Страницы

29.03.2014

Bəxtiyar Sadıqovu nurçularla nə birləşdirir?

“HİZMƏT”-in AZƏRBAYCANDAKI İDEOLOJİ UZANTILARI

Bəxtiyar Sadıqov "Azərbaycan" qəzetini təbliğat dəzgahına çevirib

Ən pis yuxularda belə xatırlamaq istəmədiyimiz bolşeviklərin hakimiyyəti zəbt etmə taktikasının əsas elementlərindən biri də poçtun, teleqrafın, körpülərin ələ keçirilməsi idi. “Kommunyaka”ların (ibarə rus siyasi xadimi V.Novodvorskiyə məxsusdur – M.S.) lideri V.İ.Lenin 1917-ci ilin havasından barıt qoxusunun çəkilmədiyi həmin məşum günlərdə ağ günə çıxmağın ideoloji formulunu belə ifadə etmişdi: – Oxumaq! Oxumaq! … yenə də Oxumaq!

Tarixi klonlaşdırmaq mümkün olmasa da, ona təkrar oluna bilmək xüsusiyyəti xasdır. Bilsəniz niyə? Çünki insan fitrəti etibarilə unutqandır. Tarixin ibrət dərslərini, qulaqburmalarını, şapalaq və hətta təpiklərini belə çox tez və asanlıqla unuda bilir. Beləliklə, Zaman baxımından olmasa da hadisələr nöqteyi-nəzərindən tarixin dərslərinin təkrarlanması, bir növ universitet leksikasında ifadə etsək, “akademik kəsir”in verilməsinə oxşayır.
Ötən əsrin 18-ci ilində müsəlman Şərqində ilk demokratik respublika Azərbaycanda quruldu. Nə o vaxt, nə də günümüzdə heç kim xəyal belə qura bilməzdi ki, düz 100 il sonra qardaş Türkiyədə peyda olub xərçəng kimi dünyanın 160 ölkəsinə “ixrac” edilmiş Nursi-Gülən təlimi maarifçilik pərdəsi altında Azərbaycanda hakimiyyətə əl uzatmağa cəsarət edəcəkdir.
Xəstə bədənə ağrıkəsici iynənin təsiri effektinə hesablanmış və liberal-mötədil olduğu qədər də dinamik və sərrast siyasət iki onilliyi qapsayan zaman aralığında azərbaycanlı qardaşlara keyfiyyətli təhsil adı altında cəmiyyyət həyatının demək olar ki, az-çox önəm kəsb edən seqmentlərinə sızaraq kök atmış, rişələnib şəbəkələşmiş, mobil ideoloji və iqtisadi gücə çevrilmişdir.
“Dövlət içində dövlət” olmağa hazırlaşan bu çete vaxında ifşa olunmasa idi, Azərbaycan dövlətçiliyinə ciddi ovqatsızlıq yaşadacağı şəksizdi.
Kimlər var bu xəyanətin içində?
Onun iqtisadi və ideoloji “uzantıları” haraya qədər uzanır?
Ölkənin sosial şəbəkəsi gur-gur guruldayır.
Dövlət başçısının arxasında iş çevirənlərə ən ağır və deməli, ən ədalətli cəza istənilir.
Cəza ədalətin hökmüdür!
“Hizmət” artıq dövlətin ideoloji bünövrəsinə lağım ataraq “Azərbaycan” qəzetinə nüfuz edibdir.

Bəxtiyar Sadıqov türk liseyində nə axtarırdı?

