Страницы

29.03.2014

Nurçu çetesinin Ukrayna qolu

Son günlərdə “nurçular” haqqında Azərbaycan mətbuatında yayımlanan məlumatları oxuduqca, onların ən yaxın zamanda ölkədə planlaşdırdıqları səssiz dövlət çevrilişi üçün hökumətdəki vəzifələri ələ keçirmək sistemləri, bu sistemə dəstək verən qüvvələrin siyahısı, keçirilən tədbirlər, eləcə də, nurçuların himayəsi ilə yaradılan və fəaliyyət göstərən ictimai təşkilatların modelinə nəzər saldıqca aydın olur ki, bu təşkilatlardan biri də Ukraynada fəaliyyət göstərən, AzTv-nin Ukraynadakı nümayəndəsi və operatoru tərəfindən yaradılan “Ukrayna azərbaycanlı gənclər birliyi” neçə ildir ki, nurçu ideologiyasına qulluq edir, Azərbaycandakı nurçulardan dəstək və göstərişlər alır.

Ukraynada yaşayan və təhsil alan azərbaycanlı gənclərin iştirakı və xəbəri olmadan elan edilən, ilk vaxtlar qeydiyyatdan keçmədiyi halda bir neçə il fəaliyyət göstərən bu ictimai təşkilat məhz Elnur Aslanovun patronajlığı, Aztv-nin operatoru Anar Tahirovun rəhbərliyi ilə fəaliyyət göstərir. Nurçu sektasının Ukrayna nümayəndələri Ukraynadakı dövlətinə sadiq azərbaycanlı gəncləri müxtəlif üsullarla yolundan çıxarmağa çalışır, onlarda dövlətlərinə inamsızlıq yaratmaq üçün hər cür əmələ əl atırlar.
Xaricdə böyük diasporu olan və çox sayda azərbayanlı tələbələrin təhsil aldığı ölkələrdə yaşayan azərbaycanlılar üzərində güc yaratmaq ehtiyacını ödəmək elə də ucuz başa gəlmir. Bunun üçün təşkil olunan konfranslara, forumlara ancaq dincəlmək və əylənmək məqsədilə gələnlər təşkilatçılar tərəfindən görüntü yaratmaq üçün dəvət edilsələr də, nurçuların əsas aktivi bu cür tədbirlərdə əhatə dairələrini genişləndirərək yeni görüşlər keçirir və planlarına əsasən onlara lazım ola biləcək yeni şəxsləri təsir altına almağa nail olurlar. Bu formatda keçirilən tədbirləri öz nəzarətlərində olan Azərbaycan KİV-ləri vasitəsilə Bakıda işıqlandıraraq ictimai-siyasi arenada dövlətə xidmət etmək, ölkə prezidentini dəstəkləmək donunda baş rolda əks etdirirlər. Kiyevdə, Odessada təşkil olunan əyləncə forumları SOCAR, Gənclər və İdman Nazirliyinin maliyyə, Aztv, Xəzər tv, 1news, gun.az, bakupost.az, yurd.tv və digər nurçu ideologiyasına xidmət edən Azərbaycan mətbuat qurumlarının mətbuat dəstəyilə keçirilir.
Azərbaycan KİV-nin ən aparıcı və bacarıqlı nümayəndələrinin bu sektaya cəlb olunması da nurçuların prioritet layihələrindəndir. Buna görə nurçu rəhbərlər tez-tez bu jurnalistləri təşkil etdikləri tədbirlərə cəlb edərək öz alətlərinə çevirirlər. Nurçulara çalışan media nümayəndələrinin siyasi mühafizəsi də yüksək səviyyədə təşkil olunur. Məsələn, AzTv-nin Ukraynadakı nümayəndəsinin yalan və şərlərindən təngə gələn diaspor nümayəndələrinin AzTv rəhbərliyinə onun vəzifəsindən geri çağrılması ilə bağlı son 6-7 ildə dəfələrlə etdikləri kollektiv müraciətlər son anda nurçuların köməyilə nəticəsiz qalmışdır. Sonuncu dəfə isə kollektiv müraciətdən sonra Arif Alışanovun yeni nurçu kürəkəni Orxan Əkbərovun dirənişi Mövsüm Aslanovun lazımi postda saxlanılmasına müvəffəq oldu. 2012-ci ildə isə UAGB-nin Nikolayev vilayətindəki nümayəndəsinin “Ermənistanın səsi” layihəsinə sponsorluq etməsi ilə bağlı sübutlar əks olunmuş məqalələr Azərbaycan mətbuatında yer alsa da, ən qısa zamanda nurçu rəhbərlər tərəfindən bu xəyanətkar hərəkətlər ört-basdır edildi.
