Страницы

19.09.2013

İNSANLIĞIN CİNSİ OLMUR

İnci Azərdüşt

Kişimərkəzçilik güclü olan  toplumlarda ağıllı qadın ifadəsi özündə nələri ehtiva edir? Başıaşağı, dindar, atasının, qardaşının, valideyinlərinin üzünə ağ olmayan, utancaq, həyalı və digər “əxlaqi” kriteriyalara cavab verən bu kimi sadalananlar... Bunlar xanımlar üçün Şərqdə ideal tərbiyə modeli hesab edilir. Lakin bütün bu  tabuların əsas məğzində  nə dayanır? Əxlaqçılıq, moralizm adı altında insan mənəviyyatının talanması, qadınlara qarşı intellektual təcavüz, fiziki, cinsi, mənəvi istismar...
İctimai təzyiq, ağır kurallar qadınları zorla bu cür sistemə uyğunlaşdırır, onları az yaşlarında ailə qurmağa, ana olmağa sürgün edir.

Bütün bu problemlərə son verməyin vaxtı çoxdan çatmışdır. Amma niyə hələ də son verilmir? Niyə hələ də, kişilər arvad sözünü söyüş, qız sözünü təhqir kimi işlədirlər? Yəqin ona görə ki, bu problemlərin həlli heç kimi maraqlandırmır. Çoxlarının fikrincə isə bütün bunlar çox normaldır və belə də olmalıdır.
Azərbaycanlı şüurunda qadınlar iki qrupa ayrılır; tərbiyəli qadınlar və tərbiyəsiz qadınlar. Yuxarıda sadalanan normalara cavab verən qadınlar  yaxşı, bu çərçivələri rədd edən xanımlar isə əxlaqsız və tərbiyəsiz sözləri ilə qəddarcasına damğalanır.
Bizim rayonda və mənimlə bir məktəbdə dərs alan bir qız var idi. On altı, on yeddi yaşı olmasına baxmayaraq ən qatı ehkami düşüncələrə belə zidd getməyi bacarırdı. Xoşuna gələn oğlanla sevişir, istədiyi əlbisəni geyinməyi bacarırdı. Qohum-qonşunun onun arxasınca danışmağını qəti, vecinə almırdı. Camaatın qeybəti, dedi-qodusu onun üçün milçək vızıltısına bərabər bir şey idi. Əslində nə elə ciddi savadı var idi, nə də geniş dünyagörüşü... Sadəcə şüurları sarıyan minlərlə şablon fikirlər, bayağı adətlər, eyniyyət, buxovlamalar, cəmiyyətin naftalin iyi verən qanunları o qızı iyrəndirmişdi.
Amma çox təəssüf ki, yüzlərlə qızın  içində o tək idi.
 Qadınlar  üzərlərinə düşən qapqara kişi kölgələrini görmür, fərqinə belə varmırlar.
Kişilər tərəfindən “qadın cinsindən bu vaxtadək hansı görkəmli şəxsiyyətlər çıxıb, qadın cəmiyyətə hansı dəyərlər verib” kimi suçlamaları tez-tez eşitmək olur. Burada həqiqətən minlərlə dahi qadının adını çəkə bilərdik, lakin kişilər o isimləri tarixin səhifələrindən silməsəydilər...
Artıq sirlər açılıb. Əlbəttə, dinlər demişkən, “bəsirət” gözü açıq olanlar bunu daha aydın görür. Kişilərin qadınlara qarşı əsrlərlə davam edən intellektual təcavüzünün qarşısını almaq üçün vicdanlı kişilər və ağıllı qadınlar kişi hegomonluğuna qarşı davaya çıxmalıdırlar. Əfsuslar olsun ki, Azərbaycanda feminist təşkilatlanmalar və qurumlar yoxdur. Bu səbəbdən də cinsi-ayrı seçkiliklə, qadın zorakılığı və digər bu kimi problemlərlə qarşılaşanda   qadınlar meydanlara, küçələrə çıxıb etiraz səsini ucaltmaq, narazılığını  bildirmək istəyindən məhrum olur. Belə hərəkat və birliklərin yaradılması qadınların acınacaqlı durumunda müsbətə doğru dəyişiklik yarada bilər. Ən azından qadınların haqları uğrunda mübarizə hərakatının əsası qoyulmuş olar. Yəni, bu gün səpilən mübarizə toxumları  sabah inkişaf edib, yeni nəslin qadınlarına  xeyir verəcək, onların özünütəsdiq və gəlişməsində mühüm rol oynayacaq..

Комментариев нет:

Отправить комментарий