Страницы

15.07.2013

Şeytanın elçiliyi

Tural Sahab

Qız onu bəyənməmişdi... Boyuna görə... Ondan cəmi 4 sm balaca idi. Əgər bir sehr öyrənsəydi, bu sehri edib bir neçə gün ərzində boyunu uzatsaydı, qız “hə” cavabını verəcəkdi. XIX əsrdə yaşamırdı ki, Oskar Uayldın bülbülü ona yardım etsin. Zaman XXI əsrdi... Ağılın, intellektin, məntiqin hökm sürdüyü XXI əsr...
Özlüyündə bu əsrə bir tərif daha tapmışdı: “Ürəklərin buz bağladığı, sevginin son anlarını yaşadığı XXI əsr”... Öz tapdığı tərif özünü də güldürdü... Bu əsrə də, bu zəmanəyə də, hardasa balaca boyuna da ikrah dolu hisslər yarandı içində... Özündən bixəbər... Bir sual isə beyninin içindəki labirintdə ilişib qalmışdı:

-İndi nə edəcəyəm?
Bir neçə günün içində 4 sm boy atmaq imkansızdır... Yəni, aşiqi olduğu gözəl onu nağıllardakı “gedər-gəlməz”ə, özü də birbaş Qara divin sehrli mağarasına göndərmişdi. Bu qara cığırdan qayıtmaq istəyirdi əslində... Gedib 4 sm boy üşün Qara divlə savaşmaq yerinə öz dünyasında öz sevgisi naminə savaşmaq istəyirdi... Qara divin qurşağından yapışıb onunla tutuşmaq yerinə sevdiyinin əllərindən tutmaq istəyirdi... Daha bir sual düzümləndi əvvəlki sualın arxasına:
-Axı necə?
İndi tibb inkişaf edib, bəlkə cərrahi əməliyyatla boyunu uzada bilər? Bunun üçün də pul lazımdı... O isə kasıbdı...Bir də ki, zəngin olsa boyu ölçülməzdi ki... Puluna görə istədiyi qızla evlənərdi...
-Offf...Offf...Necə çıxım bu işin içindən?
Sevgiyə, romantikaya lənət oxuyub bu qızı qaçırsa nə olardı? Öz sualına cavanı çoxdan hazır idi.. Bunu edə bilməzdi... Sevgisini ürəyində olduğu kimi yaşadardı, özü buqələmun kimi o qızın olduğu hər yerdə olardı, onun istədiyi hər rəngə düşərdi, ancaq onu sevməyən birisi ilə məcburi evlilik yaşamazdı... Bunu özünə hörmət sayırdı...Guya... Məntiqlə düşünəndə onu sevməyəni sevmək də özünə hörmətsizlik sayılırdı. Ax, bu məntiq!!! Məntiq ona yad idi...
Qadınlar onu heç vaxt anlamasalar da, o qadınları sanki kitab kimi oxuyurdu... Onların halına belə acıya bilirdi... Ailəsi dağılmış qadınlar düşündürürdü onu... Yazığı gəlirdi içində o qadınlara... Gəlin dedikləri... subay oğlanların bircə dəfə belə qucağında yatmaq üçün şam işığında axtardıqları “gəlin” damğası vurulmuş qadınlar... Subay oğlanlar nə etməzdilər bu gəlinlərdən bircə gecə almaq üçün... Sonrası isə... Sabahısı o gəlin onunçün sadəcə tində durub tay-yşlarının içində yekələnmək mövzusu idi... O qadının nələr çəkdiyi, kiçik ürəyilə nələr yaşadığı heç kimə maraqlı deyildi...
Ailəsi dağılmış bir qadın heç vaxt subay oğlanla evlənə bilməzdi... Heç vaxt... HEÇ VAXT!!! Bu kəlməyə vurduğu vurğu özünü də ürpəndirdi... “Gəlin” damğası vurulan qadın gərək dişləri tökülmüş bir qocaya ərə gedəydi... Zəmanənin qara damğasını çiynində daşıyaydı... Yaxud da, Kardinal Rişelyenin qanunlarına uyğun onun çiynində ağ zanbaq döyməsi olmalıydı ki, adının əvvəlində “boşanmış” kəlməsi var...