Bu gün o çox şey uydura, biri-birindən uğursuz bəhanələr gətirə bilər.
Məsələn, deyə bilər ki, onu azərbaycanlı balalarının təhsil və tədrisinin səviyyəsi həmişə maraqlandırıb.
Əllinin əlliyə qəbul edək.
Söyləyə bilər ki, Gülən fenomeninin nuruna boyanmış bu “təhsil və mərifət ocağını” şəxsən görmək istəyib.
Dar ayaqda belə bir perspektivsiz variant da istisna deyil.
Hətta iddia da edə bilər ki, həmin „obyektlərdən” zəhmətkeşlərin şikayət məktubları daxil olurdu və o da köhnə əyyamlarda „Kommunist” qəzetindəki sərgüzəştlərini yada salaraq başının dəstəsi ilə „reydə çıxmışdı”.
Niyə də olmasın?! Farslar demişkən, tərke adet be məvaceb mərəzist (adəti tərgitmək xəstəliyə bərabərdir).
Elə isə, Qoqolun məşhur personajının azərbaycanlı prototipi xatırlaya bilərmi ki, axırıncı dəfə nə vaxt və hansı yerli ümumtəhsil məktəbində olub? Nəinki Bakıda, lap elə „deputatı” olduğu Ağdamda?
Nə isə…
„Çağ”ın rəsmi məlumatından: ”Yanvarın 10-da “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov və qəzetin “Parlament və Siyasət” şöbəsinin redaktoru, Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüş İxtiyar Hüseynli… Bakı Özəl Türk Liseyində şagirdlərlə görüşüblər. Qonaqları “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özeren, Azərbaycan Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömleksiz “Çağ” Öyrətim şirkətinin müşaviri Dr. Ağarəsul Məmmədov, məktəbin müdiri Hayrettin Ünver və bir qrup müəllim qarşılayıblar.
…Görüşün sonunda “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov “Çağ” Öyrətim İşlətmələri İdarə Heyətinin sədri Dr. Enver Özerene, Dr. Enver Özeren isə “Çağ” Öyrətim İşlətmələri adından qonağa xatirə hədiyyəsi təqdim edib.”
Bu məlumatın ən ilginc məqamı bilsəniz harasıdır?- Ayın tarixi! Bəli, məhz ayın tarixi! Belə ki, yanvarın 10-u Bəxtiyar Sadıqovun anadan olduğu gündür. Və bu əziz gündə gümanı başqa heç yerə gəlməyən bəy-əfəndi dost qapısını döyür; bir yekə tort alıb nimdaş „qoşun-ləşkəri” ilə üz tutur Fətullah Gülənin Azərbaycandakı „distribyuteri” Enver Özerenin iqamətgahına.
Dediyinə görə, yetimçiliklə böyüdüyü üçün „hədiyyə” görəndə gözlərinə işıq gəlir. İstər qutuda olsun, istərsə də zərfdə.
Və elə bir təsəvvür yaranmasın ki, bu dostluq ildə bir dəfə ad günlərində baş verən nəzakət vizitləri ilə məhdudlaşır. Əsla! Milli Məclisin deputatı Bəxtiyar Sadıqov dövlətin rəsmi mətbu orqanı olan „Azərbaycan” qəzetini faktiki şəkildə „Hizmət”in ölkəmizdəki əsas „beyin mərkəzi” sayılan „Çağ” Öyrətim İşlətmələri şəbəkəsinin təbliğat dəzgahına çevirib.
Azərbaycanın milli təhlükəsizliyindən sorumlu orqanlar qəzetin son üç-dörd (Nə üçün məhz son illər? Buna da aydınlıq gətirəcəyik – M.S.) illik nömrələrini nəzərdən keçirsələr, adı gedən şəbəkənin müntəzəm, düşünülmüş və kifayət qədər açıq reklamının təşkil olunduğunu aşkar edə bilərlər. Özü də ölkəiçi təhsil müəssisələrindən adi bir yazı üçün filan qədər „reklam pulu” tələb edən, başsağlığının məbləğini „ceyran belinə” çıxaran qəzet rəhbərliyi bütöv səhifələri nurçulara peşkəş edir. Xeyir ola?! Belə bir səxavət, belə bir comərdlik haradandır?
Yeri gəlmişkən, yaxın günlərdə Mustafa T. imzası ilə Fətullah Gülənə ünvanlanmış məktubda „Hizmət”in „örtülü ödənəyindən” Azərbaycandakı dostlara ayrılmış ianələrin məbləğləri açıqlanırdı. Göstərilmişdi ki, dövlətə aid qurum və quruluşlardakı dostlar üçün aylıq əlavə xərclər üçün – 3 milyon 565 min USD, nüfuzlu şəxslərə təqdim edilmiş hədiyyələr üçün – 732 min USD ayrılmışdır.
Hər nə qədər „nüfuzlu” təsnifatına aidiyyəti var deməyə çətinlik çəkirik, ancaq bir dost kimi Milli Məclisin deputatı, „Azərbycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun ad günündə təşkil edilmiş məclis və hədiyyələrin xərci də, heç şübhəsiz, təqdim olunmuş həmin „qara büdcədən” ödənilib.
Əvəzində Bəxtiyar Sadıqov Prezident Administrasiyasının sabiq şöbə müdiri və ölkədəki nurçu şəbəkənin „xaç atası” Elnur Aslanovun faktiki təsir dairəsində olan və əshabələri tərəfindən yönəldilən müxtəlif tədbirlərdə fəxri qonaq statusunda iştirak və çıxışlar edir.
Məsələn, elə bu nurçu söz-söhbətinin şıdırğı vaxtında – fevralın 8-də „Azərbaycan”ın baş redaktoru sabiq „güclü siyasətçi” Elnur Aslanov və „Art Qarden” restoranının daimi müştərisi Ceyhun Osmanlının (deyilənə görə, məlum hadisədən sonra qorxusundan bu restoranın qapısını açan yoxdur – M.S.) „patronajlığı” alında fəaliyyət göstərən „İrəli” ictimai birliyinin təşkil etdiyi növbəti „pulsilmə” tədbirlərindən birinin qonağı olub. “Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsi çərçivəsində “Görmək istədiyimiz gənclik” mövzusunda paneldə çıxış edib. Maraqlıdır, görəsən, bu „mənəviyyat mücəssəməsi”, „fikir dühası” gənclərə hansı öyüd-nəsihəti verə bilərdi?!

