Страницы

09.09.2013

Qaçqınlar yerli sakinlərin torpaqlarını necə ələ keçirirlər?

Masallı rayonunun Qəriblər kənd sakini Vahid Mirzəyevin 1 hektar torpaq sahəsini bu kənddən 15 kilometr aralıda, Şərəfə kəndində məskunlaşan məcburi köçkün Qurban Həşimov saxta yollarla ələ keçirmişdir. Qurban Həşimov Cəbrayıl rayonunun Veysəlli kəndində anadan olmuş, hazırda Masallı rayonunun Şərəfə kənd klubunda məskunlaşmışdır. Əvvəllər Vahid Mirzəyevə məxsus kooperativdə ofisdə yaşayan, sıravi polis işçisi olmuş, indi “Ulu dağ” istirahət mərkəzini çalışdıran şəxsdir. Bundan əlavə Masallıdakı “Turan” İstirahət Mərkəzinin də ona məxsus olduğu bildirilir. Digər məlumata görə Q. Həşimovun həmin ərazidə bir çayxanası da var.
Onu da bildirək ki, Qurban Həşimov 2000-2008-ci illərdə Masallı-Yardımlı yolunda polis patrul xidmətində nəzarətçilərdən biri olub. Yerli sakinlərin bu cür işlərə çətinliklər götürlüdüyü halda bu tip adamların ora necə yol tapması da müəmma olaraq qalır.
Vahid Mirzəyev o işlədiyi ərazidə icra hakimiyyətinin nümayəndəsi olduğu üçün normal münasibətləri varmış. İndi Vahid Mirzəyev deyir ki, inanmazdım o, mənim icarəmdə olan torpağa, çalışdığım ərazi nümayəndəliyinin binasına göz dikər, amma o, bunu etdi. Məlum olub ki, rayona qonaq kimi gələn qaçqın Qurban Həşimov 29 iyul 2008-ci ildə yerli sakin Vahid Mirzəyevin icarəsində olan 1,4 hektar torpaq sahəsinin 1 hektarına və onun üstündəki tikililərə güya hərrac yolu ilə sahib olaraq Şəhadətnamələr əldə etmişdir.
1990-ci ildən Vahid Mirzəyevin rəhbərlik etdiyi kooperativinin icarəsində olan torpaq sahəsi və onun üzərindəki yarımçıq tikililər müvafiq qanunlara zidd olaraq, orada iştirakı təmin edilmədən satılmış, Qurban Həşimova da həmin torpağa və tikililərə dair Şəhadətnamələr verilmişdir. Bundan xəbər tutan Qəriblər kənd sakinlərinin bir qrupu həmin qanunsuzluğa qəti etiraz etmiş və Qurban Həşimovu həmin əraziyə buraxmamışlar. Narazılıqlar isə Masallı Rayon Polis Şöbəsinə qədər gedib çıxmışdır.
Hadisə prosesində məlum oldu ki, Qurban Həşimovun burada möhkəm müdafiəçiləri və havadarları olan həmyerliləri var imiş. Bunlar əslən Cəbrayıl rayonundan olan Masallı RPŞ-nın o vaxtkı istintaq bölməsinin rəisi Azər Bünyətov, Masallı prokurorunun müavini Vaqif Bayramov idi. Onlar həqiqəti araşdırmaq əvəzinə, işi elə yönəldirlər ki, Vahid Mirzəyev günahkar olsun. Güya kənddə hökumət əleyhinə aksiya keçirilib. Buna görə də Vahid Mirzəyev haqqında cinayət işi açmağa çalışmışlar.
Burda deyiblər, yersiz gəldi, yerli qaç! Qeyd edək ki, gəlmə-gəlintilərin bu cür yerli sakinlərin əmlakına sahib çıxması halları yeganə deyil, hakimiyyət orqanları isə bir qayda olaraq bu məsələlərdə yerli-sakinlərin deyil, gəlmə-gəlintilərin tərəfini tuturlar.
Məsələ ilə əlaqədar "Cənub xəbərləri" qəzetinin redaksiyasında olan Vahid Mirzəyev aşağıdakıları bildirmişdir:
"Şərlənəcəyimdən ehtiyatlanıb bir müddət Bakıda yaşadığım zaman isə, ardıcıl olaraq ölkə rəhbərinə, aidiyyatı təşkilatlara çox saylı məktublar ünvanladım. Bakıda qaldığım müddətdə həm bu işin kimlər tərəfindən qurulduğunu, həm ata-baba torpağımın, həm də icarəmdə olan torpağın qanunsuz yolla satılmasının arxasında kimlərin dayandığını da araşdıra bildim. Bəlli oldu ki, əslən Cəbrayıldan olan bir iş adamı Qurban Həşimova ciddi maliyyə yardımı göstərib və havadarlıq edib. Lakin o bilməyib ki, bu ərazidə icra hakimiyyətinin ərazi nümayəndəliyi yerləşir. Həmçinin onlar bildirdilər ki, əmioğlu, bizi Qurban Həşimov aldadıb, deməyib ki, burada ərazi nümayəndəliyi yerləşir.
