəlirdi ki, elə uşaqlıqdan da bir yerdə böyümüşük. Bizim evimiz bir çayın kənarında olubmuş və ikimiz də həmin çayın suyunda əl-üzümüzü yuyaraq oyanmışıq, həmin çaydan balıq tutaraq günümüzü keçirmişik. Və elə gecələri də həmin çay kənarında əyləşərək gələcək xəyallarımızı ulduzlara baxaraq bir-birimizdən gizlətməmişik. Mənim  yetərincə dostlarım olsa da o, mənim üçün tamam başqa yeri olan bir insana çevrilmişdi. Eyni rayonun uşaqları olmaq və neçə illərdən sonra böyük bir şəhərdə tam təsadüfən bir-birini taparaq münasibətlərdə dostluğa qədər irəliləmək bizim qismətimiz olmuşdu.
Günlərin bir günü Həmiddən zəng gəldi. Biz həmişə görüşdüyümüz yerdə, sahildəki kiçik kafedə görüşdük. Çox həyəcanlı idi. Gözləri qaynayırdı. Üz cizgiləri dəyişmişdi. Sanki 4-5 il cavanlaşmışdı. Çöhrəsində heç vaxt görmədiyim təbəssüm ona çox yaraşırdı.  İllərlə din söhbətlərinə qapılaraq heç özünə fikir verməyən Həmid həmişə ağsaqqal, ahıl kişilərlə oturub durmaqdan özünü yaşından daha ağır hiss etdirirdi. Ancaq bu dəfə daha gümrah və şux idi. Nəsə danışmaq istəyir, amma buna hazır deyilmiş kimi gülümsəyirdi. Siqaret çəkməyə başlamışdı. Bu mənim diqqətimi çəkməyə bilməzdi. İndi də oturduğu yerdə az qala siqareti siqaretə calayaraq somururdu. Mən heç nə soruşmadan vaxtı çatanda özünü toplayıb içindəkiləri boşaldacağını gözləyirdim. Beləcə özümdə də maraq artırdı. Nəhayət ki, əlindəki yarımçıq siqaret kötüyünü zibil yeşiyinə tullayıb qarşısında ha vaxtdı soyunan çaydan bir qurtum içib toxdadı, üzümə deyil, gözləri hansısa bir sonsuzluğa dikilmiş kimi baxaraq danışmağa başladı. Cümlələri qısa-qısa, ancaq tez-tez danışırdı. Hiss olunurdu ki, beləcə həyəcanını boğmağa çalışır. O tez-tez danışır, mən də az qala nəfəsimi dərmədən onun həyatının həmin anlarını təsəvvür edir, onunla bir yerdə  olmuş kimi başına gələn hadisələri yaşayırdım. Nəhayət ki, qəlbindəkiləri aça bilmişdi. 
*  *  *
İnsan nə qədər böyük ruhlu olsa, eşqi o qədər dərin şəkildə eşidər. (Leonardo da Vinçi)
*  *  *
Beləliklə qeyd etdiyim kimi, artıq ailəsini götürüb şəhərə üz tutan Həmid ikinci peşəsinə uyğun bir iş başına keçir. İşdən çıxandan sonra isə öz şəxsi maşınından taksi kimi istifadə edərək az-çox çörək pulu qazanmağa müvəffəq olur. Günlərin bir günü havaların təzə sərinləşdiyi bir vaxtda, hardasa sentyabr-oktyabr ayları olardı, Həmid evə dönmək məqsədi ilə sonuncu sərnişini gedəcəyi mənzilə yola salıb qayıdanda yol kənarında bir qadının taksini saxlatmaq məqsədi ilə işarə etdiyini görür. Qaranlıqda  əli çantalı qadını maşına əyləşdirib nişan verdiyi mənzilə doğru aparır. Qəribə də olsa səsi, üzü ona tanış gələn qadın gözlərini pəncərədən çəkmədən, elə bil ki, yol kənarında kimi isə gəzirmiş halda yorulmadan qaranlığa boylandığından Həmid onun üzünü tam görə bilmir. Ünvana yetişəndə eyni mehriban müraciətlə pulun nə qədər tutduğunu söyləyən Məryəmi səsindən tanıyır. "Məni tanımadın, Məryəm?"- Həmid maraqla soruşanda Məryəm yuxudan diksinib ayılan bir halla  "Həmid,  bu sənsən?"