Страницы

12.08.2013

Hələ boy atmağa yerim var mənim...

Saday Şəkərli

Bu gecə güzgütək təmizdi ürək,
min-min açılmayan sirrim var mənim...
Ulduzlu göyləri geydim əynimə -
üstümdə nə qədər zərim var mənim.

Tanı Ulu Tanrı səsimi - mənəm,
yaralı könüllər nəsibi mənəm...
Hələb meydanında NƏSİMİ mənəm,
əcəb soyulmalı dərim var mənim!

Nə fərqi, şairəm, nökərəm, xanam
hazıram cəhənnəm odunda yanam...
Bəlkə yer üzündə ilk müsəlmanam,
Allahım, Quranım, pirim var mənim.


Görmüşəm rəngimi sözün qanında,
qorxum yox məhşərdə, haqq divanında...
Suyun yaddaşında, daşın canında
danışan, daşınan şeirim var mənim.

Bu Qoca, yorulmuş qocanı neynər?
Yolları bitəndə izləri göynər...
İlahi, nə yaxşı, ucadır göylər,
hələ boy atmağa yerim var mənim...

***
Oyanıb, ayılıb...qalxmağı yoxdu,
açılıb gözləri, baxmağı yoxdu,
dünyanın bu boyda axmağı yoxdu,
mənim daranmamış telimə gülür...

Yükləri belimə büküb tağlıyan,
ürək yıxılmışı köztək dağlıyan,
birinci dəlidi məni ağlıyan,
birinci dəlidi, dəlimə gülür...

Ağlayıb usandım, üzüm almadı,
məni saplağından üzüb salmadı,
dünyada gülməyə adam qalmadı,
tükənib göz yaşı, ölümə gülür..

***
Tükləndikcə dırnaqları, yalları,
qırılmasın qanattarı, qolları,
duman bağlar ərlər keçən yolları,
dörtnala çapdım atımı, dörtnala...

Ağrılarım Ağrı dağda yatammaz,
dar günümdə dostlar beni atammaz,
külək çapar, köhlənimə çatammaz,
dörtnala çapdım atımı, dötnala...

Hər nə yerdən səsliyənim varıydı,
süsən-sünbül bəsliyənim varıydı,
Günbatanda gözlüyənim varıydı,
dörtnala çapdım atımı, dörtnala...

Ocaq çattım, ey yatanlar atlanın,
qana batsın qoy duşmanın qattanı,
diz qattamaz türk elinin atları,
dörtnala çapdım atımı, dörtnala...

***
Qırmızı gülün də gözləri qandı,
məni qan ağladır həsrət beləcə...
Gözlərim kükrədi, ürəyim yandı,
axdı sellər kimi qismət beləcə.

Min ilin qışına bənzədi şerim,
üşüyür misralar: soyuqdu, qardı...
Qırılmış qoşuna bənzədi şerim,
sonuncu sözüm də ölüb-qurtardı...

Solur çiçək kimi zamanın rəngi,
rəsmini yaratdım, xatirə qalsın...
Qoy bu məhəbbətin solmaz çələngi,
sənətdən bezməyən qatilə qalsın...

Qızmış gözlərimdə ölən eşqimi,
dəfn ettim min dəfə bəbəklərimdə...
Hər gün qan gölündə üzən quş kimi,
hər gücə qan damır lələklərimdən

***
Baxtından yüyürüb qaçdın
kəndə...öldün, Sulduz əmi.
Gətirdiyin hər toxumda,
dəndə öldün, Sulduz əmi.

Sən bilirdin mən dəliyəm,
nə uymuşdun mən dəliyə?
Sığışmırdın bəndəliyə,
bəndə öldün, Sulduz əmi.

Dik sandığın dağa çıxdın,
mənə baxa-baxa çıxdın...
Sən özündə yoxa çıxdın,
məndə öldün, Sulduz əmi.

Yatım, gözüm qana qalsın,
ölüm yana-yana qalsın,
...Dünyanı virana qalsın,
Sən də öldün, Sulduz əmi...

Комментариев нет:

Отправить комментарий