Страницы

01.07.2013

Yezidi kürdün Babalı Ağayevə etdiyi zülmlər

Babalı müəllim partiyadan niyə azad edilir, övladları ali məktəblərdən necə qovulur?

Qəzetimizin ötən sayında İsa Məmmədovun Lənkəranda RPK-nın 1-ci katibi, daha sonra Azərbaycan KP MK-nın katibi işləyərkən cənub bölgəsində bəzi rəhbər şəxslərə etdiyi zülmlərdən bəhs edən ilk yazını sizə təqdim etmişdik. Hansı ki, həmin yazıda Lənkəran Pedoqoji Texnikumunun o vaxtkı direktoru Hacı Hüseynbəyliyə qarşı edilən ədalətsizliklər – onun vəzifədən qanunsuz çıxarılması, Moskvadan oğurlanması, rayon rəhbərinin otağında döyülməsi və sair hallar konkret detallarla oxuculara təqdim olunmuşdu.
Xatırladırıq ki, İsa Məmmədovun əsli Ermənistan SSR-in Əzizbəyov rayonunun Horis kəndindəndir. Sonradan ailəsi Naxçıvanın Şərur rayonunun Atralıq kəndinə köçmüşdür. Bu barədə Nadir Ağayev “Fəlakətlərimizin baiskarı” kitabında geniş məlumat vermişdir.