Bütün bunları düşündükcə canının acıdığının fərqinə varırdı... Bir ömür beləcə, babası yaşda kişinin qurumuş qollarından asılı qalacaq gəlinlərin töküləcək göz yaşları onun ürəyini dağlayırdı...
İnsanlar qəlbsizləmişdi... Bu zamanın insanları ürəyi saya salmırdılar... Hər kəs evlənəcəyi insanda əvvəlcə var-pul, sonra isə yar-yaraşıq, uca boy, gözəllik axtarırdı... Və ailələr qısa zaman sonra boşanma ərizələri yazırdılar... Özü də min cür bəhanə ilə... Atasız qalan uşaqların, ərsiz, arxasını söykəyəcək kişisiz qalan qadınların halını düşünən yox idi... Əsr XXI əsr idi...
Kim dur deyəcəkdi bu sevgisiz zamana,
Kim həyatını sevgiyə qurban verməklə xoşbəxtliyi qazanmağı öyrədəcəkdi insanlara?
Kim yaşayacaqdı insane kimi? Sevəcəkdi insane kimi? Heyvani hisslərə yox deyəcəkdi? Kim?
Bu suallarına bir ünvan, yaxud bir cavab tapmaq da iki-üç günə 4 sm boy atmaq qədər çətin idi… Ancaq sevirdi… İnsanların onu anlamayacağı qədər… Sevdiyinin belə onu duymayacağı qədər ürəyində sevgisiylə hayqırırdı.
Sevdiyi üçün hər şeyə razı idi… Zamanı və məkanı unutmağa da… Əgər 4 sm, cəmi 4 sm boy ata bilsəydi… Bu möcüzəyə ümid etməkdən özünü güclə saxlayırdı… Amma, əgər boyu uzanmasaydı sevdiyi ucaboy bir oğlanla evlənəcəkdi…
Ağzı üstə yatağına uzanıb ürəyinin gzö yaşlarını axıdırdı. Çox çarəsizdi, canı yanırdı… Şamın gündüz vaxtı boşuna yanması kimi… “Duanı səssiz edərlər”-deyə eşitmişdi… Bağıraraq dua edirdi… Allahına yalvarırdı ki, əgər ona cəmi 4 sm boy daha versə, yaxşı insan olacaq… Ən yaxşı insan… Sadəcə 4 sm boy…
İnamlı insan idi… cəmi üç gün ürəkdən dua etsəydi, boyunun uzanacağına əmin idi… Ona görə də ümidsizliyə qapılmaq istəmirdi… Ümidlə dua edirdi… Möcüzəyə ümidlə…
Otağında kitablarından, bilgisayarından və telefonundan başqa səsini eşidəcək heç nə yox idi… Kitabları sevirdi… Amma, eyni kitabları… 50-yə qədər sevimli kitabları vardı… Elə hey onları oxuyurdu, təkrar-təkrar… Kitablardan oxuduğu, ürəyindən keçən bütün duaları dilinə gətirirdi… Ancaq boyu uzanmırdı ki, uzanmırdı…
Artıq ümidini itirmək üzrəydi…Yatağından üzüaşağı döşəmədəki xalçanın üstünə yıxıldı… Hıçqıra-hıçqıra yerdə qıvranırdı… Ancaq nə duyan vardı, nə də ki, eşidən bu fəryadları… Öləcəyinə inanırdı bu ümidsizlikdən… Dodaqları quruyub göyərmişdi… Sadəcə göz qapaqlarını tərpədəcək qədər gücü qalmışdı. Sevgisi də sanki ruhu ilə birgə içində sovrulurdu kül kimi…
