Страницы

06.07.2013

Üçtərəfli dialoq

Rüfət Əhmədzadə

Uşaq vaxtı çox fərsiz olmuşam. Hətta tələbə vaxtı da. Tanış qızlar kiminsə dərdini uzaqdan və qarşılıqsız çəkəndə həmin oğlana paxıllığım tutardı. Hətta deyərdim ki, böyüməklə bağlı arzularımdan biri də bu idi: “Qızlar dərdimi çəksin”.
Böyüdüm, tələblikdən bu yana xeyli dəyişdim və uzun bir siyahı tutdum. Bu arzum da çin oldu, amma uşaqlığıma hələ də nifrət edirəm. İndi belə vicdan əzabı çəkməməliydim. Kaş o vaxt sevəydilər məni, insanların qəlbini uşaqlıqda qıraydım, böyüyəndə bezəydim qəlb qırmaqdan.
Həqiqətən də uşaqlığım ağır keçib. Həm də ona görə ki, keçid dövrünə düşüb. Və mən də bir çox gənclər kimi görməmiş böyümüşəm. Təsəllimi qonşulardan və kitabxanadan götürdüyüm köhnə, kiril qrafikalı kitablarla tapırdım – dostlarım oyun salonlarına gedəndə, oyuncaq tapançalar alıb oynayanda, velosiped sürəndə. Mən də buz zövqlərdən yararlanmışam, amma çox az… Başqalarına həsəd aparmağa daha çox vaxtım keçirdi. Ya kitabda, ya həyatda – fərqi yox.

