Страницы

01.10.2013

Həmid Herisçi gənc yazıçıları və köşə yazarlarını topa tutdu

Həmid Herisçi gənc yazıçıları və köşə yazarlarını topa tutdu  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir214/img1497439.JPG' target='_blank'>Yüklə</a>
“Postmodernizm dünəndə qaldı”

“Bu ”köşəçi”lər 10-15 ildir ki, elə eyni üslubda, eyni mövzularda yazırlar... Onlar sanki tuncdan tökülüblər - yəni əsla dəyişmirlər”

Tanınmış yazar Həmid Herisçi ilə müsahibə

- Bugünkü Azərbaycan postmodern ədəbiyyatı barədə nə deyərdiz?
- Bir-iki həftə öncə öz FB profilimə “Müasir ədəbiyyat necə olmalı?” mövzusunda bir status yazdım. Fikirlərim FB-də, digər şəbəkələrdə xeyli hallandı deyə onu indi diqqətinizə çatdırardım. Verdiyiniz sualın da cavabı təxminən burdadır: 
“İndiki dövrdə nəsri, ədəbiyyatı gərək elə yazasan ki, elə yaradasan ki, hakim zümrələr-siyasətçilər, kəşfiyyatçılar, alimlər oxuduqlarına mat-məəttəl qalsınlar. Görsünlər ki, yazıçı öz əməyi, məhsuluynan siyasətçinin, kəşfiyyatçının, alimin bacarmadığını qələmə alıb... Bu günkü ədəbiyyat TƏHLÜKƏLİ, SİRLİ, SEHİRLİ olmalıdır... Məxfi informasiya ilə yüklənməlidir... Yalnız bunların müqabilində, qarşılığında ədəbiyyat cəmiyyətdə yenidən öz hakim qüdrətini, hökmünü bərpa edə bilər... Bu səbəbdən indiki nəsrdə siyasətin, elmin, kəşfiyyatın bacarmadıqları həll olunmalıdır... Mən buna SƏRBƏST NƏSR deyirəm...
“Ədəbiyyat+siyasət+elm+kəşfiyyat+publisistika” beşbucağında qərar tutan, təşəkkül tapan nəsr bu günün ədəbiyyatıdır... Yalnız o, ucuz “reytinq ədəbiyyatı”nın, bazar makulaturasının öhdəsindən gələ bilər... Çağdaş ədəbiyyat çox müasir olmalı, deyərdim ki, hətta sanki “onlayn” rejimdə çalışmalıdır... Öz yaradıcılığımı bunun üzərində köklədim... Son kitablarımda - “Əli. Nino.Bakı.” romanımda, “Konspiroloq”, “Portretlər”lərdə bunu həyata keçirdim... Müasir AVANQARDİZM məncə bu çərçivələrdə inkişaf etməlidir... Vaxtiylə Dostoyevski bunu “Ölülər evindən qeydlər”ində, Tolstoy “Hərb və sülh”ündə, Qorki “Ana”, Şoloxov “Sakit Don”, Soljenitsin “Arxipelaq Qulaq” əsərlərində həyata keçirdilər... Onlar ədəbiyyatı “təhlükəli” etdilər... 90-cı illərə qədər ədəbiyyat təhlükəli idi...
İndiki yazarlarımız bax bu vacib dəyəri tam itirdilər... Müasir postmodernistlərin əsərlərində təhlükəli heç nə yoxdur... Məxfi informasiya yoxdur, elmi təfəkkür axtarışları istisnadır...

