Страницы

22.03.2014

Hər kəsin bizi sevəcəyi gün

Tural Sahab

Bir gün hər kəs bizi sevəcək, bizim üçün gözəl sözlər deyəcəklər. Bizim kimlərisə  sevdiyimiz kimi. O bizi sevməyən qızlar da kövrələcək bizim üçün. Dostlarımız bizli xatirələrini xatırlayıb kövrələcək, qonşularımız siqaret çəkə-çəkə Amerikadan danışacaq o gün.
Molla başlayacaq yenə yalandan neçə adamı imana gətirdiyini, neçə adama cənnəti hədiyyə etdiyini. Uşaqlar daş qoyacaq Mollanın yekə çantasına, bir daha gəlməsin deyə. Molla isə o çantadan çıxan yeməkləri, cibinə qoyulan pulları düşünərək qıldıracaq cənazə namazımızı.
Hər kəs sevəcək bizi, e- dostlarımız statuslar yazacaqlar haqqımızda. Maraqlıdır görəsən o sevgi etiraflarmızı rədd edənlər nə yazacaqlar haqqımızda? Ya qəlbimizi qıranlar, göz yaşlarımızı axıdanlar nə düşünəcək, nə danışacaqlar, görəsən?

Biz en sevdiklərimiz yuyacaq, bizi heç sevməyən biri kəfənləyəcək. Üzü qibləyə qoyacaqlar salacamızı. Görəsən cənazə namazımızı qıldıracaq  Mollanın qüslu, abdesti olacaqmı?
Görəsən o namazı qılacaq olanlardan neçəsi namaz vaxtı bizi və ölümü düşünəcək?
Darıxmayın, kimsə bizi sevmir deyə üzülməyin. Bizim sevildiyimiz gün də gələcək. Bir gün, bəlkə bir neçə gün çəkəcək, ancaq bizi də sevəcəklər, bizi də düşünəcəklər.
Bu ölkədə hər kəs yaşamaq istəyir, ancaq kimi görsən ölümdən danışır, yazır. Çünki həyatımızla kimsəni təccüübləndirə bilmirik, kimsə yaşarkən bizi sevmir, bizim varlığımız kimsəyə maraqlı deyil. Və biz ölərək əslində intiqam almaq istəyirik sevdiklərimizdən, sevmədiklərimizdən.
Hər kəs deyil, bir nəfər sevsə bəlkə yaşamağa güc taparıq özümüzdə. Onun sevgisi ilə üsyan edərik bütün acılara və yaşayarıq.
Məzarlığa getməyi çox sevirəm. Mənə həqiqəti fısıldayır məzar daşları, ancaq insanların saxta göz yaşları, gülməli ağıtları diksindirir məni. Dünən söyənlərin, bir manatı, bir tikə çörəyi əsirgəyənlərin bu gün məzar başındakı göz yaşları nə qədər saxta görsənir yəqin ki, bilərsiniz.
Hər kəs sevəcək yenə də bizi, ya da yalandan sevirmiş kimi davranacaq. Dirimizi sevməyənlərin, ölümüzü sevməsi yaman gülməli görsənir, elə deyilmi ?
Bir gün hər kəs sevəcək bizi.

Комментариев нет:

Отправить комментарий