Страницы

24.12.2013

Saakaşvilinin inanılmaz cinayətləri açıldı

Gürcüstanın keçmiş baş naziri, Mixail Saakaşvilinin və komandasının hakimiyyətinə son qoyan “Gürcü arzusu” koalisiyasının lideri Bdzina İvanişvili siyasətdən gedəndən sonra ilk dəfə danışıb. Milyarder “Forbes” jurnalının redaktoru Yelena Berezanskayanı Tiflisdəki iqamətgahında qəbul edərək ona geniş müsahibə verib. Virtualaz.org saytı B.İvanişvilinin müsahibəsinin kifayət qədər maraqlı və sensasion məqamlarla zəngin olduğunu nəzərə alaraq onun tərcüməsini cüzi ixtisarla oxuculara çatdırır.


Bdzina İvanişvili əsl oliqarxdır. 2004-cü ildə Rusiyadan Gürcüstana gedəndə o ölkədə dərhal ən zəngin adam oldu. Onun sərvəti 5.3 milyard dollardır, “Forbes”in son qlobal reytinqinə görə dünyanın ən zəngin adamlarının siyahısında 229-cu yerdədir. Onun sərvəti Gürcüstanın Ümumi Daxili Məhsulunun üçdə biridir.
Lakin o, 2011-ci ilin oktyabrına qədər siyasətə qarışmadı- Tiflisdə hətta onu sifətdən tanıyan da yox idi. İvanişvili heç kimin gözləmədiyi halda müxalifət partiyası yaratdığını elan edənə qədər. Bir il sonra onun “Gürcü arzusu” parlament seçkilərini uddu, milyarder özü baş nazir oldu. Daha bir il sonra, 2013-cü ilin noyabrında o, vədini yerinə yetirərək öz komandasını hakimiyyətdə yerləşdirərək siyasətdən getdi. Bu iki il əzrzində onunla bağlı fantastik əhvalatlar baş verdi, hansı ki, İvanişvili bütün bunlar barədə ilk dəfə “Forbes”ə danışır.

-Sizinlə 2005-ci ildə Parisdə baş tutan ilk görüşümüzdə dediniz ki, doğma kəndiniz Çorvilada oturmusuz və siyasət sizi maraqlandırmır. Bəs mövqeyiniz nə zaman və necə kardinal şəkildə dəyişdi?
-Müxalifətin o vaxt mənə əli çata bilməzdi- mən tamamilə qapalı adam idim və heç kimlə görüşmürdüm.

-Hətta Mixail Saakaşvili ilə?
-Onunla ilk dəfə “Qızılgül inqilabı” dövründə, prezident olmamışdan az əvvəl görüşmüşəm. 2004-cü ilin yanvarında. Mən o vaxt Parisdə yaşayırdım, bütün Gürcüstan kimi baş verən dəyişikliklərdən ruhlanmışdım. Mən dərhal Gürcüstana uçdum. Yolüstü Moskvaya baş çəkdim, orada bizneslə bağlı mühüm görüşlərim var idi. Məndən soruşdular ki, Gürcüstanda nə baş verir. Onları əmin etdim ki, bütün dəyişikliklər müsbətə doğrudur, yeni adamlarla dostluq etmək lazımdır və s.
Fikirləşdim ki, hakimiyyətə ölkəni Avropaya çəkib aparacaq komanda gəlib. Gecələr yatmırdım, plan qururdum ki, onlara necə kömək edə bilərəm. Saakaşvili ilə ilk görüşdəcə dedim ki, ilk növbədə məmurların maaşlarını qaldırmaq lazımdır. Onda nazirlər və deputatlar ayda 10 dollar maaş alırdı. Mən onların maaaşlarını ciddi şəkildə qaldırmağı təklif etdim ki, rahat şəkildə ehtiyaclarını ödəsinlər, dərman, ərzaq ala bilsinlər. Axı nazirin uşağı evdə ac olsa və məktəbə gedə bilməsə, o özü isə milyonlarla dollarlıq müqavilələrə imza atsa korrupsiyanı necə dayandırmaq olar? Dedim ki, bu işə pul verməyə hazıram. Təklif etdim ki, fond yaradılsın və hər şey rəsmi olsun, Allah eləməmiş, rüşvətə oxşamasın. O, sevindi. Biz Soros Fondundan da yararlandıq, lakin Sorosun bu fonda verdiyi pul belə demək mümkünsə, cüzi idi. Maaşların artırılmasına yönəldilən bütün pulları mən verirdim. İki il yarımdan çox məmurlar bu fondun sayəsində yüksək maaş aldılar. Bu zaman heç kim maraqlanmırdı ki, pullar haradan götürülür. Digər fond isə orduya kömək üçün yaradıldı. Ora verdiyim pulların hesabına kazarmalar tikildi, əsgərlər üçün geyim alındı. O vaxta qədər əsgərlər cırıq krassovkalarda və ev çəkələklərində gəzirdi. Üstlərini örtməyə odeyalları da yox idi. Mən ancaq ona nəzarət edirdim ki, verdiyim pullara silah almasınlar. O vaxtlar polisə də kömək edirdim.

-İlk mərhələdə bu işlərə nə qədər pul xərclədiniz?
-Dəqiq məbləğ deyə bilmərəm. Gürcüstan üçün bu, çox böyük pul idi.

