Страницы

14.10.2013

«AZƏRBAYCAN ŞEİR ANTOLOGİYASI»NA TƏBRİKLƏRİM

Şirinxanım Kərimbəyli Şadiman

Bir neçə gün bundan öncənin sözüdür. Litparad.og və digər ədəbi saytlarından yaradıcılığına bələd olduğum və bu saytların nizamlayıcılarından olan İbrahim Seldən elektron poçtuma məktub gəldi. Məktubda yenicə işıq üzü görmüş «Azərbaycan şeir antologiyası»nın xoş xəbəri idi. Diləkçədə mənim də iki şeirimin yayınlanması haqqında müjdə verirdi. Yeni çıxan kitabın metronun «Elmlər Akademiyası» stansiyasının girişində satışı haqqında məlumat da öz yerini almışdı. Bu həftənin birinci günü həmin kitabı deyilən yerdən aldım və kitab sevərlərə, həmçinin həmkarlara da bu kitabı əldə etmələrini tövsiyyə edərdim.
Məlum məsələdir ki, hər kitabın doğluşu mənəviyyatımıza çıraq tutmaqdır, kitab rəflərimizin yeni kitablarla bəzənməsi, zənginləşməsi, ədəbiyyatımızın çiçəklənməsi deməkdir. Biz o qədər də kitaba maraq, sevgi göstərən, kitab dolabçalarını, rəflərini evimizin bəzəkli əşyalarından üstün tutan millətlərdən deyilik. Bizlər evimizə bahalı nə varsa cibimizdəki paranın nə miqdarda olmasından asılı olmayaraq doldurmağı xoşlayarıq, əynimizi, qarınımızı bəzəyərik, bütün bunlar bizim fiziki yaşamımıza köklənib, amma millət olaraq nədənsə mənəviyyatı zənginləşdirən kitabdan uzaq düşmüşük. Axır zamanlar bu öz çılpaqlığı ilə özünü büruzə verməkdədir. Sovet dönəmində az da olsa kitab oxuyanlara, evində kitab dolabçaları saxlayanlara rast gəlmək mümükün idi. Bu gün kitaba soyuqluq həm onu yazarların, həm də oxcucuların arasında küləklər təki əsməkdədir. Biz yazarları niyə nəzərdə tuturuq, ona görə ki, yazanlar da bir-birinin kitabın oxumur. Oxumaq, həm oxucu kütləsinə, həm də yazarların özünə lazımdır. Vəziyyətin bu şəkil almasında geniş tamaşaçı yığnağının nəzər nöqtəsi olan televiziya kanallarının da günahı danılmazdır. Səhərdən axşamadək, axşamdan səhərədək cadugərlərin, falçıların, aşağı səviyyəli ailə dramlarının, səsi olmayan müğəninlərin, reklam mərkəzlərinin bəzək məkanına çevirilən televiziya məkanları insanlarımızın mənəvi düşüncəsini, həyata baxışını aşağılamaqla məşğuldur. Elə satıcıdan da İbrahim Selin müəllifliyi və Rasim Qaracanın zəhmətiylə gün üzünə çıxmış «Azərbaycan şeir antalogiyası»nı istəyəndə o çox sevindi və o saatda gileylənməyə başladı. Dedi ki, vallah, billah bu millət kitab oxumur. Az-maz xarici ədəbiyyata maraq var, öz yazarlarımızı heç oxumurlar. Satıcı səbəbin bilir, bilmir deyə bilmərik, amma fikirimizcə televiziya kanallarına hərdən-birdən yol tapanlar da bir-birini tənqid etmək, bir-birlərinə yuxardan aşağı baxmaqla məşğuldurlar. Axır zamanlar bədii əsərlərin yaranmamasından, şeirin, nəsirin olmamasından şikayətlənirlər. Axı biz bir-birinin kitabın oxumuruq, əgər oxumuruqsa, hardan bilirik ki, nə yazılıb, necə yazılıb?! Dəyərli yazar əhli, gəlin bir-birimizə qayğı ilə, sayğı ilə yanaşaq, bir-birinin yazdıqlarına dəyər verək. Yazan çox olanda dəyər də artır.
Yenicə çapdan çıxmış «Azərbaycan şeir antologiyası» klassik müəlliflərdən tutmuş çağdaş günümüzün şairlərinin nəzm boğçasından nümünələr toplusudur. Bu kitabda özünü şair olaraq tanıtmış müəlliflərlə yanaşı, imzasıyla bu kitabda tanış olduğumuz gənc yazarlar da var. Onlara da ədəbiyyatın keşməkeşli yollarında uğurlar diləyirik. Şairlik bir peşə deyil, o Yaradanın hər bəndəsinə qıymadığı, tək-tük adamların bəxtinə yazdığı ilahi mükafatdır. Bu mükafatın çeşməsindən dadanlar şair olurlar. Şairlik rahat həyat demək deyil, şairlik bütün dünyanın ağrı-acılarını göz çeşməsi ilə yuyub, ürək odasında ovutmaq deməkdir! Bu heç də şair olana xoşbəxtlik demək deyildir…
Kitabın bir önəmli cəhəti də diqqət çəkəndir. Bu da güneyli şair bacı-qardaşlarımızın yazdıqları şeirlərin də burda yer almasıdır. Heç olmasa bu kitabda Şimal-Cənub ayrılmamışıq! Kitabın bir əhəmiyyətli tərəfini də qeyd etmək istəyirik. Kitab xarici ölkələrdə yaşayan, vətəndən uzaqlarda, qürbətlərdə ömür-gün keçirən insanlar üçün nəzərdə tutulub.
Hər bir yazılan kitabı istədiyimiz qədər tənqid edə bilərik, amma biz bu kitabı tənqid yox, təbrik edirik, onu araya, ərsiyə gətirən İbrahim Sel və Rasim Qaraca ilə bahəm. Dəyərli qələm əhli, ey bizim səsimizi eşidən və eşitməyən oxucularımız sizlər hardasız, bu kitabı almağa və oxumağa tələsin. Bilin və agah olun, bu kitabda klassik söz kəhkəşanından tutmuş bu günümüzdə yazıb yaradan qələm əhlinin ürək döyüntüləri var. Biz bu kitabı aldıq bu döyüntüləri duyduq və dinlədik, mənəvi zövq aldıq. Siz də mənəvi zövq almağa tələsin… And olsun qələmə və kağıza bu dünyada mənəvi zövqün yerini heç nə vermir. Mənəvi zövqlərin ən ucada olanı KİTABdır! Elə isə bu zövqdən sizlər də qidalanın. Xoşca qalın Vətən əhli…

Комментариев нет:

Отправить комментарий