Страницы

01.02.2014

Ronaldonu tam yandırın, Messini az-maz...

“Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov bu dəfə futboldan danışıb. İmam o qədər maraqlı açıqlamalar verib ki...
Müsahibəni dostum Tahir Mirzə alıb. Həmkarımın Süleymanova kifayət qədər maraqlı suallar ünvanladığını qeyd edib, keçim sözümün mustafasına. 
Qamət Süleymanov üstüörtülü formada olsa da təsdiqləyib ki, məscidə futbolçular da gəlirlər. Əlbəttə, burada qəribə heç nə yoxdu. Hər kəs kimi futbolçunun da məscidə, kilsəyə və digər ibadət yerlərinə getmək haqqı var. Amma məsələn, bir müddət öncə bəzi futbolçuların dindarlara yardım üçün vəsait topladıqlarını eşitmişdim.
İndi mən necə əmin olum ki, radikal dindarların törətdiyi terror olaylarında bizim idmançıların barmağı yoxdu? İzah etmək üçün uzağa getməyək, kim məni o yardımların Suriyaya getmədiyinə əmin edə bilər? 
Müqayisə üçün kiçik bir qeydi nəzərinizə çatdırım. Argentina seçməsinin əfsanəsi Xavyer Zanetti Meksikadakı inqilabçılara yardım etmək üçün komanda yoldaşlarından vəsait toplayır. Yardımı alanlar da bu vəsaitlə kəndlilərin hüquqlarını qoruyur, onları köləlikdən qurtarırlar. Siz bu müqayisədən "hə, elə Suriyada da döyüşənlər bunu xalq üçün edir" nəticəsini çıxartdınızsa, lütfən, yazının davamını oxumayın. 
Müsahibədə diqqət çəkən digər məqam isə Qamət Süleymanovun xarici futbolçular - Messi və Ronaldo haqda da qəribə (modern variantı: ilginc) açıqlamalar verməsi olub. 
İmam qeyd eləyib ki, bu iki futbolçu cəhənnəmlikdi. İslamı humanizm dəryası kimi qəbul edənlər iddia edirlər ki, bu din insanı daha çox ürəyinə və niyyətinə görə mühakimə edir. Qamət Süleymanovsa bunun tamamilə əksini bildirib. O, əlavə edib ki, bu futbolçular nə qədər xeyriyyə işləri görsələr də, müsəlman olmadıqlarına görə qətiyyətlə cəhənnəmdə yanacaqlar. 
İndi yerdən biri çıxıb vəhabiliyin İslama ləkə yaxmaq üçün istifadə olunduğunu, sələfilərlə başqa "i"lərin aldadıcı vəhabilik olduğunu iddia etməsi yenilik olmaz. Yaxşı, əgər bu qayda ümumi İslama aid deyilsə, İslam imamın dediyi kimi hər xristianı cəhənnəmlik elan etmirsə və bu söhbətlər sadəcə bir təriqətə aiddirsə, niyə Azərbaycana və digər bölgələrə bu din zorla yayıldı? 
Razılaşın, İslam dini ondan olmayanı qətiyyətlə rədd edir. Qamət Süleymanov da bu dinə müvafiq olaraq fərqli heç nə deməyib. Quranı vərəqləsəz orda digər dindən olanlar haqda hətta çöl eşşəyi kimi sərt ifadələrə  müxtəlif yerlərdə rast gələ bilərsiz. 
Ronaldo və Messi cənnətlik deyil. Cənnətlik olan Suriyada müxaliflərə yardım edənlər və nəticədə minlərlə körpənin qətlinə səbəb olanlardı. Cənnətlik olanlar xalqın hesabına milyonlar qazanıb Avropada eyş-işrətlə gün keçirən, xalqasa şəriəti hökm edən ərəb şeyxləridi. Cənnətlik olanlar özünü partladaraq yüzlərlə günahsız insanı allah yolunda öldürənlərdi. Cənnətlik olanlar "allahu əkbər" deyib baş kəsənlər, o başlarla futbol oynayanlardı. Bəli, məhz onlar cənnətə gedəcəklər. Çünki onlar cinsiyyət orqanlarını kəsdiriblər, sünnət olunublar və müsəlmandılar. 
Qamət bəyin sözlərinə inansaq, o dünyadakı mühakimə təxminən bu formada olacaq:
- Ronaldonun qey olduğunu da nəzərə alaraq onu tam yandırın. Çünki o, müsəlman deyildi və bu humanist dini qəbul etməmişdi.
- Ronaldo: Bəs xeyriyyə aksiyaları? 
- Amma sünnət olunmamısan... Messini bir az qızardıb buraxın. O, müsəlman olmasa da, qey deyildi.  
Sizə qəribə gəlməsin, şəxsən mən öz qulaqlarımla eşitmişəm ki, imam heç kəsin cəhənnəmdə əbədi qalmayacağını deyib. Yəni, hər kəs öz günahı qədər yandırılacaq, sonra da gedəcək süd içib, huri seçməyə. 

Elvin CanTuran                dailysport.az

Комментариев нет:

Отправить комментарий