-Saakaşvili sizə təşəkkür edirdi?
-Hə, əlbəttə. Lakin mən ona həmişə belə cavab verirdim: “Mən bunu sənin üçün etmirəm”. Ona imkan vermək olmazdı ki, özünü mənə borclu hesab etsin. İnsan vaxt keçdikdə borclu olduğu adamı nifrət etməyə başlayır. Mən hər şeyi gözəl başa düşürdüm. Lakin xəbərdarlıq edirdim ki, o vaxta qədər kömək edəcəyəm ki, ölkəyə xeyri dəysin. Əgər xeyri dəyməsə mən Saakaşvilinin yanından çəkiləcəyəm, əgər düşmən olsam ona qarşı ayaqa qalxacağam. Mən bunu ona dəfələrlə demişdim, həmişə də cavabı “sağ ol” olurdu. İnqilab vaxtı əsas müxalifət telekanalı “Rustavi-2” idi. Mən mane olmurdum, ancaq özümün “Kanal 9”umu ehtiyatda saxlayırdım ki, əgər demokratik hərəkat sönsə, “Rustavi-2”nin başına nəsə gəlsə biz dərhal oyanaq. Saakaşvili hakimiyyətə gələndə hesab etdim ki, artıq təhlükə sovuşub və “Kanal 9”u bağladım. Bu, mənim ən böyük səhvim idi. Bütün bu müddət ərzində mən qapalı qaldım, ancaq Saakaşvili ilə görüşürdüm, Vano (Vano Merabişvili- baş nazir) ilə görüşmürdüm. Saakaşvili həmişə mənə təklif edirdi ki, gəlim. Ancaq bunu istəmirdim. Ev mənim üçün müqəddəsdir. Həmişə düşünürdüm ki, personal mənim Saakaşvilinin evinə gəldiyimi bilər və bütün ölkə bizim görüşümüz haqda öyrənər. Qapalı olduğum üçün televizora da demək olar ki, baxmırdım. Ona görə də hamıdan sonra öyrəndim ki, onlar demokratiya əvəzinə avtokratiya qurublar, sərt vertikal hakimiyyət formalaşıb və onlar bütün biznesi əllərində cəmləyiblər. 2007-ci il noyabrın 7-də nümayişlərin qəddarcasına dağıdılmasına qədər mən heç nə başa düşmürdüm, heç demə xalq bu hakimiyyətdən ciddi əziyyət çəkirmiş.

-Siz Saakaşvilidən izahat almağa cəhd eləmədiniz?
-Mən ondan ciddi izahat istədim. O dedi ki, təhlükə olub, dövlət çevrilişi hazırlayıblar və hər şeyi sonra izah edəcək. Axşam isə onlar “İmedi”yə (mərhum milyarder Badri Patarkatsişviliyə məxsus müxalifət telekanalı) basqın etdilər. Mən ona qışqırdım, tələb etdim ki, dərhal polisi dayandırsın. O, məni sakitləşdirdi, dedi ki, belə lazımdır, çevriliş hazırlanır. Ertəsi gün səhər Tiflisə uçdum.

-Çevrilişi kim hazırlamışdı?
-Heç kim. O, sadəcə olaraq məni aldadırdı. Müxalifət telekanalı ona sadəcə olaraq mane olurdu. Deyirdilər ki, Patarkatsişvili çevriliş hazırlayır. Patarkatsişvili doğrudan da onunla mübarizə aparırdı. Nəticədə Saakaşvili “İmedi”ni onun əlindən polis gücüylə aldı. Mən Tiflisə uçdum. Ona əllə salam vermədim, xahiş etdim ki, dərhal istefa versin.

-Patarkatsişvili ilə danışdınız?
-Yox. O, siyasətə girmək istəyirdi və bunu gizlətmirdi. Məndən soruşdu ki, onun tərəfdaşı olum, ancaq cavab verdim ki, mən siyasətlə məşul olmaq istəmirəm və prinsipcə heç kimlə tərəfdaşlıq etmirəm. O, xeyli dilə tutdu. Belə ayrıldıq ki, o məni barrikadanın qarşı tərəfində görməyəcək. Mən söz verdim.

-Belə çıxır ki, Saakaşvili sizi aldadırdı?
-Özü də necə. Mən azad ölkə qurmaq istəyirdim, insan azadlığının, söz azadlığının tərəfində idim. Ancaq birdən azad telekanalı xüsusi təyinatlılar ələ keçirir, jurnalistlər döşəməyə uzadılır. Televiziya söndürülür, bağlanır. Ayrılanda Saakaşviliyə yenə əl uzatmadım. Dedim ki, əgər istefa versə onunla hansısa formada ünsiyyətdə olaram. Əks halda sənin düşmənin olacağam. İki gün sonra o, zəng etdi və dedi ki, əgər kömək eləsəm, məsləhət versəm istefaya gedə bilər. Və o, istefa verdi. 2008-ci ilin yanvarında növbədənkənar seçkilər oldu. Saakaşvili seçkiləri uddu, ancaq bu seçkilərdən sonra müxalifət də ciddi fəallaşdı. Mən nə baş verdiyini təhlil etməyə başladım. Başa düşdüm ki, o, seçkini uda bilməzdi, ən azı 10 faizi çatmırdı. Xalq isə çoxdan başa düşürdü ki, o kimdir. Tədricən məndə onu görmək əhvalı azaldı, Saakaşvilidən qaçmağa çalışdım. Zəng edəndə arvadım ona cavab verirdi ki, özümü pis hiss edirəm. Başa düşdüm ki, demokratiya yox, diktatura quran adama kömək etmişəm. O vaxt onlar seçkiləri, mənim mövqeyimə görə, saxtalaşdırmışdılar. Seçkiləri sadə oğlan, o qədər də məşhur olmayan, birləşmiş müxalifətin lideri Levan Qaçeçiladze udmuşdu. Paytaxtda o, Saakaşvilini qabaqlamışdı. Badri də onunla dostluq edirdi.