Qərb klanı qiyabi filoloq təhsili almış bu adamı Lənkəran Şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifəsinə təyin etməklə bərabər, ona Cənub bölgəsinin şefi olmaq səlahiyyətini də vermişdi. Həmçinin İ.Məmmədov da heç nəyi gizlətmədən ictimaiyyət arasında açıq-açığına deyirdi ki, Cənub bölgəsinin şefi vəzifəsi ona həvalə olunub. Qonşu rayonların rayon partiya komitələrinin 1-ci katibləri də vəzifələrində qalmaq xatirinə, məcburiyyət qarşısında bütün məsələləri onunla razılaşmalı idilər.
Bu filoloqun bilavasitə rəhbərliyi ilə Azərbaycan SSR bütünlükdə şərab anbarına çevrildi, kənd təsərrüfatında rəqəmlər fantastik dərəcədə şişirdildi. Özü də son zirvəyə çatdı - Sosialist Əməyi Qəhrəmanı oldu. Cənub bölgəsinin hüquq-mühafizə orqanlarının əməkdaşları da bilavasitə onun göstərişlərinin icraçısı oldular, saysız-hesabsız təmiz adamlara cürbəcür böhtan və şər atıb, ləkələyib damğaladılar.
İsa Məmmədovun qəzəbinə tuş gəlmiş adamlardan biri Lerik Rayon Partiya Komitəsinin sabiq birinci katibi Babalı Ağayevdir.
B.Ağayev Lerikdə anadan olub, uşaq evində böyüyüb, nə adlı-sanlı qohumları, nə də hakimiyyətdəkilərlə əlaqələri vardı. Respublikanın keçmiş rəhbərliyi dövründə o, öz savadı, bacarığı və rəhbərlik etmək qabiliyyətinə görə pillə-pillə yüksəlib, əvvəl Biləsuvar (keçmiş Puşkin) Rayon Partiya Komitəsinin, sonra da öz doğma rayonu olan Lerik rayonunun birinci katibi olmuşdu. Tanrıdan razı idi: bir oğlu vardı, bir qızı.
B.Ağayev buyruq qulu roluna yaramırdı. Zonanın şefinin və onun hamisinin şərəfinə riyakarlıqla dolu badə qaldırmırdı, vəzifəli qonaqlar qarşısında baş əymir, alçalmırdı. Çətinliklə böyümüş, aza qane olan bu adam həyatda öz vəzifəsini ancaq işləməkdə görürdü. Bu xarakteri zonanın şefi İ.Məmmədovu özündən çıxarır, onu qane etmirdi.
Ailədə isə onu narahat edən məsələ həyat yoldaşının xəstəliyi idi. Onda hipertoniya vardı, dağ rayonunda uzun müddət yaşaması xəstənin vəziyyətini ağırlaşdırırdı. Buna görə də B.Ağayev MK-ya dəfələrlə müraciət edərək, hər hansı bir başqa rayona keçirilməsini xahiş eləmişdi.
80-ci ilin sonunda Azərbaycan KP MK-nın 2-ci katibi Y.Puqaçov B.Ağayevi yazdığı ərizələrlə əlaqədar MK-ya çağırır və ona deyir ki, xahişin təmin olunacaq - sənin əvvəllər işlədiyin Biləsuvar rayonuna keçirilmək məsələn MK-nın bürosuna çıxarılır. B.Ağayev Y.Puqaçovun kabinetindən sevincək çıxarkən dəhlizdə İ.Məmmədovla rastlaşır. Zonanın şefi ondan xəbərsiz B.Ağayevin MK-nın 2-ci katibi ilə görüşməsinə təəccüblənir. Yalan danışmağa alışmamış B.Ağayev İ.Məmmədovun sualına cavab olaraq deyir ki, onu Biləsuvar rayonuna göndərirlər. İ.Məmmədov isə deyir ki, onu görməyəcəksən…
Belə də oldu. B.Ağayev Lerik rayonunda işləri təhvil verir, amma onu Biləsuvar rayonuna keçirmirlər. 
İ.Məmmədov isə 80-ci ilin axırında Azərbaycan KP MK-nın kənd təsərrüfatı üzrə katibi olur. Həmin vaxtdan da B.Ağayevin partiya xəttilə yüksəlişinə nəinki son qoyuldu, hətta o, geri addımlamalı oldu. Çox əzab-əziyyətdən sonra B.Ağayev Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin kadrlar şöbəsinə göndərilir. Lakin hakim klanın adamları burada da ona sakit işləməyə imkan vermirlər. Yuxarıdan ona göstəriş verilir ki, Moskvaya göndərmək üçün orada şərab zavodunun direktoru işləyən Məmmədzadəyə saxta xasiyyətnamə yazsın. Moskvanın Bauman Rayon Partiya Komitəsi tərəfindən isə Məmmədzadəyə töhmət elan edilmişdi. B.Ağayev saxta xasiyyətnamə yazmağa etiraz edir.
Sən demə, o da İsa Məmmədovun adamı imiş.
Kürd klanı bu cür işləri bağışlamır. B.Ağayev haqqında vaxtilə yoxlanılmış və təsdiq edilməmiş imzasız məktub təcili surətdə üzə çıxarılır. İmzasız məktub əsasında B.Ağayevə qarşı abad qonaq otağı tikdirməkdə, su çənindən şəxsi məqsədlər üçün istifadə etməkdə, qızı Nilufərin qanunsuz olaraq qızıl medal alıb və cəmi bir imtahan verməklə Tibb İnstitutuna girməsində və Azərbaycan Dövlət Universitetinin (İndiki Bakı Dövlət Universitetinin) 5-ci kurs tələbəsi olan oğlu Hamletin beş il əvvəl qəbul imtahanları zamanı şifahi fənlər üzrə qiymətlərinin artırılması ilə bağlı saxta ittihamlar ortaya çıxır. Bu ittihamların tərtib olunması, belə işlərdə özünə məxsus böyük professionallığı ilə fərqlənən, xuntanın sadiq qulu olan, o dövrdə respublikanın saysız-hesabsız pak, vicdanlı, savadlı və bacarıqlı ziyalılarının ləkələnib, damğalanmasında müstəsna rolu olmuş Xalq Nəzarət Komitəsi sədrinin müavini Salman Cəfərova həvalə olunur. Bu, əsassız ittihamlar hələ heç sübuta yetməmiş B.Ağayevin uşaqlarının ikisi də ali məktəbdən xaric edilməklə bərabər, qızı Nilufərin əlaçı attestatı və qızıl medalı ləğv olunur və geri alınır. B.Ağayevin özü isə işdən azad olunmaqla bərabər, partiyadan da xaric edilir.