Özgə məclisinə öz „SAM”ovarı ilə

Fətullah Gülənin Azərbaycandakı emissarı Elnur Aslanovun ölkəiçi siyasi “istəblişment”ə sırıdığı uğusuz kadrlardan biri də Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovdur. Böyük siyasətdə əl-ayağa dolaşan, eyzən masadakı qəndqabından qənd çırpışdıran uşaq-muşağı xatırladan bu “pasan”lar barədə ayrıca yazımız olacaq. Sadəcə, “baş analitik”likdən ziyadə Viktor Hüqonun Quinplenini xatırladan bu subyektin son bir-iki ildə „Azərbaycan” qəzeti ilə birgə təşkil etdiyi müxtəlif tədbirlər Bəxtiyar Sadıqovun da bu qırğılar cərgəsində yer və rol aldığını isbatlamaqdadır.
Belə ki, bu adamlar 2018-ci ildən sonra kimin hansı vəzifədə oturacağını gizlətmirdilər də!..
Qəzet son illər əsil „xozeyin”ini dəyişərək açıqdan-açığa Elnur Aslanovun təsir dairəsinə keçmişdi. Hətta son vaxtlar Bəxtiyar Sadıqov Prezident Administrasiyasındakı ənənəvi müşavirələrə Elnur Aslanovun kabinetindən çıxıb gəlirdi. Və belə bir „nüfuz transformasiyası”nı əyani şəkildə görmək üçün baş sındırmaq, yaxud əbəs mübahisələrə baş qoşmaq deyil, qəzetin səhifələrini gözdən keçirmək kifayətdir. Ölkənin nüfuzlu alim və ictimai xadimlərinin çıxışlarına bu və ya digər „obyektiv” səbəblər üzündən „embarqo” qoyulduğu halda, bu gün adı fəal nurçuların sırasında hallanan Fərhad Məmmədov, Rauf Mərdiyev, Ramin Hakimov, Orxan Əkbərov, Fərhad Hacıyev və başqalarının yazılarına yaşıl işıq yandırılıb, tematik səhifələr verilib, bir sözlə, rəsmi dövlət qəzeti Fətullah Gülənin „Azərbaycan nurçuları” qəzetinə çevrilib.
Həyat göstərir ki, satqınlıq, nakişilik, şərəfsizlik, qərəzlilik çox pis şeydir. Bir gün mütləq getdiyin yolda arxasını sənə çevirib əqrəb kimi sancacaq. Kişi, pardon, adam gərək kimin çörəyini yediyini, kimin hesabına mərəkəyə çıxdığını, katibəli kabinet, məqam sahibi olduğunu əsla unutmasın.
Həyat yada salmağı bacarır!
Bu arada “Çağ” Öyrətim Işlətmələrinin rəhbəri Enver Özerenin Fətullah Gülənə məktubunda -Azərbaycan parlamentindəki millət vəkili dostumuz da ciddi sıxıntılarla qarşılaşmaqdadır və vəziyyətinin çətin olmasından şikayətlənməkdədir- mesajı ilə kimləri nəzərdə tutduğu məlum oldu düşüncəsidəyik.

„Azərbaycan” qəzeti Prezidentin sərəncamını niyə dərc etmədi?

