Страницы

12.08.2013

“Məni ayaqlarım yox, gəzdirən sözüm imiş...”

Nurəddin ƏDİLOĞLU

Bugünkü mizan-tərəziylə ölçüb-biçəndə Saday Şəkərlinin oxucuların ilk tanışlığı dünyanın DÜZ vaxtına təsadüf edir. O zaman nə dünya şairdən bezmişdi, nə adamlar sözdən usanmışdı... Elə, sözün urvatı, kitaba marağın, qələm sahibinin xətir-hörməti olduğu həmin vədələrdə - 1985-ci ildə tələbəlik çağlarından bədii yaradıcılığa başlayan Saday Şəkərlinin "Məhəbbət ağacı" adlı ilk şeirlər toplusu Saratov şəhərində işıq üzü görmüşdü.
Bir il sonra gənc şairin Bakıda “Yazıçı” nəşriyyatında “Torpağa oğul sözü” kitabı nəşr edildi. Bu, Sadayın böyük uğuru idi. Çünki onunla həmyaşıd olan qələm dostlarının çoxu hələ ilk kitablarının işıq üzünə çıxacağı günü həsrətlə gözləyirdilər. Kitabları işıq üzü görsə belə, o vaxt yaradıcı adamların ömrünün ən unudulmaz anlarından biri oxucularla canlı görüşləri idi. 
“Bir gün Masallıda ayaq saxlayıb, söhbət etməliyəm Viləş çayıyla” deyən gənc Sadayın bizim dəvətimizlə C.Cabbarlı adına Masallı Şəhər Mərkəzi Kitabxanasına gəlişini və çoxsaylı oxucularla görüşünü yaxşı xatırlayıram. Həmin görüşdən yadigar qalan ağ-qara şəklini 25 ildən sonra ona göstərib, zarafatla soruşdum: “Bu, cavan Sadayın şəklinə nə verərsən?” Dedi: “Mən elə indi də cavanam”. Ömrünün 54 yaşının astanasında gənc görünən, şeir yazanda Tanrının “sirrini açan”, qürbətdə yaşayanlara adına “vətən deyilən qibləni” görməyi tövsiyə edən qələm dostum Saday Əsəd oğlu Şəkərli - çağdaş ədəbiyyatımızın cəfakeşi, görkəmli tənqidçimiz Vaqif Yusiflinin təbirincə desək, tale şairidir. “Bütün şeirlərində onun həyatının, ömrünün-gününün bir parçası əks olunub. Amma bu əksolunmalar tərcümeyi-hal deyil, müasirimiz olan – Saday yaşında bir nəslin poetik düşüncələridir... SADAY ŞƏKƏRLİ MÜASİR AZƏRBAYCAN POEZİYASININ ÜNLÜ BİR ŞAİRİDİR. BİZ ONU SEVİRİK ”. 
Poetik ruhuna doğulub boya-başa çatdığı qədim Bəciravanın (Cəlilabad rayonu) ab-havası hopsa da, ilk dəfə DÜNYAYA Şolan dikindən boylanan Saday indi az qala yer üzünün yarıdan çoxunu gəzib-dolaşıb. Necə deyərlər, onun hər cikinə-bikinə bələddir. Rusiyanın Saratov şəhərində ali təhsil alıb (1980-1985). 1984-cü ildə gənc yazıçıların Moskvada keçirilən 8-ci Ümumittifaq seminar-müşavirəsinin iştirakçısı olub. 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ufada başqırd dilində “Gümüş şamın şöləsi” (2000), Moskvada “Музыка дождя” ( Новый век, 2010) , İstambulda “Atamdan qalan payız” (2011) və Bakıda bir xeyli kitabları nəşr olunub. Şeir və poemaları İran, Amerika kimi ölkələrdə işıq üzü görüb. Azərbaycanın xalq artistləri Zeynəb Xanlarova, Mələkxanım Əyyubova və başqaları onun sözlərinə yazılmış mahnıları bu gün də sevə-sevə ifa edirlər... Saday istər sərbəst şeirlərində, istərsə də xalq şeirinin və klassik poeziyanın müxtəlif formalarında yazıb-yaratdığı düşüncələrini aydın, obrazlı şəkildə ifadə edir:

Gözlərim bulaq şəklidi,
Dərd-kədər bölgəmdi, bala.
Sulardakı dağ şəklidi,
Ya mənim kölgəmdi, bala? 