Rayon rəhbəri Babalı Ağayevə açılan cinayət işi

Nəhayət, S.Cəfərovun böyük məharətlə saxtalaşdırdığı bu iş lazımi cəza tədbiri görülməsi üçün Lənkəran Şəhər Prokurorluğuna göndərilir və burada vəzifə səlahiyyətindən sui-istifadə etmək adı altında B.Ağayevə qarşı CM-nin 167-ci maddəsinə əsasən, cinayət işi qaldırılır. Aparılan istintaqın nəticəsi göstərir ki, B.Ağayevin tikdiyi "saray" Cənub zonasının şefi İ.Məmmədov kimi dövlət vəsaiti hesabına tukdirdiyi rütbəli adamları qəbul etmək üçün möhtəşəm qonaq evi deyil, sahəsi 7 kvadrat metr, dəyəri 700 manat dəyərində qarovulçu üçün tikilən evcik imiş. B.Ağayev Lerik rayonundan gedəndən sonra Biləsuvar rayonunda onun yaxın qohumu rəhmətə gedir. Bundan xəbər tutan leriklilər orada su qıtlığını nəzərə alıb, yas məclisində hesabdan silinmiş süd daşıyan maşının çənində su aparır və mərhumun yeddisindən sonra yenə də geri qaytarıblar.

Onun övladları ali məktəbə necə bərpa olunur?

B.Ağayevin uşaqları ilə bağlı SSRİ Maarif Nazirliyinin ona göndərdiyi məktubda yazılıb: “Bizim xahişimizlə A.M.Qorki adına Ədəbiyyat İnstitutu qızınızın işini təhlil edərək bu rəyə gəlmişdir ki, onun işi ilə bağlı məsələyə qiymət verilərkən qeyri-obyektivliyə və qərəzliliyə yol verilmişdir. Bu barədə Azərbaycan SSR Maarif Nazirliyinə məlumat verilmişdir. SSRİ Maarif nazirinin müavini Ştikalonun imzası ilə respublika maarif nazirinə göndərilmiş məktubda kollegiyanın qərarını səhv qərar kimi ləğv etmək, N.B.Ağayeva yoldaşın əlaçı attestatını və qızıl medalını qaytarmaq təklif olunmuşdur…”
Komissiyanın adlı-sanlı üzvlərindən biri, SSRİ Yazıçılar İttifaqında Azərbaycan ədəbiyyatı üzrə təcrüməçi İqor Paçenyev isə öz rəyində qeyd etmişdir: “Bu, uşağın öldürülməsinə bərabərdir”.
Üç illik süründürməçilikdən, əziyyətlərdən və zülmdən sonra Lənkəran Şəhər Prokurorluğu B.Ağayevə qarşı qaldırılmış cinayət işinə xitam verdi. Gündən-günə azğınlaşan banda isə SSRİ Maarif Nazirliyinin rəyinə heç bir məhəl qoymur. B.Ağayevin qızı Nilufər ali məktəbə daxil olmaq üçün üç ildən sonra yenidən imtahan verib, bütün fənlərdən əla qiymət alaraq Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinin tələbəsi oldu. SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin xahişilə Xarkov Universitetinin rektorluğu B.Ağayevin oğlu Hamleti 5-ci kursa qəbul etməyə hazır olduğunu bildirdi.
Baxmayaraq ki, Lənkəran Şəhər Prokurorluğu 1983-cü ildə B.Ağayevin işinə xitam vermişdi, lakin bu işlə əlaqədar çıxarılan qərarı, qanuna müvafiq olaraq ona təqdim etmirdi. Çox çətinliklə üç il sonra, 1986-cı ildə B.Ağayev Lənkaran Şəhər Prokurorluğunun qərarını alıb, istəyir ki, partiyaya bərpa olunsun. Ona deyilir ki, cinayət işi az əhəmiyyətli olduğu üçün xitam olunduğuna görə, siz partiyaya bərpa oluna bilməzsiniz. Bax, kürd klanı insanın belini belə qırır. Elə ona görə də prokurorluq çıxardığı qərarın surətini ona vermirdi.

Babalı Ağayevin bəraəti

B.Ağayev 1986-cı ildə SSRİ Prokurorluğu vasitəsilə əməllərində cinayət tərkibi olmadığına görə bəraət alır. Nəhayət, 6 ildən artıq keçən əziyyətdən, zülmdən sonra B.Ağayev şəbəkənin torundan çıxıb, təmizlənib pak oldu. Amma bu mübarizədə nə qədər qüvvəsi getdi. Üstəlik cansağlığı… Uşaqların əzab-əziyyətinə dözməyən ana vəfat etdi. Klan isə B.Ağayevə qarşı hələ uzun müddət öz dəyirman daşını işlətməkdə davam etdi.
Hazırda Babalı Ağayev gah Lerikdə, gah da Bakıda övladlarının yanında yaşayır.

"Cənub xəbərləri"

Комментариев нет:

Отправить комментарий