Страницы

29.03.2014

AzTV və “Azərbaycan” nurçu şəbəkənin əlindədir

Əliyevin sərəncamı ilə bağlı qalmaqal davam edir

Dövlət KIV-ləri Elnur Aslanovun işdən çıxarılması ilə bağlı ölkə başçısının imzaladığı sənədi niyə dərc etmədiklərinə izahat verə bilmir

Türkiyənin baş naziri Ərdoğanın Ilham Əliyevdən iqtidardakı nurçu şəbəkəni zərərsizləşdirməyi xahiş etdiyi bildirilir
Rəsmi qəzetlərin Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanovun işdən çıxarılması barədə ölkə başçısı Ilham Əliyevin 17 mart tarixli sərəncamını dərc etmədiyi barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, Ilham Əliyevin məlum sərəncamı “Azərbaycan”, “Xalq” və “Respublika” qəzetlərində dərc olunmayıb.

Məsələ ilə bağlı “Azərbaycan” qəzetin baş redaktoru Bəxtiyar Sadıqov “Azadlıq”a bildirmişdi ki, sərəncamı dərc etməmələrinə səbəb onun redaksiyaya göndərilməməsidir. Baş redaktorun sözlərinə görə, qəzet rəsmi xəbərləri “Azərtac” dövlət agentliyindən alır, həmin sərəncamı isə agentlik qəzetə göndərməyib.
Maraqlıdır ki, həmin sərəncam “AzərTac”ın saytında yayımlanıb. Yəni, rəsmi qəzetlər sərəncamı saytdan götürə bilərdilər.

“AzərTac” Bəxtiyar Sadıqovun izahatını əsassız sayır

AzərTac-ın baş direktorunun birinci müavini Dağbəy Ismayılov da Aznews.az-a açıqlamasında Bəxtiyar Sadıqovun izahatını əsassız sayıb. O, bildirib ki, bütün rəsmi məlumatlar mərkəzi dövlət qurumundan alınaraq, yayılır: “Bundan sonra hər bir mətbuat orqanı həmin məlumatı dərc edib-etməməsinə qərar verir. Bu, artıq onun öz üzərinə düşən işdir. Yəni hər bir mətbu orqanın özünün müstəqil siyasəti var. Biz hansısa orqana deyə bilmərik ki, bunu verin, yaxud da niyə vermədin”.
Bu arada bəlli olub ki, AzTV də Elnur Aslanovla bağlı sərəncamı verməyib. AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova AzNews.az-a bildirib ki, təmsil etdiyi qurum artıq bir neçə ildir ölkə başçısı Ilham Əliyevin dövlət qurumlarında kadr dəyişikliyi ilə bağlı sərəncamlarını efirə vermir: “Kadr dəyişiklikləri ilə bağlı rəsmi xəbərləri artıq bir neçə ildir ki, səsləndirmirik”.
AzTV-nin sözçüsü bunun səbəbləri barədə isə heç nə deməyib.

AzTV və “Azərbaycan” nurçu şəbəkənin əlindədir?

“Qafqazinfo” saytı da mövzu ilə bağlı maraqlı məlumatlar yayıb. Həmin məlumatlarda bildirilir ki, AzTV-nin prezidenti Arif Alışanovun kürəkəni Orxan Əkbərov Elnur Aslanovun sağ əlidir və onlar bir şəbəkə halında fəaliyyət göstərirlər. Ehtimal olunur ki, artıq nurçular AzTV-yə tam nüfuz ediblər. 
AzTV-nin Elnur Aslanovla bağlı sərəncamı verməməsi də bununla izah edilir.
Məlumatlarda həmçinin qeyd edilir ki, Orxan Əkbərov həm də bu sərəncamın işıqlandırılmasından imtina edən “Azərbaycan” qəzetinin baş redaktorunun birinci müavini Ixtiyar Hüseynli yaxın dostdurlar. Nəinki onlar ikisi, hətta nurçuluqda ittiham olunan digər şəxslər - Ceyhun Osmanlı, Orxan Əkbərov, Fərhad Məmmədov, Ixtiyar Hüseynli və Elnur Aslanovun digər kadrı olan Rauf Mərdiyev də başda olmaqla bir çox gənclər eyni “kruq”a daxildirlər. “Qafqazinfo” onların mehribanlığını və müxtəlif tədbirlərdə birgə iştirakını əks etdirən fotolar da yayımlayıb.