Xeyli mübahisələrdən sonra Qurban Həşimov "rəhmə gəlib" bizim öz torpağımızı bizə satmaq istədi. Əvvəl İsti suda Qurban məndən 250 min, sonra 180 min, sonda isə 120 min manat istədi ki, həmin torpağı satsın mənə. Mən isə ortada sülh olsun deyə, Masallıdakı “Seyidlər” çayxanasında Qurbana dedim ki, 50 min manat verirəm, sonra da 10 min manat verərəm sənə, sülhlə mənim torpağımdan çıx. Elə məqamlar olurdu ki, Qurban bizimlə razılaşırdı, bir neçə saatdan sonra hansı təsir altındasa, bütün razılaşmalardan qaçırdı.
Bu proseslər davam edən zaman (2011-12-ci illər) Masallı icra hakimiyyətindən də təzyiqlər davam edir, təkidlə deyirdilər ki, ərizəni ver, yoxsa, məsələni şura iclasına hazırlayacağıq. Həmçinin tabeçiliyimdə olan işçilər ciddi təzyiqlərlə üzləşirdi. Ona görə də müavinim işləyən Elşad Səfərov və mühasib Çingiz Ağayev də narahatçılıqdan təklif etdilər ki, işdən çıxmaq üçün ərizəmi yazım.
Nəhayət, Bakıdan o vaxtkı icra başçısı Qəzənfər Ağayevə zəng vurub bildirdim ki, rayona qayıdıb ərizəmi verəcəyəm. Bundan sonra işçilərimə təzyiqlər azaldı.
Həmçinin Q. Ağayev deyirdi ki, işi ver məhkəməyə. Rayon məhkəməsi isə sənədləri qəbul edəndən sonra icra üçün Şirvan İnzibati Məhkəməsinə yönəltdi.
Şirvan məhkəməsində məlum oldu ki, Qurban Həşimovun havadarları orada da prosesə ciddi təsir etmək imkanına malikdir. Məcbur olub, işi müəyyən müddət baxılmamış saxlamaq üçün ərizə verdim.
Tələbimiz isə yerində qalırdı - özəlləşdirmə etibarsız sayılsın və Qurban Həşimova verilən Şəhadətnamələr ləğv edilsin.
Daha sonra iddiamız 2010-cu ildə Xətai Rayon Məhkəməsində icraata qəbul edildi. Əvvəlki iddiamızdan əlavə həm də əlavə iddiamız da ondan ibarət idi ki, satılan əmlaka həbs qoyulsun. Məhkəmə də bu iddiamızı qəbul etdi və “Turan” kooperativinə məxsus torpağın və mülklərin üzərinə həbs qoydu.
Bununla bağlı Xətai Rayon Məhkəməsi 8 iclas keçirtdi. Məhkəmə iddiamızı qismən təmin etdi. Belə ki, zəbt olunmuş torpağın, 0,056 hektarı bizim ailənin pay torpağı olduğuna görə bizə qaytarıldı.
Qurban Həşimovun qardaşı məni məhkəmənin həyətində hədələyərək bildirdi ki, elə etmə, səni MTN-nin padvalına saldırım. Mən şahidəm ki, sən Əlikram Hümmətovla birgə gəlib Cəbrayılı satmısan. Onlar hətta Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun da adından istifadə edirdilər. Belə ki, bu komitənin məsləhətçisi Vüqar Qarayevin hazırladığı və Əli Həsənova imzalatdırdığı məktubda Xətai Rayon Məhkəməsindən xahiş edirdilər ki, məcburi köçkün kimi Qurban Həşimova köməklik etsin və o, qanunsuz əldə etdiyi mülkiyyətinə sahiblik hüququnu saxlasın. Bu isə məhkəmənin işinə açıq müdaxilə idi.
Biz Xətai Rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalaraq Bakı şəhər Apelyasiya məhkəməsinə müraciət etdik.
Apelyasiya məhkəməsinin iclaslarındakı müzakirələrdən sonra Xətai məhkəməsinin qərarı ləğv edildi və bizim iddiamız tam təmin olundu. Belə ki, məhkəmə qərarı ilə Dövlət Əmək Məsəllələri üzrə Dövlət Komitəsinin 26 saylı SMD-nin, 1 və 3 saylı xətti istismar sahəsinə aid 2007-ci il tarixdə keçirtdiyi hərracın nəticələri etibarsız sayıldı. Həmçinin Qurban Həşimova verilən 29 iyul 2008-ci il tarixli 003767 saylı və 24 sentyabr 2008-ci il tarixli 0015 saylı Şəhadətnamələr ləğv edildi.