UAGB-nin tədbirlərinə gələn nurçu aktivlərinin siyahısını deyilənlərin sübutu kimi qəbul etmək məntiqə uyğundur. Tədbirlərdə iştirak edənlər: Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Ceyhun Osmanov, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, ASAİF-in sədri Ramin Hakimov, “İrəli” ictimai gənclər təşkilatının sədri Rauf Mərdiyev, Dağlıq Qarabağın Azərbaycan icmasının əlaqələndirmə şurasının sədri Orxan Əkbərov.
Elnur Aslanovun Rövnəq Abdullayevə UAGB-ni təqdim etməsindən sonra “SOCAR”ın bu təşkilatı maliyyələşdirməsi, “SOCAR”ın Ukraynadakı nümayəndəsi Elçin Məmmədovun isə 2013-cü ildə Odessa şəhərində keçirilən “şou konfransda” bu təşkilatın əlaqələndirmə şurasına sədr seçilməsi də Məmmədovun ələ alınaraq gələcəkdə UAGB-nin maliyyələşdirilməsinə hər cür yardım etməsi üçün olduğu anlamına gəlir.
Bizdə olan məlumatlara görə, Elnur Aslanovun rəhbərlik etdiyi dini-siyasi cərəyana daxil olan təşkilat aktivləri Amerikadan aldıqları dəstəklə UAGB-nin rəhbəri Anar Tahirovun da daxil olduğu siyahı üzrə fəal nurçu gənclər 2015-ci ildə Azərbaycanda keçiriləcək Parlament seçkilərində iştirak edərək Milli Məclisə seçilməlidirlər. Bununla da Azərbaycanda 2018-ci ildə olacaq növbəti Prezident seçkilərində istənilən addımları atmaq gücünə yiyələnəcəklər.
Nurçu sektasında çalışanlar sonradan kənar təşkilatlara buraxılmır. Anar Tahirovun köməkçiləri Cavid Hüseyinzadə ASAİF-də, Ayaz Salmanov isə Dağlıq Qarabağın Azərbaycan icmasınında çalışır.
Xarici ölkələrdəki bir çox Azərbaycan səfirləri ASAİF-in Avropadakı tədbirlərinə dəvət olunur və müxtəlif yollarla ələ alınırlar. Bundan sonra fəaliyyət göstərdikləri ölkədə çalışan səfir tərəfindən qarantlı dəstək alan gənclər təşkilatları nurçu mərkəzin verdiyi tapşırıqları və planları uğurla həyata keçirirlər. Bugünə qədər diaspor aktivləri cəmiyyətə heç bir faydası olmayan bu təşkilatlara səfirlərin verdikləri dəstək, bəslədikləri hörmət və məhəbbətin nədən irəli gəldiyini heç nə ilə əlaqələndirə bilmirlər.
Rəhbərlərinin köməyi ilə dövlət büdcəsi hesabına maliyyələşdirilən müxtəlif fond və nazirliklərin ayırdıqları maliyyə vəsaitləri hesabına hamı üçün maraqlı olan Dağlıq Qarabağ mövzusu adı altında faydasız layihələr həyata keçirirlər. Bu layihələrə ayrılan pulların böyük bir hissəsinin özününküləşdirilməsinə bilərəkdən göz yuman nurçuların Bakıdakı rəhbərləri xaricdəki nümayəndələrini hər zaman istədikləri kimi yönləndirmə imkanına sahib olduqları üçün istədikləri nəticəyə nail olurlar.
Elnur Aslanovun, Gənclər və İdman Nazirliyinin, “SOCAR”ın Ukrayna nümayəndəliyinin və digər fondların UAGB-nə ayırdıqları maliyyə və bunun müqabilində nurçular tərəfindən onların qarşısına qoyulan tapşırıqlar, onların Azərbaycan KİV-lərində əlaqələri ilə bağlı növbəti yazımızda daha geniş məlumat verəcəyik.

“Gündəm xəbər” qəzeti

Комментариев нет:

Отправить комментарий