Страницы

27.08.2013

“Qürbətə üz tutan hər alim özüylə xalqının dəyərlərini də aparır”

Müsahibimiz Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurasının keçmiş icraçı direktoru, fəlsəfə elmləri doktoru Eliza İsmayılovadır:

– “Beyin axın” ifadəsi bəzi ziyalılar arasında hərdən mübahisəli ifadə kimi müzakirə olunur. Mən öz yazılarımda bunu adətən, “zəka axını” kimi ifadə etmişəm. Demək söhbət insan zəkasının, düşüncəsinin, istedadının və bacarıqlarının bir yerdən başqa yerə getməsindən gedir. Dünyanın siyasi mənzərəsinə nəzər yetirsək görərik ki, bu proses dünyanın güclü dövlətləri tərəfindən həmişə maraq doğuran məsələ kimi nəzarət də olub və çox məharətlə bundan istifadə edib və deyərdim ki, faydalanıblar da. Güclü dövlətlərin maraq dairəsinə düşən kiçik ölkələrdəsə iqtidarlar cəmiyyəti rahat idarə etmək üçün onun düşünən beyinlərini aradan çıxarmaq və cəmiyyəti inkişafdan saxlamaqla öz maraqlarını rahat həyata keçirməkdə bu prosesdən bir üsul, vasitə kimi də yararlanırlar.
Ona görə də müxtəlif cəmiyyətlərdə bu prosesin yaranma səbəbləri fərqlidir. Müstəmləkə altında olan ölkələrdə bu proses milli xarakter daşıyırsa, inkişaf etməkdə olan ölkələrdə iqtisadi, siyasi, və mədəni səbəblərdən, demokratik və inkişaf etmiş ölkələrdə isə bu əvvəlkilərə nisbətən yüksək peşəkarların beynəlxalq səfərbərliyi və mübadilə xarakteri daşıyır. Bu baxımdan cəmiyyətimizdə bu cür mövzuların varlığı onu göstərir ki, cəmiyyət özü daxildən inkişafa doğru hərəkətdədir.

– Azərbaycanlı alim xaricdə özünü təsdiq edə bilirmi?
– Tarix boyu Azərbaycan istilalara məruz qalıb və ölkənin zəka sahibləri digər ölkələrə aparılıblar. Onlar öz doğma vətənlərindən uzaqlarda böyük sənət əsərləri yaradıblar. Hamımızın adını fəxrlə çəkdiyimizi professor Lütfi Ələsgərzadə (Lütfi Zadə) 5 fundamental elmi nəzəriyyəsi ilə dünyada əbədi ad və yer qazanıb. Mühəndislikdən Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə qədər ucalan general-leytenant Kərim Kərimovu, tibb sahəsi üzə Rəhim Rəhimzadəni, məşhur geoloq Fərman Salmanova qədər (burada bu adlar siyahısını artırmaq olar) yüzlərlə belə fəxr edəcəyimiz azərbaycanlı var.

– Alimlərin ölkəni tərk etməsi cəmiyyətin düşüncə sisteminə hansı zərbələr vurur?
– Dünyanın müxtəlif ölkələrinə köçüb gedən zəka sahibləri təbii ki, yüksək intellektli peşə sahibləri olur. Daha yaxşı düşünmək və bacarıqlara malik olduqlarına görə təbii olaraq bu cür insanlar yüksək yaşam tərzinə malik olmağı da arzulayırlar. Cəmiyyətin qaymağı hesab olunan zəka sahibləri onun inkişafında sözsüz ki, əhəmiyyətli dərəcədə təsirə malikdir. İctimai rəyin formalaşması, ictimai maraqların qorunması və digər sosio-mədəni sistemdə onların təsiri cəmiyyətin düşüncəsini, psixologiyasını istiqamətləndirir. Belə gücə, təsirə malik olan alimlərin ölkəni tərk etməsi, əlbəttə, kütləvi şəkil alarsa, cəmiyyətə öz mənfi təsirin göstərmiş olar. Ümumiyyətlə, alimlərin öz ölkəsini tərk etməsini heç də həmişə mənfi dəyərləndirmək düzgün olmazdı, çünki onlar vətəndən uzaqda öz xalqını təmsil edir, qarşılıqlı əlaqələrin və elmi mübadilələrin təşkilində yaxından iştirak edir, bəzi hallarda isə xalqının milli-mənəvi maraqlarının müdafiəçisi kimi önəmli vəzifələri də öz üzərilərinə götürmüş olurlar. Buna görə də xaricdə yaşayan soydaşlarımızın elmi-ictimai fəallıqları, diaspor fəaliyyətinin geniş ictimaiyyətə açıqlanması, onların qiymətləndirilməsi cəmiyyətin düşüncə sisteminə nəinki zərbə, hətta müsbət münasibətin formalaşması, gələcəkdə bu və ya digər səbəbdən xaricdə yaşamağa gedənlərə öz xalqını necə təmsil edəcəyinə də müsbət təsir edir.

– Deyə bilərikmi, hər gedən alim özü ilə bir azca da düşüncə aparır?
– Əgər söhbət ziyalıdan gedirsə, əlbəttə.... Təmsil etdiyi xalqın milli-mənəvi dəyərlərini, adət-ənənəsini, kimliyini, mədəniyyətini və təbii ki, şəxsinə məxsus olan bilik və bacarığını aparır.

– Ən çox hansı ölkələrdə Azərbaycan alimləri var?
– 50 milyondan çox azərbaycanlının səpilmə, yayılma coğrafiyası da genişdir. Avropa ölkələri və Amerikada daha çox tanınmış alimlərimiz vardır.

– Dünya elminin inkişafına təsir edən azərbaycanlı alimlərin vətənə qayıtma ehtimalı nə qədərdir? Ümumiyyətlə bu haqda fikirləşirlərmi? Yəni onlar buna maraqlıdırlarmı?
– Biz dünyanın ayrılmaz bir hissəsiyik, buna görə də dünyanın hər yerində özümüzü görməli və hiss etməliyik. Əslində bu cür alimlərimizin dünyanın nüfuzlu elm ocaqlarında, ictimai və siyasi arenalarda çox olmasına biz maraqlı olmalıyıq. Düşünürəm bu həm də bizə dayanıqlıq və güc vermiş olar, niyə görə biz maraqlı olmalıyıq ki, dünyəviləşmiş alimlərimiz vətənə qayıtmalıdır? Biz onlarla fəxr etdiyimiz kimi həm də milli-mənəvi maraqlarımız naminə faydalanmalıyıq. Eyni zamanda bu cür ziyalılarımızı həm cəmiyyətimizə tanıtmalıyıq, həm də onların dəyərini bilmək, qiymətləndirməliyik. Dövlət orqanları xaricdə yaşayan və fəaliyyət göstərən alimlərimizə sahib çıxmalı, onlarla qarşılıqlı əlaqələrin qurulmasını təşkil etməli, onları təmin edəcək istək və arzularına uyğun olaraq özününküləşdirməlidir ki, onlar da özlərini Vətəndən kənarda hiss etməsinlər. Belə olduğu halda həm Vətən, həm də onun övladı məqsədyönlü şəkildə fayda görər.

Elmin Nuri                   modern.az

Комментариев нет:

Отправить комментарий