-Bəs Saakaşvilinin rejimindən xalqın niyə xoşu gəlmirdi?
-Bütün biznesi əllərində cəmləmişdilər. “Verxuşka”, əsasən dörd nəfər, Saakaşvilinin özü, baş nazir Vano Merabişvili, ədliyyə naziri Zurab Adeişvili və Tiflis meri Georgi Uqulava bütün pulları yığırdılar. Onların gəlirləri deyilənə görə, ayda 40-50 milyon dollar təşkil edirdi. Xüsusən Gürcüstan üçün fantastik pullar idi.
Təkcə hər biznesmenə nəzarət etmirdilər, eyni zamanda bazardakı hər satıcıdan, gündə 10 dollarlıq alver edəndən də haqq alırdılar. Onların məqsədi təkcə əmlak və varlanmaq deyildi, nəzarətə almaq idi. Ancaq əmlakı da ələ keçirirdilər. Biznesi olan adamlar Saakaşvili hakimiyyətə gələnə qədər özlərini nisbətən azad və müstəqil hesab edirdilər. Ancaq Saakaşvili gələndən sonra biznesmenlərdən 100 dollar rüşvət almağı dayandırdı. Onlara deyirdilər: ya hər şeyini verməlisən, ya həbsxanaya gedib orda dincələcəksən. İnsanların yarısı verdi. Vermək istəməyənləri isə təqib etməyə başladılar, kimlərsə xaricə qaçmağa imkan tapdı, kimlərsə yox. Ən iyrənci bu idi: başa düşürdülər ki, xalq elə də qorxaq deyil və onlara təslim olmayacaq. Onlara lazım idi ki, insanları qorxmağa məcbur etsinlər. Ona görə də insanları heç nədən dama basırdılar ki, qonşuları görüb qorxsun. Ola bilərdi ki, adamın ümumiyyətlə heç bir günahı yoxdur, ancaq dalınca gəlib onu həbs edə bilərdilər.

-Ancaq bu yolla o korrupsiyaya qarşı mübarizə apara bilirdi...
-Təbii ki, aşağı və orta səviyyələrdə korrupsiya yox idi. Lakin korrupsiyaya qarşı təmiz əllə mübarizə aparmaq lazımdır, o cür yox ki, mübarizə nəticəsində hamı sənə tüpürsün.

-Nəzarət necə baş verirdi?
-Baş prokurorun xüsusi qrupu vardı və 5 min dollardan yuxarı pul köçürmələrinə nəzarət edirdi. Bu haqda hamı bilirdi. Beləliklə, praktiki olaraq bütün pul axını nəzarətdə idi. Və elə təşkil olunmuşdu ki, bu axınlar onların əlindən gəlib keçsin.
Biz hakimiyyətə gələndə mən kənd təsərrüfatı nazirindən xahiş etdim ki, bu sahədə çalışan biznesmenləri toplasın. Onlarla açıq danışmaq istəyirdim ki, kənd təsərrüfatını necə inkişaf etdirmək olar, bu sahəyə necə kömək edə bilərik. Nazir mənə zəng edib dedi: “Mən şokdayam, bunlar biznesmen yox, qullardır”. Toplaşanların hamısının sifətində əzilmiş ifadə var idi, gözlərini yalvaran baxışlarla zilləmişdilər. Gözləyirdilər ki, biz də onlardan nəsə tələb etməyə başlayacağıq.

-Onları haqq verməyə məcbur edirdilər?
-Özü də necə. Əmlaklarını başqa adlara rəsmiləşdirməyə məcbur edirdilər. Polis gəlirdi, insanlar həbsxanaya düşmək qorxusu altında bütün əmlaklarını dövlətə verirdilər. Əmlakın alınmasının digər yolu prosessual həlldən keçirdi. İnsanları məcbur edirdilər ki, günahlarını etiraf etsinlər. Onlar prokurorluqla sövdələşməyə girir və könüllü şəkildə nəsə verməyə razılaşırdılar. Bu cür hallar on minlərlədir.

-Bəs insanları buna necə məcbur edirdilər?
-Budur, məsələn. Biznesmenlərdən birinin evi olub və onu satmaq istəməyib. Onu ölümcül döyüblər, başını dağıdıblar, möcüzə sayəsində sağ qalıb. Onun evinin yerində isə Saakaşvili üçün prezident sarayı tikilib. Mən sonradan o adamı parlamentə deputatların yanına çağırdım. İşlə bağlı istintaq gedir. Onlarda belədir: könüllü versən səninlə dostluq edəcəyik, verməsən- həbsxanaya. Biznesmenlərə birdəfəlik ölməyə imkan vermirdilər, ancaq onları qullara çevirirdilər. Xarici sahibkarların da başlarını tumarlamırdılar. Mişa Maşkeviçdən soruşun (Qazaxıstanlı metallurguya maqnatı, İsrail vətəndaşı, milyarder Aleksandr Maşkeviç), onun Gürcüstanda farmasevtika layihəsi olub. Ona və partnyorlarına ciddi problemlər yaradıblar. Bir dəfə o, ümumiyyətlə Gürcüstana gələ bilməmişdi, saxlamışdılar və həbsxanaya basmaq istəmişdilər.