16 may 2012-ci ildə Apelyasiya Məhkəməsinin bu qərarı elan edildikdən sonra qarşı tərəf onunla razılaşmayaraq Ali Məhkəməyə şikayət etdi. 12 oktyabr 2012-ci ildə bu məsələyə baxan Azərbaycan Respublikasının Ali Məhkəməsi Bakı Apelyasiya məhkəməsinin bəhs etdiyimiz iddia ilə bağlı qərarını qüvvədə saxladı, yəni qarşı tərəfin iddiası təmin edilmədi.
Bununla da kifayətlənməyən Qurban Həşimov Ali Məhkəmənin Mülki Kollegiyasının çıxartdığı qərardan onun plenumuna kasasiya şikayəti verdi. Ali Məhkəmə sədrinin 15 yanvar 2013-cü il tarixli qərardadı ilə Qurban Həşimovun bu şikayətində Mülki-prosessual Məcəllənin 424-cü maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından onun plenum baxışına çıxarılmasından imtina edildi.
Qurban Həşimov isə qanunsuz əməllərinə hüquqi don geyindirmək üçün dayanmaq bilmirdi.
Sonda o, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etdi. 18 iyul 2013-cü ildə Azərbaycan Konstitusiya Məhkəməsinin Palatası “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası qanununun müvafiq maddələrini rəhbər tutaraq Qurban Həşimovun şikayətinin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina etdi.
Bundan əlavə həbs qoyulmuş əmlakda təmir və söküntü işləri apardığı üçün 15 avqust 2012-ci ildə Masallı Rayon Məhkəməsi tərəfindən Qurban Həşimova rəsmi xəbərdarlıq olundu. Bu məhkəmə iclasında Q. Həşimov təxribata çəkmək üçün mənə hücum edib, barmaqlarını gözümə soxmaq istədi.
Bundan əlavə Əmlak Komitəsinin Masallı şöbəsində məndən aldıqlarını qaytarmağı tələb edəndə şöbənin işçiləri Şöhləttin Abbasov və Fuad adlı şəxs üstümə hücum çəkdilər, guya onları təhqir etmişəm deyə, məni şərləmək istədilər. Lakin mən təxribata getmədim. 
2012-ci ilin 15 mayında, Apelyasiya Məhkəməsi bizim xeyrimizə qərar qəbul edəndən 2 ay sonra maraqlı bir hadisə baş verdi. İyunun 29-da mən Bakıda olarkən məlumat aldım ki, Qurban Həşimovun zəbt etdiyi, mənim “Turan” kooperativinə məxsus və Qəriblər Ərazi nümayəndəliyinin yerləşdiyi otaqlar yanıb. Sonra bəlli oldu ki, bu otaqlar qəsdən yandırılıb. Mən Bakıdan təcili rayona gəldim. Yanmış binanın şəkillərini çəkdim. Təəccüblü idi ki, ərazi nümayəndəliyinin binası yanıb, dövlət atributları, sabiq və indiki prezidentin portretləri yarıtmaz hala düşüb, amma yerli nümayəndəlik buna əhəmiyyət vermir. Yanğın olan günün səhəri, saat 11 radələrində FHN-nin işçiləri burada olarkən mən təzədən həmin əraziyə gəldim. Qurban Həşimov üstümə cumaraq məni şantaj etməyə başladı ki, guya binanı mən bilərəkdən yandırmışam. Açığını desəm, bu şantajı nəzərə almışdım. Buna görə yanğın hadisəsini eşidən kimi, Bakıda mağazaların birində xeyli alver edib, çek vurdurdum ki, həmin vaxt Bakıda olduğumu sübut edəm. Bundan əlavə, Bakıdan qayıdanda Salyandakı DYP-nin məntəqəsində bilərəkdən dayanaraq özümü yubadır, əsaslar yaradırdım ki, həmin vaxt kənddə olmadığımı sübut edim. Ona görə, Qurban Həşimovun və onun tərəfdarlarının məni tora salmaq üçün qurduğu bu oyun baş tutmadı. Bir də nəzərə alsaq ki, mən işi məhkəmədə udmuşam, bu mülk mənimdir, mən onu niyə yandırmalıyam? 
Başqa bir maraqlı məqam. Burada bir neçə min manatlıq əmlak yanıb. Lakin FHN-nin araşdırma idarəsi bunu nəzərə almayıb, olduqca az miqdarda ziyanın olduğunu sənədləşdirərək işi ört-basdır etdi, günahkarları araşdırmadı, cəzalandırmadı. 
