Страницы

22.03.2014

İlqar Türkoğlu - Səndən ayrılalı


İlqar Türkoğlu

QAYIDAM GƏRƏK

Səndən ayrılalı, saçlarımda dən, 
Uşaqlığım itdi elə o gündən. 
Elə darıxmışam, darıxmışam mən. 
Həsrətdən a kəndim, sıxılıb ürək,
Səninlə görüşə qayıdam gərək! 

Bir bulaq həsrətdən dolubdu indi, 
Qaraxal lalələr solubdu indi, 
Söyüdlər saçların yolubdu indi, 
Son bahar dözməyib, bir az da kövrək
Səninlə görüşə qayıdam gərək! 

Əlimdə daşların xınası qalıb, 
Gözümdə suların aynası qalıb, 
Hələ toxunmamış xanası qalıb, 
Yatmayıb bir ana, gecə sübhədək
Səninlə görüşə qayıdam gərək! 


Boşalıb el, oba, azalıb sayı, 
Gözləyən qızların bir oğlan payı. 
Ata ocağında bir övlad hayı, 
Ana ürəyində min arzu, istək
Səninlə görüşə qayıdam gərək! 

HEYDƏRBABAYA MƏKTUB

Heydərbaba, yollarına çən düşüb, 
Bir ürəyim iki yerə tən düşüb, 
Görən deyir, saçlarına dən düşüb, 
Qoy çalınsın bu vüsalın nəğməsi
Gözlə məni, gələsiyəm-gələsi.

Bu ayrılıq ürəklərin daşıdı, 
O tay, bu tay bu ağrını daşıdı. 
Nakam Araz gözlərimin yaşıdı, 
Damcı-damcı əriyibdi giləsi
Səni görsəm siləsiyəm-siləsi. 

Heydərbaba,gədiyində itən iz, 
Xudafərin ürəyimdən ötən iz, 
Nakam getdi oğulların vətənsiz, 
Göz yaşıdı bu dağların jaləsi
Axsa qanım, laləsiyəm-laləsi. 

Heydərbaba, kədərinə qovuşdum,
Əsrlərin dərd-sərinə qovuşdum,
Arazboyu çox dərdinə qovuşdum,
Gün gələcək sevincimi böləsi
O tay, bu tay güləsiyəm, güləsi!

Комментариев нет:

Отправить комментарий