-Bütün bunlar barədə nə vaxt öyrəndiniz?
-2008-ci ilin yanvarında, seçkilər vaxtı. O vaxta qədər mənə informasiya ancaq Saakaşvilidən və Merabişvilidən daxil olurdu. Mən başa düşdüm ki, səhv etmişəm. Lakin biz dinc ayrıldıq. İnaqurasiya günü mən ona zəng etdim və xahiş etdim ki, bir daha məni narahat etməsin. Hətta bundan sonra da dəfələrlə mənimlə barışmağa cəhd etdi. O vaxtdan mən baş verənləri ciddi şəkildə izləməyə başladım. Onlar gözə kül üfürmək üçün iki müstəqil telekanal saxlamışdılar. Müxtəlif siyasətçilər orada çıxış edə bilirdi. Mən növbəti seçkilərdə legitim hakimiyyət formalaşdırmaq üçün bu kanallara hər gün baxır, dəstək verə biləcəyim siyasətçiləri seçirdim. Üç il baxdım və anladım ki, heç kimə dəstək verməyə dəyməz. Getməyi qərara aldım. Burada qalmaq təhlükəli idi. 2010-cu ildə Paris yaxınlığında tez bir zamanda ev tikdim və köçməyə hazırlaşdım. Onların qarşısında salamat qalan təkcə mən idim, varlıları, kasıbları, zəifləri, güclüləri, hamını sadəcə olaraq məhv etmişdilər. Müxalifəti heç kim maliyyələşdirə bilməzdi. Təslim olmayan sonuncu prinsipial adamlar isə tam sıxışdırılmış halda idilər, hər şeyləri əllərindən alınmışdı. Qələbə əldə edəndən sonra mən onların hamısını topladım.

-Siz 2010-cu ilin payızında getməyə hazırlaşdınız, ancaq 2011-ci ilin yazına qədər heç yana getmədiniz...
-Son qərarı vermək çətin idi. Axı biz Avropaya gəzintiyə getmirdik, biz Gürcüstanı həmişəlik tərk etməli idik. Anam, onun 92 yaşı var, öz kəndindən heç yana getmək istəmirdi. Paris xanımımın xoşuna gəlir, o getməyə hazır idi. Beləliklə, mən bir ilə yaxın tərəddüd etdim. Bütün bu vaxt ərzində aydınlaşdıra bildim ki, mənim holdinqim “Karta”nın prezidenti Qiqa Çedelili onların agenti işləyir. O, mənim planlarım, Gürcüstandakı biznesim barədə çox şey bilirdi. Bütün bu informasiyanı Saakaşviliyə və komandasına ötürmüşdü. Bunu bilmək daha da iyrənc və eybəcər idi. Deməli, bu ölkədə heç kimə etibar etmək olmaz. Qiqanın mənim arxamca casusluq etdiyini başa düşəndə mən onun vasitəsilə özümə sərf edən siqnallar ötürməyə başladım. Onlar istəyirdilər ki, mən mümkün qədər tez çıxıb gedim, mən Qiqa vasitəsilə siqnallar ötürürdüm ki, tezliklə gedəcəyəm. Qalmaq variantını nəzərdə tutmurdum. Qalmaq o demək idi ki, təkbaşına rejimə müharibə elan edəsən və ilk hücumdaca həlak olasan. Risk etmək istəmirdim, ailəmi təhlükəyə atmaq, onları qurban vermək fikrim yox idi. Lakin hər şey bir anda həll olundu. Günlərin birində arvadım yaxınlaşıb dedi: “Mən bilirəm ki, sən orada yaşaya bilməyəcəksən. Sən burada qalmalı və xalqa kömək etməlisən. Axı görürəm ki, bunu istəyirsən”.

-Bəs o doğrudur ki, əslində siyasi lider oğlunuz Uta olmalıydı?
-Yox, bütün bunlar qurama idi. Biz ailəmizlə birlikdə mənim bəyanatımdan əvvəlki üç gün ərzində (İvanişvilinin 2011-ci il oktyabrın 7-də müxalifət partiyası yaratdığına dair bəyanatı nəzərdə tutulur) belə tamaşa qurduq ki, guya mənim böyük oğlum Parisdən gəlməyə və rejimlə mübarizəyə hazırlaşır. Bu barədə hələ heç kimə danışmamışdım, ilk dəfə sizə danışıram.

