Страницы

30.09.2013

İÇİMDƏ BIR QADIN VAR

Adilə Nəzərova

DƏRİN BİR YUXUDUR

Bu dünyaya gəlməyim, 
zamanın axışında
enməyim, qalxmağım,
baxmağım
hər günün arxasından – 
dərin bir yuxudur.
Ən ağıllısı olmağım
xəyyallar ölkəsinin, 
fəlsəfə yazmağım,
bir gecəyə axmağım... 
qəlblər arası körpülər qurmağım
bir vüsal şeiriylə, 
ya da bir “həqiqətin nağılı”yla 

can yaralarına 
məlhəm olmağım
dərin bir yuxudur...
Yaşarkən ölməyim də 
səssiz-səmirsiz, 
məzarsız, torpaqsız
dərin bir yuxudur...
Dərdimin aynası, 
ruhumun fatihəsi...
sənsizliyin adı –
dərin bir yuxudur.

KƏSİR

Görəsən bu külək hayandan əsir
Bəxtimə? arzular, ümidlər yesir.
Əlimi uzadıb əl tutduqlarım
Əlimi bir paslı baltayla kəsir.

Gözünün yaşını çox sildiklərim,
Güvənib, bir yolda yol gəldiklərim.
Düşmanmış əslində dost bildiklərim
Dar gündə başımı pambıqla kəsir.

Yüz min mil çəkilər "kor"un gözünə,
Bir alqış, bir dua gəlməz sözünə.
Umac ovammayan Allah, özünə,
İndi gəlib mənə əriştə kəsir.

İnsan! bir quruca torpaqda damcı,
Ağıllı qəm yeyər, ağılsız qamçı.
Adilə, hak sözün tiyəsi paslı,
Desən, geri dönüb özünü kəsir.

İÇİMDƏ BIR QADIN VAR

İçimdə bir qadın var –  
mənə baxıb karıxa-karıxa, 
darıxa-darıxa qocalan...
Elə bil düşməndir mənə, düşmən,
Yeri döyüb, göyü tapdalayanda 
başımı qaldırmır döşəmədən...
yeyir, məni içimdən yeyir, 
öz cəzandır, çək – deyir.

İçimdə bir qadın var –  
sevgidən zəhərlənən,
ürəyi ağlayıb, üzü gülən 
qadını lənətləyən...
Dənizləri vəd edib, 
səhraya qonaq edən,
mələkləri göylərdən al dil ilə çağırıb, 
cəhənnəmə sürüyən
yalançı zalımlardan 
məni qoruya bilməyən...

İçimdə bir qadın var –
o bilir çoxdan öldüyümü, 
ancaq qəbul eləmir 
onu özümlə birgə 
vaxtsız öldürdüyümü...
O bədbəxt sükütüyla
haray çəkib qarğıyır – 
yalanları tam gerçək, 
gerçəyi yalan olan,
arzuları doğranan...
içimdə bir qadın var...

Комментариев нет:

Отправить комментарий