- deyə bilir. Sanki iki yaxın insan neçə illərdən sonra yenidən bir-birini tapmış kimi gülümsünürlər. Acı xatirələr kölgədə qalır. Ötüşən gənclik özündə gizlətdiyi ən xoş təsüratları ilə onların çöhrələrinə işıq salmağı bacarır. Kiçik bir mehmanxananın qabağında Məryəm heç nə demədən maşından düşüb dayanır. Həmid də sanki nə edəcəyini bilmirmiş kimi onun hərəkətlərini izləyərək əli maşının sükanında taleyin onlara qarşı oynadığı amansız oyunun bir qurbanı kimi susmaqda davam edir.  "Mən hələ bir müddət burdayam, bəlkə yenə görüşdük" deyən Məryəm özü də öz dediyinə inanmayan bir tərzdə gülümsünür. Həmid telefon nömrəsi qeyd olunmuş kiçik vəsiqəni ona uzadaraq bir səmimi dost kimi bu gün ki, xoş görüşü başa çatdırır: " heç olmasa taksi lazım olanda arayarsan məni ". Ayrılırlar. Bir müddət yenə Məryəmdən səs-soraq gəlmədiyini görən Həmid onun yenə də Rusiyaya qayıtdığını düşündüyü bir ərəfədə telefonu zəng çalır. Məryəm həzin laylayı andıran məlahətli qadın səsi ilə Həmidə  "mənim qaldığım mehmanxanaya gələ bilərsən?" deyəndə Həmid əlbəəl maşını işə salıb o kiçik mehmanxananın qarşısında dayanır. Məryəm  klinik xəstəxanaya daxil olaraq ona gözləməsini xahiş edir, " müayinələrin cavabını alıb gəlirəm " deyərək gözdən itir. Qayıdarkən Məryəmin bikef halını, kiminləsə danışmaq ehtiyacını görən Həmid maşını döndərib düz Xəzərin ins-cins görünməyən sahilinə sürür. Düşüb elə ayaq üstdəcə dayanırlar. Həmid vaxtı çox da üzməyib "Sən hara, bura hara?"-  sualını verir. Məryəm  yoldaşının bu yaxınlarda ağır xəstəlik üzündən itirdiyini və özünün də bir övladı ilə artıq Vətənə dönərək burda yaşamaq istədiyini, həm də bir az nasazlığı üzündən müalicə olunacağını bildirir. Sonra növbə Həmidə çatır. Həmid də öz yaşadıqlarını qısaca nəql etməyə başlayır. Ancaq Məryəmin nə isə çox narahat olduğunu hiss edərək onu burda boşuna saxlamaq istəməyən Həmid yenidən maşını işə salıb danışmadan qaldığı yerə qədər götürür. Bu dəfə də verdiyi pulu dala qaytarıb, çox səmimi bir halda "mən həmişə qulluğunda hazıram, Məryəm" deyir. Məryəmin üzü işıqlanır. Sanki ha vaxtdır belə bir isti kəlmə eşitməyən bir insan kimi minnətdarlığını bildirərək pilləkənləri aşır. Böyük şəhər, bir-birlərini tanımayan insanlar, iki ayrı düşmüş sevgili... Məryəm şəhərdə iş axtardığı müddətdə öz müalicəsini də davam etdirirdi. Yenə də sahildə görüşürdülər. İsnişmişdilər. Bütün gün işləyib indi də ayaq üstdə qalmaqdan yorulub qumun üstündə oturmağı təklif edən  Həmid Məryəmə də  əyləşməyi təklif etdi. Dənizin ləpələrinə əksi düşən Ay bu gecə öz füsunkar görkəmi ilə dənizin belə ürəyinə xal salmağı bacarırdı. Bu möcüzəyə göz dolusu baxan Məryəm susur, bununla araya qəribə bir sükut çökürdü. Əslində beyinlərində daha nəyin yığılıb qaldığını araşdıran və daha nələri danışmağın mümkün olduğunu  bilməyən keçmiş sevgililər bir-birlərinin üzünə baxmadan lal dənizi dinləməyə başlayırdılar. Hər dəfə də qalacağı kiçik mehmanxanaya qayıtmaqdan ötrü ilk sükutu pozan yenə də Məryəm olurdu. Bayaqdan ayaq üstdə durub Həmidin qalxacağını gözləyən Məryəm ayın işığında qumlara sərələnən kölgəsi ilə həmişə qoynuna düşdüyü gecənin su pərisinə çevrilirdi. 