-Bu səhnə nəyə lazım idi?
-Əgər onlar eşitsəydilər ki, mən bəyanat hazırlayıram, çıxış etməyə imkan verməzdilər. Dərhal öldürərdilər, evimi partladardılar və daha nələr edərdilər. Mənə ölümdən yayınmaq lazım idi. Onlara başa salmaq lazım idi ki, əgər məni aradan götürsələr böyük oğlum yerimi tutacaq. Əmin etmək lazımdır ki, Uta mübarizdir və müxalifət lideri olmağa qadirdir. Onun kim olduğunu Gürcüstanda heç kim bilmirdi, Uta Parisdə yaşayır, universitetdə oxuyur, iqtisadçıdır. Sakit, milçəyi də incitməyən uşaqdır. İkinci oğlum Beradan fərqli olaraq. (Gürcüstanda populyar olan reper) Berunu onlar yaxşı tanıyırdılar, o stadiona 100 min adam toplaya bilir, rejimin əleyhinə çox mahnılar yazıb. Berunu hədələyirdilər, ancaq o mübariz uşaqdır, heç nədən qorxmur. Uta haqqında fikirləşdilər ki, deməli o bundan da mübariz olar. Bununla da inandılar ki, Uta fəal siyasi mübarizəyə başlayacaq.
Arvadımla birlikdə etibarlı adamların vasitəsilə Utaya ssenari göndərdik ki, o özünü necə aparmalıdır. Bir də mənim bəyanatımın surətini göndərdik. Ona görə ki, bəyanatı Gürcüstanda səsləndirə bilməsəm onu Parisdə və ya İsveçrədə informasiya agentliklərinə versin. Ssenariyə uyğun olaraq Uta mənə zəng etdi və dedi ki, əgər mən siyasətə girmək istəmirəmsə o özü Parisdən qayıdacaq və mübarizəyə başlayacaq. Mən qışqırdım ki, sən axmaqsan, guya dilə tutdum, xahiş etdim ki, bunu eləməsin. O cavab verdi ki, əgər ölkəni atıb getsəm Parisdə mənimlə görüşməyəcək və danışdırmayacaq. “Bu, biabırçılıq olacaq. Biz Tiflisdə görüşməliyik” deyə o mənə bildirdi. Təbii ki, bizim bütün söhbətlərimiz dinlənilirdi.
Ertəsi gün Qiqaya şikayətləndim ki, oğlumla bacara bilmirəm, o dəli olub, yola gəlmir, mənə Parisə getməyi qadağan edir. Qiqa isə artıq bizə təyyarə sifariş vermişdi və haqqını ödəmişdi. Sonra sözarası dedim ki, böyük oğluma çoxdandır sərvətimdən 500 milyon dollar ayırmışam. Əslində belə şey heç ağlımda yox idi. Nəticədə biz razılaşdıq ki, Qiqa mənim əvəzimdən Parisə uçur və oğlumun bank hesabını mənim verdiyim etibarnamə əsasında bloklayır. Mən yazdım ki, bu hesab haradadır. Yadımdadır ki, Qiqaya verdiyim kağızda “SocieteGenerale”və “Credit Lyonnais” banklarının adı keçirdi. Qiqa bir günün içində Fransa vizası aldı və uçmağa hazırlaşdı. Bu vaxt oyuna arvadım qoşuldu- o, oğluma zəng etdi və qəzəblə dedi ki, atan bank hesablarını bağlamaq qərarına gəlib. Belə dedi: “Sənin atan tamam qocalıb, hər şeydən qorxur, yaramaza etibarnamə verib ki, sənin hesablarını bağlasın. Gəl bura, mən səni dəstəkləyərəm. Mən onun pullarının üzərində sərəncam verə bilirəm”. Arvadım doğrudan da pullarla bağlı sərəncam verə bilərdi və Qiqa bunu bilirdi. Mən Qiqaya zəng etdim və dedim ki, ciddi işə düşmüşəm, oğlumun bank hesablarını bağlamağın xeyri yoxdur. Ailəm mənə qarşı çıxıb və hər şey iflas olub. Mən heç yerə getmirəm, burada qalıb oğlumu gözləməliyəm. Ertəsi gün artıq mühafizəni hazırlamışdım, xeyriyyə fondumun rəhbəri olan İraklini (bu il noyabrın 20-də Gürcüstanın baş naziri təyin edilib) və öz holdinqimin mətbuat katibinin yanına göndərdim. Mətbuat katibinin informasiya agentlikləri ilə əlaqəsi var idi. İrakli ondan xahiş etdi ki, mənim bəyanatımı yaysın. O, etiraz etdi, əsas gətirdi ki, bunu öz şefi-holdinqin prezidenti Qiqa ilə razılaşdırmalıdır. Onda İrakli mənə zəng etdi və dəstəyi qıza verdi. Mən qıza dedim ki, göstərişimə əməl etsin, çünki holdinqin sahibi mənəm. Qız ağladı. Mən başa düşdüm ki, iş qəlizləşə bilər, mətbuat katibi Qiqaya işləyə bilərdi və onun göstərişlərini sözsüz yerinə yetirirdi. O, hansısa məqamda xəbəri sızdıra bilərdi və yaxud nəsə edərdi. Bəxtimiz onda gətirdi ki, qız axmaq çıxdı. O, mənim tələbimi yerinə yetirdi. Agentliklər tezliklə mənim bəyanatımı yaydılar.

-Qorxurdunuz ki, sizi öldürərlər, ancaq hələ Saakaşvilinin və komandasının Gürcüstanda qətllərdə əli olduğunu təsdiqləyən dəlil yoxdur. O cümlədən keçmiş baş nazir Zurab Jvaniyanın qətlində...
-Görəcəksiniz, çox qətllərin üstü açılacaq. Jvaniyanın məsələsində böyük şübhələr var, ancaq o vaxt istintaq getməyib. İstintaq indi başlayır. Onların hamının gözü qarşısında sadəcə olaraq öldürdükləri gənc bankirlə bağlı da istintaq olmayıb. (söhbət 2006-cı ildə öldürülən Sandro Qirqblianidən gedir- Forbes). Strasburq məhkəməsinin sənədlərində göstərilir ki, prezident Saakaşvili və daxili işlər naziri Vano Merabişvili istintaqa hər cür maneələr törədiblər. Merabişvili artıq istintaq təcridxanasındadır, həmin bankirin qətli ona qarşı irəli sürülən ittihamlardan biridir. Jvaniya ilə bağlı istintaq təzə başlayır. İş illərlə yatıb qala bilərdi. Təsəvvür etmirsiniz, burada nələr baş verirdi. Bəzi amerikalılar və avropalılar başa düşürdülər ki, Gürcüstanda əslində nə baş verir, lakin onlar əsasən inanırdılar ki, demokratiya qurulur- Saakaşvili bu istiqamətdə piar aparmağa böyük pullar xərcləyirdi.

