Страницы

11.07.2013

Sevgilimin sevgilisi

Narıngül

- Taksi sürücüsünü deyirəm – dedim, – xeyli təəccübləndi. Elə maraqla baxdı ki, üzümə...
- Nə sürücü?
Dodaqlarına ani təbəssüm qonur.. Mənim çox bəyəndyim təbəssümdü. Sonra çəkilib gedir öz-özündən.Guya indi xatırlayırammış kimi gülürəm:
-Sən dönə-dönə tapşırdın, dedin muğayat ol. Onu da maraq çəkdi.
Bu dəfə əlimi ehmalca sıxaraq gülümsünür. Xatırlayandan daha çox xətrimi xoş etmək üçün yalandan  gülümsəyənə bənzəyir. Amma mən istəyirəm xatırlasın. Bütün detallarını xatırlamağını istəyirəm. Heç olmasa bəzilərini..!
Əlini maşının rulundan çəkib, aynanı aşağı endirir.Yolboyu ard-arda düzülən maşınlara işarə edir:

- Belə getsə,  bu gün yoldayıq. Belə də tıxac olar?!
Yalnız indi fərqinə varıram  ki, yarım saatdır burdayıq. Dayandığımız yerdən cəmi  bir neçə addım irəliləyə bilmişik.
Maşınlar bir-birinin bəhsinə girmiş kimi siqnal verməyə başlayıblar. Amma mən neçə olsa xatırlamağını gözləyirəm.
-Yaman şən idin. Nə isə kefin yaxşıydı. Ofisant qadına da kompliment dedin.
Gözlərini qıyaraq güzgüdən gözlərimin içinə baxır:
- Qısqanırsan?
-Yox. Eləcə xatırladım nədənsə.
 -Yadımda heç nə qalmayıb.
 Elə - beləcə deyir.  Bircə bunu  eşitmək istəmirdim. Amma eşidirəm. Daha təkrar etməsin deyə,  söhbəti dəyişirəm.Yalandan əsnəyərək dəxli olmayan bir adamdan söhbət açıram. O adam heç birimizin   maraq dairəsində deyil. Xətrimə dəyməmək üçün  bir iki kəlmə nəzakət xətrinə danışır. Sonra susub maşını qurdalamağa başlayır.
Maşın silkələndikcə damalı köynəyinin milləri o tərəf –bu tərəfə dağılır. Mən elə bilirdim o da məni düşünür.  Tamam laqeyd imiş.Yadında heç nə qalmayıbmış.
Bir həftədir   xəyal etmişdim. Gözləyirdim vaxt çatsın görüşək.  Hərdənbir dəhlizdə üzümə gülümsünürdü, adamların arasında.  “Yəqin nəyisə xatırlayır. Məqam gözləyir, hamısını söyləyəcək mənə”, -  deyirdim. Ürəyimdə qanadlanıb uçurdum. Düşünürdüm ki, gəlib təəssüratlarını bölüşəcək. Xatırlamamaq olardımı heç o boyda yaşantını.Tam bir həyat vardı. Amma  heç  taksi sürücüsünü də xatırlamadı.  Sürücüyə dönə-dönə tapşırmışdı ki, bunu mənzil başında  salarsan, zəng edib soruşacağam.
Taksi sürücüsü yolboyu dinmədi. Hərdənbir güzgüdən süzürdü.  Gözüm sataşan kimi gözlərini çəkirdi. Onunçün  bir az fərqli idim yəqin. Hiss edirdim fikri məndəydi. Mən isə  bir az əvvəl baş verənləri və onu düşünürdüm. Deyəsən hərdən gülümsünürdüm.
 Yol yormuşdu deyəsən sürücünü. Telefon açıb kiməsə, bəlkə də,  başqa sürücü yoldaşına dedi ki, bir azdan qayıdıram. Gedək pivə içək, bəsdir daha işlədik, bir az da kef çəkmək lazımdır. Biz də adamıq! Dərhal da düşündüm: “Yəqin pivə içərkən yoldaşına məndən söz açacaq. Ola bilsin ki, hansı restoranın qarşısından götürdüyünü deyəcək. Bəlkə də əlavə edəcək ki, çamaat yaşayır e...”
