Страницы

04.09.2013

Vasif Əlihüseyn. ÜRƏYİM ƏRKÖYÜN UŞAQDI


GECƏLƏRİ ZÜLMƏT DÜŞÜR...

Bu sabahın üzü gedir,
ömür sona çatan yerə.
Qoy əlini gözün üstə,
boylan günəş batan yerə.

Əllərim bir əlçim çiçək,
yolundadı ləçək-ləçək.
Kim səni hardan görəcək?
qayıt, məni atan yerə.

Ömrümüz birdi, ötüşür,
Yaşayırıq hələ şükür.
Gecələri zülmət düşür,
nənələrim yatan yerə.


ÜRƏYİM ƏRKÖYÜN UŞAQDI

Bir gün, bir il kimi çətindir mənə,
Yumsam da gözümü sabah açılmır.
Taleyim özündə elə gizlənib,
Gördüm söyləyəni hələ tapılmır.

İndi, gedişinə qan ağlayıram,
Bu eşqin alovu tək səni yaxmır.
Ürəyim ərköyün uşaqdır, gülüm,
Nə qədər çağırsam sözümə baxmır.

Mən kiməm, ömründən ötəri bir kəs,
Səni tanıyaydım, səni biləydim.
“Yox” sözün dilə yox, ələ düşəydi,
Tapıb mən hardasa kaş gizlədəydim.

İndi, ikimiz də eyni şəhərdə,
Artıq yad adamıq, daha neyləyim?
Sənin ər evində öz ehtiyacın,
Mənimsə qarşımda öz gələcəyim.

KƏNDİMİZ

Bu ildə qar yağdı
bu ildə
İsinməyə ümüd gəzdi
kəndimiz.
Aldatdılar...
qaz da çəkmədilər
kəndimizə.
Babamdan yadigar
“Tut” ağaclarının
budaqlarını qırdıq
yenə də.
   bacalar tüstülədi göylərə,
soyuqdan

Ərləri xaricə
çörək dalıyca getmiş
gəlinlər.
Bir toyuq başı kəsdirməyə
kişi tapmadılar

sünnət olunmamış uşaqlara,
“Bismillah” deməyi,
bir də “Qiblə”ni göstərdilər.

Beləcə hər qış
kəndimiz neçə ağac
yandırıb
çəkdi ciyərlərinə.

Ümüdləri
bir az  daha çox
qırıldı gəlinlərin
toyuq başı kəsən uşaqların
sayı artıqca.

Комментариев нет:

Отправить комментарий