Страницы

28.08.2013

Dildən-dilə düşdüm

Dədəkişi Solğun

Demədimmi?

Təklif eləmə şairə rüşvət, demədimmi?
YAP-dan yol alıb rüşvətə adət, demədimmi?
Yəqin ki, bu təklif ilə sən çox şey umursan?
Amma olamaz bizdə bu  xislət, demədimmi?
Bir ənam üçün zülməti tərif edən əşar...
Olmaz el içində ona hormət, demədimmi?
Xalqın qəminə tüstülənib yanmasa şair,
Şair deyil əsla, ona nifrət demədimmi?

Zülmün beşiyi yırğalanarkən bu diyarda,
Susmaqda olan şairə lənət demədimmi?
Onsuz da bu xislət ilə gözlərdə sən heçsən,
Özun kimidir şerinə qiymət, demədimmi?
Şeytan dölüdür - haqqa yamaq vurdusa şair,
Solğun, bu sözə eyləmə höccət demədimmi?

Dildən-dilə düşdüm

Həqq yazıb, həqq söylədim, həqq tapmadım eldən belə,
Düz nədir, səhra nədir, dərya nədir, göldən belə.

Çox peşimanəm bu gün dünya məni var eyləmiş,
Zalimin zülmüylə bax, min dərdə düçar eyləmiş, 
Xalqı göz yaşında bitab, məmuru kar eyləmiş,   
Məmləkət halın görən Həccac özü ar eyləmiş, 
Həqq yazıb, həqq söylədim, həqq tapmadım eldən belə,
Düz nədir, səhra nədir, dərya nədir, göldən belə.

Əhli dövranın, baba, quzğunlaşıb övladları,
 Dehlidə, Varşavada, Bombeydədir arvadları,
“Porşe”lər, “İnfinti”lər çapdıqları Qıratları,
Cimdi, Bomdu, ay baba, 
                                      bizdən deyil qarantları 
Həqq yazıb, həqq söylədim, həqq tapmadım eldən belə,
Düz nədir, səhra nədir, dərya nədir, göldən belə.

Fərqimiz yox kimsədən, ey çərx, sənin zülmün nədir?
Hanı mizanın sənin, ölçün nədir, elmin nədir?
Pulumuz dərya qədər - milyon nədir, yüz min nədir? 
Bəs bu nə aclıq, səfalət? Bu qədər səbrin nədir? 
Həqq yazıb, həqq söylədim, həqq tapmadım eldən belə,
Axırı Solğun kimi düşdün, dədə, dildən-dilə.

Keçdi dövranın sənin...

Düz iyirmi sənədir sübhi-səhərdən dururam,
Sənin əmrinlə, gədə, gör necə meydan qururam,
Oldu düz, olmadı düz, hər nə ki var uydururam, 
Hələ sayəndə sənin mən “qalaşək” muçqururam,
Bəsdi, bezdik daha biz, saqqalımız  oldu  pırığ,
İstefa ver, deyirəm keçdi zamanın, lopa bığ.

Bığların qupqurudur, yağ yerini his də basıb,
Var sənin dudumanın, sadə vətəndaşsa kasıb,
Qapıya gör  nə böyüklükdə bir elan da asıb:
Keçmişin şöhrətini getdiyi ünvana yzıb,
Onun ardıyca gələnlər necə yoxsul və cırıq!
“İstefa ver” deyirəm, keçdi zamanın, lopa bığ.

Dediyin oldu xəyal, boş yerə dözdük yenə biz.  
Sayğacın “nolda” durub, borc ödəyir himmətimiz.
Öyrənə bilmədi səndən  “nəmənə” millətimiz
Sənin üstündə qırıldı neçə yol sünnətimiz.
İstefa ver deyirəm, sən də bu meydanlara çıx, 
“Çıx! Çıx” deyirəm, keçdi zamanın lopa bığ. .

Комментариев нет:

Отправить комментарий