Hm! Qəzetlər və sosial media bugünədək sanki qeyri-adi bir şey baş veribmiş kimi yazırlar ki, “Azərbaycan” qəzeti Prezident İlham Əliyevin sərəncamını dərc etmədi.
Əcəba, burada təəccüblənəsi bir şeymi var?..
Yox, əgər dərc etsə idi, bu olardı ilginc, nonsens!
Bu, kifayət qədər səmimi, həqiqi jest idi. Vassalın öz süzereni, plebeyin patrisi qarşısında son vəfa qırımı idi.
Əgər nəzərə alsaq ki, rəsmi qəzetlərin, eləcə də AzTV-nin daxil olduğu ideoloji konqlomeratı kimlər idarə edir və onlar üçün Elnur Aslanovu “sonuncu aşırımda” itirmək 2018-ci ilin “vəliəhd” planlaının əməlli-başlı suya düşməsi deməkdir, onda sərəncamın mediaya gedən “ayaqlarının” yarıyolda qırılmasının səbəbləri gün kimi aydın olar.
“Azadlıq” qəzeti yazdı ki, sərəncamın dərc edilməməsinin səbəbi kimi “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov xəbərin “Azərtac” dövlət agentliyindən göndərilmədiyini bildirmişdi. AzərTac-ın cavabı isə özünü çox gözlətmədi və agentlik rəsmisi, görünür, həmkarının „dar ayaqda başqalarını baqaja qoymaq” şakərini bildiyindən Bəxtiyar Sadıqovun izahatını əsassız saydı.
Və eyni gündə, eyni vaxtda “Azərbaycan” qəzeti ilə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin saytının “texniki səbəblərə” görə bağlanmasının isə bircə izahı vardı: biriləri cidd-cəhdlə yaddaşdakı ifşaedici məlumat və rəsmləri silib-süpürməklə məşğuldur.
Bu belə!
Bəs əslində nələr baş verir?
Qəzetdəki ab-havadan və qəzetətrafı arealda baş verənlərdən məlumatı olan mənbələr birmənalı şəkildə bildirirlər ki, qəzet rəhbərliyinin Prezident sərəncamını dərc etməməsində təəccüblü heç nə yoxdur. Çünki həmin qəzet çoxdandır nə Milli Məclisindir, nə də ki, onun üzərində Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin “əli” var. B.Sadıqov həmişə və hər yerdə qəzetin özünə məxsus olduğunu bəyan edir. 12 ildir xatirlərə xatir səfasını çəkir. Bostan kimi, dirrik kimi, tarla kimi “işlədir”. Qalıb bircə Oqtay Əsədovla notariusa gedib rəsmi qaydada alqı-satqı eləməyi. Görünür, o da baş verəcəkdi… Sərəncam imkan vermədi.
Ona görə də “Azərbaycan” qəzetinin asiliyində təəccüblü heç nə yoxdur. Qəzetlərdən sorumluluq “de-yure” PA-nın ictimai-siyasi şöbəsində olsa da, baş redaktor Bəxtiyar Sadıqov “de-fakto” Elnur Aslanovun çətirinin altına keçmişdi. Və heç kim də heç nə edə bilmirdi. Çünki bu məmləkətdə, məsəli onlardan uzaq, hansı köpəyin sahibinin kim olduğunu hamı çox yaxşı bilir.
***
Prezident İlham Əliyev bu il fevralın 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransındakı yekun nitqində növbəti dəfə “məmur-siyasətçi” münasibətlərinə toxunaraq xəbərdarlıq etdi: “Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir… Heç bir xarici dairənin təsiri altına düşməməlidir…”
Görünür, dövlət başçıs təbəələri arasında “mərkəzdənqaçma” meyillərinin olduğu barədə məlumatlı imiş. Əsas vəzifəsi Prezidentin tapşırıqlarını tən-dürüst yerinə yetirmək olan məmurların, xəbər daşımaq, cəmiyyətin informasiyaya olan təşnəsini söndürmək olan jurnalistlərin siyasətlə məşğul olması ölkə üçün vahiməli nəticələrə gətirib çıxara bilir.
O ki, ola Bəxtiyar Sadıqov kimi siyasətdə piyada zehniyyət sahibləri!..

Maqsud SƏMƏDZADƏ            azpolitika.info


Комментариев нет:

Отправить комментарий