- Bəs sizdə necə, “təhlükəli” məqamlar çoxdurmu?
- Adını yuxarıda çəkdiyim əsərlərdə “təhlükəli” məqamlar, informasiya kifayət qədərdir, xüsusən “Portretlər” kifayət qədər təhlükəlidir... Oxuyun, görərsiz ki, o, çox təhlükəli əsərdir... Çağdaş ədəbi mətnlərdə elmiliyi də vacib şərt bilərəm - indiki dövr, unutmayın, kosmik tədqiqatlar zamanıdır... “Portretlər” kitabım, “Axirət sevdası” fəsli ilə açılır - orda çox məxfi gizli bilgilərə, araşdırmalara geniş yer vermişəm... Müasir ədəbiyyat təkcə öz adi oxucusuna deyil, alimlərə, siyasətçilərə, kəşfiyyatçılara da öz qüdrətini göstərməlidir. Müasir ədəbiyyat 3D-dən, 3 divin, üç “de”nin - yəni, “deklarativliyin, dekorativliyin, dekadansın” caynağından yaxasını qurtarmasa, vay onun halına... Postmodernizm isə dünəndə qaldı...

- İndiki yazarları oxuyursunuzmu?
- Mən onlara yazardan daha çox, köşə yazarı deyərdim. Bu “köşəçi”lər 10-15 ildir ki, elə eyni üslubda, eyni mövzularda yazırlar... Onlar sanki tüncdan tökülüblər - yəni əsla dəyişmirlər. Cəlil, Axundov təhkiyyəsindən kənara bircə addım belə ata bilmirlər. Mövzuları bəsitdir - əvvəl iqtidarı aşağılayırdılar, mövzu tükənəndə bunun gözünə müxalifəti də qatdılar... Bir-iki il beləcə mətbuatı, oxucunu aldatdılar, sonra eyni tərzdə başladılar milləti söyməyə... Bir-iki il belə davam etdikdən sonra cumdular dinin üzərinə... Eyni trafaret yanaşma, eyni təfəkkürlə bu mövzunu da zayladılar... Onlar elmi, mistik, dedektiv təfəkkürdən, estetikadan məhrumdurlar... Əsərlərindən də kimsə qorxmur... Təhlükəli deyillər... İqtidara da, müxalifətə də, oliqarxlara da bu cür ədəbiyyat sərf edir...

- Bundan necə qaçmaq, uzaqlaşmaq mümkündür?
- Təkcə mənfi cəhətləri görmək, yazıçıya bir müddət mövzu verə bilər, ancaq axırda onu uçuruma sürükləyər... Yaxşı cəhətləri də görməyi bacarmaq lazımdır. Son “Portretlər” əsərimdə bunu etdim... Çalışdım portretlərini çəkdiyim simaların yaxşı cəhətlərini də görüm... İnanın, bu çox çətin iş imiş sən demə... Tənqid etməkdən dəfələrlə çətindi...

- “Gizli Azərbaycan” telelayihənizdə necə, bu mövzunu davam etdinizmi?
- Dünya TV-lərində yazarların öz telelayihələriylə çıxış etməyi sınanılmış fənddir. Biz də bundan kənarda qalmadıq - “Gecə kanalı”nda müxtəlif mövzuları xırdaladıq, “Yüzüncü baxışda” kino sənətimizin keçmiş nümunələrini sanki müasirləşdirərək müzakirəyə çıxardıq. Müəyyən qədər dekonstruksiya etdik. “Gizli Azərbaycan” bu siyahıda ən çətin layihə idi, əvvəla, o səyyar veriliş idi, studiyada çəkilmirdi. İkincisi, Azərbaycan xalq mistikası, ölkəmizdəki paranormal ərazilər, yadplanetlilərin ehtimal edilən müdaxiləsi, bu mövzular, belə deyək, heç alimlərimiz tərəfindən öyrənilməmiş ciddi sahələridir...

