Страницы

29.09.2013

Bayquşlar gəlir

İntiqam Yaşar

Bir zamanlar dünyamız bir başqa idi. (Mən dünya dediyimdə  öz dünyamızdan danışmaq istəyirəm. Öz Azərbaycan dünyamızdan. Mənə önəmli olan dünyanın burası, başqa yerlərə hələ əlim çatmaz.) Həyat tərəzisi taraz idi. Zaman ötdükcə bu tərəzinin bir gözü əyilməyə başladı. Bu əyilmə elə qorxunc səhnələr yaratdı ki, insan düşüncələrə daldığında ümidsizlik axınına qərq olmaya bilmir. Yüz desinlər ki, optimist ol, nə bilim həyata ümidlərlə bax, yaxşı olacaq hər şey. Amma nə faydası?! Olan artıq olub və olmaqdadır. Olan odur ki, bu gün kəndlərimizdəki mənzərəni görəndə adamın ürəyindən qara qanlar axmaya bilmir. Ərazi baxımından kiçik bir ölkənin -  Azərbaycanın belə bir duruma düşməsi insanı düşündürməyə, narahat etməyə bilməz. Bunları görməzdən gəlmək üçün, gərək ya kor olasan, ya da səndə zərrə qədər də olsa vicdan olmasın. Yazımın əvvəlində tərəzidən söhbət açdım.
Burada tərəzi sözünü ümumi mənada işlətsəm də, bir az indi konkret mənada izah etmək istərdim.  Bu tərəzinin məlum iki gözündən birində kəndi, digər gözündə isə şəhəri təsvir edək. Bir neçə il əvvəl kənd – şəhər nisbəti belə idimi?  Əsla. Kəndə çıxanda ən azı hər evdən bir-iki cavan görərdin ki, bu da kəndin yaşamasının təzahürü idi.  Hər evdən bir-iki cavan toplaşanda əməlli başlı toplu yaranardı və kənd həyatının gözəlliyini, abu-havasını bu gənclərin timsalında duya bilərdin.  Amma zaman ötdükcə bu mənzərənin dəyişdiyinin şahidi olduq. O əvvəlki coşğun kənd həyatının əlamətləri itməyə, yox olmağa başladı. Bir tikə çörək ardınca hərə bir yana üz tutdu, hərə bir qapını döyməyə başladı. Üz tutulan ünvanlar arasında  Bakı şəhəri və Rusiyanın müxtəlif  şəhərləri əsas istinad nöqtələri oldu. Bir zamanların səs-küylü, macəralarla dolu kənd həyatından əfsus ki, əsər-əlamət qalmadı. İndi kəndə gəzib-dolaşmağa çıxanda bir-iki cavan gözə dəysə, bir iki həmsöhbət tapılsa adam sevinir. 
  Kəndlərdə səliqə ilə sıralanmış bəzəkli-bəzəksiz, kirəmitli-kirəmitsiz evlərin çox şeyi dəyişməsə də, sakinləri sürətlə dəyişməkdədir. İnsanlarımız kəndlərimizi tərk etdikcə, o evlərə yeni sakinlər – BAYQUŞLAR GƏLİR.

Комментариев нет:

Отправить комментарий