Gözlərimi onun kürəyinə zilləmişəm. Dama-dama köynəyi çox yaraşır buna. İndi dəbdədir. Deyəsən, ilk dəfə  görəndə də bu köynəkdə idi.  Qələbəlik bir yerdə idik. Ziyafət təşkil etmişdi. Onun bizim şöbəyə gəlişini qeyd edirik. Tərslikdən zəhləmgetmiş Süsənlə bir masaya düşüblər. Gombul Güllü yanımda əyləşib. Nimçəsindəki əti ağzına ötürə-ötürə pıçıldayır ki, sən bir Süsənə fikir ver, necə girişib.  Ötəri baxıb gülümsünürəm.  O,  hərdən  bizim tərəfə də nəzər salır, hamını idarə etməyə çalışır. Amma hamıya necə baxırsa, mənə də eləcə ötəri diqqət ayırır. Bəlkə də, heç görmür  burdakıları. Axı biz çoxuq, o isə təkdir. Həm də, diqqət mərkəzindədir. Gombul Güllü gözlərini zilləyib  onlara. Özü bildiyi şəkildə məlumat toplayır.
Güllünün kiprikləri dən – dən dayanıb, ətli sifətinə kölgə salır.  Gözlərinin içi məkrlidir. Süsən əməlli başlı əzilib büzülür. Özlüyümdə əsəbləşirəm. Gombul Güllüylə ağız - ağıza vermək səviyəsizlik olsa da, sözünə qüvvət verirəm: “sırtığın biridir ”.
O isə Süsənə fikir vermir, hamıyla eyni qaydada danışır, söhbətini tanışlıq mövzusunda aparır. Nəzakətlə cavab verir, hər kəsə. Yəni hamınız kollektivik, artıq bir ailəyik. Bəlkə də, Süsənə, eləcə də digər qadınlara  ehmalca anladır ki, başqa söhbət ola bilməz.  Ailəyiksə, bacı -  qardaş kimiyik. Güllü deyir ki, Süsən bu gün məxsusi olaraq  onun üçün bəzənib gəlib bura.
Damalı köynəyinin şaquli xətləri bir birinə qarışıb, zebranı xatırladır.
- Sən ağıllısan, bəlkə maşını çəkək kənara, düşüb piyada gedək, o biri küçədən başqa maşına minək.
Üzünə baxıram . Əslində heç ağıllı olmaq istəmirəm.
- Təkcə Süsəndən ağıllıyam.
- Elə hamısından.
 Heç bilmirəm Süsənin adını niyə çəkdim. Özüm yada salıram, sonra başlayıram acısını çəkməyə.
Dinmirəm. Danışmamağım diqqətini çəkir. Deyəsən,  kefsiz olduğumu hiss edir. Əgər bir detalı da xatırlamırsa. Nə etmək olar.
- Gedək sakit bir yerə, səni istəyirəm, deyir. Razılaşmıram. Bir qədər təkid edir. Amma qırımımı görüb sakitləşir. Kefim yoxdur- söyləyirəm. Razılaşır.
- O biri şöbənin qızları maraqlanır səninlə.
Özünü təəcüblənmiş kimi göstərir. Amma gözlərinin içində qığılcımlar qaynaşır. Hiss edirəm ki, məmnun qalır.
Güllü  bu gün deyirdi  ki, o biri şöbənin qızları tez-tez yanına gəlirlər. Gərək heç xəbər verməzdi.  İşimiz var da... İndi bir-bir bunlarla məşğul ol.
- Nəyimə gərəkdir onlar,  – deyir. O qədər problemim var ki, işim başımdan aşır.
İnanımmı görəsən? Bəlkə heç qızlar da maraqlanmır. Elə- belə xətrini istəyirlər. Qadın ki, qadın.
Onları bilmirəm.  Amma Süsənin maraqlanması dəqiqdir. Tez-tez soruşur. Özü də bilir, Süsən məsələsini.  “Bu məndən əl çəkməyəcək – deyir,  - elə hey ilişir “. Belə deyərkən  bir az da lovğalanır.
Allah vurub Süsəni! Ürəyimdə düşünürəm. Öyrənib bütün kişiləri bir – bir dişinə vurmağa. Amma bu dəfə daş qayaya rast gəlib,  deyəsən. İmkan verməyəcəyəm!
