Страницы

04.02.2014

Dəməşqə! Eşqə? Məşqə? Allah bilir!

Mir Şahin

Xəbərdarlıq etdilər ki, bizi cənnətlərinə buraxmayacaqlar, buyursunlar, mən onsuz da onların cənnətinə istəmirəm

Sözün düzü mən belə reaksiya gözləmirdim. Əslində güman edirdim ki, adi mövzulardan birinə toxunmuşam. Amma zənnim məni aldadıbmış. Görünür, adi deyilmiş, düzdü, hamı bu mövzuda danışmırmış, amma hamı bu mövzuda susurmuş. Məhz Hesabat-dan sonra Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin sədrliyi ilə böyük bir toplantı keçirildi, fətva verildi, Azərbaycanın aldadılmış kəvakiblərinin uzaq ayparaların yanında bərq vurmasına sərt münasibət bildirildi.
Bəzi məscidlərin öz minarələrini başqalarının işinə soxması barədə faktlar səsləndi. O da məlum oldu ki, bəzi məscidlər əvvəlcə Allah evi adı ilə yaranır, amma… sonra… lənət Şeytana!
Ardınca - dediklərimizi özlərinə götürən, din qabığına girmiş bir neçə təşkilatdan “Meşə Qardaşları” və dövlətin ünvanına terror təhdidi gəldi. Deməli, həyəcanımıza səbəb varmış. Deməli bir əlini niyyət duası ilə qulağının dibinə aparan bəzi qardaşların o biri əli altdan altdan bükülübmüş və bu bükülmüş ovucda Allah, bəlkə də Şeytan bilir nələrsə saxlanır. 
Deməli dövlətimizin düşmənləri varmış. 
Amma Azərbaycanın Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin sərt bəyanatları bir daha göstərdi ki, öz gücünə inanan dövlətimiz var. Bir sözlə bizi, ANS-i, dövləti və Şeyxi öyən də oldu, söyən də.
Bəzi internet uşaqları nələrsə yazdılar, öz aləmlərində guya hədə-qorxu gəldilər, xəbərdarlıq etdilər ki, bizi cənnətlərinə buraxmayacaqlar, buyursunlar, mən onsuz da onların cənnətinə istəmirəm. 
Bəzi məscidlərin gümbəzlərinə, minarələrinə qonaraq əbalarını qanad kimi yelləyən molla göyərçinlərimizin qəflətən dinc və sülhpərvər varlıqlara çevrilmələrinə, qan tökülməsin deyə guya hətta sünnəti belə lazerlə etməyə tərəfdar olmalarına təbii ki, mən inanmıram. Onlar şübhəsiz ki, uşaq-muşaq başı piyləyə, behiştin açarlarını çoxaldaraq sadəlöv cocuqlara təklif edə bilərlər. Amma daha mənə yox. Elə buradaca vətəndaşlarımızın beynindəki coğrafi ərazini mücərrəd əqidə ərazisinin xeyrinə dəyişmək, bu ərazinin sərhədlərini uzaq Suriyaya qədər genişləndirmək istəyən qüvvələrin təsnifatını aparaq. Azad, sakit, üzü inkişafa və qibləyə bir ömür yaşayan Azərbaycanda dini təfriqəçillyi kim salmaq istəyir və niyə ay həccə gedən hacıların hacısı, yaman olur şirin dilin acısı? Niyə Azərbaycanda dini zəmində münaqişə, müharibə yaratmaq istəyirsiniz? Bu kimə lazımdı? Bu kimə lazım ola bilər? Səbəbi əslində hamı bilir. Səbəb Azərbaycanın müstəqilliyidir və bu müstəqillik artıq bir sıra dövlətlərə ciddi şəkildə mane olur. Bir neçə gün əvvəl prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupundan “İlin adamı“mükafatını qəbul edərkən demişdi:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Son həftəyə qədər “Şahdəniz-2” layihəsinin imzalanması hələ də sual altında idi. Baxmayaraq ki, bir neçə ay ondan əvvəl 17 dekabr tarixi də müəyyən edilmişdi. Baxmayaraq ki, qonaqlar da dəvət edilmişdi və bütün tədbirlər də hazırlanmışdı. Ancaq müəyyən müdaxilələr hesabına son həftəyə qədər layihənin imzalanması dəqiq bəlli deyildi.”. 
Bapbalaca bir ölkənin- Azərbaycanın birdən-birə nəhənglərlə kəllə-kəlləyə gəlməsini bu nəhənglər elə belə həzm edəcəklər? Əlbəttə yox. Bax elə buna görə də Azərbaycan hər addımda istiqlal imtahanına çəkilir. Müstəqillik təkcə vətəni yox, həm də vətəndaşı qorumaqdır. Bəs vətəndaş necə qorunur? Ötən həftə Azərbaycan uğrunda iki zabitimiz şəhid oldu. Amma Suriya uğrunda 3 vətəndaşımız öldü. 2-3 qürbətin xeyrinə.
Suriyaya gələcək döyüşlər üçün məşqə, allah adına eşqə, yoxsa sadəcə pul qazanmaq naminə Dəməşqə gedirlər bəlli deyil, hər halda gedirlər və Azərbaycan Suriyada ölməyi seçənlərin qarşısını ala bilmir. Bu çətindir. Daxili İşlər Nazirliyi də etiraf edir ki, kimin yaşamağa, kimin ölməyə getdiyini ayırd etmək qeyri-mümkündür.
Suriyanın həmsərhəd olduğu ölkələrə baxaq. Şimalda Turkiyə, Şərqdə İraq, cənubda Fələstin və İordaniya, Qərbdə Livan. Azərbaycanlılar arzularının behiştinə, yəni Suriyaya əsasən Türkiyə-Suriya sərhədinin nəzarətsiz hissəsindən düşürlər. Onda belə çıxır ki, Türkiyəyə gediş-gəliş sərtləşdirilməlidir. Bəs bu necə edilməlidir? Onda bəs Türkiyə və Azərbaycanın bir milət iki dövlət fəlsəfsəfi necə olsun?
Bəlkə Azərbaycan və Türkiyə arasında hansısa sənəd imzalanmalıdır ki, bu sənəd iki ölkəyə Suriya ilə sərhəddə birgə nəzarət etməyə imkan versin. Hələlik isə ortada böyük bir boşluq var və bu boşluğa artıq 103 vətəndaşımız düşüb və düşməkdə davam edir! Sələfi, vahabi, həvaric, nurçu, təkfirçi fərqi yoxdur. Bu boşluğa yuvarlanan Azərbaycan vətəndaşıdır.

ANS

Комментариев нет:

Отправить комментарий