-Bəyanatı verəndən sonra sakitləşdiniz? Həyatınız üçün artıq qorxmurdunuz?
-Sonrakı ilk ay ərzində mən hər dəfə nümayişlərə qatılmağa gedəndə mühafizə rəisim ciddi narahat olurdu. Mənə “real sübutlar” gətirirdi ki, bu gün bizi hansısa körpünün yanında partladacaqlar, yaxud artıq evin damında mövqe tutmuş snayper bizi vuracaq. Ona qəsdən belə yalan məlumatlar sızdırırdılar ki, biz nahaq yerə narahat olaq, qorxaq. Mən onu sakitləşdirirdim. Ancaq təhlükə əlbəttə ki, var idi. Müharibə müharibədir. Mən hər dəfə evdən çıxanda arvadımla vidalaşırdım.

-Bir ildən sonra parlament seçkilərini udmaq şansınızı necə qiymətləndirirdiniz?
-Tam əmin deyildim ki, qalib gələcəyik. Onlardan fərqli olaraq, onlar ümid edirdilər ki, qalib gələcəklər. Axı hər şey nəzarətlərində idi. Amerikalılar və avropalılar da son ana qədər fikirləşirdilər ki, Saakaşvilinin partiyası qalib gələcək. Onlar ilkin olaraq hesablayırdılar ki, 60 faiz səs alacaqlar. Lakin seçkilər ərəfəsində hamı gördü ki, xalq kimin tərəfindədir. Saakaşvili seçkilərə bir həftə qalmış stadionu dolduracaq sayda mitinqçi yığa bilmirdi. Xalqı toplamaq ideyasını isə mən ona “başa saldım”. Bir dəfə telefonda öz adamlarımdan biri ilə danışanda qəsdən dedim: “O, necə də axmaqdır. Seçkiqabağı kampaniya başa çatır, hələ də insanları mitinqə toplamayıb”. Onlar telefon danışıqlarına qulaq asırdılar və qərara aldılar ki, mitinq təşkil etsinlər. Və tam iflas oldu. Bizim 28 sentyabr mitinqimizə az qala bütün şəhər gəlmişdi, 800 minə yaxın adam. Bu vəziyyətdə seçkiləri saxtalaşdırmaq onlar üçün xeyli mürəkkəb idi, hamı görürdü ki, xalq kimin tərəfindədir.

-Sizcə xalq sizi niyə dəstəklədi?
-Xalq hələ məni görməmişdi, ancaq haqqımda bilirdi. Mən heç vaxt danışmırdım ki, nə işlər görürəm, ancaq informasiyalar sızırdı. Axı 20 ildir ölkəyə kömək edirdim, bunu necə gizlədəsən. Yüzlərlə kilometr asfalt yol çəkdirmişəm, hansı ki bu yollarla heç yük maşınları da gedə bilmirdi. Bir çox başqa işlər görmüşəm.

-Bu cür layihələrin maliyyələşdirilməsinə təxminən nə qədər xərcləmisiniz?
-3 milyard dollardan çox. Dövlətə yardım da daxil olmaqla. Özümə və ailəmə ildə 5 milyon dollardan çox xərcləmirəm. Seçkilərə isə biz praktiki olaraq pul xərcləmədik. İmkan vermədilər. Bizim heç bir reklamımız olmadı. Hər tərəf “Vahid Milli Hərəkat”ın reklamları ilə dolu idi. Sovet dövründə necə ancaq Kommunist Partiyası var idi, bizdə də elə idi. Mənə oğlum Bera çox kömək etdi- o, regionlarda on minlərlə adamı stadionlara, öz konsertlərinə topladı. Eyni zamanda mənim tərəfimdən çox hiyləgər gedişlər oldu. Biz bunun hesabına qalib gəldik. Daha bir misal. Mənim partiya yaratmaq barədə bəyanatımın yayılmasından üç gün sonra Saakaşvili məni vətəndaşlıqdan məhrum etdi. Amerikalılara və avropalılara bu xoş gəlmədi. Seçki kampaniyası dövründə vətəndaşlığı qaytarmaq barədə fikirləşirdilər. Və bu onların tərəfindən gözəl gediş idi. Biz isə bundan qaçmalı idik. Mitinqlərdən birində mən ucadan qışqırdım: ”Qoy bir cəhd eləsinlər, mənə vətəndaşlığı qaytarmasınlar!” və s. Bilirdim ki, onlarda ziddiyət ruhu dərhal işə düşəcək. O, kifayət qədər primitiv adamdır. Belə də oldu. Vətəndaşlığı mənə qaytarmadılar və bu kozır xaricilərlə danışıqlarda mənim işimə yaradı. Saakaşvilinin psixikasını bildiyim üçün ona bir çox belə fokuslar təşkil etmişəm.

-Seçkilərdən sonra siz baş nazir oldunuz, ölkədə birinci şəxs. Lakin Saakaşvili prezident kimi qaldı. Belə şəraitdə necə işləyirdiniz?
-Bir il ərzində bizə tərpənməyə imkan vermədilər. İstənilən həbs, hətta hansısa sənədlə bağlı sorğu- dərhal Amerika və Avropa ayağa qalxır. İndi onlar artıq dincəliblər. Ancaq bütün il bizə çətin oldu, addım-addım sübut etdik ki, ölkəni cinayətkarlar idarə edib. Biz baş nazir Vano Marabişvilini və müdafiə naziri Baço Axaliyanı həbs etdik. Ən çoxu buna gücümüz çatdı. Baş prokuror Zurab Adeişvili seçkilərin yekun nəticələri açıqlanandan əvvəl- oktyabrın 1-də qaçıb aradan çıxdı.