Sevdiyi qız da savadlı idi… Özünü bu bəstəboy oğlanın qollarında təsəvvür edə bilmirdi… Ona uzun boylu, enli kürəkli, lap elə Koroğlu kimi bir kişi lazım idi… O da bilirdi ki, üç günə boyu uzatmaq imkansızdır… Bunu oğlanı başından eləmək üçün demişdi… Əslində, sonuncu söhbətdən az keçmədən sevdiyi öz istədiyi kimi birini tapıb… Hətta, sevginin ən dərin şəhvətini də yaşayıb… Onu unutmuşdu… Çoxdan unutmuşdu… Qəhrəmanımız isə bunu bilmirdi… Ayrılıq qorxusuyla can çəkişirdi…
Son nəfəsini verdiyini düşünərkən gözlərinə ağ paltarlı bir varlıq göründü… Ölüm anında olduğuna əmin idi… Lakin, bilmirdi ki, bu mələk onun canını almağa deyil, yardım əlini uzatmağa gəlmişdi…
Mələk sözə başladı:
-Sənin duan qəbul olundu… Çünki çox qiymətli bir ürəyin var… Allah göz yaşlarının axmasını dayandırmaq üçün məni göndərdi. Ancaq həqiqəti bilməlisən. Sənin sevdiyin sənin qəlbinə heç layiq deyil… Mənim cənnətə layiq olmadığı kimi…
Çox təəcübləndi… Axı bu necə ola bilərdi ki, bir mələk cənnətə layiq olmasın?
Sanki ağ paltarlı varlıq onun ürəyindən keçənləri üzündən oxuyurdu…
-Bax, oğlan, mən Şeytanam… Sevdiyin mənə bənzəyir… Onun üçün Tanrı sənə yardım üçün məni göndərdi… İndi sənə bəzi şeylər göstərəcəyəm… Onları gördükdən sonra fikrini dəyişməsən, Allah duanı qəbul edəcək, boyun uzanacaq…
Hələ də çaşqınlıq içərisində olan oğlan Şeytanla razılaşdı.
Bir andaca bir neçə il keçmişə qayıtdılar… Sevdiyi qızın tələbə olduğu illərə… Xəzərin sahilində sevdiyi oğlanla sarmaşıb söhbət edirdilər… Səsləri eşidilmirdi… Ürəyindən onları eşitmək keçirdi… Elə o dəqiqə də səslər gəlməyə başladı… Eşitdikləri heç də xoşuna gəlmirdi… Qızın bədənində şəhvət qoxan əllər gəzirdi… Daha artıq dayana bilmədi… Çığırdı… Gözlərini yumdu… Açınca da öz otağında idi… Şeytan gülümsəyirdi… Sanki kinayəli təbəssümlə ona deyirdi:
-Necə idi? Xoşuna gəldimi?
Başını aşağı salıb Şeytana lənət oxuyurdu… Sevdiyinə də…
-Görürsənmi, dostum? Sevdiyin mənə çox bənzəyir… İndi də gəl gələcəyə gedək…
Görəcəklərindən qorxsa da gələcəyə getməli idi…
…Yenə səslər gəlməyə başladı… Özünü sevdiyinin yataq otağında gördü… Sevdiyi əri ilə dalaşırdı… Cinsiyyət orqanının yetərincə böyük olmamasına görə…
-O kişinin yerində olmaq istəyirsənsə boyunu uzadaq!-Şeytan qəhqəhə çəkirdi…
Qızı istəmədiyini əvvəlcə birnəfəsə söylədi… Ardınca da sakitcə əlavə etdi:
-Boyum uzansaydı…
Bir neçə dəqiqədən sonra başqa bir otağın qapısını açırdı… Qız sevgilisi ilə içəridə öpüşürdü… Onun gəlişinin fərqinə belə varmadılar… Bir qədər içini ağrıdan mənzərəni seyr etdi… Sonra telefonu açıb onu sevən balaca bir qıza mesaj göndərdi… İkicə kəlməlik… “Səni sevirəm”…
Qapını açıb eşiyə çıxdı… Artıq ürəyi acı çəkmirdi… Beynində yazacağı romanın cümlələri dolaşırdı… Ürəyində isə o balaca qızın gec cavab verdiyi sevgisi…

Комментариев нет:

Отправить комментарий