Sadayın “Ömrün yorğun kölgəsi” (şeirlər və poemalar) kitabında toplanan bədii-fəlsəfi könül əmanətləri rəngarəng olsa da, “bir əlin beş barmağı kimidir” (Allahverdi Məmmədli). Amma bu kitabda bir oxucu kimi mənim diqqətimi çəkən qürbət, qəriblik mövzusunda yazılan şeirlər oldu. “Qərib yurdun havaları...”, “Qərib adamın göz yaşı...”, “Qərib adama yuxu ver, tanrı”, “Qərib adamın sevinci”, “Qərib adamın gözləri” və s. 

Hara baxsın, nəyə baxsın,
Kimə baxsın, kimə qərib?
Qəribi də qəribliyə
Göndərən Allah göndərib...

Bu mövzuda qələmə aldığı şeirlərin bir-birindən maraqlı fikirlərlə zəngin olmasının səbəbi nədir? “Bəlkə, ona görə ki, uzun bir müddət qürbətdə yaşayıb, ömrünün tarixçəsinə coğrafiyadan uzaqlaşaraq kənardan baxmaq imkanı qazanıb” (S.Babullaoğlu). Mənim fikrimcə, Saday Şəkərli dünyasında QƏRİBLİK daha çox bəşəri məna daşıyır. “Ömrün yorğun kölgəsi” kitabına yazdığı fikir həm də şairin mənsub olduğu ədəbi nəslin gercək nisgili, acı həqiqətidir: “Bu kitab yaşamağa yer tapa bilmədiyim Yer üzündə, gəlimli-gedimli, duracaq yer olmadığını dərk elədiyim dünyada mövcud olmağımın (yaşamağımın yox!) əlli illiyi xətrinə nəşr elətdirdim... Bu yaşa görə isə mənə təbrik yox, başsağlığı düşür”. Doğma vətəndə qəriblik hissi qələm əhlini mənən böyüdür. İndiki zamanda “dar ağacı” ilə üzbəsurat, göz-gözə dayanmaq hər oğulun işi deyil:

Gözəlim, dar ağacı,
yarpaqla salxım-salxım,
ya sən aşağı əyil,
ya mən yuxarı qalxım.

Sadayın “Kor Balayar” poemasını oxuyanda qeyri-ixtiyarı uşaqlıq çağlarıma döndüm. Doğrudan da, biz o zaman elə bilərdik ki, toy-düyündə qarmonçalan Kor Balayarın barmağında gözü var:

Neçə qızın, gəlinin,
neçə bəyin yadında
bir qarmonçu yaşayır,
Kor Balayar adında.

... Uşaqlar inanmışdı -
(kimin buna sözü var?)
güya Kor Balayarın 
barmağında gözü var.

...“Yatırdı – hər yan gecə! Dururdu - hər gecə! Ona İŞIQ borcluydu, onu yaradan gecə!” Və Allah bu kor bəndəsindən bəsirət gözünü əsirgəmədi. Kor Balayarın “barmaqları tanışdı qarmonun hər dilinə - bəminə bəm deyərdi, zil deyərdi zilinə”.
Sadayın bu poetik əsəri mənim yadıma həm də qızılağaclı kor dərvişi - Xəlildadaşı saldı. Bu qəbildən olan insanların QƏRİBƏ taleyini, Allahın onlara bəxş etdiyi fitri istedadı düşünəndə mən də “Gözləri görməyənə kor deməyin!” novellasını qələmə aldım. 
Boy-buxunundan qədim Muğan cəngavərlərini xatırladan Saday Şəkərli haqsızlığa dözümsüzdü. Ancaq qılıncdan iti sözlə savaşır. Ona görə Sadayı “acı həqiqət şairi” adlandıranlar yanılmırlar. 
“Min il qabaqlar məni bu dünyada görən olub, deyirlər...” deyən Sadayla ilk dəfə görüşən və ünsiyyətdə olan adama elə gəlir, onu lap çoxdan tanıyır.
Saday xeyir-şər adamıdır... Onda köhnə kişilərə xas təəssübkeşlik hissi var. 
Qızı hamımızın Milli Azadlıq Hərakatından tanıdığımız haqq aşiqi, şair Abbasağa Azərtürkün ocağında gəlindi. Bu icdivaca qol qoyulanda ustad şair artıq dünyada yox idi... Elçiliyə sanki onun əziz RUHU gəlmişdi.
... Bilmirəm, nədənsə Saday haqqında fikrimi yekunlaşdıranda acı içində dəbdəbəli villalar, saraylar və göydələnlər ucalan məmləkətə boyalandım. Filosof dostumuz Rahid Uluselin “Bu malikanədə hər şey var – İNSANdan başqa” fikrini xatırladım. Saday isə bu fikrə daha poetik don biçib: 

Dərd işində boğulur, 
And olsun bir Allaha, - 
İndi insan doğulur, 
İnsan yaranmır daha...

Комментариев нет:

Отправить комментарий