Ərdoğan Elnur Aslanova görə İlham Əliyevə zəng vurub?

Türkiyədəki mənbələrdən musavat.com-a verilən sensasion məlumatda isə iddia olunur ki, qardaş ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğan Ilham Əliyevə telefon edib. Buna səbəb  Elnur Aslanovun vəzifədən kənarlaşdırılmasının Türkiyə iqtidarını olduqca məmnun etməsidir. Bununla əlaqədar Tayyip Ərdoğanın Ilham Əliyevə telefon açdığı və Azərbaycanda da şəbəkələşən nurçuların neytrallaşdırılması prosesinə başlandığına görə, ona təşəkkür etdiyi söylənilir.
Iddiaya görə, Ərdoğan bildirib ki, “Hizmət” hərəkatı Türkiyədə qanuni hakimiyyətə qarşı basqılarında Azərbaycandakı şəbəkəsinin imkanlarından geniş istifadə edir: “Belə ki, son bir neçə ildə Azərbaycandakı nurçu şəbəkənin maliyyə imkanları hesabına Türkiyədə bir neçə güclü QHT, araşdırma mərkəzi, institut yaradılıb, media orqanları təsis edilib. ”SOCAR Türkiyə"nin, Azərbaycan Gənclər və Idman Nazirliyinin maliyyə dəstəyi və Strateji Araşdırmalar Mərkəzinin resursları hesabına fəaliyyət göstərən bu təşkilatlar və media “Hizmət” hərəkatının səsinə səs qataraq Türkiyə ictimai rəyinin ölkə iqtidarına qarşı yönəldilməsinə ciddi dəstək verirlər. Belə təşkilatlardan biri kimi Ərdoğan Xəzər Strateji Institutunun (HASEN) adını xüsusi qeyd edib. O, Türkiyə istihbaratı tərəfindən Azərbaycan hakimiyyətindəki nurçuların və onların dəstəyi ilə Türkiyədə yaradılmış müştərək qurumların yeni siyahısının hazırlandığını və yaxın zamanlardı həmin siyahının Ilham Əliyevin Administrasiyasına təqdim olunacağını deyib".
Mənbə bildirib ki, Türkiyənin baş naziri Elnur Aslanovun görəvdən alınması ilə başlanan prosesin Azərbaycandakı nurçu şəbəkə tam müəyyənləşdirilib neytrallaşdırılana qədər davam etdirilməsini arzulayıb: “Aslanov Azərbaycan hakimiyyətində nurçuların istəklərinin icrası ilə məşğul olub. Ancaq onun arxasında duran və idarə edən daha ciddi qüvvə hələ də fəaliyyətdədir. Nurçu şəbəkənin tam ləğv edilməsi bu qüvvənin və dövlət strukturlarında, ictimai təşkilatlarda, mediada yerləşdirilmiş çoxsaylı tərəfdarların ifşa edilməsi nəticəsində mümkün ola bilər”.
Mənbənin sözlərinə görə, Ərdoğan bildirib ki, Türkiyə hakimiyyəti heç vaxt Azərbaycanın daxili işlərinə qarışmayıb və həmişə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün, qanuni seçilmiş hakimiyyətin yanında olmağa çalışıb. O, Azərbaycan hakimiyyətinin də bu prinsiplərə uyğun fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu deyib.

azadliq.info

Комментариев нет:

Отправить комментарий