Hər qadın sevildiyi tərəfindən sevilmək haqqının olduğunu düşünür və bu da onun reallığı və yaxud sevilmədiyini anlayanda ayrılmaq istəyərkən ağır hicran yaşamasına səbəb olur. Bəlkə də o ağrılarından hələ də tam qurtulmayan Məryəm öz gözəlliyini itirməsə də vaxtsız dul qalmağın ağrısı ilə artıq özünü yetəri qədər tənha olduğunu az qala hər hərəkəti ilə bədirləməyə bilmirdi. Belə görüşlərin birində necə baş verirsə yaşına yaraşmayan qız şıltaqlığı ilə Həmidə "Sən o zamanlar məni həqiqətənmi sevirdin?"- sualını verir. Onun səsindəki acı kinayəni hiss etməyən Həmid dərin ah çəkərəq bayaqdan əlində oynatdığı, amma Məryəmin yanında yandırmağa cürət etmədiyi siqaretinə od vurur. İçindən qopan ahla bir yerdə közərən siqaretin acı tüstüsü dənizin lal sükutuna qarışaraq əriyib yoxa çıxır. Ondan bir-iki qullab somurub, sanki tüstüsünə acımış ciyərlərinə çəkəndən sonra qalxıb Məryəmə yaxın gələrək "Məyər yalandan da sevmək olur, Məryəm?"- deyir. Elə bunu gözləyirmiş kimi özünü illərlə həsrətində qaldığı kişinin qucağına atan Məryəm dəli kimi ağlamağa başlayır. 
Sevən qadın bir şeyi bacarmır, o da paylaşmaq bacarığıdır. Paylaşa bilməyəndə də itirmək labüddür. Həmidi birdən-birə itirdiyi ilə heç zaman barışmayan Məryəm özünü ələ almaqdan ötrü bir çarə umurmuş kimi etdiyi hərəkətə peşman halda onun qucağından sıyrılıb çıxır.  Yenə də  "nə olursa olsun istəyimə nail olacağam" tərzi ilə qürrələnib qarşısındakı kişiyə acıq verirmiş kimi şaqqanaq çəkib gülür. Gözlərində bu amansız həyatdan qisas almaq istəyən acı istehza ilə dənizə boylanaraq əlini  oynadıb "Sanki boş ver getsin" deməl istədiyini çatdırır. Bu dəfə Həmid onun sevgisinə həsrət Məryəmi bu gecənin qaranlıq böyrünə tənha buraxmamaqdan ötrü öz kişilik hisslərinə yenilərək qucaqlayır. Dəli kimi öpüşməyə başlayırlar. Əlləri qadının bütün bədənini daraqdan keçirirmiş kimi  oxşamağa başlayır. Ha vaxtdır yoldaşının yasını saxlayan qadının bədəni ilk dəfə bir kişi bədəninə qovuşur. Həmidin gücü qarşısında duruş gətirə bilməyən Məryəm geri addımlamağa çalışır. Yavaş-yavaş maşına yaxınlaşırlar. Həmid onu maşına sıxaraq bir dəniz qarşısında ikinci bir ehtiras dənizinə qərq edir.  Qadınlığını  təslim edirmiş kimi bütün bədəni boşalan Məryəm Həmidə etiraz etmədən bir anlıq da olsa özündən keçməyin həzzi ilə dalğalanır. Bunu hiss edən Həmid onu quş kimi qucağına alıb yaxınlıqdakı qum təpəsinin üstünə uzadır. Öz ehtirasının qucağında nə olduğunu tam dərk etməyən Məryəm arada dikəlməyə çalışsa da üzərindəki kişinin güclü sinəsi onu aşağı basır. O biri əli ilə də yaxasını dartıb çəkərək, içərdəki almazları yalayıb parıldadan Həmid bir sevən qadının insana bu qədər həzz yaşada biləcəyinin dəhşətinə gəlir. Uçunan bədəniylə tir-tir əsən Məryəm yenə də ürəyindəki  yanğı ilə hər şeyi unudaraq "Həmid, yoox"- deyə-deyə artıq iki bədəndə bir olmuş sevgilsini səsinin titrəyişi ilə vəcdəyə gətirməyi bacarırdı. Xəyallar həqiqətə çevrilir. Həmid alışan bədənini bu dəryada qərq etmədən öncə üç dəfə "Mənim ol, mənim ol, mənim ol!"-deyir. Sanki bu sözlərlə Məryəmi halalına çevirəcəyini düşünərək necə bir acı qisasla üzləşəcəyini bilmədən dan yeri sökülənə qədər sevişirlər. Bu sevgi ləkə götürməsəydi qaranlıq gecədə göz vuran işıqlı ulduzların həsəd apardığı Ay belə olanlara qibtə ilə tamaşa etməkdə haqqlı çıxacaqdı. 