İşi məhkəmədə udduqdan sonra maşınımı qəzaya saldılar. Belə ki, Bakıda gecə saat təxmin 12 radələrində Yasamal dairəsi ilə qalxanda idarə etdiyim BVM markalı maşın ağ rəngli CİP-lə bilərəkdən vuruldu. Maşınıma ciddi ziyan dəydi. Hadisə yerinə gələn DYP məni günahlandırırdı. Məhkəmə də onun dediklərini əsas götürüb məni cərimələdi. Bundan 1 ay sonra “Xəzər tv”-nin yol hərəkəti ilə bağlı verilişində bildirildi ki, belə bir qıza olub, orada günahkar CİP-in sürücüsüdür.
Maşını sığortalayan şirkət mənə dəymiş ziyana görə kömək etdi. Bakıda olarkən mənə məxsus maşın tez-tez təqib edilir və qəzaya təhrik edilirdi.
Bir dəfə zəng etdilər ki, qardaşın Gəncədə qəzaya uğrayıb, mən ora getmək istəyəndə “Qurd qapısı” deyilən yerdə saxlatdırıb, məni maşından düşürtdülər, sənədlərimi alıb apardılar. Bazar günü olduğu üçün taksi ilə gedib yaxınlıqdakı növbətçi polisə məlumat verdim.
Gecə saat 1.30-da Səbayıl polis şöbəsindən zəng vurdular ki, bir qadınla 4 saat danışmısan, həmin qadın həbs edilib, sən də şöbəyə gəlməlisən. 102-yə zəng edəndən sonra, məlum oldu ki, real informasiya deyil.
Bütün bu proseslərlə bağlı mən 20-dən artıq təşkilatın, o cümlədən Prezident Aparatının şöbə müdirinin, “Qaçqınkom”un sədrinin, Ombudsmanın, Ali Məhkəmə sədrinin, Əmlak və Əmək Məsələləri üzrə Komitə sədrinin, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının, millət vəkillərinin, Milli Məclisin, FHN və digər əlaqədar təşkilatların rəsmilərinin, qəzet redaktorlarının qəbuluna getmiş, bu işə aylarla, illərlə vaxt, xeyli vəsait sərf etməli olmuşam. MTN-ə, DİN-ə, Baş Prokurorluğa məktubla müraciət edərək özümün və ailəmin təhlükəsizliyini xahiş etmişəm. Dəfələrlə təzyiqlərə, təqiblərə, hədələrə, şantajlara məruz qaldım, sanki böyük bir ordu ilə vuruşurdum. 
Masallı Rayon İcra Hakimiyyətindən də Masallı rayon arxivinə istinadən Xətai Rayon Məhkəməsinə arayış verilib ki, guya Masallıda “Turan” adlı kooperativ yoxdur. Halbuki bu kooperativ yuxarıda qeyd etdiyimiz kimi 1989-cu ildə yaradılmışdır. Burada isə sual yaranır - niyə bu barədə kiçik müəssisələrin və kooperativlərin qeydiyyatını aparan Vergilər İdarəsindən yox, arxivdən məlumat istənilib. 
Bundan əlavə, Masallı Rayon İcra Hakimiyyətinin tikinti şöbəsi heç bir əsas olmadan sözü gedən ərazinin situasiya planını hazırlayaraq Qurban Həşimov vasitəsi ilə Xətai Rayon Məhkəməsinə göndərmişdir.
Qurban Həşimov təkcə məmurlardan yox, məcburi köçkünlərin də adınadan saxta məktub təşkil edib. Prezidentə ünvanlanmış həmin məktubda göstərilir ki, guya mən, keçmiş AXCP üzvü köçkünlərə sahibkarlıqla məşğul olmağa imkan vermirəm. Lakin sonralar bu imzaların saxta olduğu müəyyənləşdi.
Həm də çox maraqlı idi ki, məni saxtakarlıqda günahlandıranlar, məni şantaj edənlər özləri şəffaf fəaliyyət göstərmir, çoxlu əmlak ələ keçirir, lakin qısa müddətdə bunları hansı vəsaitlə qazandıqlarını bildirmirlər. Qurban Həşimov Masallıda məcburi köçkün kimi yaşadığı müddətdə illərlə burada yaşayan masallıların əldə edə bilmədiyindən qat-qat artıq əmlak əldə edib. 
Sonda onu bildirim ki, Bakı Apelyasiya Məhkəməsinin 15.05. 2012-ci il tarixli 2(103)-1305 saylı qərarına Əmək Məsələləri Dövlət Komitəsində baxılmış, 128 saylı 12.04. 2013-cü il tarixli sərəncamla icra edilərək Həşimov Qurban Məhəmməd oğluna verilən 24.09.2008-ci il tarixli 001540 saylı və 29.07. 2008-ci il tarixli 003767 saylı Şəhadətnamələr ləğv edilmişdir.

Комментариев нет:

Отправить комментарий