Страницы

29.03.2014

Nurçu olduqlarını açıq şəkildə niyə deyə bilmirlər?

Hakimiyyətin müxtəlif eşelonlarından nurçulara olan açıq-aşkar rəğbətin gəldiyi bir zamanda, prezident İlham Əliyev sərəncamla PA-nın şöbə müdiri Elnur Aslanovu tutduğu vəzifədən kənarlaşdırdı. 
Bundan iki gün əvvəl, “525-ci qəzet”-in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid “Nurçuluq budursa...” adlı yazısını dərc etdirdi. O, “Gülən camaatı”nı, “Hizmət” hərəkatını “hədəfə” alanları nadan adlandırır və bununla ürəyi soymayaraq, Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın da bostanına daş atır, onu Fəthullah Gülənə qarşı şantajda ittiham edirdi.
Təkrar edirəm, yazı Ilham Əliyevin Elnur Aslanovu işdən çıxarmasından əvvəl yazılıb.
Daha ağır ittiham isə, iki həftə öncə deputat Etibar Hüseynovdan gəlib. Sitatı (deputat bu ifadəni çox sevir) olduğu kimi verək: “Zakir Həsənov, Elmar Məmmədyarov, Elnur Aslanov, Fərhad Məmmədov, Qənirə Paşayeva, Ceyhun Osmanlı, Fuad Muradov və s. Bir sözlə, hədəfə Azərbaycanda müsbət imicə malik, təmiz reputasiyalı, adı heç bir korrupsiya, rüşvət və ya hər hansısa kriminalda hallanmayan, soraqları yalnız dövlətə, millətə sədaqət və vicdanla xidmət edən kəslər alınıb. Amma keçməz. Sizlərin bu çirkin böhtan və iftira kampaniyanız bumeranq təki özünüzə qarşı çevriləcək...”
Etibar Hüseynov bu fikirləri təxminən iki həftə əvvəl söyləyib. Fikir verirsinizsə, istər Rəşad Məcid, istərsə də Etibar Hüseynov nurçu olmadıqlarını vurğulasalar da, özlərini nurçu hesab edirlər. Son vaxtlar bu ikibaşlı mesajlara yəqin ki, hamınız adət etmisiniz - “Mən nurçu deyiləm, amma nurçuluq budursa, mən nurçuyam”. Bu bilirsiniz nədir, əziz oxucular?
Bu o deməkdir ki, nurçu olduğumu açıq şəkildə deyə bilmirəm, amma sizi dəstəkləyirəm, verdiyiniz pulları, hədiyyələri halal edin və davam edin. Yəni buralarda olun... 
Rəşad Məcid və Etibar Hüseynov, eləcə də adlarını çəkmədiyim digərləri özlərini kiminsə acığına “nurçu” hesab edirlər və fikirləşirlər ki, bu ağıllı addımla həm hakimiyyəti, həm də “Gülən hərəkatı”nı yola verə biləcəklər. “Gülən hərəkatı”nı bilmirəm, amma iqtidar çətin ki, onlara bunu bağışlaya. Ola bilər ki, Rəşad Məcid sözünün arxasından qaçmağa müvəffəq olsun, amma razılaşın ki, Etibar Hüseynov “yaman yerdə axşamlayıb”. Elnur Aslanovu, başı üzərini qara buludlar almış Ceyhun Osmanlı və digərlərini müdafiə edərək, onlara qahmar çıxmağı, üstəlik, onlara qarşı çıxanları “çirkin böhtançı və iftiraçı” adlandırmağı (sitat E.Hüseynovdandır - X.Ə.) rejim bağışlayarmı?.. 
Əslində, bu ölkədə nurçuluq deyilən bir hərəkatın olduğuna şübhə edirəm. Nurçuların Azərbaycandakı əsas dayaqlarına fikir verin, orada bir dənə də olsun əqidəli, ictimai çəkisi olan insan yoxdur. Onlar növbə ilə mütəllibovçu, elçibəyçi, heydərçi olmuş insanlar, ziyalılarıdır. Rəhmətlik Elçibəy onlara “zənbil ziyalıları” deyirdi. “Yahova şahidləri” təriqətindən belə gələn təkliflərə “hə” deyə biləcək bu şəxslər hizmətin fəlsəfəsinə yox, alacaqları pula bağlı olanlardır. 
Nurçuların Azərbaycanda təhsil ocaqları, tibb müəssisələri, “Xəzər” TV-ləri, “Burc” FM radioları, müxtəlif istiqamətlərdə fəaliyyət göstərən şirkətləri var. Və təhsil ocaqlarındakı nisbətən keyfiyyətli tədrisi çıxmaqla, hər şey Azərbaycan reallıqlarına uyğunlaşdırılıb. Əslində təhsildə də qeyri-adi bir şey yoxdur, yerli müəllimlərimiz işinə vicdanla yanaşır, arkadaşlar isə, bunun müqabilində valideynlərdən ağlasığmaz təhsil haqqı alırlar. Sadəcə bir misal gətirim, nurçuların nəzarətində olan “HB Güvən” özəl tibb klinikasını götürək. Qiymətlər digərlərində olduğundan da artıqdır, hər yerdə olduğu kimi, burada da xəstələrdən yerli-yersiz analizlər vasitəsi ilə pul qoparılır. Vergidən yayınmaq üçün iki maaş cədvəli tətbiq edilir, yuxarıların rüşvəti vaxtlı-vaxtında çatdırılır və s. 
“Xəzər” TV ilə ölkənin digər telekanalları arasında nəinki heç bir fərq yoxdur, əksinə, ikincilər heç olmasa, hərdən bəzi məmurların özbaşınalığından söhbət açmağa cəsarət edə bilirlər. 
İlham Əliyev Elnur Aslanovu azad etməklə, eyni zamanda  nurçulara olan münasibətini də ortaya qoydu. Əgər Türkiyədə bir neçə gündən sonra keçirilən bələdiyyə seçkiləri hakim partiya olan Ədalət və Inkişaf Partiyasının qələbəsi ilə başa çatarsa, bu, Azərbaycanda hizmət hərəkatının sonu gələcək. Rəşad Məcid, Etibar Hüseynov və digərləri isə, olub keçənləri dəhşətli yuxu kimi xatırlayacaqlar. Əsl tamaşa onda olacaq. 
Biz isə... onların oduna yanmış, şərə tuş gəlmiş sadə, inanclı nurçuları müdafiə edəcəyik...

Xaqani Əliyev              azadliq.info

Комментариев нет:

Отправить комментарий