- Bəs siz bu mistik, qorxulu ərazilərə, mövzulara necə daxil oldunuz axı?
- Əlbəttə ki, öncə Allahın, bir də o ərazilərin özlərinin və orda yatan sirlərin izni ilə. “Ələddinin sehrli çırağı” hekayətinin süjeti yəqin ki, yadınızdadır - sehrli çırağı, ancaq Ələddin kimi müəyyən seçkin insanlar aşkarlaya bilər deyə, qara muğlar onu bu işə cəlb edirlər... Bilirlər ki, Ələddini hansı səhraya, çöllü-biyabana burax, o gedib bax bu sirli amanatları tapacaq... Belə bacarıq sahiblərinə elmdə “stalker” deyirlər. Tarkovskinin eyniadlı məşhur filmi də həmin mövzuya həsr edilib.
“Gizli Azərbaycanda” mən eynən Ələddin kimi hərəkət etdim, daxili bioradarımın köməyi ilə o müqəddəs yerləri, sirləri aşkarladım... Qəribədir, bu gizli ərazilər min illərdir ki, ədəbiyyat üçün, məntiq aləmi üçün tam qapalı idi... Mən ora getməmişəm... onlar məni dartıb aparıblar öz qapılarına... İnanın, bu tam həqiqətdir... 9 ay ərzində bu mövzuda 36 film çəkmək... bu əraziləri tədqiq etmək, hər adama nəsib olmaz... Burda tək bizim niyyətimiz azdı, gərək həmin paranormal ərazilər də buna icazə verərdilər...

- İndiyə qədər onlar buna icazə vermirdilər, sizcə?
- Hə... məncə, icazə vermirdilər...

- Hə... indi sizə inandım. Siz həqiqətən təhlükəli əsərlər yarada bilir, o təhlükəli yerlərə yol tapırdız... Ölüm barədə düşünürdünüzmü bu dar məqamlarda?
- Bir dəfə, heç yadımdan çıxmır, yoldaşlarımdan biri, yanımdaca qəfil yıxılıb klinik ölüm keçirdi, 3 dəqiqəyədək nəfəsi gəlmədi... Dilimdə deyil, ürəyimdə ona dedim - “dur ayağa, ayıbdı, kənardan baxanlar deyər ki, içib yerə yıxılıbsan”... İnanırsız ki, həmin andaca yerdən qalxdı o... Dilimdə deyil, ürəyimdə dediklərimi eşidib utanmışdı. Demək istəyirəm ki, klinik ölüm zamanı, telepatik əlaqə telləri işə düşür, başlayırsan insanların zahiri deyil, daxili aləmlərini eşitməyə. “Gizli Azərbaycan”ın çəkilişləri zamanı oxşar hadisəni pirlərimizdə müşahidə etmək imkanı qazandım - ordakı övliyalar, yəni Mərəzədə Diri Baba, Nardaranda Həzrəti Rəhimə, Bibi-Eybətdəki Həzrəti Hökümə və s.i. öz zəvvarları ilə eynən bax bu cür telepatik əlaqə telləri qurur, onların dilindəkini deyil, daxilindəkini eşidirlər. Xalq nahaq yerə onlara Diri Baba demir ki... Bu cür Diri Babalara təkcə Azərbaycanda deyil, dünyanın digər nöqtələrində də rastlanılır... Məsəl üçün, Buryatiya buddistlərinin mərhum rəhbəri Daşi-Dordjo İtiqelov vəfat etdiyi 1924-cü ildən bəri əsla çürümür... O, bəlkə heç ölməyib də, bədəni indiyədək tərləyir, gözləri hərdən yaşarır. Oxşar mumiyalar Vyetnamda, Peruda, Livanda və s.i. yerlərdə də mövcuddur. Elmdə bu fenomenə “anabioz” adını veriblər.
Bu mövzuda baş vermiş ən parlaq möcüzəyə “Gizli Azərbaycan”ın çəkilişləri zamanı Cəlilabadın Dələli kəndində rast gəldim. Adətən bu cür mumiyaları, “diriləri” ay işığında, adına “Qəmər xanım” deyilən somnambulalar (rusca “lunatik”lər) aşkarlayır. Belə somnambulaların biri həmin kənddəki Zərifə xanımdı. 1959-cu ildə o, gecəykən, ay işığında, taxıl zəmisinə gəlir, bir dairə cızır orda, deyir ki, bəs qazın buranı, bəs burda imam övladları yatır... Sərhəd kəndi, 1959-cu il... İşə KQB qarışır... Lakin kəndlilər ilk imkanı tapınca həmin yeri qazır, orda üç nəfərin çürüməyən bədənini aşkarlayırlar. Sərhədçilər gəlib həmin mumiyaları yenidən torpağa basdıran vaxt, qəfil əmələ gələn qasırğa burulğanı tez özünü həmin yerə çatdırır, məzarları örtən torpaq qatını havaya sovurur, mumiyaları yenidən üzə çıxarır, havaya qaldırdığı qumu sərhədçilərin başına yağdırır... Xülasə, Hollivudun “Mumya” filmi sanki ilk dəfə bax orda əvvəlcə təbiət tərəfindən səhnələşdirilir. Hadisəni sonralar tədqiq edən Moskva komissiyası Zərifəyə sonralar icazə verir ki, bu üç mumyaya (xalq onlara “üç kimsənə” deyir) xidmət etsin. Həmin qadın o vaxtdan indiyədək bu məzarların qulluğundadır, elə orda da yaşayır...
Naxçıvanın “Əshabi-kəhf” mağarasında oxşar “7 kimsənə” 300 il anabioz vəziyyətində qalıb, sonra ayılıb həyata dönüblər. Qurani-Kərimin 18-ci “Mağara” surəsi Naxçıvandakı məhz həmin müqəddəs ünvan barəsindədir. Məhşər günü yaxınlaşdıqca həmin mumiyalarda həyat təzahürləri artır... Bu səbəbdən xarici ölkə alimləri bizim bu mumiyalara xüsusi diqqət ayırırlar.