-“Gürcü arzusu” adını kim fikirləşmişdi?
-Bunu Bera düşünmüşdü. Onun studiyasının adı belədir- Georgian Dream. Bera mənə çox kömək etdi, mənə görə iki ilini itirdi, indi təzədən Amerikaya gedir. Onun Amerikada yeni layihəsi başlayır. Onun təkcə gürcü dilində yox, ingilis və fransız dillərində də çoxlu mahnıları var.

-Qalib gələndən sonra hansı əsas vəzifələri qarşıya qoydunuz?
-Düzgün təyinatlar etmək lazım idi. İndi təminat verirəm: bizim komanda, bizim hökumət istənilən Avropa ölkəsinin hökumətindən heç də pis deyil. Heç bir korrupsiya yoxdur. Onlar peşəkardır və vicdanla maaşa işləyirlər. Onlardan hardasa 20 faizi zəif idi, ancaq indi onlar da yaxşı işləyir. Hesab edirəm ki, bir ildə biz möcüzə yarada bildik.

-Bu gün nə ilə fəxr edə bilərsiniz?
-İlk növbədə onunla ki, əvvəl öz xalqına qənim kəsilən polis yenidən qurulub və tam Avropa standartlarına uyğunlaşıb. İndi xalq polisə etibar edir.

-Axı bunu həmişə Saakaşvilinin uğuru hesab ediblər?
-Burada polisdə korrupsiya nəzərdə tuturlar. Mən bununla razıyam. Biz bu nailiyyətdən istifadə edirik. Lakin korrupsiya yuxarılarda qalırdı, elit korrupsiya mövcud idi. O, pulu özü yığmaq üçün hər şeyi etmişdi.

-Lakin o sərt sistem yaratmışdı. Heç kim rüşvət almırdı, çünki qorxurdular. Bəs birdən qorxmasalar onda necə?
-İndi heç bir sərt sistem yoxdur, amma hamı qanuna əməl edir.

-Buna necə nail olmusunuz?
-Gürcülər mədəni, azadlıqsevən xalqdır. Saakaşvili onu feodalizmə çəkmişdu. O, real olaraq demokrat deyil, feodaldır. Saakaşvilinin səkkiz prezident iqamətgahı var idi. Elə ölkədə ki, istənilən nöqtəsinə vertolyotla yarım saata, maşınla iki-üç saata çatmaq olur. Dünyada belə prezident tapmaq mümkün deyil. Onun iki təyyarəsi, iki vertolyotu olub, daha üç vertolyotu sifariş vermişdi. Məlum oldu ki, biz buna görə 80 milyon dollar ödəməliyik. (İvanişvilinin özünün cəmi dörd evi var- Tiflisdə, Çorvila kəndində, dəniz sahilində Ureki adlanan yerdə və dağ kurortu Bakurianidə- Forbes). Siyasətdən gedənə qədər hamı məndən soruşurdu ki, Saakaşvilini həbs etdirəcəyəmmi? Mən cavab verirdim ki, bilmirəm, bu məsələdə ədalət məhkəməsi işləyir. Lakin ona suallar var və hamı bunu bilir. Bu iş nəylə nəticələnəcək, bilmirəm.

-Bir il ərzində daha nəyə nail oldunuz?
-Səhiyyəyə. İndi hər vətəndaşın sığortası var, hətta mürəkkəb əməliyyatları da dövlət maliyyələşdirir. Əvvəl belə şey yox idi. Sovet sistemi dağılmışdı, yenisi qurulmamışdı. Həbsxanalarda da insanları pulsuz müalicə edəcəyik.

-Bunu siz maliyyələşdirirsiniz?
-Yox, büdcə pullarıdır. Biz vertolyotlarda qənaət etdik, yeni sifariş verilmiş üç vertolyotdan imtina etdik. Yüksək vəzifəli məmurlar üçün iqamətgahlar da tikmirik. Saakaşvilinin bu kimi əyləncələrindən 580 milyon dollara qənaət etdik. İkincisi kənd təsərrüfatıdır. Kiçik fermerlərə və kəndlilərə pulsuz kübrə payladıq, onların şumlarını pulsuz əkdik. Bu proqram davam edəcək. Bu işdə pullardan bir hissəsini mənim fondum verib, büdcənin imkanları yetmir. Üçüncüsü təhsildir. 800-dən çox məktəbi təmir etdirdik, normal istilik sistemi ilə təchiz etdik. Bunu yeri gəlmişkən indiki prezident Georgi Marqvelaşvili etdi. O, əvvəl təhsil naziri işləyirdi. Çox yaxşı işlədi. Təhsilə daha az pul ayırdıq, ancaq effekti səhiyyə və kənd təsərrüfatında olduğu kimi yüksək oldu. Georgi özü də rezervlər tapırdı, dərslikləri pulsuz etdi. O, çox yaxşı menecerdir.