Əslində,  məni Süsənin eqoistliyi qıcıqlandırıb. Qələbə qazanmaq istəyim vardı ona yaxınlaşmağımda. Sırf qadın eqoistliyi.  Özüm bilirdim bunu . O, bilmirdi. Mən Süsənin aşıb - daşan arzusunun qarşısında sədd idim.
Görəsən, Süsən  geri çəkilsə,  mən də  çəkilərəmmi? – deyə düşünürəm. Özü də  hiss edib aramızdakı münasibəti. Amma tam təsdiqiylə bilmir. Qalıb iki yolun arasında. Amma kənara da çəkilmir.
Süsənin acığına başlamışam.  Geriyə də  yol yoxdur. Yəni itirmək istəmirəm.
Ancaq  xatırlamalıydı hər şeyi. Heç olmasa bircə detalı xatırlayıb, gülümsəməliydi.
Gözlərimi damalı köynəyinin xətlərinə silləmişəm. Unutsam, bəlkə  o da unudacaq.  ona nə var ki, mən olmayım başqası olsun.  Amma kişi kimi söz verib, sənin tanışlarınla olmaz. Yəni münasibət qurmayacaq.
Nənəm deyərdi ki, bir ad dünya dövlətinə bərabərdir. Dövləti qazana bilərsən,  amma adı yox! İtdi qurtardın!  Həmişə də  qəsdən bizim yanımızda deyərdi. Bacılarımla birlikdə olanda. Ünvanlı deməzdi heç vaxt. Bizə eşitdirirdi. Söhbət arası söz atıb  sonra zözünü dəyişərdi.
Onda başqa idi hər şey. Oturub baş verənləri gözləyirdilər.  İndi siyasiləşmişik. Irəlidə gördüklərimizin dalınca gedirik. Hər addımda dönüb  yeni adam oluruq. Yəni həyatın hər dönüşündə dəyişirik. Amma stabil adamlar da var. Mənim həsəd apardığım adamlar!
Damalı köynəyindən gözümü çəkmirəm. Köynəyinin rəngləri həyatın şən və rəngbərəng olduğundan  xəbər verir. Eyhamla anladır ki, həyat yekrəng deyildir.
Tıxaca düşmüş sürücülərdən biri dözməyib maşını səkinin üstünə dırmaşdırır. Az qalır bizim maşının qapısını cızsın. O, özünə yaraşmayan şəkildə kobud bir ifadə işlədir.  Özümü eşitmirmiş kimi göstərirəm. Dərhal üzr istəyir.
Kənardan baxanlar üçün o, həmişə şöhrətli görünüb. Mən bilirəm ki, belə deyil.  Depressiyaya düşdüyü günlərin və saatlarla şikayətləndiyinin şahidi olmuşam.  Mənə ərk edir.
Həm də,  şəxsiyyətli birisidir. Süsən üçün fərqi yoxdur. Şəxsiyyəti var, ya yox. Mənim üçün isə çox önəmlidir. Amma toplumun içində dəyişir. Ətrafında bir dəstə qadın var.  Qəribə orasındadır ki, onunla bərabər o qadınlar da eyni məsafəni qət edirlər. Birlikdə  yaxına gəlir, o, gözdən itəndə uzaqlaşırlar.
O , Süsənin  ümid yeri deyil. Heç mənim də deyil.
Nəhayət rahat yola çıxırıq. Üzündəki təbəssüm  harasa çəkilib. Fikirli görünür. Gözlərini yola zilləyib.
Mən gözlərimi onun kürəyinə dikmişəm. Köynəyin damalarını sayıram.
Maşını evimin tinində saxlayır. Həmişə bu yerə çatanda təkrar edir ki, sən lap dənizin içində yaşayırsan.  Dərhal da  dillənirəm: “dənizi heç sevmirəm”.  Bu dəfə xatırlatmır. Mən də fərqinə varmıram. Öpmək istəyir. Maşından sürüşüb düşürəm. Düşüb  açıq pəncərədən əl edirəm.  Dönüb gedərkən dodaqaltı pıçıldayıram: “Dənizə daş atacağam”.
Uzun –uzadı arxamca zillənən təəccüblü baxışlarını hiss edirəm.

Комментариев нет:

Отправить комментарий