Страницы

29.03.2014

Etibar Hüseynovu ağladan məqamlar

Atasının hüzründə ağlayıb-ağlamadığı bəlli olmayan deputat Elçibəy üçün göz yaşı töküb

Ötən ilin noyabrında “Azadlıq”da “İpiqırıqlar” başlıqlı məqaləm çap olunmuşdu. Məqalə Milli Məclisin yeni tərkibi barədə idi və orada “Lider”çi Etibar Hüseynov barədə “üç dəfə ”Hacı" olsa da, mənəvi keyfiyyətlərini bərpa edə bilməyən Hüseynov “ömrümdə iki dəfə ağlamışam: atam və Elçibəy öləndə” cümlələrini yazan adamdır" ifadəsi yer almışdı.
Bugünlərdə xəbər tutdum ki, Etibar Hüseynov hakimiyyətin nökərinə çevrilən bir saytda guya yuxarıdakı fikri təkzib etməyə qalxıb.
O deyir: “Azadlıq” qəzetində Natiq Güləhmədoğlu imzalı birisi “Ipi qırıq olanlar” məqaləsində görün nə yazır. Həmin bu zənciri möhkəm olan oğlan bildirir ki, Etibar Hüseynov 2000-ci ilin avqust ayında “Şərq” qəzetinə müsahibə verib və orada bildirib ki, “həyatımda cəmi iki dəfə ağlamışam- bir dəfə atam rəhmətə gedəndə, bir dəfə isə Əbülfəz Elçibəy dünyasını dəyişəndə”.
Indi buna nə ad verəsən. Əvvəla, mən bilmirəm bu Natiq Güləhmədoğlunun neçə atası olub, amma mənim bir atam olub və o da 2004-cü ilin noyabr ayında rəhmətə gedib. Indi sual olunur- mən 2004-cü ildə rəhmətə getmiş valideynimə 2000-ci ildə necə ağlaya bilərəm. Yalanı da yazmağı bacarmırlar, heç olmasa, həqiqəti yazmağı bacarsınlar".
Etibarhüseynovlardan fərqli olaraq, “Azadlıq” daim faktlara, həqiqətlərə istinad edərək məqalələr yayımlayıb və yazılarda hansısa yanlışlıq ortaya çıxarsa, ədəb göstərib oxucularından üzrxahlıq edib. “Ipiqırıqlar”ın müəllifi kimi ictimailəşdirdiyim fikri dəqiqləşdirmək üçün E.Hüseynovun müsahibəsindən sonra dərhal yenidən arxivimdə araşdırma apardım.
Doğrudan da yanlışlıq olmuş, dəyərli oxucular, Etibar Hüseynov atası öləndə yox, başqa bir vəfat zamanı göz yaşı töküb. Geniş oxucu kütləsi üçün maraqlı olduğundan, Etibar Hüseynovun dönüklüyünə şahid olmaq üçün və bir daha yalan yazmağı bacarmadığımızı sübut etmək üçün “Şərq” qəzetinin 17 sentyabr 2000-ci il tarixli, 105-ci sayında gedən “Elçibəy Siyasətimizin Barışı Idi” yazısından seçmələri təqdim edirik. Bir daha xatırladaq ki, müəllif Etibar Hüseynovdur. Bu da vacib məqamdır ki, Hüseynov həmkarı Fazil Mustafa kimi hələ Elçibəy haqda yazdığı məqalələrdən imtina etməyib. Beləliklə:

Elçibəy öldü, yetim qaldıq

“Sonuncu dəfə ağladığım dəqiq yadımdadır. Barış Manço ölən gün idi. Və o dəqiq yadımdadır ki, həmin vaxt evdəki cocuqlarım atalarının televizorda tez-tez göstərilən bığlı-saqqallı kişiyə baxıb nə üçün ağlamasından təəccüblənərək bir-birinə baxırdılar. Üstündən il yarım keçdi.
Və bu dəfə həmin cocuqlar yenə atalarını ağlayan gördülər. Və yenə də bığlı-saqqallı, bu dəfə başqa bir əmini- Əbülfəz Elçibəyi göstərirdilər.
...Barış Manço və Elçibəy arasında oxşarlıq çox idi. Sanki, hər ikisi Ilahinin göydən endirdiyi elçilər idi. Hər ikisi insanlara mərhəmət, humanistlik, barış bəxş etmək üçün gəlmiş dərvişlər idi. Sonda hər ikisi sanki bu missiyanın ağırlığına tab gətirməyib vaxtsız olaraq göylərə çəkildilər. Nəticədə uşaqlar da, böyüklər də yetim qaldılar.
Elçibəyi unutmayacağıq. Elçibəyi itirdik. Artıq meydanda qalan siyasilərimizdən heç kəs bizə Bütöv Azərbaycandan, mifik Turandan dərslər keçməyəcək. Heç kəs bizi nəinki ermənidən, hətta rusdan da güclü olduğumuza inandırmayacaq. Kimsə bizi cəsarətləndirmək üçün Çinə, lap elə Hindistana da bayraq taxa biləcəyimizdən ürək dolusu, cəsarətlə danışmayacaq.
Barış öləndə tabutu üzərinə qərənfil yağışı yağırdı, Elçibəyin də. Barış öləndə “Səni unutmayacağıq” söylədilər, Elçibəy də. Onlar özü və nəsihətləri təkrarsız olduğu üçün bəşəri olaraq da qalacaqlar. Barış musiqimizin Elçibəyi, Elçibəysə siyasətimizin Barışı idi".
Xəyal edək. “...bir anlıq gözünüzü yumub təsəvvür edin ki, müharibə qurtarıb- Azərbaycan prezidenti Əbülfəz Elçibəy, Türkiyə prezidenti Barış Manço, Amerikanınkı Merlin Manro, Hindistan prezidenti Mhatma Qandidir. Və danışıqlar stolu arxasında bu insanlar əyləşib, bəşəriyyətin problemlərini çözürlər. Belə bir dünyada yaşamaq istəyərdinizmi?”
Onun proqnozu. “...Xalq Elçibəyi milli lider, öndər, bir şəhid kimi dəfn etdi. Azərbaycan xalqının hansısa rəhbərini təmtəraqla dəfn etdiyini xatırlayırsınızmı? Çətin ki, xatırlayasınız. Və sizi inandırım ki, indən belə Azərbaycana rəhbərlik edəsi olacaq hansısa prezidentin dəfnində Elçibəy təntənəsi görə bilməyəcəksiniz”.

azadliq.info    Natiq Güləhmədoğlu

Комментариев нет:

Отправить комментарий