Və özgələrinin həyatına baxıb uydurduğum xəyallarda mən həmişə güclü, varlı, sevimli olmuşam. Bu xəyallarla da böyümüşəm. Amma heyif ki… İnsan doğuluşdan əfəl və tənbəl olursa, onun ambissiyaları bir işə yaramaz. Uzaq başı, hansısa məsələdə hansısa yerə qədər gedə bilərsən. Ondan o tərəfə qətiyyən… Məndə də belə oldu. Özümü toparladım və günlərin bir günündə həsəd apardığım insanlar kimi oldum. Amma yenə də həmin insanam. Gücsüz, kasıb və sevilməyən insan. Bəs nə dəyişdi?
… – Hə, nə dəyişdi? Əvvəl də deyirdin ki, sənə görə hər şeyə hazıram, indi də… Amma elə həmişə yalan demisən də. Lap istəsən də, heç nə edə bilməzsən. O vaxt da edə bilməzdin. Bacardığın bir ay sonra qaçıb getmək oldu. Başqalarından fərqin nədir?
O vaxt? Hansı vaxtdan danışır bu? Dayan, bir… Aldadılıb atılandan sonra ətəyimə ağladığı günlərə qayıdıb olmaya? Mən ona “Səni olduğun kimi qəbul edərəm” demişdim. Daha deməmişdim ki, birlikdə olanda köhnə sevgilinin mesajlarını saxlayıb, hərdən gizlincə oxuya bilərsən. Mən düşünməmişdim ki, sevgimi qəbul edən adam kompyuterində bir şəkil albomu da gizlədib və mən evdə olmayanda açıb baxır…. Hətta ona gizli nömrədən zəng edib səsini də dinləyir, sonra danışmadan qoyur… Bütün bunları öyrənmək, mənim üçün dəhşətli deyildimi? Yaxşı, bəs niyə indi onun yanına gəlmişəm?
- Əslində, mən sənin üçün həmişə fədakar olmuşam. Sənin üzüldüyündən çox üzülmüşəm. Həmişə çalışmışam ki, səni xoşbəxt edim. Amma sən bunu istəməmisən. Ya da mənimlə görməmisən….
Biz artıq “28 may”ın girişinə yaxınlaşırıq. O dayanıb. Nəsə tərəddüd edir. Ya kimisə gözləməli idi, ya da mənimlə metroya girmək istəmir…
- Başqa sözün yoxdursa, burda sağollaşaq.
-Kimləsə görüşün var?
Üzünü turşutdu. İri, şabalıdı gözlərini aşağıdan yuxarı mənə zillədi. Düz gözlərimin içinə. Mənim sinəmdən olardı, amma o mənə baxanda mən özümü çox alçaqda, bəlkə də onun topuğuna bərabər bir boyda hiss edirəm. Bütün bədənimi soyuq tər bürüyür, donub qalıram, nitqim quruyur. Lakin bədənim donsa belə, içimdən yanıram. Nəsə demək, hayqırmaq, üsyan etmək istəyirəm. Amma bacarmıram… Ağzımdan ancaq çarəsiz, qətiyyətsiz bir-iki cümlə çıxa bilər. Qırıq-qırıq sözlərlə…
- Söz soruşdum axı…
- Sənə nə var?
- Mənə o var ki… Yəni bu qədər dəyərsizəm… Yarım saat qıymırsan?
Gözlərini çəkdi. Əsəbi şəkildə çatnasını çiynində düzəltdi.
- Biz sadəcə bir neçə dəfə bir yerdə yatmışıq. Bir ay bir evdə yaşamaqla deyil… Ayrı-ayrı adamlarıq da…
Bu nə danışır? Mən üz çevirib gedəndə, “məni tək qoyma” deyib ağlayan o deyildimi? Bəlkə onun qoxusu sadəcə tək qalmaq idi, o təklik də indi aradan qalxıb?
- Həyatında kimsə var deyəsən…
-Bəs sənin?
- Suala sualla cavab vermə… Mən sənə həmişə dəyər vermişəm, həmişə əziz bilmişəm. Həm də sənin sadəcə bir neçə dəfə yatdığın adam mən deyiləm. Mən səninlə ömrümü bölüşmüşdüm. O isə yatağı bölüşdü.
- Bəsdir, biz barışmışıq.
Lənətə gələsən! Sevgi səfehliyə aparır. Məni ona, onu da başqasına. Başqası da bir başqasına gedəcək… Amma mənim sevgim də, onun sevgisi də havada qalacaq. Bunu ona necə izah edim ki, məni eoqist hesab etməsin? Çıxıb getməyə hazırlaşır. Məni stansiyanın girişində qoyub uzaqlaşmaq üçün çabalayır indi. Bir az da üstünə getsəm, elə burdaca hay-küy salacaq…
- Dur!Nə danışırsan… Səni o cür təhqir edib başqası ilə evləndi, bəs indi nə üzlə qayıdıb? Bəs sən…
- Sən evlənmədin?
- Məndə şərtlər başqaydı…
- İstəsəydin, bacarardın.
- Sən mənim yanımda onu yaşadırdın. Bu təhqirə dözə bilməzdim. Ailəm də üz döndərmişdi, kimə gedəydim… Sən məni istəməyəndən sonra ne etsəydim də hədər idi.
Sol əli ilə çantanı çiyninə sıxıb, sağ əli ilə uzun, hamar, qara saçlarını arxaya itələyir. Biz ayrılandan bəri saçları xeyli uzanıb və daha yumşaq, daha şən görünür. Bu saçları oxşamaq, sinəmə sıxıb yuxuya gedənə qədər öpmək üçün çox darıxdım. Toppuş yanaqlarında qızartı var. Amma bu qızartı utancaqlıqdan yox, əsəbdən və hövsələsizlikdəndir. Səhv etdiyini anlayır, amma ya qəlbini dinləyir, ya da “itirəcəyim heç nə yoxdur” düşüncəsi ilə, sonu bilinməyən oyuna tələsir.
- Bəs indi niyə qayıtmısan?
Bu sualın cavabını bilsəydim, nə dərdim olardı? Olanı deməliyəm:
- Darıxmışam. Narahat idim. Sənin necə olduğunu bilmək istədim.
Artıq mənimlə yanaşı danışmaqdan bezdi. Qarşıma keçib yaxınlaşdı, sağ əli ilə sol qolumdan tutdu:
- Məni içəridə gözləyəcək. Sonra başqa yerə getməliyik. Bax… Sən yaxşı oğlansan. Mənə dəstək vermisən. Sevmisən də… Qədrini bilməmişəm, amma olan olub. Mən də artıq əvvəlki saf, sadəlövh qız uşağı deyiləm. Əgər bir evli adamla görüşəcəyəmsə, bu adam mən sevən adam olacaq. Mənim sevdiyim adam. Başa düşürsən?
- Amma mən o adam kimi davranmayacam…
- Necə davranacaqsan? Evə getməyəcəksən, günlərlə mənim yanımda qalacaqsan? Yoxsa, pulun başından-aşıb daşır, mənə lüks həyat yaşadacaqsan? Bəsdir, sən Allah! Güldürmə məni. Mənə çox dəstək olmusan, amma ürəyə əmr eləmək olmaz. Sağ ol, tələsirəm!…
O, deməli olduğunu dedi artıq. Üz çevirib gedirdi. Onun arxasınca qaçıb qolundan tutdumaparatların qarşısından kənara çəkdim
- Sənə “gəl barışaq” deyib yalvarmaq üçün gəlmədim. Səni… Sadəcə səni yenidən həyatımda hiss eləmək istəyirəm. Amma onsuz… Mən dəli oluram. Biz… Bir dəqiqə. Allo? Kimdi danışan? Səsinizi çıxarın. Allo?… Əşşi, gizli nömrədi. Hansısa başıxarab qızdır yəqin. Təxmini bildim kimdir…Hara gedirsən?
- Sağ ol, tələsirəm. Başqa vaxt zəngləşib görüşərik.
Aparatdan keçəndə dönüb bu son sözləri də dedi:
- Qurban olum, dalımca gəlmə!
Mən nə deyə bilərəm? Evə metroyla getməliydim, amma beş-on dəqiqə stansiyanın qabağında siqaret çəkim, gəzişim… SMS. Tanış nömrədir. Həmin başıxarab qız. Sən bir bunun yazdığına bax: “Mən sənə görə hər şeydən keçmişdim!”…

Комментариев нет:

Отправить комментарий