-Bəs elitar korrupsiyanın qarşısını necə aldınız?
-Balıq başdan iylənir. Əgər sən özün təmizsənsə, ətrafında da təmiz adamlar toplaşacaq. Mən öz komandamda demokratiya yaratdım, tam etimada nail oldum. Hər bir komanda üzvü mənimlə bərabər səviyyədə mübahisə edə, öz mövqeyini müdafiə edə bilərdi. Bununla belə hamı gözəl başa düşür ki, aldatmaq olmaz. Məsələn, yaxın adamlarından biri, o, daxili işlər nazirinin birinci müavini idi və partiyamızın qərargahına başçılıq edirdi, səhv etdi. Dərhal barəsində cinayət işi qaldırıldı. O, DİN-in tərkibindəki Təhlükəsizlik Xidmətinə rəhbərlik edirdi. Bu xidmət Saakaşvilinin dövründə Gürcüstanın müxtəlif məşhur adamlarının haqqında böyük həcmdə videokompromatlar toplamışdı. Orada 40 mindən çox adamın şəxsi həyatına dair görüntülər var idi. Bu görüntülərin çəkilməsinə bizim hesablamalarımıza görə 100 milyon dollardan çox pul xərclənmişdi. Həmin Təhlükəsizlik Xidmətinin rəhbəri, bizim tərəfdaşımız bu videotekadan istifadə etdi: haqqında pis nəsə yazdıqlarına görə qisas aldı və həmin məqaləni yazan adamın görüntülərini internetə yaydı. Orada hansısa seksual səhnələr var idi, məlum olurdu ki, adam geydir. Biz nəticədə bütün videotekanı jurnalistlərin qarşısında məhv etdik. Tərəfdaşımız isə qanunun bütün ciddiyəti ilə cavab verməli olacaq. İkinci adam- kənd təsərrüfatı naziridir. O, az qala mənim ən yaxın adamım idi. Onun tabeçiliyində olanlar traktorlar alanda hansısa pozuntuya yol veriblər. Hələlik korrusiya faktının olub-olmadığı məlum deyil, işlə bağlı istintaq gedir.

-Bununla belə əminsiniz ki, sizdən sonra qalan komanda özünü tamamilə düz aparacaq?
-Hamı görür ki, bizdə səhvləri bağışlamırlar. Bundan başqa heç nə lazım deyil. Gürcüstanda artıq heç bir korrupsiya olmayacaq. Mən buna tam əminəm. Tək-tük hallar əlbətеə ki, ola bilər. Belə hallar Avropada da olur. Lakin bütün hökumətin başdan ayağa korrupsiyalaşması bir daha olmayacaq. Mən buna yüz faiz təminat verirəm. İnsanlara söz vermişəm.

-Bəs nazirlərinizin maaşı nə qədərdir?
-Təxminən 1250-2500 avro arası maaş və bir o qədər də mükafat. Onların fərdi avtomobilləri və sürücüləri, bəzi əlavə üstünlükləri var.

-Deyirsiniz ki, insanlara verdiyiniz bütün vədləri yerinə yetirdiniz. Ancaq budur, deyirlər ki, benzini iki dəfə ucuzlaşdıracağınıza vəd verdiniz, eləmədiniz...
-Xeyr, iki dəfə ucuzlaşma haqda deməmişəm. Mənim sözlərimi təhrif ediblər. Həmişə demişəm ki, siyasəti xoşlamıram. Əsasən ona görə ki, hansısa bir vədin üzərində dayana bilər. İlk günlərdən vədlərdə xəsislik edirdim. Nə demişəmsə eləmişəm. Benzin doğrudan da 10-20 faiz ucuzlaşdı. Elektrik, qaz da ucuzlaşdı.

-Rusiya ilə Gürcüstan arasında diplomatik münasibətlərin bərpası nə vaxt baş verə bilər?
-İndi top Rusiya tərəfindədir. Biz diplomatik münasibətləri bərpa etməyə hazırıq. Ancaq bu hələ mümkün deyil. Abxaziya və Cənubi Osetiya işğal altındadır. Bu ərazilərin ayrılması Rusiyanın müdaxiləsi ilə baş verib. İndi fikrimcə bu Rusiyanın özünün milli təhlükəsizliyini təhdid edir. Ümid edirəm ki, Rusiya bunu başa düşəcək. Şimali Qafqaz mürəkkəb regiondur. Ərazisinin böyük hissəsi Rusiyanındır. Hər gün orada hansı problemlər yaşanır, mənim deməyim artıqdır. Ümid edirəm ki, Kreml dəhşətli nə baş verdiyini dərk edəcək. Təkcə Gürcüstan üçün yox, həm də Rusiya üçün.

-Putinlə görüşməyi arzu edirdiniz?
-Şans olmadı. Mən hazır idim. İndi rəhbərlik görüşə hazırdır. Lakin baza yoxdur.

-Gürcüstan vətəndaşlığınızı qaytardılar?
-Mənim hələ də Fransa vətəndaşlığım var. Fransız kimi baş nazir olmuşam. Əgər mənə həmin dövrdə Gürcüstan vətəndaşlığını qaytarsaydılar, o zaman baş nazir ola bilməzdim. Saakaşvili Konstitusiyanı belə eybəcər hala salıb. İndi Ali Məhkəmə mənim Gürcüstan vətəndaşlığı məsələmə baxır.

-Bəs siyasətdən nə qədər uzağa getmisiniz?
-Cəmi bir ay keçib. Mən təzə-təzə normal yata bilirəm. O vaxt həddən çox işlədim. İndi imkan daxilində işləyəcəyəm. Fikirləşirəm, necə kömək etmək olar. Vəd etmişəm ki, vətəndaş cəmiyyətinin formalaşmasına, hökuməti nəzarət altında saxlayan, tənqid edən adamlar yetişdirməyə kömək edəcəyəm.

-Qəti əminsizni ki, bir daha siyasətə qayıtmacaqsınız?
-Bəli, əminəm.  Mən söz vermişəm. Təminat verirəm ki, buraxıb getdiyim hakimiyyət əsl demokratik ölkə quracaq və heç vaxt korrupsiyalaşmayacaq. Görəcəksiniz.

-Bəs qorxmursunuz ki, birdən harasa getsəniz və diqqətiniz yayınsa hər şey əvvəlki məcraya daxil olacaq?
-Heç yerə gedən deyiləm. Və gözlərimi də bağlamayacam. Cəmiyyətin fəal üzvü kimi qalacağam.

virtualaz.org

Комментариев нет:

Отправить комментарий