- “Gizli Azərbaycan”ın çəkilişləri zamanı nələr kadrlardan kənarda qaldı? Bu mövzunu teleməkanda davam etdirmək fikriniz varmı?
- Düzü, bu mövzuda kitab yazmağa əlimdə kifayət qədər dəyərli, sensasion bilgilər var... Bu, bir layihədir əslində mətbuat buna lazımi məbləğdə pul ayırsa, hə, kitabı hissə-hissə həmin ünvanda çap edər, mətbuatı titrədə bilərəm... Yeri gəlmişkən, “Portretlər” layihəm də elə bu şəkildə ərsəyə gəldi. “Yeni Musavat” qəzetinə vaxtilə bu layihəmə göstərdiyi dəstəyə görə minnətdaram.

- Gələcək planınız budu?
- Tək bu deyil... İri həcmli bir roman yazıram, gələn ilin ilk rübündə onu çapa vermək fikrindəyəm. Bəlkə romanın bir-iki fəslini yaxınlarda mətbuata ötürdüm.

- Digər sualım - “Portretlər” kitabınızda ölkə prezidenti İlham Əliyevin qələmlə çəkdiyiniz portreti var. Bu barədə...
- Nə deyərdim? Ədəbiyyat, ölkə prezidentinin simasını, şəklini çəkmək gücündə, qüdrətində olmalıdır...

- Seçkilər barədə nə deyərdiz?
- Bilirsiz, xalq həmişə olmur, o, bəzən peyda olur, sonra itib kütləyə çevrilir. 80-ci illərin sonunda, hə, xalq vardı... sonra o, qeybə çəkildi Qeyb İmam kimi, yerini ötürdü kütləyə. Kütlə isə, özünüz bilirsiz nədi... kütlə həmişə güclüyə səs verir... Müxalifətin zəifliyi kütlə gözündə ciddi nöqsandı... kütlə zəifliyi, zəifləri bağışlamır...
Bu qədər...

"Yeni müsavat"

Комментариев нет:

Отправить комментарий