*  *  *
Qalib xatirələrlə, məğlub intiqam hissi ilə yaşayır!
*  *  *
Sevgi tapanda uşaq kimi sevinirik, amma bir gün acı xəyanətlə üzləşəcəyimizi biləndə ağrıdan içimizdə elə bir qasırğa qopur ki, gəl görəsən. Bəs niyə unutmağı bacarmırıq? Unudulmayanlar yoxdu, sadəcə unutmağı bacarmayanlar var. Sevgi deyəndə ürəyi alışıb yananlar və bir də sevgi deyəndə başını tutub qaçanlar da var. Hətta üzünü heç görmədiyin adamı belə səni ovundura biləcək sözlərindən sevə bilərsən. Əsl sözün gücü budur. Söz də onu anlayanlardan ötrüdür, əlbəttə. 
Həmid həmin gecəni belə xatırlayırdı. Sonra Məryəmi qaldığı yerə aparıb qoyur. Yenə görüşəcəkdilər. Bu gün heç ayrılmaq istəmirdilər. Məryəm gah bulud kimi dolur, gah günəş kimi işıq saçırdı.
Bir neçə gün o gecənin alovu ilə alışıb yanandan sonra Həmid ona zəng etdi. Telefon söndürülmüşdü. Dözmədi, onu görməyə getdi. Mehmanxanadakı qız  Məryəmi soruşduğunu bilən kimi siyirmədən bir məktub çıxarıb ona uzatdı. Həmid məktubu alıb Məryəmin çıxıb getdiyini anladı. Məryəm qaçmışdı. Məktubda isə bu sözlər yazılmışdı: "Məni bağışla...Sənə bunu etməməliydim..." Həmid heç nə anlamadan, pərt halda bir-iki gün beləcə sərgərdan dolaşdı. 
Mənim məktubdan da, Məryəmin izsiz-soraqsız yoxa çıxmağından da xəbərim vardı. Həmid demişdi. Onun üçün darıxdığını da deyirdi. Günü-gündən şam kimi əriyib gedirdi özü də bilmədən. Mən hətta onun bu halına gülür, "məcnunluğu burax daha" deyərək zarafatlaşırdım. Ancaq yenə də heyva kimi saralan bənizi məni narahat etməyə bilmirdi. Bir müddətdən sonra mənə zəng etdi. Görüşüb yenə də dərdləşdik, həkimə getmək istədiyini dedi, "Gecələr yata bilmirəm, çox yorulmuşam elə bil ", dedi. Getdiyi günü də bilirdim. Axşam işlərimi bitirib ona dəyməyi düşünürdüm. Hal-əhval tutacaqdım. Əl-ayaq ortalıqdan yığışandan sonra maşınımı düz onlara sürdüm. Qapının zəngini basdım. Handan-hana qapı açıldı. Məni görən Həmid evdəkilərdən gizlənirmiş kimi gözləri bərəlmiş halda ancaq bu sözləri deyə bildi: "Məryəmdə SPİD varmış!" Bu xəbərdən tüklərim biz-biz oldu desəm bəlkə də həmin an keçirdiyim həyəcanım bu sözün yanında çox aciz qalar. Amma özümü ələ almalıydım, Həmidə mənim dəstəyim lazım idi. Dilim topuq çala-çala ona ancaq bu sualı verə bildim: "Onunla görüşəndən sonra yoldaşınla da yaşamısanmı?". Gör nə gündəydik ki, onun "yox" deməsi ikimizi də az qala uşaq kimi sevindirəcəkdi.

Комментариев нет:

Отправить комментарий