Страницы

15.08.2013

HAQQIN KÖLGƏSİNDƏ

Şair Əfrahim Hüseynli ilə söhbət

Əfrahim Hüseynli iixtisasca həkimdir. Ədəbiyyata Xalq Şairimiz B. Vahabzadənin xeyir-duası ilə 70-ci illərdə "Bakını gecə lövhəsi" şeri ilə gəlib (orta məktəb illərində). Yaradıcılığında o vaxtlar M.Ə.Sabir adına kitabxanada A.Əlizadənin, Lenin adına kitabxanada N.Həsənzadənin rəhbərlik etdikləri ədəbi dərnəklərin böyük rolu olub. 6 şerlər kitabının müəllifidir. "Səni gözləyə-gözləyə","Yollar qayadan asılır", "Ömrü hamıtək yaşasan","Məni axtaran varsa",""Nə yaman çətinmiş məni tanımaq","Yağan yağış yollarını döydümü"...Əfrahimin imzasına mərkəzi mətbuatda tez-tez rast gəlmişik. Şairin şerlərinə müxtəlif illərdə T.Bayram, S.Sərxanlı, N.Kəsəmənli, B.Bağırli, V.Xramçaylı rəy yazmışdir. Bu rəylərdə dəfələrlə Əfrahim şerlərinin əsas qayəsini Vətən sevgisi, el-oba məhəbbəti, sevgi müqəddəsliyi, ata-ana ucalığı...təşkil etdiyini və Əfrahim qələmi ilə özünəməxsus poetik deyim tərzi ilə ifadə olunması yüksək qiymətləndirilmişdir...


-Deyirlər, hələ orta məktəb illərindən şeir yazırsınız?
-Düz eşitmisiniz. İlk şeirim o vaxtlar mərkəzi mətbuatda çap olunub.
-Şairlər başqalarının eşitmədiklərini eşidir, duyur, deyirlər. Belədirmi?
Bəli, tibbi nöqteyi nəzərdən də hər bir insanın duymaq qabiliyyəti fərdidir...Amma şairin gördüklərini hamıdan artıq duyması, eşitməsi hələ şeir deyil. Şeir yazmaq odur ki, şair bunları özünəməxsus şəkildə ifadə etsin. Və həm də bu hiss və duyğuların çərçivəsindən inandırıcı şəkildə çıxa bilsin. Onda şeirdə istilik, sevinc, hətta kədər də daha güclü olur. Oxucu belə şeiri oxuduqca düşünməyə məhkum olur.
-Kitablarınızda müxtəlif səpgidə yazılmış şeirlər var. Amma məhəbbət şeirlərini oxuduqca düşünürsən ki, bu şeirlər ayrı-ayrı insanlara yazılıb.
-Düz tutmusunuz.Xətainin bir sözü var,"Məhəbbətdən keçən haqqdan da keçər." Sevdiyim şairlərdən birinə də bir dəfə bu sualı verdilər. O da sanki mənim ürəyimdən keçən cavabı verdi. "Özümdən uydurduğum qəhrəmanlardır" dedi. Sizin sualınızın cavabı elə budur. Amma hamisi yox. Ömür-gün yoldaşıma həsr etdiklərim daha çoxdur. Düzü, bu mövzu evdə də başıma bəladır...
-Əfrahim müəllim, ölüm mövzularından da uzaq deyilsiniz. Bu bədbinklik deyilmi? Bunu bu misralardan da aydın görürük:

...Dar ağacı, ömür yarı,
Gəl bu ömrü bölək yarı!

və ya 

...Görə-görə, bilə-bilə
Üzümə gülmədin, ölüm!

-Bu məndən asılı deyil. Nə qədər çalışıram bu mövzudan uzaq olum, alınmır. Bir tərəfdən də fikirləşirəm, uzaq olsam, əksinə bu mənə bədbinlik gətirər. Yox, mən görüb-duyduqlarıma göz yuma bilmərəm.
-Yaşadığınız Alarda deyəsən yazarlar çoxdur?
-Çoxdur, bəli! Miryusif Ağa, Ələddin Əzimov,Böyükxan Bağırlı, Misir Alarlı, Bilal Alarlı və b. Bəziləri məndən inciməsinlər, söz-sözü çəkəndə, yaxşı şairlərdən söhbət düşəndə heç adını belə eşitmədiyimiz uzaq yerlərdə yaşayanların adlarını çəkirlər. Axı biz hər gün bir-birimizi görürük, bəlkə budur bizi adiləşdirən. Üzümü onlara tutub deyərdim, bir-birimizi adiləşdirməyək, necə varıqsa elə olaq, elə görünək. Hər şey gəldi-gedərdi! Bizdən bir-iki söz yadıgar qalacaq!.Haqqın kölgəsi başımız üstündən gərək əskik olmasın.
-Deyəsən yaralı yerinizə toxundum?
-Ən yaralı yerimə toxundunuz, bəli. Amma məncə bu haqda yetər.
-Sizə yeni-yeni uğurlar arzulayırıq. Özünüz demişkən, "HAQQIN KÖLGƏSİ BAŞINIZ ÜSTÜNDƏN ƏSKİK OLMASIN! 

Sorğu-sual elədi Vaqif Bəhruzoğlu.

Комментариев нет:

Отправить комментарий